Rusiya prezidenti Navalnıdan nə gözləmək olar?
Artıq üçüncü gündür ki, Rusiyanın 182 şəhərində 1750 nəfər müvəqqəti saxlanma kameralarındadırlar.
Bu, yeni “məhbuslardır” – onlar bazar günü, iyunun 11-də bütün ölkə üzrə keçirilən kütləvi aksiya zamanı saxlanılıb.
İnsanlar indiki prezident Vladimir Putinin siyasətinə qarşı etiraz edirdilər. Bu və bir çox əvvəlki çıxışların təşkilatçısı Rusiyanın Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri, Rusiya və dünyada ən məşhur adamlardan biri olan Aleksey Navalnı oldu.
Yarım il əvvəl Navalnı bildirib ki, 2018-ci il prezident seçkilərində iştirak edəcək. Cəmi bir neçə il əvvəl onun haqqında ancaq Moskvanın liberal dairələrində az sayda adam bilirdi. Birmənalı qəbul edilməyən, milliyyətçi baxışlı liberal.
Aleksey Navalnı kimdir? JAMnews-un Moskvadakı şərhçisi danışır.
Aleksey Navalnı 26 mart mitinqində saxlanılandan sonra. Foto: Aleksey Abanin, RTVi
Ümumi məlumat
Aleksey Navalnı 4 iyun 1976-cı il tarixində Moskva vilayətinin Butın kəndində, hərbçi ailəsində anadan olub. Hazırda Navalnının valideynləri bizneslə məşğuldur, “Kobyakovo tənək toxuma fabriki”nə sahibdirlər. Aleksey Navalnının iki ali təhsili var: hüququ və iqtisadi. Moskvanın qıraq Maryino rayonunda üçotaqlı mənzildə xanımı və iki övladı ilə yaşayır.
Qardaşı Oleq oğurluq ittihamı ilə həbsdədir, bu iş üzrə o, Aleksey Navalnı ilə birlikdə məhkum edilib, Aleksey şərti cəza alıb. Bir çox ekspertlər və əksər xarici media bu işi saxtalaşdırılmış və siyasi motivli sayılır.
Aleksey Navalnı xanımı Yuliya və oğlu Zaxarla. Foto: Yevgeni Feldman
Navalnı milliyyətçi kimi
Siyasətə Aleksey Navalnı 2000-ci ildə gəlib, “Yabloko” partiyasına üzv olub. Amma 2007-ci ildə “partiyaya siyasi zərər yetirdiyinə, o cümlədən, milliyyətçi fəaliyyətinə görə” partiyanın sıralarından çıxarılıb.
2006-cı, daha sonra da 2008-ci ildə Aleksey Navalnı milliyyətçi “Rus marşları”nın iştirakçısı olub. Həmin vaxtlarda o, özünü dəfələrlə elə belə də adlandırıb – “normal rus milliyyətçisi”.
Onun bloqunda həmin illərə aid yazılarında Şimali Qafqaz əhalisi haqqında aşağıdakı fikirlərə rast gəlmək olar:
“Biz xalqların özləri heyvan kimi yaşamaq istədiyini bəyan edirsə həmin xalqlarla normal yaşaya bilmərik”.
Çeçen rəhbərliyinin 23 fevral 1944-cü il tarixində çeçen və inquşların deportasiyasının başlaması və nəticədə on minlərlə adamın həlak olması səbəbindən vətənin müdafiəçisi gününü dəyişmək və fevralın 23-də qeyd etməməklə bağlı xahişi haqqında Navalnı yazıb:
“Bu ictimaiyyət [çeçen] nümayəndələri lap cana doydurublar. Gah onlara neftdən alınan bütün gəlirləri verin, gah transferləri artırın, gah da hansısa filmlərdən xoşları gəlmir. Bax, tatarlar. Onların nəsə tələb etməyə daha çox haqları var. Amma özlərini yaxşı aparırlar”.
“Yabloko” partiyasından çıxarılandan yarım il əvvəl, 2007-ci ilin iyun ayında Aleksey Navalnı “NAROD milli rus azadlıq hərəkatı”nın həmsədri oldu. Üç həmsədrdən ikincisi rus yazıçısı Zaxar Prilepin idi, hazırda o, Ukrayna ərazisində yaradılan qondarma Donetsk Xalq Respublikası başçısının müşaviridir (Ukrayna dünya ictimaiyyətinin dəstəyiylə təkid edir ki, bu, Ukraynanın regionudur və orada mütəmadi olaraq hərbi əməliyyatlar keçirilir).
“NAROD” hərəkatının dərc etdiyi manifestdə belə bir bənd də var: “Rusiya bizim tarixi müttəfiqlərimizin, o cümlədən Dnestryanı, Abxaziya və Cənubi Osetiyanın suverenliyini və xalqların öz müqəddəratını müəyyən etmək hüququnu tanımalıdır”. 9 iyun 2017-ci il tarixində “Dojd” telekanalına müsahibəsində Navalnı bildirib ki, Abxaziya uzun illər boyu Gürcüstandan müstəqil şəkildə olub və bu gün də müstəqil olaraq qalır.
Navalnı “Ədalətli seçkilər naminə” mitinqində. Foto: Anton Tuşin/Ridus.ru
Aleksey Navalnının Rusiyada korrupsiyaya qarşı əsas döyüşçü kimi 2008-ci ildə ən iri Rusiya dövlət şirkətləri olan «Transneft» və «Rosneft»lə məhkəmə çəkişməsi olub.
Navalnı bu və daha bir neçə şirkətin aksiyalarını qəsdən alıb ki, onların hesabatlarına çıxışı olsun və vəsaitin necə xərcləndiyini izləyə bilsin.
Oleq və Aleksey Navalnı ittiham hökmü elan olunandan sonra. Foto: Artyom Korotayev /TASS / Scanpix / LETA
Navalnı siyasətçi kimi
Navalnının fəal iştirakı ilə Moskvada təşkil olunan 2011-2013-cü il etirazlarında onun populyarlığı kəskin artdı.
Rusiyanın “Levada” mərkəzinin məlumatlarına görə, 2011-ci ilin yazında siyasətçini 6%, bir il sonra isə 25% rusiyalı tanıyırdı. Elə həmin 2011-ci ildə Korrupsiya ilə Mübarizə Fondu yaradıldı, bir qədər sonra həmin fond Navalnının ən böyük layihəsinə çevrildi. 2013-cü ildə Aleksey Navalnı Moskva meri postuna namizəd oldu.
O, böyük seçkiqabağı kampaniyaya başladı: hər gün müxtəlif rayonların sakinləri ilə görüşlər keçirir, könüllülər cəlb edir, vərəqələr paylayır və təşviqat çadırları açırdı.
Nəticədə 27% səs toplayaraq, yalnız Moskvanın fəaliyyətdə olan meri, ondan daha çox maliyyə və təşviqat imkanlarına malik Sergey Sobyaninə uduzdu. 13 dekabr 2016-cı ildə qarşıdan gələn seçkilərə təxminən il yarım qədər Aleksey Navalnı Rusiya prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirdi.
Onun, bununla bağlı video-müraciətindən sonra seçkilərdə partiyasız namizəd kimi iştirak üçün lazım olan 300 min imzanın toplanması ilə bağlı böyük kampaniya başladı. Artıq aprel ayında Navalnının namizədliyini dəstəkləməyə hazır olan insanların sayı 300 minə çatdı. Korrupsiya ilə Mübarizə Fondu bu müddət ərzində rüşvətxor məmurlarla bağlı araşdırmaya başladı.
İki ən böyük araşdırma “Çayka” və “O sizə Dimon deyil” filmləri başında RF-nın baş prokuroru Yuri Çayka və RF-nin baş naziri Dmitri Medvedevin durduğu korrupsiya sxemlərindən bəhs edir.
Navalnı hakimiyyətdən “O sizə Dimon deyil” filminə reaksiya gəlməyəndən sonra insanları baş nazir Medvedevin istefa tələbilə etiraz aksiyalarına çıxmağa çağırdı.
26 mart 2017-ci ildə təşkilatçıların məlumatına görə, Tverskaya küçəsinə 25-30 min adam çıxdı. Bu əsasən gənclər idi: tələbələr və əvvəllər bu cür aksiyalarda iştirak etməyən yuxarı sinif şagirdləri.
Həmin gün polis tərəfindən minə yaxın adam saxlanıldı. Yürüş müasir Rusiya tarixində ən kütləvi razılaşdırılmamış etiraz aksiyası oldu. Moskvadan başqa, yürüş və mitinqlər o vaxt Rusiyanın daha 81 şəhərində keçirildi.
Zaxar Prilepin və Aleksey Navalnı “NAROD” hərəkatının mətbuat konfransında. Foto: Qriqori SobçenkoKommersant
Aleksey Navalnının seçkiqabağı proqramı hələ açıqlanmayıb. Proqram, Navalnı Rusiya prezidentinə namizəd kimi qeydiyyatdan keçəndən sonra və ya keçdiyi halda açıqlanacaq. Hələlik onun saytında baza tezislərinə rast gəlmək olar.
Bu tezislərdən biri belə səslənir: “Rusiyanın Orta Asiya və Cənubi Qafqaz ölkələri ilə viza rejimi olmalıdır. Əmək miqrantları indiki kimi nəzarətsiz deyil, əmək vizaları ilə gəlməlidir”.
Bundan başqa, Navalnı bildirir ki, Rusiyaya “inkişaf etmiş Avropa ölkələrilə siyasi və iqtisadi yaxınlıq daha sərfəlidir”.