Şərh: Rusiya Putindən bezib. Ölkə nə edə bilər?
İyulun 1-də Rusiyada konstitusiyaya dəyişikliklər edilməsi haqda tarixi səsvermə baş tutacaq. Əsas dəyişikliklərdən biri prezidentlik müddətinin sıfırlanmasıdır. Vladimir Putin artıq iki prezidentlik müddətini başa vurub və yenidən namizədliyini irəli sürə bilməz.
Amma konstitusiyaya təklif olunan dəyişikliklər qəbul edilərsə, o, prezident seçkilərinə ilk dəfəymiş kimi qatıla və sonra ikinci müddətə də seçilə biləcək. Yəni faktiki Putin daima hakimiyyətdə qalacaq.
Tanınmış rusiyalı sosioloq Georgi Yudin hesab edir ki, hakimiyyət məhz bu nəticəyə nail olmaq üçün əhalini şantaj edir. Amma cəmiyyətdəki ümumi apatiya şəraitində bu vəziyyət getdikcə daha çox insana əl vermir. Müqavimət göstərmək vasitələri var – Yudin hesab edir.
- Rusiyanın yeni konstitusiyası: “əbədi” Putin, Tanrı və rus xalqının xüsusi rolu. Bütün bunlar nə deməkdir?
- Rusiyada koronavirusun qəribə statistikası: çox yaxşı səhiyyə və ya Putin hakimiyyətdə qalmaq istəyir?
Əsas təklif olunan dəyişikliklər və referendum şərtləri:
- Rusiyada nikah yalnız “kişi və qadının ittifaqı” hesab olunacaq
- Rus dili və ruslar etnik qrup kimi imtiyazlı status alacaq
- Rusiya beynəlxalq öhdəliklərini yerinə yetirməmək haqqına sahib olacaq
- Prezident Putin 2036-cı ilə qədər dövlət başçısı vəzifəsində qala biləcək
- Dəyişikliklər paket şəklində səsverməyə təqdim ediləcək – onların hər biri ilə bağlı ayrılıqda fikir bildirmək mümkün olmayacaq.
- Müşahidəçilər və jurnalistlər seçki məntəqələrinə buraxılmayacaq.
Nəinki səsverməyə gəlmək, həm də özünlə bir neçə nəfər gətirmək lazımdır
Əslində dəyişikliklər üzrə plebisitin taleyi elə indi həll olunur, bu günlərdə və saatlarda, səsvermə başlamazdan çox əvvəl.
Ölkədə insanara təzyiq bu dəfə hansısa fərqli səviyyəyə çıxıb. Həkimlər, müəllimlər, məmurlar, birbaşa şantaja məruz qalırlar. İlk dəfə səsverməyə gəlmək tələbi ilə yanaşı hər kəsin özü ilə bir neçə nəfəri gətirməsi tələbi də səslənir.
Bunun səbəbi sadədir. Putin yeni tələblər irəli sürüb – bütün əhalinin 50 faizinin “lehinə” səsinin təmin olunması. Bu, ölkədə Putinin dəyişikliklərini real olaraq dəstəkləməyə hazır olan insanların sayından xeyli çoxdur – ən azı 15 faiz.
Hakimiyyətin sadəcə o qədər resursu və bu səsləri almaq üçün pulu yoxdur.
Ölkə son iki ildə çox dəyişib, Putindən bezib, daimi Putin insanlara lazım deyil.
Buna görə də onların yeganə şansı on milyonlarla insanın fiziki mənada səs verməsinə və məcbur edildikləri haqda susmasına nail olmaqdan ibarətdir.
Etirazlar nə qədər çoxdursa, cəzalandırılmaq riski bir o qədər azdır
Bu mənada bir zəif yer var. Bu, ancaq məcbur edilənlər sussalar işə yaraya bilər.
Əgər elə indi heç olmasa onlarla insan birbaşa və ictimai şəkildə adlarını və iş yerlərini göstərməklə statuslar paylaşsalar ki, onları səs verməyə məcbur edirlər, bütün bu plan dağılacaq. Sosial şəbəkədəki hər bir status hazırda vəziyyəti radikal şəkildə dəyişə bilər.
Bunda risk varmı? Var. Bunun ardınca qisas gələ bilərmi? Bilər. Amma belə bəyanatlar nə qədər çox olarsa, qisas riski bir o qədər azalar.
Əslində elə Putinin nə dərəcədə insanları bezdirdiyini – onun ömürlük hakimiyyətdə qalması ehtimalından zara gələnlərin kifayət qədər olub-olmadığını ancaq belə öyrənmək mümkündür.
Fakt ondan ibarətdir ki, belə ictimai bəyanatlar nə qədər çox olarsa, qisas riski də bir o qədər azalacaq. Əgər onların sayı əlli olacaqsa, bu, risk sıfıra bərabər olacaq.
“Əleyhinə” səs vermək olmaz, yalnız boykot etmək mümkündür
Bu referendum hətta nəzəri cəhətdən də nəticələrinin nəzarətdə saxlanmasının mümkünsüzlüyü ilə seçiləcək. Hər səs uğrunda savaşan müstəqil müşahidəçilər olmayacaq. Seçicilər isə böyük ehtimalla doldurulmuş blankların fotolarını çəkib, təqdim etməyə məcbur ediləcəklər.
Baş verənlərdə ən böyük həyasızlıq hazırda zorakılığın məhz bu sistem tərəfindən ən çox istismar olunanlara qarşı tətbiq edilməsindədir.
Müəllimlər, həkimlər, aşağı səviyyəli məmurlar – məhz onları mənasız kağız-kuğaz işi ilə məşğul olmağa vadar edir, qudurğan rəislər məhz onların üstünə bağırır, məhz onlara görmək istədikləri işi görməyə – insanlara xidmət etməyə imkan vermirlər.
Onlar bundan beziblərmi – görəcəyik.