Rusiya sanksiya tətbiq edərsə, Gürcüstan nə itirəcək? Konkret rəqəmlər
İyulun 8-dən Rusiya prezidentinin qərarı ilə Gürcüstan və Rusiya arasında hava əlaqəsi kəsilib. Vladimir Putin Rusiya vətəndaşlarını Gürcüstana səfərlərdən çəkindirib.
Hazırkı mərhələdə Rusiya prezidentinin qərari ilə Kreml Gürcüstana qarşı sərt iqtisadi sanksiyalar tətbiq etməyib. Amma Dövlət Dumasının müvafiq qətnaməsi artıq mövcuddur və Putinin imzasını gözləyir.
İqtisadiyyat Rusiyanın Gürcüstana qarşı əsas təsir vasitələrindən biridir. JAMnews Rusiya yenidən Gürcüstana qarşı sanksiya tətbiq etmək qərarına gələrsə, ölkənin nələr itirəcəyi haqda danışacaq.
__________________________
Rusiyadan nə qədər pul gəlir?
Rusiyadan Gürcüstana əsasən üç yolla pul gəlir: turizm, pul köçürmələri (emiqrantların göndərdiyi vəsait) və ixrac.
2018-ci ildə ümumilikdə 1,6 milyard dollar daxil olub. Bunun 700 milyon dolları rusiyalı turistlərin xərclədikləri, 457 milyon dolları pul köçürmələri, 437 milyon dolları isə Gürcüstan məhsullarının ixracından əldə edilib.
Gürcüstan iqtisadiyyatının Rusiyadan asılılığı ildən ilə artır. 2012-ci ildə bu üç mənbədən gələn gəlirlərin ümumi həcmi Gürcüstan iqtisadiyyatının 6,3 faizini (cəmi 1 milyard dollar daxil olub) təşkil edib, 2018-ci ildə isə iqtisadiyyatın Rusiya pulundan asılılığı 10 faizə yüksəlib.
2006-cı ildə iki ölkə arasında münasibətlərin növbəti gərginləşməsi zamanı Rusiya ölkəyə Gürcüstan məhsullarının – şərab, mineral sular, kənd təsərrüfatı malları gətirilməsini qadağan edib.
Embarqo tətbiqinin rəsmi səbəbi kimi Gürcüstan məhsullarının aşağı keyfiyyətli olması göstərilib. Amma hətta Moskvada da bu qərarın siyasi olduğu etiraf olunur.
Həmin dövrdə Gürcüstan məhsullarının 80 faizi Rusiya bazarlarından asılı idi. Beləliklə, embarqo həm konkret sahibkarlara, həm də ümumilikdə, ölkə iqtisadiyyatına milyonlarla lari dəyərində ziyan vurub.
Embarqo 2013-cü ildə, Gürcüstanda “Gürcü arsusu” hakimiyyətə gələndən sonra aradan qaldırılıb və Gürcüstan məhsulları Rusiya bazarlarına qayıdıb. 2014-cü ildə Gürcüstandan Rusiyaya 275 milyon dollarlıq məhsul (əsasən şərab və mineral sular) gəlib. Rusiya yenidən Gürcüstan məhsullarını əsas idxaalçısı adını özünə qaytardı.
Turizm
Rusiyadan asılılıq son illərdə ən çox turizm sahəsində artıb.
Əgər 2012-ci ildə Gürcüstana 410 min turist gəlmişdisə, 2018-ci ildə onların sayı 3,5 dəfə artaraq 1 milyon 405 nəfər olub.
2019-cu ilin 5 ayının göstəricilərinə görə, Gürcüstana Rusiyadan 550 min insan gəlib.
Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına görə, Rusiyadan gələn bir turist orta hesabla 520 dollar xərcləyir.
Nəzərə alsaq ki, Gürcüstana gələn turistlərin 30 faizi hava yollarından istifadə edir, Putinin Rusiya və Gürcüstan arasında uçuşların qadağan edilməsi haqda qərarı ilin sonuna qədər Gürcüstanı 100-150 milyon dollardan məhrum edəcək.
Yəqin ki, Rusiya prezidentinin ölkə vətəndaşlarına Gürcüstana səfərlərdən çəkinmələri ilə bağlı tövsiyəsinin buraya avtomobil nəqliyyatı ilə gələn turistlərə də təsir edəcəyini ehtimal etmək məntiqli olar. Buna görə də, turistlərinin sayının nə qədər azalacağını öncədən təxmin etmək mümkün deyil.
Pul köçürmələri
Rusiyadan pul köçürmələri 2013-cü ildə zirvə nötqəsinə çatıb – 801 milyon dollar. Rusiya üçün böhranlı olan növbəti illərdə pul köçürmələrinin də həcmi əhəmiyyətli dərəcədə azalıb – 2018-ci ildə Gürcüstana Rusiyada 457 milyon dollar gəlib.
2019-cu il də pul köçürmələrinin azalması ilə başlayıb – yanvar-may ayları üçün göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 6 faiz azalıb. Texniki cəhətdən məhz pul köçürmələrinə sanksiya tətbiq etmək ən çətinidir.
Müqayisə üçün, 2006-cı ilin sonunda Rusiya gürcülərin kütləvi deportasiyasını həyata keçirəndən və sanksiyalar tətbiq edəndən sonra pul köçürmələrinin həcmi yenə də artıb. Bundan bir il sonra 2007-ci ildə pul köçürmələri 2006-cı illə müqayisədə 48 faiz çox olub.
Müasir texnologiyalar bir ölkədən digərinə pul köçürmək üçün çox imkanlar yaradır, məsələn, kriptovalyutadan istifadə. Amma alternativ vasitələr köçürmənin dəyərini artırır.
Rusiyadan pul köçürmələrinin həcmi əsasən Rusiyanın iqtisadi vəziyyəti ilə bağlıdır. Bununla yanaşı, gürcü miqrantarının ya Rusiya vətəndaşlığına sahib olması, ya da Rusiya ərazisində qanun çərçivəsində yaşadıqlarını nəzərə alsaq, sanksiya tətbiqi zamanı pul köçürmələrinin həcminin azalması ehtimalı azdır.
İxrac
2018-ci ildə Rusiyaya edilən 437 milyon dollarlıq ixracın böyük hissəsi, 29 faizi ferroərintinin payına düşür. Daha sonra şərab gəlir. Ötən il Rusiyaya 115 milyon dollarlıq Gürcüstan çaxırı aparılıb ki, bu da bütün ixracın 26 faizini təşkil edib. Mineral və sadə su 50 milyon dollarlıq, spirtli içkilər isə 21 milyon dollarlıq ixrac olunub.
İxraca sanksiya tətbiq olunacağı təqdirdə söhbət alkoqollu məhsullardan və mineral sulardan gedir.
2018-ci ildə Gürcüstandan Rusiya bazarına 186 milyon dollarlıq alkoqol və mineral su çıxarılıb. Cari ilin yanvar-may aylarında bu rəqəm 89 milyon dollar təşkil edib.
Müvafiq olaraq, alkoqol və mineral sulara hətta ən sərt sanksiyalar halında da 2019-cu ildə itkilər 100 milyon dollardan az olacaq.
Nəticə
Nəticə çıxarsaq, çoxtərəfli sanksiyalar tətbiq olunarsa, əsasən turizm və ixracat ziyan çəkəcək və 2019-cu ilin sonuna doğru itkilər 200 milyondan 500 milyon dollara qədər (rusiyalı turistlər ölkəyə hətta avtomobil nəqliyyatı ilə də gəlməkdən imtina edəcəkləri təqdirdə 500 milyon dollar) təşkil edəcək. Daha uzun müddət – bir və ya iki il üçün itkiləri proqnozlaşdırmaq çox çətindir.
Sanksiyaları turizm biznesi (mehmanxanalar, kafe və barlar), üzümçülük və şərabçılıq sahəsində, həmçinin mineral su biznesində çalışan insanlar ən ağrılı şəkildə hiss edəcəklər. Bununla belə, Rusiya bazarından ən çox asılı olan şərabçılıqdır, üstəlik rtveli ərəfəsidir.
Çıxış yolu nədədir?
Sanksiyalar gözlənilmədən tətbiq olunduqda və ölkə hazır olmadıqda mənfi iqtisadi nəticələr qaçılmaz olur və qısa müddətdə onların öhdəsindən gəlmək mümkün deyil.
Gürcüstan üçün Rusiya sanksiyaları gözlənilməz olmayacaq. Rusiya 2006-cı ildə artıq Gürcüstanı öz bazarından məhrum qoyub.
Bu gün 13 il sonra Gürcüstan eyni problemlə qarşı-qarşıya gələ bilər və yenə hazırlıqsız.
İlk növbədə, Gürcüstanın Rusiyadan iqtisadi asılılığını azaltmaq lazımdır. Fərqi yoxdur, Rusiya hazırkı mərhələdə sanksiya tətbiq edəcək, ya yox və uçuşları bərpa edəcəkmi. Problem gündəmdə qalacaq. İki ölkə arasında siyasi münasibətlərdəki gərginlikdən çıxış edərək Rusiya heç vaxt Gürcüstan sahibkarları üçün stabil bazar olmayacaq. Gözlənilən Rusiya sanksiyaları Gürcüstanın üstündən Domokl qılıncı kimi asılacaq və istənilən vaxt tətbiq edilə bilərlər.
Gələcəkdə Gürcüstan nə qədər uğurlu olsa və Aİ ilə NATO-ya nə qədər çox yaxınlaşsa, Rusiya bir o qədər qıcıqlanacaq ki, bu ölkə ənənəvi olaraq Gürcüstanı cəzalandırmaq üçün iqtisadi sanksiyalardan istifadə edir.
Müvafiq olaraq, Gürcüstanın istənilən halda strateji vəzifəsi yeni bazarlara çıxış və Rusiyadan asılılığı maksimal dərəcədə azaltmaq olmalıdır.
Bu o demək deyil ki, Rusiya bazarına ixracat süni şəkildə məhdudlaşdırılmalıdır, yaxud da Gürcüstana rusiyalı turistlər buraxılmamalıdır.
Rusiyadan asılılığın azaldılması o deməkdir ki, ölkə elə inkişaf tempinə nail olmalıdır ki, Gürcüstanln iqtisadiyyatı Rusiyadan daxilolmalara nisbətən daha sürətlə artsın.
Məhz bu, asılılığı azaldacaq. Son illərdə isə əks proses baş verib və bu, təsadüfi deyil – “Gürcü arzusu” Rusiya bazarını geri qaytarmaq məqsədilə kifayət qədər böyük maliyyə və siyasi ehtiyatlar sərf edib.
Misal üçün, 2013-2018-ci illərdə hökumət rusiyalı turistlər üçün Gürcüstanın reklamına 13 milyon lari ayırıb.
Hökumət bütün bu illər ərzində Gürcüstan biznesinə xəbərdarlıq etməyib ki, Rusiya bazarı etibarlı deyil. Əksinə, o, Rusiya bazarının geri qaytarılması ilə fəxr edib və iddia edib ki, siyasət və iqtisadiyyat ayrı olmalıdır.
Sanksiyaların tətbiq ediləcəyi təqdirdə Gürcüstanda iqtisadi artımda müəyyən qədər geriləmə olacaq, lakin o, öz məhsulları üçün yeni bazarlar tapmalı və turizm sənayesini yeni istiqamətlərə yönəltməli olacaq.
2013-cü ildə “Gürcü arzusu” tərəfindən geri qaytarılmış Rusiya bazarı iqtisadi mənfəət gətirib, lakin müəyyən mənada yeni bazarların axtarışı motivasiyasını azaldıb.
Gürcüstan hökumətinə ABŞ və Avropa İttifaqı ilə fəal və dürüst kommunikasiya lazımdır ki, mənfi təsirlərin azaldılması üçün müəyyən yardım alamq mümkün olsun. Öz növbəsində, hökumət zərər görmüş sektorlara güzəştlər təqdim etməlidir (baxmayaraq ki, Rusiya bazarına etibar edənlər riskləri nəzərə almalı idilər) – bunlar vergi, kredit və yaxud xüsusi dövlət proqramları şəklində ola bilər.