"Rus çəkmələri olmayan Ermənistan": cəmiyyətdə Rusiyanın hərbi bazasının çıxarılması tələb olunur
Rus hərbi bazasının Ermənistandan çıxarılması
“102-ci hərbi baza, Ermənistandan rədd ol”, “Yad qarnizonlarsız Ermənistan”, “Rus çəkmələri olmayan müstəqil Ermənistan”, “Faşistlər”, “Xəyanətkarlar”, “Qatillər” — bu şüarları 23 avqustda Gümrüdə Rusiya hərbi bazasının yanında keçirilən etiraz aksiyasının iştirakçıları səsləndirirdilər. Aksiyanı “Respublika naminə” partiyası təşkil etmişdi. Həmin gün Gümrüdə hərbi bazanın müdafiəsi üçün iki azsaylı əks aksiya da keçirilirdi.
Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazası Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə 1995-ci ildə yerləşdirilib. Əvvəlcə müqavilədə müddət 25 il olaraq nəzərdə tutulmuşdu. Lakin 2010-cu ilin avqustunda bu müddət 2044-cü ilədək uzadılıb. Bazada təxminən 5 min hərbçi xidmət edir.
Bazanın çıxarılmasını dəstəkləyənlər iddia edirlər ki, o, Ermənistanın suverenliyinə təhdiddir. RF-nin Ermənistandakı hərbi mövcudiyyətini dəstəkləyənlər isə bunu təhlükəsizliyin qarantı sayırlar.
Ekspert dairələri bazanın çıxarılmasını dəstəkləyən mövqeyi bölüşür. Təhlükəsizlik Siyasəti Araşdırmaları Mərkəzi Ermənistan-Rusiya əlaqələrini təhlil edib. Mərkəzin araşdırmasına görə, “Rusiyadan müxtəlif sahələrdə asılılıq Ermənistanın azadlıq səviyyəsini məhdudlaşdıran çağırışlara çevrilir və ona qarşı hibrid müharibə aləti kimi istifadə oluna bilər.” Birbaşa zərbə ehtimalına gəlincə, mərkəz analitiklərinin fikrincə, Ermənistanla RF arasında birgə sərhədin olmaması şəraitində bu ehtimal böyük deyil. Lakin eyni zamanda, onlar Rusiyanın bunun üçün zəruri vasitələrə malik olduğunu vurğulayırlar.
“Əgər Moskvada vəziyyət son dərəcə əlverişsiz qiymətləndirilsə, mümkündür ki, Rusiya Ermənistanda müvəqqəti yerləşdirilmiş 102-ci hərbi bazanın qüvvələrindən istifadə etməklə birbaşa zərbəyə qərar versin. Belə bir gedişatın ehtimalı hələ ki, böyük deyil, nəzərə alsaq ki, Rusiyanın Ermənistandakı silahlı qüvvələri nə geniş ictimai dəstəyə, nə də arxa cəbhə təminatına malikdir”, — araşdırmada deyilir.
Əsas xəbərlər — bazanın yerləşdiyi Gümrüdəki vəziyyət; təfərrüatlar — onun Ermənistanda necə yaranması; hərbçilərinin törətdiyi cinayətlər; və məsələnin Ermənistan-Rusiya sazişi çərçivəsində necə həll oluna biləcəyinə dair.

- “Moskva Ermənistanda ‘İvanişvili 2.0’ əməliyyatını həyata keçirməyə çalışır” – erməni analitik
- “Köhnə simalarla yeni qüvvə”: rusiyalı biznesmen Ermənistanda partiya yaradır
- “Rusiya Ermənistanın iqtisadiyyatını başqalarının əli ilə dağıtmağa çalışır, o ‘başqa əl’ isə Gürcüstandır.” Mövqe
“Təhdidi neytrallaşdırmaq lazımdır”
Rusiya hərbi bazasının çıxarılmasını tələb edən siyasətçilər Gümrüdəki bazanın Ermənistanın təhlükəsizliyi üçün təhdid olduğunu bildirirlər. Bu mövqeyi Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts da bölüşür. Bundan əlavə, o belə sual verir: “Ermənistanın vergi ödəyiciləri onun ərazisini zəbt edənləri niyə saxlamalıdır?”
Ermənistan və RF arasında “Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazası haqqında” müqavilənin 19-cu maddəsinə görə, onun maliyyə təminatını Rusiya həyata keçirir. Lakin sənəddə deyilir ki, “bazanın saxlanması xərclərinin bir hissəsini Ermənistan Respublikası da daşıyır.”

“Respublika naminə” partiyasının lideri Arman Babacanyanın qiymətləndirməsinə görə, hərbi baza “neytrallaşdırılması vacib olan təhdiddir.” O bildirir ki, onun partiyası hərəkət etməyə, 2026-cı ildə keçiriləcək seçkilər ərəfəsində “hakimiyyəti bu məsələni öz gündəminə salmağa məcbur etməyə hazırdır.”

“Biz real müttəfiqlərimizə arxalanaraq ayağa qalxmağı bacarmalı, müqavimətimizi artırmalı, ölkəmizi qorumalıyıq. Nə şərqdən, nə qərbdən, nə şimaldan heç kimə bizim yerimizə rəqiblərimizlə danışmağa və məsələləri bizim hesabımıza həll etməyə icazə vermək olmaz”, — Babacanyan bildirib.
Rəqiblərinin “rusları qovurlar, türkləri gətirirlər” arqumentinə cavab olaraq o vurğulayıb ki, partiyası istənilən xarici hərbi bazadan imtinanı müdafiə edir:
“Ermənistanı yalnız erməni əsgərləri qorumalıdır.”

Aksiya davam edərkən bazanın ərazisində ucadan musiqi səslənirdi. Rus hərbçilər çıxışların səsini basdırmaq üçün vətənpərvər erməni mahnıları qoşdular. Bazanın ətrafını Ermənistan polisi kordon altına almışdı. Onlar aksiyanın keçirilməsinə mane olmayıblar. Lakin hərbi bazanı dəstəkləyən aksiyanın iştirakçılarını həmin əraziyə yaxın buraxmayıblar. Bunu mümkün toqquşmaların qarşısını almağa çalışdıqları ilə izah ediblər.
“Rusiya hərbçilərinin çıxarılması Türkiyə qoşunlarını Ermənistana dəvət etməkdir”
Rusiyayönlü “Ana Ermənistan” partiyası bir qrup tərəfdarı ilə bazanın maraqlarını müdafiə edən aksiya təşkil edib.
“Türkiyənin beşinci kolonunun [qərbyönlü siyasətçiləri nəzərdə tutur] Müstəqillik Bəyannaməsinin qəbulunun ildönümündə Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasını tələb edən aksiya keçirməyə hazırlaşdığını öyrənəndə əliboş otura bilməzdik. Rusiya hərbçilərinin çıxarılması Ermənistana türk qoşunlarını dəvət etməkdən başqa bir şey deyil. Biz Müstəqillik Bəyannaməmizi, Ermənistan-Rusiya münasibətlərini və təhlükəsizliyimizi müdafiə etmək üçün aksiya başladıq”, — ittifaqın lideri Andranik Tevanyan bildirib.
Tevanyan qərbyönlü siyasətçilərin aksiyanın tarixini seçməsini təsadüfi saymır:
“Burada Ankaranın və Bakının əli görünür; onlar Rusiyanın Ermənistandakı mövcudiyyətini zəiflətməyə və təhlükəsizliyimizin simvoluna zərbə vurmağa çalışırlar.”
Hərbi bazanı dəstəkləyən aksiyanı kommunistlər də keçiriblər. Onlar hərbi bazanın mövcudluğunu Ermənistanın təhlükəsizliyi üçün əvəzolunmaz qarant saydıqlarını bildiriblər:
“Və bazanın çıxarılması sərhədlərimizi müdafiəsiz qoymaq, xalqı isə təhlükə altında qoymaq demək olacaq.”
Onlar kommunist simvolikası və qırmızı bayraqlarla hərbi bazaya yaxınlaşıblar. Burada qərbyönlü qüvvələrlə üz-üzə gəlsələr də, toqquşma baş verməyib.
Rusiyanın Ermənistandakı mövcudluğu məhdudlaşdırılır
1992-ci ildən rus sərhədçiləri Yerevanın “Zvartnots” hava limanında dislokasiya olunmuşdu. Yerevan və Moskva “Rusiya sərhəd qoşunlarının Ermənistan Respublikası ərazisində statusu və onların fəaliyyət şərtləri haqqında” müqavilə imzalayıblar. Bu sənədə əsasən, Ermənistan rus sərhəd qoşunlarına Türkiyə və İranla olan dövlət sərhədinə də nəzarət etməyə icazə verib.
2020-ci ildəki 44 günlük müharibədən sonra Ermənistan hakimiyyətinin xahişi ilə rus sərhədçiləri Azərbaycanın sərhədinə bitişik bölgələrdə də yerləşdirildi. Lakin 8 may 2024-cü ildə baş tutan Paşinyan-Putin görüşündə rus sərhədçilərinin həmin bölgələri tərk etməsi barədə razılıq əldə olundu. Həmin gün həmçinin rus sərhədçilərinin “Zvartnots” hava limanından da çıxması qərara alındı. Ötən ilin 1 avqustundan etibarən hava limanında yalnız erməni sərhədçiləri xidmət aparır.
“Ermənistanın sərhəd xidməti sərhədlərə nəzarəti müstəqil həyata keçirmək üçün kifayət qədər təcrübə və bacarıqlara malikdir”, — Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Bu ilin 1 yanvarından Ermənistan-İran dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsində yalnız Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları yerləşdirilib. 28 fevraldan onlar Türkiyə ilə sərhəddə yerləşən “Marqara” nəzarət-buraxılış məntəqəsində də rus sərhədçilərini əvəz ediblər.
Bundan əlavə, 2025-ci il yanvarın 1-dən etibarən İran və Türkiyə ilə dövlət sərhədinin mühafizəsində Ermənistanın sərhəd qoşunları da iştirak edir.
Hərbi bazanın çıxarılması məsələsi hələlik hakimiyyətin gündəmində yoxdur
Erməni hakimiyyəti Ermənistanın Türkiyə və İranla sərhədində rus sərhədçilərinin xidmətindən tam imtinanın mümkün olub-olmaması məsələsinə nadir hallarda toxunur. İlin əvvəlində XİN başçısının müavini Paruyr Ovanisyan jurnalistlərə demişdi:
“Əlbəttə, idealda hər bir ölkə öz sərhədinə özü nəzarət edə biləcək durumda olmalıdır.”
“Belə bir məsələ ən azından hal-hazırda gündəlikdə yoxdur”, — Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hərbi bazanın Ermənistandan çıxarılması ilə bağlı suala cavab verərkən bildirib.
Əvvəllər hərbi bazanın funksiyaları keçmiş SSRİ-nin sərhədləri ilə məhdudlaşdırılırdı, Ermənistanda yerləşmə müddətinin uzadılması sənədi imzalandıqdan sonra bu məhdudiyyət müqavilədən çıxarıldı.
1995-ci ildə imzalanmış müqaviləyə görə, bazanın fəaliyyətinin dayandırılması ilə bağlı məsələləri müştərək komissiya həll etməlidir. Onun tərkibində hər iki tərəf öz nümayəndəsinə malik olmalıdır. “Bazanının ləğvi” isə onların razılaşdırdığı müddətdə həyata keçirilə bilər.
“Müştərək komissiya ona təqdim olunmuş məsələni həll edə bilmədiyi halda, bu məsələ diplomatik kanallar vasitəsilə həll olunur”, — müqavilədə deyilir.
Rusiyanın hərbi bazasının Ermənistanda yerləşdirilməsinin əsasları
Hərbi baza 1995-ci ildə, həmin ilin 16 martında imzalanmış ikitərəfli sazişə uyğun olaraq Ermənistanda yerləşdirilib. Sənəddə qeyd olunur ki, Rusiya və Ermənistan “hər iki ölkənin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunması” üçün qarşılıqlı səylərdən çıxış edirlər.
Bundan əlavə, tərəflər “Ermənistan Respublikası ərazisində Rusiya hərbi bazasının yerləşməsinin regionda sülhün və sabitliyin qorunması məqsədlərinə cavab verdiyini” bildirirlər. Ayrıca bir müddəa (24-cü maddə) var ki, ona əsasən Rusiya tərəfi hərbi bazadan “bu müqavilə ilə müəyyənləşdirilməmiş məqsədlər üçün” istifadə edə bilməz.
“Rusiya hərbi bazası Ermənistan Respublikası ərazisində olduğu müddətdə, Rusiya Federasiyasının maraqlarının müdafiəsi funksiyalarından əlavə, Ermənistan Respublikasının Silahlı Qüvvələri ilə birgə keçmiş SSRİ-nin xarici sərhədi boyunca onun təhlükəsizliyini təmin edir”, — deyə müqavilədə bildirilir.
Bazaya Rusiya Silahlı Qüvvələrinin müvafiq orqanları rəhbərlik edir.
Bazadakı hərbçilərin iştirakı ilə insidentlər
Rusiya hərbi bazası Gümrüdə yerləşdirildiyi vaxtdan onun hərbçiləri bir sıra cinayətlər törədiblər. Onlardan bəziləri:
1999 — bazarda atışma
14 aprel tarixində silahlı iki rus sərhədçisi sərxoş halda Gümrü bazarına gəlib və orada nizamsız atəş açıblar. İki nəfər həlak olub, daha doqquz nəfər yaralanıb.
2003 — hərbi hissənin yanında atışma
11 iyulda bir neçə gənc Rusiyanın Gümrüdəki hərbi bazasının ərazisinə daxil olmağa cəhd edib. Onlar hərbi hissənin növbətçisinin müqaviməti ilə üzləşiblər, dava düşüb, hərbçilər silah tətbiq ediblər. Gümrü sakinləri Artur Poqosyan və Armen Aroyan öldürülüblər. Daha iki nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb.
2015 — Gümrüdə bir ailənin qətlə yetirilməsi
12 yanvarda avtomat silahdan açılan atəşlə Avetisyanlar ailəsinin bütün 7 üzvü, o cümlədən ikiyaşlı qız və altıaylıq oğlan uşağı öldürülüb. 13 yanvara keçən gecə Türkiyə sərhədini keçməyə cəhd edərkən Rusiyanın 102-ci hərbi bazasının hərbçisi Valeri Permyakov saxlanılıb, o ailəni qətlə yetirdiyini etiraf edib. 23 avqust 2016-cı ildə Gümrü məhkəməsi Valeri Permyakovu ömürlük həbsə məhkum edib. O, cəzasını Ermənistanda deyil, Rusiyada çəkir.
2018 — xəbərdarlıq edilmədən təlimlər
17 iyulda 102-ci hərbi bazanın bölmələri icazə almadan tanklarla və digər hərbi texnika ilə Şirak vilayətinin Panik kəndinə daxil olublar. Yerli əhaliyə xəbərdar edilmədən təlimlər keçirilib, avtomat səsləri və partlayışlar eşidilib. Sakinlər təşviş içində evlərini tərk ediblər.
2018 — yaşlı qadının qətlə yetirilməsi
3 dekabr, erkən saatlarında Gümrü şəhərində Mayakovski küçəsindəki evlərdən birinin yaxınlığında amansız döyülmə nəticəsində 57 yaşlı Culyetta Qukasyan həlak olub. 11 dekabrda bu cinayəti törətmiş 102-ci hərbi bazanın hərbçisi saxlanılıb.
Rus hərbi bazasının Ermənistandan çıxarılması