Böyük yolun müttəfiqləri. Rusiyanın uzun illik sədaqəti Ermənistana nə qədər baha başa gəldi?
Rusiya Ermənistanın həlledici strateji müttəfiqidir. Moskvanın xoş münasibətinə nail olmaq Ermənistana sözün həqiqi mənasında çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi başlayandan sonra Yerevanda ən çox məhz Rusiyanın köməyinə ümid edirdilər. Amma bu ümidlər əsasən boşa çıxdı. “Novaya qazeta” nəşri Rusiya-Ermənistan münasibətlərini təhlil edib.
Məqalənin tam versiyası “Novaya qazeta” saytında
2015-ci ilin yayında Yerevanda elektrikin qiymətinin yüksəlməsinə qarşı etirazlar başladı. “Ermənistanın Elektrik Şəbəkəsi” şirkəti qiyməti birdən birə bir yarım dəfə qaldırmaq niyyətində idi, sonra hökumətlə bazarlıq edərək qiymət artımını17 faiz azaltdı, amma insanlar yenə də Yerevanın Azadlıq Meydanına çıxdılar.
Həmin vaxt Ermənistan elektrik istehsalı üzrə region lideri idi, o zaman ekspertlər elektrik enerjisinin maya dəyərini bütün postsovet məkanında ən ucuz kimi dəyərləndirirdilər. Amma Ermənistanda ev təsərrüfatlarının və biznesin ödənişləri qonşu ölkələrdən daha yüksək idi.
Ermənilər öz hökumətlərinə lənət oxumağa başladılar. Əslində Ermənistanda elektrikin qiymətini Rusiyanın “İnter RAO EEŞ” dövlət şirkəti qaldırmışdı.
“Ermənistan Elektrik Şəbəkəsi” onun 100 faizlik törəməsidir.
- “Rusiya ilə maksimum ehtiyatlı olmaq lazımdır” – Bakıdan şərh
- Qarabağ və Ermənistanın aqibəti necə olacaq?
- Jirayr Liparityan: Niyə Ermənistan Qarabağ uğrunda müharibəni uduzdu?
Rusiyasayağı yardım
Ermənistan çox kasıb ölkə hesab olunur. Dənizə çıxışı yoxdur, nefti yoxdur, təbii qazıntılarla bağlı ümumiyyətlə kasaddır. 1988-ci ildə isə üstəlik dəhşətli zəlzələdən ziyan çəkdi – hələ də bu zərbədən özünə gəlməyib.
6,25 ballıq dalğa respublikanın mərkəzindəki Metsamor şəhərinə gedib çatdı, orada isə ölkənin elektrik enerjisi istehsalının üçdə birini həyata keçirən Ermənistan AES yerləşir. Doqquz ballıq zəlzələyə hesablanmış stansiya tab gətirdi. Amma bu, Çernobıl qəzasından iki il sonra, atomofobiyanın qızğın zamanı baş vermişdi. Odur ki, SSRİ Nazirlər Kabineti AES-in fəaliyyətini dayandırmaq qərarı aldı.
Sonra Qarabağ uğrunda müharibə başladı, dağ çaylarının üzərindəki SES-lər və magistral qaz xətti tez-tez sıradan çıxırdı. SSRİ dağılandan sonra Ermənistanda əsl enerji aclığı başladı.
Rusiya artıq müstəqil olan Ermənistana qardaşcasına kömək əlini uzatdı. Ermənistan zəlzələ və müharibədən sonra bərpa olunurdu, onun buna vəsaiti çatmırdı, buna görə də elektrik enerjisini Rusiya borc olaraq təmin edirdi.
2001-ci ildə bu borc artıq 100 milyon dollara çatmışdı.
Hər il Ermənistan iqtisadiyyatından 18 milyon borcun ödənməsinə sərf olunurdu. Qərb ölkələrindən alınmış 800 milyonluq kreditin ödənməsi bir yarım dəfə ucuz başa gəlirdi.
Arayış üçün.
- Həmin 2001-ci ildə Rusiya Efiopiyaya dörd milyard dollar borcu bağışlayıb.
- 2000-ci ildə doqquz milyard Vyetnama.
- 2000-ci ildən 2005-ci ilə qədər Rusiya Tanzaniya, İraq, Laos, Benin, Qvineya-Bisau və digər yaxın dostlarının ümumilikdə 30 milyard borcunu silib.
Nə qədər kasıb olsa da, Ermənistanın gəlir gətirən bir sıra müəssisələri vardı. Ən gəlirliləri SSRİ dövründən qalma Hərbi Sənaye Kompleksidir. “Nairit” kimyəvi zavodu (əsas məhsulu kauçuk), “Mars” zavodu (elektronika), Riyazi Maşınlar Elmi Tədqiqat İnstitutu, Kacaran Mis-Molinden Kombinatı və bir sıra nisbətən kiçik zavod, Sevan-Razdan Su Elektrik Stansiyaları Kaskadı – səkkiz SES.
2001-ci ildə prezident Vladimir Putin Yerevana səfər edib. “Rusiya Ermənistanın müəssisələrinə də investisiya yatırmaq istəyir”, – o vaxt baş nazirin müavini İlya Klebanov səfərin məqsədi haqda bildirmişdi.
Bu, növbəti qardaş yardımı kimi təqdim olunmuşdu. Yəni həmin andan Rusiya Ermənistana artıq iki əlini uzatdı.
Qucaqlaşmanı “Borca qarşı əmlak” proqramı adlandırıldı, razılaşma 2002-ci ildə imzalandı. “Mars” zavodu 56 milyon dollar dəyərində, üç elmi tədqiqat institutu və kimya zavodu yeddi milyondan daha az, Razdan kaskadı isə 31 milyona qiymətləndirildi.
Sonra Ermənisyan büdcəsinə hər hansı gəlir gətirə biləcək digər müəssisələr də, demək olar ki, bütün energetika, dəmiryolları, qızıl və molibdenmədənləri – hər şey “Rosneft”, “Qazprom”, “RJD” kimi və digər daha kiçik dövlətə ən yaxın Rusiya şirkətlərinin əmlakına çevrildi.
2013-cü ilin yanvarında “Qazprom” Ermənistanın qaz təsərrüfatının yüz faizlik sahibi oldu.
Prezidentlər Putin cə Sarqsyan tərəfindən imzalanan “Qaz Sazişi” Ermənistanın qazının rusiyadaxili qiymətlərlə təmin ediləcəyini nəzərdə tuturdu.
Təcrübədə belə alındı: “Qazprom” qazı yüz faizlik törəməsinə həqiqətən də rusiyadaxili qiymətlə satırdı. Amma Ermənistan “sərhədində” qaz birdən bahalaşırdı və törəmə bu qazı istehlakçılara iki dəfə baha satırdı.
Müttəfiqlər
Ermənistan hakimiyyəti uzun müddət iki stulda oturmağa – həm Rusiya, həm də Qərblə dostluq etməyə çalışıb. Rusiya ilə AAİİ-də (Avrasiya İqtisadi İttifaqı) siyasi əməkdaşlıq etmək, Avropa İttifaqına isə iqtisadi inteqrasiya.
Rusiya ilə Gömrük və Avrasiya İqtisadi ittifaqlarına daxil olmaqla bağlı danışıqlar aparılırdı. Bununla belə alyans iqtisadi cəhətdən Ermənistana yaxşı heç nə vəd etmirdi. Sadə sabıb üzündən: gələcək AAİİ-nin digər üzvləri ilə ümumi sərhədlərinin olmaması ümumi iqtisadi məkanla bağlı nəzərdə tutulansəmərəni sıfırlayırdı.
Bundan başqa, Ermənistanı ciddi qiymət artımı gözləyirdi, “həssas məhsulların” böyük siyahısını tərtib etmək lazım gəldi, hansıların ki, bahalaşmasını büdcədən kompensasiya etmək lazım gələcəkdi.
Amma iki söz – Dağlıq Qarabağ – Ermənistanı istənilən güzəştə getməyə məcbur edirdi və Rusiyadan Artsax üçün “çətir” olacağı gözlənilirdi.
Paralel olaraq Ermənistan Avropa ilə danışıqlar aparırdı – Assosiasiya haqda Sazişlə bağlı. 2013-cü ilin iyulunda bu danışıqlar uğurla nəticələndi, payızda sazişin imzalanacaağı gözlənilirdi. Elə həmin vaxt iyulda məlum oldu ki, Rusiya Ermənistan üçün qazın qiymətini qaldırıb: min kubmetrə görə 180 dollardan 270 dollara qədər.
Deyirlər ki, həmin vaxt məzuniyyətdə olan prezident Serj Sarqsyanı təcili Moskvaya çağırıblar ki, bu haqda məlumat versinlər. Sentyabrda o, yenidən prezident Putinlə görüşüb və bildirib ki, Avropa inteqrasiyası hələlik baş tutmayacaq və Ermənistan Avrasiya ittifaqına qəbul olmaq niyyətini açıqlayıb.
2014-cü ilin əvvəlində bu məsələ həll edilmiş sayılırdı. Amma Ermənistanı birliyə qəbul etməyə tələsmirdilər – səbəblərdən biri Qarabağ idi.
Ermənistan Qarabağın da ittifaqa qəbul olunmasına israr edirdi və Rusiya sanki hətta söz də vermişdi, amma məlum oldu ki, bu mümkün deyil. Rusiyanın izahına görə, çünki Qarabağ beynəlxalq aləm tərəfindən tanınmayıb. Təkrar edək: Rusiya bunu 2014-cü ilin mayında deyirdi, yəni Krımın ilhaqından iki ay sonra. Ermənistan isə, mötərizədə qeyd edək ki, Krımda keçirilən referendumu alqışlayan azsaylı ölkələrdən biri idi.
AAİİ Ali Avrasiya İqtisadi Şurasının iclaslarından birində Ermənistanın nümayəndə heyətinin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanı ittifaqa “yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində” qəbul edilməsi ilə bağlı müraciəti oxunub. Yəni Qarabağsız. Ermənilər bunu təhqir kimi qəbul edib.
Növbəti zərbə Rusiyanın Azərbaycana növbəti silah partiyası satması olub. amma bunu da Ermənistan sinəyə çəkib, çünki ona hələ də əsas vədi təkrarlayırdılar: Qarabağ üçün “çətir”. Ermənilər inanırdı: orada bir şey olsa, Rusiya gələcək və kömək edəcək. Lazım olan anda gəlmədi və kömək etmədi.