Azərbaycan məhkəməsi tanınmış hüquq müdafiəçisinin məhkumluğunu ləğv etməyib
Rüfət Səfərovun məhkumluğu qüvvədə qalır
Azərbaycan məhkəməsi tanınmış hüquq müdafiəçisinin vəsatətini təmin etməyib və onun məhkumluğunu qüvvədə saxlayıb. Keçmiş müstəntiq, daha sonra siyasi məhbus, hazırda hüquq müdafiəçisi Rüfət Səfərov vəkillik imtahanlarına hazırlaşır və vəkil olmaq üçün məhkumluğunun üzərindən götürülməsi lazımdır. Lakin hakim onun hələ “islah olunmadığına” qərar verib.
- Azərbaycanda qeydiyyat problemi – kütləvi cərimələr
- Gürcüstanın baş naziri istefa verib
- “Moskvaya Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi lazımdır”. Yerevandan şərh
“Müdafiə Xətti” insan haqlarını müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov üzərindəki məhkumluğun götürülməsi üçün məhkəməyə müraciət etmişdi. Bir həftə idi ki, onun müraciətinə Binəqədi Rayon Məhkəməsində baxılırdı. Yanvarın 29-da bu məsələ ilə bağlı qərar verilib – hakim Abbas Rzayev hüquq müdafiəçisinin müraciətini rədd edib.
Zərdab Rayon Prokurorluğunun müstəntiqi olan Rüfət Səfərov 2015-ci ilin dekabrında öz ərizəsilə bu vəzifədən istefa verib. O bəyanatda bildirib ki, ölkədə insan haqlarının davamlı pozulmasına, prokurorluqdakı korrupsiya və qanunsuzluqlara dözmək istəmir, bu üzdən belə bir addım atır.
Rüfət Səfərovun sözügedən ərizə və bəyanatından dərhal sonra Zərdabda onun yaşadığı evdə axtarış aparılıb, ardınca barəsində cinayət işi başlanıb. Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İlkin istintaq dövrü üçün onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilsə də, təxminən bir həftə sonra ev dustaqlığına buraxılıb. Lakin sonradan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb və Rüfət Səfərovun barəsində 9 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.
Rüfət Səfərov 2019-cu ilin martında əfv sərəncamıyla azadlığa buraxılıb.
Hüquq müdafiəçisi Meydan TV-yə bildirib ki, qanuna görə ağır cinayətlərdə cəza çəkiləndən 6 il sonra məhkumluq ödənilmiş sayılır. Lakin qanunvericilik məhkumluğun vaxtından əvvəl də götürülməsinə imkan verir. Rüfət Səfərovun sözlərinə görə, onun üzərindəki məhkumluğun başa çatmasına təxminən bir il qalıb. Ona görə də məhkumluğunun vaxtından əvvəl götürülməsi üçün məhkəməyə müraciət etmişdi.
Rüfət Səfərov əlavə edib ki, vəkil kimi fəaliyyət göstərmək istəyir. Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşmaq niyyətindədir. Bu səbəbdən də məhkumluğunun vaxtından əvvəl götürülməsinə ehtiyac vardı:
“Müddətin bitməsinə 1 il qalmasına baxmayaraq, Baş Prokurorluğu təmsil edən prokuror məhkəmədə deyir ki, üzərimdən məhkumluğun götürülməsi üçün heç bir əsas yoxdur. Hakim də “Rüfət Səfərovun törətdiyi cinayətin xarakteri və islah olunmadığı nəzərə alınmaqla ərizəsi təmin edilməsin” dedi. Düz deyirlər, onların dediyi qaydada “islah olunmamışam”.
Rüfət Səfərov 2020-ci ilin yayında təsis olunmuş “Müdafiə Xətti” təşkilatının icraçı direktoru kimi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsilə məşğul olur.
O, keçmiş deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğludur.