Rusiya oğruların cənnətidir?
Britaniyalı politoloq Mark Qaleotti artıq 30 ildir ki, ümumilikdə Rusiyanı və Rusiyanın mütəşəkkil cinayətkarlıq aləmini tədqiq edir. O, öz müşahidələri və gəldiyi nəticələrlə Britaniyanın The Guardian qəzeti ilə bölüşüb.
Əvvəli
Mark Qaleotti ilk dəfə Rusiyada hələ SSRİ dövründə bu ölkə üzrə ixtisaslaşan tarixçi tələbə qismində olub. O zaman o, Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etmiş “əfqanlar” adlandırılan insanlarla görüşüb.
Bu insanlar dəhşətli mənəvi və psixoloji sarsıntı keçirmişdi. Əvvəlcə onları yad ölkədə amansız cəza əməliyyatlarında iştiraka məcbur etmişdilər. Qayıdandan sonra onlar cəmiyyətin anlayışsızlığı və təcridi ilə rastlaşmışdılar.
“Əfqanların” çoxu çıxış yolunu alkoqolda və narkotikdə tapmışdı.
Amma onların arasında cinayətkar dəstələrin sıralaına qoşulanlar da çox idi. Bu mühitdə onların Əfqanıstanda qazandıqları snayper və istehkamçı bacarıqlarına böyük qiymət verilirdi.
Bəsləyici mühit
1980-ci illərin sonları SSRİ-də azad bazarın formalaşması dövrü idi. Azad bazar yalnız işgüzar adamları cəlb etmədi, “qanuni oğrular” adlandırmağa alışdığımız sovet kriminal aləmi də öz şansını onda gördü.
Bu, öz qanunları və təsəvvürləri olan kriminal dünyadır. Hətta xüsusi oğru alt-mədəniyyəti də mövcuddur. Məsələn, oğrunun bədənindəki döymələrə əsasən, onun bioqrafiyasını, həbsdə keçirdiyi illərin sayını, hətta hansı maddələrlə cəza çəkdiyini də asanlıqla oxumaq mümkündür.
O zamanlar kriminal qarşısında çox böyük imkanlar açılırdı. Mənzil qarəti, oğurluq, quldurluq kimi ənənəvi “peşələrə” yeniləri də əlavə olundu: qəsb, “əl haqqı” hesabına biznesin güc vasitəsilə himayəsi, özəlləşdirmədə iştirak, iri miqyaslı qaçaqmalçılıq.
Bütün bunlar 1990-cı illədə sovet şəhərlərinin, xüsusən də Rusiya şəhərlərinin küçələrini bürüyən qanqster müharibələri ilə nəticələndi – silahlı atışmalar, partlayışlar, rəqiblərə qarşı zəhərdən istifadə. Bu müharibələrdə xüsusi xidmət orqanlarında və orduda xidmət zamanı əldə olunan bacarıqlara böyük ehtiyac vardı.
Növbəti mərhələ
1990-cı illərin sonlarında – 2000-ci illərin əvvəllərində cinayətkarlıq milli hal olmaqdan çıxdı və qlobal arenaya yol açdı.
Bu məqamdan cinayətkarlıq Əfqanıstan heroininin, Kolumbiya kokaininin Avropaya daşınması, Afrikada lokal münaqişə zonalarında qeyri-leqal silah satışı, beynəlxalq insan alveri kimi kriminal bazarların iştirakçısına çevrildi.
Mütəşəkkil cinayətkarlıqdan əldə edilən gəlir sürətlə artırdı və yeni pproblem ortaya çıxmışdı – pulları necə “yumaq” və sonra necə sərmayəyə çevirmək? Bununla əlaqədar olaraq, artıq kiralıq qatillər yox, tam başqa ixtisas sahibləri – hüquqşünaslar və maliyyəçilər lazım idi.
Elə həmin vaxt Semyon Moqilyoviçin – Amerika FBI-ın versiyasına görə dünyanın ən çox axtarışda olan adamının da ulduzu parladı. Onu Rusiya, Türkmənistan və Azərbaycandan qaz təchizatı ilə bağlı çox milyardlıq mənimsəmələrdə, bu pulların Qərb ölkələrində yuyulmasında, həmçinin bir çox başqa cinayətlərdə günahlandırırlar.
Amma bütün bunlar Rusiya və İsrail vətəndaşı Semyon Moqilyoviçə rahatca Moskvada yaşamağa mane olmur.
Qaqunauyğun nəticə
Mark Qaleottinin fikrincə, Rusiyada prezident Putinin 18 illik hakimiyyıti ərzində mütəşəkkil cinayətkarlıqla bağlı vəziyyət keyfiyyətcə başqa xarakter alıb. Cinayyətkar qrupların harada bitdiyini və Rusiya dövlətinin haradan başladığını ayırd etmək çox çətin hal alıb. Səbəb hakimiyyətin bütün səviyyələrini bürüyən sistemli korrupsiyadadır.
RF Daxili İşlər Nazirliyinin polkovniki Dmitri Zaxarçenkonun işi nümunə ola bilər. Onun mənzilində axtarış zamanı 123 milyon dollar nağd pul aşkarlanmışdı. Çətin ki, bu onun şəxsi pullarıdır. Böyük ehtimalla söhbət cinayətkar qrupplaşmanın “obşak” adlandırılan müştərək kassasından gedir. Bu halda bu, polis qruplaşmasıdır.
Və bu, Rusiyadakı işlərin durumu üçün bariz nümunədir.
Rusiya dövləti “çirkli” işləri görmək – məsələn, digər dövlətin ərazisində kiber-hücum həyata keçirmək və ya arzuolunmaz şəxsi öldürmək lazım olanda cinayətkarları işə qoşur. Mark Qaleotti hesab edir ki, bu yaxınlarda Böyük Britaniya ərazisində sinirləri iflic edən maddə tətbiq etməklə həyatlarına sui-qəsd edilən keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripal və qızı ilə bağlı məsələdə də məhz bu cür olub.
Rusiyada dövlət mafiyanı idarə etmir və ona tabe də olmur. Dövlət və mafiya burada sülh içində, məhsuldar şəkildə bir-biri ilə əməkdaşlıq edir, Guardian-ın müəllifi belə hesab edir.