Rusiyanın 90 milyardlıq neft şəbəkəsi: Azərbaycanlı iş adamları necə ifşa olunub?
Rus neft şəbəkəsində Azərbaycan izi
“Faynənşl Tayms”ın (Financial Times (FT)) ifşa etdiyi Rusiya neft şəbəkəsində azərbaycanlı iş adamlarının adı keçir. Araşdırma göstərir ki, Azərbaycanla bağlı tankerlər sanksiyalardan yayınma mexanizminin əsas halqalarından birinə çevrilib.
Qəzetin araşdırması zamanı bir texniki xətanın Rusiyanın neftinə dair qanunsuz satış şəbəkəsini ifşa etdiyi məlum olub.
Bu sistem vasitəsilə 90 milyard dollardan çox dəyərdə Rusiya xam nefti daşınıb və “Rosneft” şirkətinin dəniz yolu ilə ixracının təxminən 80 %-i bu kanal vasitəsilə həyata keçirilib.
Araşdırmanın əsas nəticələri
FT açıq korporativ registr məlumatlarından istifadə edərək 48 şirkətin eyni e‑poçt infrastrukturundan istifadə etdiyini müəyyən edib. Onların hamısı 442 veb domenə sahib olub və bütün domenlər “mx.phoenixtrading.ltd” adlı özəl serverdə yerləşib.
Dörd yüzdən çox domenin 19-u Rusiya enerji və daşınmaz əmlak firmalarına, bir neçə domen isə azərbaycanlı biznesmenlərin nəzarətində olan şirkətlərə məxsusdur.
Fokston (Foxton FZCO) şirkəti Rusiya gömrük sənədlərində 5,6 milyard dollar həcmində xam neft alıcısı kimi görünür.
Edvan Alyans (Advan Alliance) şirkəti isə Hindistan gömrük məlumatlarına əsasən 1,5 milyard dollarlıq rus neftini satıb. Bu firmaların çoxu cəmi 6 ay fəaliyyət göstərdikdən sonra bağlanıb və yeni adla təkrar qeydiyyatdan keçib.
Şəbəkənin ən böyük ixracatçısı Redvud Qlobal Təchizatçısı (Redwood Global Supply) FZ LLC-dir. Bu şirkət BƏƏ-nin Ras əl-Xaimah sərbəst zonasında qeydiyyatdadır və 2025-ci ilin dekabrında Böyük Britaniyanın sanksiya siyahısına salınıb.
Azərbaycanlı treyderlər kimlərdir?
FT-nin materialı və sonrakı araşdırmalar göstərir ki, şəbəkədə mühüm rolları olan bir neçə azərbaycanlı treyder var.
Etibar Eyyub – “Rosneft”in baş direktoru İqor Seçinin yaxın çevrəsinə daxil olan iş adamı. O, 2023-2024-cü illərdə Koral Enerji (Coral Energy) adlanan treyder şirkətinin əsas fiquru idi; daha sonra şirkət yenidən təşkil olunaraq “2Rivers” adlandırılıb və Rusiyanın neft satışında hələ də böyük paya malikdir.
Eyyub həm Avropa İttifaqı (Aİ), həm də Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb.
Tahir Qarayev – 2010-cu ildə Koral Enerjini qurmuş Azərbaycan əsilli iş adamıdır. Onun adına TahirQarayev.com domeni qeydiyyatdan keçirilib.
O da Böyük Britaniyanın sanksiya siyahısındadır.
Tələt Səfərov, Anar Məmmədli, Əhməd Kərimov – Böyük Britaniya və Aİ tərəfindən sanksiyaya məruz qalan digər Azərbaycan vətəndaşlarıdır.
Onlar “Zangezur” tankeri, BX Enerji və Nord Axis kimi şirkətlər vasitəsilə Rusiyanın “kölgə donanması”nın idarə olunmasına kömək ediblər.
Redvud Qlobal Təchizatçısı – Bu şirkət qeyri-şəffaf strukturu ilə tanınır. Onun sahibləri açıq şəkildə göstərilməsə də, FT onun azərbaycanlı biznesmenlərin nəzarətində olduğunu və şəbəkənin ən böyük ixracatçısı kimi çıxış etdiyini bildirir.
Niyə önəmlidir?
Bu şəbəkə Ukrayna müharibəsindən sonra tətbiq olunan enerji sanksiyalarını pozaraq Rusiyanın iqtisadiyyatına milyardlarla dollar qazandırır.
Şəffaflıqdan kənar fəaliyyətlər nəticəsində “Rosneft”in dəniz yolu ilə ixracının 80 %-i bu şəbəkə üzərindən həyata keçirilir.
Şirkətlər bir neçə ay fəaliyyət göstərdikdən sonra adlarını dəyişərək sanksiyalardan qaçır.
Bu cür işgüzar sxemlər Qərb bankları və gömrük orqanları üçün aşkar olunması çətin olan “kölgə donanması”nın yaranmasına səbəb olur.
Azərbaycanlı treyderlərin aktivliyi regionun enerji siyasətinə təsir edir və beynəlxalq sanksiyalar sistemində Azərbaycan biznes elitasının rolunu gündəmə gətirir.
Azərbaycan adı daha əvvəl də hallanıb
Azərbaycanlılara aid şirkətlər daha əvvəl də Rusiya neftinə dair oxşar sxemlərdə rol alıb.
Koral Enerji (indi “2Rivers”) 2024-cü ilin yayında sahiblik strukturunu dəyişərək BƏƏ-də qurulan Safira Qlobal Ticarət (Safira Global Trading) adlı yeni şirkət vasitəsilə ticarəti davam etdirib.
BX Enerji, Nord Axis şirkətlər Primorsk limanından Türkiyənin Nemrut körfəzindəki anbara Rus xam nefti daşıyan tankerləri idarə edir. Gəmilərin adları “Karabakh”, “Shusha” kimi Azərbaycan regionlarının adları ilə eynidir.
2025-ci ildə Avropa İttifaqı Tələt Safarov və Əhməd Kərimov da daxil olmaqla bir sıra azərbaycanlı treyderi sanksiya siyahısına salıb. Onların “2Rivers” şəbəkəsi vasitəsilə “Rosneft” neftini “yenidən markalaşdırdığı” və Qərb bazarlarına çıxardığı iddia olunurdu.
Rus neft şəbəkəsində Azərbaycan izi