Moskva, koronavirus: “Dəhşət və öz xalqının soyqırımı” – həkimlər hakimiyyətin hərəkətlərinə qiymət verir
Moskvada düşünülməmiş buraxılış sistemi yüzlərlə insanın metronun girişlərində toplanmasına səbəb oldu. Pasxada kilsələrdə və onların yaxınlığında çoxsaylı insan izdihamlarının yaşanacağı da gözlənilir.
Bütün bunlar birlikdə 10-14 gündən sonra Rusiyada koronavirusun yenidən alovlanmasına gətirib çıxara bilər.
Mənbə – Azadlıq Radiosu
Bir sutka ərzində Rusiyada 4,785 nəfər koronavirusla xəstələnib. Ümumilikdə, aprelin 18-nə qədər 36,793 nəfər yoluxub. Bunlardan 313 nəfəri ölüb.
Xoş məramlar
Moskva hakimiyyəti aprelin 14-də koronavirusla mübarizə üzrə tədbirlərin sərtləşdirilməsi haqqında elan verdi. Bu tədbirlərdən biri Rusiyanın paytaxtında buraxılış sisteminin tətbiqi oldu.
Buraxılış vəsiqələrini şəhərdə hərəkət edən hamı almalı idi – işinə görə, həkimə getdiyinə görə, yaşlı qohumlarına baş çəkməyə görə (yaşı 65-dən çox olan insanlara yaşayış yerlərini tərk etmək qadağandır).
- Pandemiya, Rusiya: xəstəlik partlayışı, səhiyyə qətiyyən hazır deyil, hakimiyyət isə təcridi yumşaltmaq istəyir
- Şimali Qafqazda koronavirus: bütün regionlar yoluxub, İnquşetiyanın baş müftüsü vəfat edib
- Spirt dolu anbarlar və antiseptik tapılmayan apteklər
Ümumiyyətlə. təxminən 2 milyon buraxılış verildi. Sonradan isə bunların yoxlanılmasına başlandı.
Şəhərin və metro stansiyalarının bütün girişlərində polis patrulları qoyulub və burada buraxılışlarla pasportlar yoxlanılır.
Nəticədə, Moskvanın girişində saatlarla uzanan tıxaclar yaranıb. Metro stansiyalarında nəhəng izdihamlar toplaşıb və burada insanlar fiziki olaraq bir-birindən hər hansı məsafəni saxlamaq iqtidarında olmayıblar.
Sosial şəbəkələrdə yollardakı tıxacların və insanlarla dolu metro stansiyalarının xeyli şəkilləri və videoları var.
Bununla birlikdə, həmin gün şəhərdə hərəkət etməyə cəhd edən insanlar ən zəruri adamlar idi – həkimlər, çatdırılma xidmətlərinin kuryerləri, kommunal xidmətlərin əməkdaşları.
Hiddət partlayışı ilə üzləşmiş hakimiyyət tezliklə yoxlamaları ləğv etdi, lakin dəymiş zərbəni geri qaytarmaq mümkün deyildi.
“İki həftəlik karantin puç oldu”

Tibb emləri namizədi, Moskvanın ən iri tibb şirkəti olan “Medsi”nin aparıcı mütəxəssisi David Matevosov Azadlıq Radiosuna müsahibəsində Moskvada baş verənləri belə qiymətləndirib:
«Bu dəhşətdir, bu qorxuncdur, bu öz xalqına qarşı cəhənnəm və soyqırımıdır, bilmirəm, hansı sözlərdən istifadə edim. Az qala iki həftə yarım karantin puç oldu. Biz indi 2,5 həftə ərzində etdiklərimizin hamısını heçə endirdik. Öz axmaqlığımız ucbatından heç etdik.
Həkimlərin bütün əməyi, insanların maarifləndidilməsi üzrə bütün iş, bütün bu “evdə qalın” çağırışları – hər şey qələmin bir hərəkəti ilə və hakimiyyətin küt üsulları ilə pozuldu».
Proqnoz: növbəti təhlükə Pasxadır
Ölkə miqyasında mütəxəssislər insanların Pasxada toplaşmasından da ehtiyatlanırlar. Moskvada ayinlər möminlərin iştirakı olmadan keçiriləcək, lakin kilsələr Rusiya regionlarının yarıdan çoxunda açıq olacaq.
Moskva patriarxlığı bu məsələ üzrə qərar verə bilməyib və regional yeparxiyalara qərar çıxarmaqda müstəqillik verib. Dünyəvi hakimiyyət isə məsələyə qarışmağı lüzumsuz bilib.
Bu, elə bir halın yaranmasına gətirib çıxara bilər ki, mayın ortalarında – inkubasiya dövrü bitəndən sonra – epidemiya bütün ölkə boyunca güclənə bilər.
Mütəxəssislər hesab edirlər ki, 7-14 gün sonra Rusiyada yayılmanın yenidən alovlanmasını gözləmək lazımdır.