Rusiya Belarusu alacaq? Ekspert rəyləri
Politoloqlar və iqtisadçılar prezident Aleksandr Lukaşenkonun zəifləyəcəyini, onun Rusiyadan asılılığının artacağını və ölkə iqtisadiyyatının kollapsını proqnoz edir.
Rusiyanın “The Republic” müstəqil nəşri rusiyalı və Belarus politoloqları və iqtisadçılara “Yaxın gələcəkdə Belarusu nə gözləyir?” – sualı ilə müraciət etdi.
Nəticələrini Belarus müxalifəti və əksər Qərb ölkələrinin tanımadığı 9 avqust 2020-ci il prezident seçkilərindən sonra Belarusda permanent etiraz aksiyaları davam edir.
Hakimiyyət onları yatızdırmaq üçün güc tətbiq edir, nəticədə də bir neçə nəfər ölüb, minlərlə nümayişçi həbs olunub və işgəncələrə məruz qalıb.
• Belarus hakimiyyəti və müxalifətinin qalib gəlmək üçün hansı imkanları var? Təhlil
Qarşıda iqtisadi böhran var
İqtisadçı, Çikaqo Universitetinin professoru Konstantin Soninin fikrincə, “bu cür qarşıdurma şəraitində prezident Lukaşenko daha bir neçə il hakimiyyəti öz əlində saxlasa, ciddi iqtisadi böhran baş verə bilər”.
«Rusiyanın verə biləcəyi dəstək də onu effektiv şəkildə aradan qaldırmaq üçün kifayət etməyəcək. İqtisadiyyatın tamamilə çökdüyü, hakimiyyətin isə güc qruplaşmasının əlinə keçməsi ssenarisi də mümkündür», – iqtisadçı hesab edir.
Onun firkincə, Lukaşenko bir neçə ildən artıq hakimiyyətdə qala bilməyəcək: əhalinin bütün qrupları arasında ona dəstək həddən artıq azdır.
Rusiya planı – “konstitusion” islahat?
Karneqi Mərkəzinin analitiki Maksim Samorukov hesab edir ki, Rusiya prezidenti Putinlə bu yaxınlarda baş tutan görüş zamanı Lukaşenkoya verilən 1,5 milyard dollarlıq kreditin əvəzində Kreml Belarusda konstitusion islahat etmək istəyir.
Fikir belədir: nəticədə Likaşenko “daha Belarusun tək hökmranı olmayacaq” və “onun əvəzinə zəif, bir-birinə etibar etməyən və hətta ölkə daxilində öz vəziyyətinə arxayın olmayan kollektiv hakim elita gələcək”, onunla da Rusiyaya razılığa gəlmək daha asan olacaq.
Hələ də güc qurumlarına rəhbərlik edən və Qərblə tamamilə münasibətlərini pozan Lukaşenko Rusiyaya əməlli-başlı əl verir ki, onu zəifləmiş şəkildə də olsa hakimiyyət başında saxlamaq istəsin.
Rusiya Belarusu alacaq?
Politoloq, “University College London”un elmi işçisi Vladimir Pastuxov hesab edir ki, formal olaraq Rusiya Belarusu özünə birləşdirməyəcək, bu, həm iqtisadi cəhətdən, həm də xarici siyasət baxımından baha başa gələr.
Amma Lukaşenko özünün zəif vəziyyətində istənilən halda alver etməli və güzəştlərə getməli olacaq. Rusiya da “bunun daha ağlabatan qiymətini ödəyib, mümkün qədər daha çox “dadlı tikə” ələ keçirməyə” çalışacaq.
Belarus analitiki Aleksandr Klaskovski də bununla razıdır.
«Moskva indi Belarus iqtisadiyyatına daha çox girməyi, strateji aktivlər almağı üstün tutur» – o hesab edir.
Rusiya ilə inteqrasiya
Politoloq, Praqada Karlova Universitetinin işçisi Aleksandr Morozovun proqnozlarına görə, Kreml ölkələrin inteqrasiyasını davam etdirməyi “və “Avropa İttifaqına” oxşar bir qurumun yaradıldığını deməyə əsas verən bir vəziyyət yaratmağı” düşünür: vahid valyuta, vahid parlament, amma bu zaman milli hökumətlər tam müstəqil şəkildə öz büdcələrini formalaşdırır”.