Rusiya-Belarus: ayrılıq yoxsa şantaj? İttifaq daxilində münasibətlərin böhranı
“Еврорадио”
Ötən həftə Rusiya-Belarus münasibətləri üçün ağır oldu.
Hər şey Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov Belarusla sərhəddə sərhəd rejimini tətbiq etməklə bağlı göstəriş verəndən sonra başladı.
İndi E30 trasında sərhədçilər Belarusdan Rusiyaya gələn hər bir maşını saxlayırlar. Belarusa gedənlərin sənədlərini yoxlamırlar. Yeri gəlmişkən, burada sərhəd keçidinə oxşar nəsə quraşdırılıb, yoxlama isə bu yerə çatmamış həyata keçirilir.
Sərhəd şəhəri olan Orşada yerləşən dəmir yolu stansiyasında sərhəd nəzarəti üçün heç bir infrastruktur yoxdur. Yaşıl formalı insanlar sadəcə qatarın birinci vaqonunun yanında sərnişinləri gözləyirlər. Pasportları yoxlamırlar, sadəcə nəzərdən keçirirlər. Bununla belə, növbə yaranır.
Qırmızı Rusiya və göy Belarus pasportları olan insanları tez buraxırlar. Başqa sənədləri sərhədçilər daha diqqətlə nəzərdən keçirir.
“Yevroradio” müxbirlərinin yanında onlar ağ-göy, qırmızı papaqlı adamı saxlayırlar, o da əlavə kağızları göstərməli olur. Amma jurnalistlər bu videonu çəkmək istəyəndə, sərhədçilər onları saxladı, bütün video və foto çəkilişləri pozmağa məcbur etdilər.
Əvvəllər iki ölkə arasında sərhəd yoxuydu, çünki hər ikisi “Rusiya-Belarus ittifaq dövləti”nin yaradılması prosesində iştirak ediblər. İndi isə Rusiyaya getmək istəyən Belarus vətəndaşlarına xüsusi buraxılış tələb olunur.
Rusiya ilə Belarus arasında münasibətlərin gərginləşməsinə səbəb nədir?
Moskvanın ekstra-ordinar qərarı ilə bağlı xüsusi olaraq keçirilən mətbuat konfransında Belarus prezident Aleksandr Lukaşenko bildirib ki, bu sırf siyasi bir addım idi və onu atmaq olmazdı.
Lukaşenko dedi ki, Moskvanın bu cür “düşünülməmiş və əlaqəsiz addımları” Belarus-Rusiya münasibətlərini pozur. O eyni zamanda RF FTX rəhbərini sərhəd haqqında dövlətlərarası razılaşmanı pozmaqda ittiham edib – müqavilədə sərhəd nəzarəti haqqında bəndlər yoxdur.
Bir neçə saat davam edən mətbuat konfransı zamanı Lukaşenko bu günə qədər ancaq mediada müzakirə olunan iki ölkə arasındakı qarşılıqlı münasibətlərin bütün “ağrılı nöqtələri” ilə bağlı fikir bildirdi.
VIZALAR
2017-ci ilin yanvar ayında Belarus 80 ölkə vətəndaşları üçün giriş vizalarını ləğv etdi (5 günlük, Minsk hava limanından girişi zamanı). Bir çox ekspertlər və media belə düşünür ki, bu qərar Rusiyanın özünün Belarusla sərhədində sərhəd nəzarətini tətbiq etməsinin əsas səbəbi oldu.
Aleksandr Lukaşenko mətbuat konfransında bildirdi ki, vizasız Belarusa girmək istəyənlərin dairəsinin genişləndirilməsi heç cür Rusiyanın milli təhlükəsizliyinə təhdid ola bilməz.
NEFT
Bu günlərdə həm Belarus, həm də Rusiya mətbuatında bir çox yazılarda Belarusun viza rejimini ləğv etməsi ilə bərabər daha bir məqamı qeyd edirdilər: Rusiya-Belarus münasibətlərində gərginləşmə o vaxt artdı ki, tərəflər Rusiyadan Belarusa gətirilən neftin qiyməti məsələsində razılığa gələ bilmədilər.
Aleksandr Lukaşenko mətbuat konfransınsa bu məsələyə də toxundu: “Rusiya nefti olmadan keçinə bilərik. Çox ağır olacaq, amma azadlıq və müstəqillik… heç bir pulla ölçülmür… Biz istənilən halda çıxış yolu tapacağıq. Təəssüf ki, bunu Rusiyada anlamırlar. Onlar düşünür ki, “hara gedəsidirlər ki”, – Lukaşenko deyib. Onun sözlərinə görə, Moskvada əmindirlər ki, “Rusiya neftinin əvəzi yoxdur”. Belarus rəhbərliyi isə fərqli düşünür.
ƏT
Belarusla Rusiya üçün kəskin şəkildə artan mübahisəli mövzular siyahısına Belarusun mal əti də əlavə olundu. Ötən həftə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti onun Rusiyaya idxalını qadağan etdi.
Mətbuat konfransı zamanı Belarus prezidenti müvafiq qurumlara qadağa ilə bağlı Belarusa zərər yetirdiyinə görə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin rəhbəri Sergey Dankvertə qarşı cinayət işi açmağın mümkünlüyünü araşdırmağı tapşırıb.
Kremlin cavabı əvəzinə Jirinovski
Kreml Aleksandr Lukaşenkonun bəyanatlarına reaksiya verməyib. Amma Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bəyanatını dolayı cavab hesab etmək olar, çünki onun nöqteyi-nəzəri həmişə rəsmi mövqe ilə üst-üstə düşür.
Partiyasının qurultayında çıxışı zamanı o bildirib:
“Belarus rəhbəri Rusiyadan mümkün olan hər şeyi çəkib, amma biz artıq nə qədər olar – deyirik. Lukaşenko nə istəyir? Ayrıca dövlət, amma qiymətlər qoy Rusiya daxilində olduğu kimi olsun. Nəyə görə? Onda siz də dövlətimizin bir hissəsi olun. Bu da oturub ki, Rusiya ver, Avropa İttifaqı ver. Nə gözəl”.
Bu bəyanatı da Dövlət Dumasının rəsmi orqanı olan “Parlamentskaya qazeta” dərc edib.
Ekspert rəyi: əslində nə baş verir
“Rusiya tərəfindən təzyiqin səbəbi ondan ibarətdir ki, Aleksandr Lukaşenko Belarus tərkibində Rusiya hərbi bazalarının sayının artırılmasına razılıq vermir”, – bu fikri “Yevroradio”nun canlı efirində Strateji və Xarici Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Arseni Sivitski bildirib (söhbət Moskvanın Belarus ərazisində yaradılmasına təkid etdiyi Rusiya hərbi bazalarından gedir – redaktor qeydi).
“Belarusun öz təhlükəsizliyi nöqteyi-nəzərindən xarici qoşunların, xüsusən də beynəlxalq arenada kifayət qədər qəfil və gözlənilməz hərəkətlər edən ölkənin qoşunlarının olması bizim suverenliyimiz və müstəqilliyimiz üçün çox təhlükəlidir”, – Sivitski deyib.
Bu məsələ ilə bağlı rusiyalı politoloq Andrey Piontkovski öz fikrini da kəskin şəkildə bildirib.
“Belarusun ələ keçirilməsi Yeltsindən başlayaraq, bütün Rusiya siyasətinin ən vacib məqsədi olub. Bunu da Lukaşenko çox yaxşı anlayır və anlayıb, 20 il müddətində də gah hiyləgərlik, gah da inadı ilə buna qarşı çıxıb. Kremldə də bunu çox yaxşı anlayıb və anlayırlar, bu ələ keçirmə yolunda əsas maneəni də onun simasında görüblər. Nəhayət, 2017-ci ildə bu maneədən sakitcə, “səs-küy” olmadan can qurtarmağa çalışıblar. Amma Lukaşenko bunu gördü və əvvəlcədən tədbir görməyə başladı”, – Piontkovski belə hesab edir.
- 2 aprel 1997-ci ildə Moskvada Belarus və Rusiya prezidentləri Belarus və Rusiyanın İttifaqı barədə Müqavilə imzalayıblar. Həmin vaxtdan etibarən də aprelin 2-si Belarus və Rusiya xalqlarının həmrəyliyi günü kimi qeyd edilir. Ötən vaxt ərzində birgə parlament məclisi və bəzi dövlət idarəçiliyi orqanları yaradılıb. Bütün vahid valyuta yaratmaq cəhdləri isə iflasa uğrayıb.