"Rusiya ən pislərini almaq üçün ən yaxşılarını verdi" - Rusiyadakı 16 siyasi məhbus azadlıqda
Rusiya ilə Qərb arasında məhbus mübadiləsi
Avqustun 1-də Rusiya ilə Qərb arasında genişmiqyaslı məhbus mübadiləsi baş tutub. Rusiya həbsxanalarında saxlanılan 16 siyasi məhbus Ankara hava limanında vasitəçilərə təhvil verilib. Bunun müqabilində Moskva müxtəlif Qərb ölkələrində müxtəlif ittihamlarla saxlanılan biri qatil olmaqla 10 nəfəri qəbul edib.
Hazırda aşağıdakı adlar təsdiqlənib:
Rusiya Qərbə təhvil verib: Evan Gerşkoviç, Pol Uilan, Alsou Kurmaşeva, Vladimir Kara-Murza, Andrey Pivovarov, İlya Yaşin, Saşa Skoçilenko, Kseniya Fadeyeva, Liliya Çanışeva, Vadim Ostanin, Oleq Orlov, Kevin Leyk, Herman Moyjes, Riko Kriger.
Qərb Rusiyaya təhvil verib: Vadim Krasikov, Artyom və Anna Dultsevlər, Mixail Mikuşin, Pavel Rubtsov, Roman Seleznyov, Vladislav Klyuşin, Vadim Konoşenok.
Mübadilənin təkcə miqyası deyil, həm də konteksti təəccüblüdür. Mübadilə Qərblə Rusiya arasında 1991-ci ildə Soyuq Müharibə bitdikdən sonra ən pis münasibətlərin fonunda baş verir.
The Wall Street Journal yazır ki, mübadilədə Rusiya və ABŞ-dan başqa Almaniya, Norveç, Polşa, Sloveniya, Türkiyə və Belarus iştirak edib. Razılaşma ABŞ, Rusiya və Almaniya hökumətlərinin ən yüksək səviyyələrində bir neçə ay davam edən danışıqlardan sonra əldə edilib.
ABŞ prezidenti Co Bayden təcili brifinqdə deyib:
“Onların azadlığını təmin edən razılaşma diplomatik bir cəsarət idi. Ümumilikdə biz Rusiyadan 16 nəfərin, o cümlədən bu ölkədə siyasi məhbus olan 5 alman və 7 Rusiya vətəndaşının azad edilməsi ilə bağlı danışıqlar apardıq.
Bu qadın və kişilərin bəziləri illərlə haqsız yerə həbsdə qalıblar. Onların hamısı ağlasığmaz əzablara və qeyri-müəyyənliyə dözüblər. Bu gün onların iztirabları bitdi”.
BREAKING: President Biden addresses major prisoner swap with Russia, freeing Evan Gershkovich, Paul Whelan and others. pic.twitter.com/TLPuLwYoTG
— MSNBC (@MSNBC) August 1, 2024
Bu, necə təşkil olunub?
“Rəsmi şəxslər, o cümlədən Bayden və Şolts həftələrlə belə böyük bir razılaşmanın logistik maneələrini dəf etməyə çalışıblar.
Ağ Ev məmurları, ABŞ diplomatları və Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları Kremlin saxladığı amerikalılar müqabilində həbsdə olan rus casuslarını azad etməyə hazır olan dost hökumətləri axtarmaq üçün Avropa və Yaxın Şərqi dolaşıblar.
ABŞ prezidenti Co Bayden Sloveniyanın baş nazirinə iyulun 21-də prezidentlik yarışından çıxdığını dünyaya elan etməzdən təxminən bir saat əvvəl zəng edib. Sloveniya isə mübadilə üçün iki məhkum rus casusunu təqdim edib”, – WSJ yazır.
Rusiya FTB-si rusiyalı siyasi məhbusların Türkiyəyə uçmazdan əvvəl təyyarəyə minməsinin bu videosunu yayıb:
Türkiyənin rolu
Türkiyənin iştirakı təsadüfi deyil. Türkiyə NATO üzvüdür, eyni zamanda Moskva ilə yaxşı münasibət saxlayır.
BBC Türkiyənin aktiv vasitəçilik rolunu təsdiqləyən görünən iki hadisəni qeyd edir:
● MİT rəhbəri İbrahim Kalın rusiyalı həmkarı ilə iyulun sonunda Ankarada görüşüb.
● Demək olar ki, eyni vaxtda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns həmkarı ilə görüşmək və çox güman ki, mübadilənin logistikasını yekunlaşdırmaq üçün Türkiyəyə gedib.
“Putin muzdlu qatil Krasikovu Moskvaya qaytarmaq istəyirdi”
WSJ hesab edir ki, mübadilə üçün əsas Almaniyada həbsxanada saxlanılan rusiyalı muzdlu qatil Vadim Krasikov olub.
Almaniyanın “Der Spiegel” nəşri yazır ki, Krasikov Rusiya kəşfiyyat xidmətinin polkovniki və Sovet-Əfqanıstan müharibəsi veteranıdır. O, 2019-cu ildə Berlindəki parkda Zelimxan Xanqoşvilinin sifarişli qətlinə görə ömürlük həbs cəzası çəkirdi.
“Der Spiegel” yazır ki, Rusiya prezidenti Vladimir Putin 2021-ci ildən Krasikovun azadlığa buraxılmasına çalışırdı. Putin 2024-cü ilin fevralında Moskvaya səfər etmiş amerikalı müxbir Taker Karlsona verdiyi müsahibədə də Krasikov haqqında danışıb.
“Der Spiegel” yazır: “Rusiya ən pislərini almaq üçün ən yaxşılarını verdi”.
Navalnı azadlığa çıxa bilərdi, amma sağ qalmadı
Mübadilə 2024-cü ilin fevralında rusiyalı müxalifət lideri Aleksey Navalnının Rusiyanın şimalındakı həbs düşərgəsində gözlənilmədən ölümündən beş ay sonra baş verib.
WSJ iddia edir ki, ABŞ və Almaniya əvvəlcə Baydenin Almaniya kansleri Olaf Şolsu Ağ Evə dəvət etməsindən sonra formalaşmağa başlayan geniş razılaşmanın bir hissəsi kimi Navalnının azad olunacağına ümid edirdilər.
Navalnının ölümündən sonra hər iki ölkə mübadilə üçün yeni siyahılar hazırlamağa başladı.
“Kreml öz vətəndaşlarını Qərblə alver etmək və məqsədinə çatmaq üçün girov götürməyə davam edəcək”
WSJ: “Bu mübadilə qlobal siyasətdə yeni dövrü simvollaşdırır: avtokratik hökumətlər öz layiqli vətəndaşlarını rəqibləri üzərində təsir rıçaqları əldə etmək üçün girov götürürlər.
Bu mübadilədə dünya bu yeni pirat nizamında ABŞ və Rusiya arasında asimmetriyanın açıq bir nümunəsini aldı.
Putin əcnəbilərin restoran və mehmanxanalardan çıxarılmasını və saxta ittihamlarla uzun müddətə azadlıqdan məhrum edilməsini əmr edə bilər. Amerika lideri bunu edə bilməz.
ABŞ bir il Qerşkoviç, Uilan və başqalarını çıxarmağa çalışdı, lakin Krasikovdan əl çəkməyə razı olmadı. Bununla belə, yüksək rütbəli rus kəşfiyyat rəsmiləri açıq şəkildə bildirdilər ki, onsuz heç bir sövdələşmə olmayacaq.
Alman səlahiyyətliləri nəhayət razılaşdılar və əvəzində onlarla rusiyalı siyasi məhbus şəklində qiymətini aldılar.
Bu görünməmiş mübadilədən əvvəl Bayden administrasiyası düşmən ölkələrlə bir sıra oxşar böyük məhbus mübadiləsi aparıb. Bunlara Venesuela həbsxanasında saxlanılan 10 amerikalı daxildir. Həmçinin ABŞ-ın İranın dondurulmuş milyardlarla dollarlıq gəlirləri üzərindən bloklamanı götürdüyü razılaşmanı qeyd etmək olar.
Tənqidçilər sual edir:
Bu cür sövdələşmələr totalitar ölkələrdə daha çox amerikalının tutulmasına və həbs olunmasına təkan vermirmi?
ABŞ Dövlət Departamenti bir sıra ölkələri, o cümlədən Rusiya və Şimali Koreyanı o qədər ciddi həbs riskli hesab edir ki, amerikalıları bu ölkələrə səfər etməkdən çəkindirir.
Amerika rəsmiləri şəxsi söhbətlərində bu ölkələri “oğru dövlətlər” adlandırırlar. Və onların qarşısını almaq üçün yeni tədbirlər görülməsə, sayının artacağı qorxusundan danışırlar”.