Rusiya - əsas təhlükə
Aprelin 11-də Amerika Mili Demokratiya İnstitutu (NDI) Gürcüstanda keçirilən ictimai rəy sorğusunun nəticələrini açıqladı. Tədqiqat zamanı aşkarlanan əsas tendensiyalar nədən ibarətdir?
Xarici siyasət
Gürcüstanın Avropa İttifaqına daxil olmasının tərəfdarlarının sayı artıb, bununla yanaşı Avrasiya Birliyinə daxil olmağın tərəfdarları azalıb – Amerika Mili Demokratiya İnstitutunun sifarişi ilə (NDI) Gürcüstanda keçirilən ictimai rəy sorğusunun aprelin 11-də açıqlanan nəticələri buna dəlalət edir.
Sorğu NDI-ın sifarişi ilə 23 fevraldan 14 marta qədər olan dövr ərzində Qafqaz Araşdırmalar Mərkəzi tərəfindən keçirilib. Bütün Gürcüstan üzrə 3 900 respondentə suallar verilib.
Tbilisidə Gürcüstanın Avropa İttifaqına daxil olmasını 61%, NATO-ya üzv olmasını 68%, Avrasiya Birliyinə daxil olmasını isə 20% sorğu iştirakçısı dəstəkləyib. Müqayisə üçün, ötən ilin noyabr ayında Gürcüstanın Avropa İttifaqına daxil olmasının tərəfdarları 58%, Avrasiya Birliyinə daxil olmasının tərəfdarları isə 24% olub.
Hansı ölkə və ya təşkilat Gürcüstan üçün daha böyük təhlükədir – sualına 47% respondent Rusiya cavabını verib. Rusiyadan sonra İslam dövləti (8%), üçüncü isə ABŞ (7%) göstərilib.
52% Gürcüstan əhalisi hesab edir ki, ölkənin xarici siyasət kursu Qərb yönlü olmalıdır, amma bununla yanaşı ölkə Rusiya ilə də yaxşı münasibət saxlamalıdır. 16% sorğu iştirakçısının fikrincə, ölkənin xarici siyasət kursu Rusiya yönlü olmalıdır, amma bununla yanaşı ölkə Avropa İttifaqı və NATO ilə də yaxşı münasibətləri qorumalıdır. 14% respondent hesab edir ki, Gürcüstanın xarici siyasəti birmənalı şəkildə Qərb yönlü olmalıdır. Və ancaq 5% sorğu iştirakçısı düşünür ki, Gürcüstanın xarici siyasəti birmənalı şəkildə Rusiya yönlü olmalıdır.
Ekspert fikri: ekspert Tornike Şaraşenidze hesab edir ki, Gürcüstanın Avropa İttifaqına daxil olmasını istəyənlərin artması və Gürcüstanın Avrasiya Birliyinə daxil olmasını dəstəkləyənlərin azalması obyektiv səbəblərlə bağlıdır.
NDI tədqiqatının nəticələrini gürcü “İnterpressNyus informasiya agentliyinə şərh edən Şaraşenidzenin qeyd etdiyi kimi, bu, Rusiya təbliğatının artıq işləməməsindən xəbər verir.
“Bunun da öz obyektiv səbəbləri var. Bizim Avropa İttifaqı ölkələrinə ixracımız artır. Rusiya bazarının müstəsnalığı haqqında əfsanə artıq keçmişdə qalıb. Rusiya təbliğatı göründüyü kimi, məğlubiyyətə uğrayır. Hamı Rusiyadan bizə heç bir xeyrin gəlmədiyini görür. Bu, obyektiv səbəblərdir. Bununla yanaşı, Rusiya təbliğatına əks işləyən qeyri-hökumət təşkilatları da səfərbər olub. Göründüyü kimi, bu iş də öz bəhrəsini verdi, – Şaraşenidze deyir.
Daxili siyasətlə bağlı suallar/iqtisadiyyat
Tədqiqatın nəticələri respondentlərin hazırki hakimiyyətə kifayət qədər tənqidi münasibətindən xəbər verir. 39% sorğu iştirakçısı hesab edir ki, ölkə səhv istiqamətdə inkişaf edir; 42% bildirir ki, 2012-ci ilin oktyabrından sonra (Gürcüstanda hakimiyyətin dəyişdiyi tarix) onların vəziyyəti pisləşib; 66% düşünür ki, ölkədə ağır iqtisadi vəsiyyət var.
Ekspert fikri: “Narazıların sayının artması o səbəbdən təbiidir ki, larinin məzənnəsinin kəskin düşməsi fonunda sıravi Gürcüstan vətəndaşının sosial statusu pisləşdi. Biz istehlakçı ölkəyik, bu səbəbdən də larinin qiymətdən düşməsi bilavasitə istehlakçı zənbilinə öz təsirini göstərir.
Hakimiyyətin günahı ondadır ki, ölkənin iqtisadi təhlükəsizliyi təmin olunmayıb. Biz idxaldan çox asılıyıq. Ölkədə əlavə maddi nemətlər istehsal olunmur ki, bu da ikinci problem olan total işsizliyi gücləndirir. Bu paket də nəticədə belə bir mənzərə yaradır.
Bununla belə, əhaliyə bütün baş verənlərdə hakimiyyətin nə dərəcədə günahkar olması maraqlı deyil. O, birmənalı olaraq öz sosial-iqtisadi problemlərinə və ehtiyaclarına görə məsuliyyəti hakimiyyətin üzərinə qoyur, – gürcü “İnterpressNyus informasiya agentliyinə şərhində ekspert Giya Xuxaşvili qeyd edir.
Ümummilli məsələlər və ərazi bütövlüyü
Tədqiqat həm də ən başlıca ümummilli məsələləri üzə çıxardı. İlk üçlük aşağıdakı kimidir: iş yerləri – 57%, qiymətlərin qalxmasıinflyasiya – 35%, yoxsulluq – 30%, təqaüdlər – 26%.
Ölkənin ərazi bütövlüyü məsələsi ilk üçlüyə daxil olmadı. Tədqiqatın nəticələrinə görə, o, mühüm ümummilli məsələlər arasında beşinci yeri tutdu. Tədqiqatın – hansı ümummilli məsələlər sizin və ailəniz üçün əsasdır – sualına ancaq 23% ərazi bütövlüyü deyə cavab verib.
NDI Gürcüstanda ictimai fikrin tədqiqatını 2008-ci ildən aparır. Bütün bu vaxt ərzində bu ikinci haldır ki, ölkənin ərazi bütövlüyü məsələsi ən mühüm ümummilli məsələlərin ilk üçlüyünə daxil olmur.
“Gürcüstan islahatlar assosiasiyasının (GRASS) həmtəsisçisi Elene Xoştariya hesab edir ki, ərazi bütövlüyü məsələsi bir neçə səbəbdən top-üçlüyə daxil olmayıb:
Ekspert fikri: “Birinci səbəb cəmiyyətdə 2008-ci ildən hiss olunan müharibə qorxusuyla bağlıdır. İkinci – vaxt keçdikcə ərazi bütövlüyü mövzusu emosional baxımdan bir qədər solğunlaşdı ki, bu da təbiidir; üçüncü – ölkədə iqtisadi problemlər xeyli artdı. Yüksək işsizlik səviyyəsi, inflyasiya – bütün bunlar əhalidə qeyri-stabil iqtisadi vəziyyət qarşısında qorxu yaradır. Və nəhayət, hakimiyyətin özü də artıq ərazi bütövlüyü məsələsindən uzaqlaşıb.
Dərc edilib: 11.04.2016