Ruben Vardanyan vəzifədən getdi. Ardınca nələr olacaq? Bakıdan şərh
Ruben Vardanyan hakimiyyətdən getdi
Tanınmamış DQR-də növbəti hakimiyyət dəyişikliyi – azərbaycanlı ekspertlərin proqnozlaşdırdığı kimi, Ruben Vardanyan dövlət naziri postunu tərk etdi. Ardınca nələr baş verəcək? Bakıdakı ekspertlər müxtəlif fərziyyələr səsləndirirlər. Onların bəziləri əmindirlər ki, Xankəndinin bu addımı Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesini sürətləndirəcək. Digərləri isə Vardanyanın getməsinin tanınmamış rejimin rəhbərliyində ziddiyyətləri daha da artıracağını deyir.
- Əvəz Hafizli qətlinin birinci ildönümündə yad edildi
- Bəxtiyar Hacıyevə azadlıq tələb edən iki fəal həbs edilib
- “Sərhədləri bağlı olan yeganə ölkə”. Azərbaycanda karantin müddəti uzadılıb
Azərbaycan mətbuatının güman etdiyi kimi, bu gün, fevralın 23-də tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Arayik Harutyunyan dövlət naziri Ruben Vardanyanın vəzifəsindən azad edildiyini açıqladı. Azərbaycanın bu hissəsində faktiki olaraq hakimiyyəti ələ keçirmiş Vardanyanı Bakıda “Kreml layihəsi” adlandırırdılar. Onun hakimiyyətdən uzaqlaşdırılması rəsmi Bakının Xankəndi ilə dialoqa başlaması üçün şərtlərdən biri idi.
Beləliklə, Vardanyan getdi, bundan sonra nələr olacaq? JAMnews azərbaycanlı siyasi icmalçıların dövlət nazirinin istefasından dərhal sonra gələn şərhlərini oxucuların diqqətinə çatdırır.
“Böyük qələbələr kiçik addımlarla olur”
“Vardanyan faktiki olaraq İlham Əliyevin qərarı ilə vəzifədən azad olundu – bu həm Qarabağda yaşayan erməni əslilli azərbaycanlılarla icmalararası dialoqun başlanması, həm ekoaksiyanın dayandırılması, həm də Kremlin bölgəmizdə oyunlarının pozulması üçün vacib addımdır.
Böyük qələbələr kiçik addımlarla olur”, – Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli bildirib.
“Etiraz askiyasını dayandırmaq doğru olmaz”
“Atlas” Analitik Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə Laçın yolundakı etirazların Ruben Vardanyanla əlaqəsi yoxdur.
“Etirazın tələbi Qarabağdakı yataqlarda monitorinqə imkan verilməsiylə bağlıdır. Bu tələbimiz yerinə yetirilməyib.
Ona görə də Ruben Vardanyan “dövlət naziri” vəzifəsindən istefaya göndərildi deyə etirazın dayandırılması doğru olmaz. Fikrimcə, etiraz Laçın yolunun qurtaracağında sərhəd və gömrük postlarımız yaradıldıqdan sonra başa çatmalıdır.
O ki qaldı Ruben Vardanyana, onun iki seçimi qalıb: ya Qarabağda qalıb bizə problem yaratmaqda davam edəcək, ya da bunun mənasız olduğunu anlayıb maliyyəsini və biznesini idarə edəcək ölkələrdən birinə köçəcək.
Ruben Vardanyan Azərbaycan ərazisini tərk etməyənə qədər onunla mübarizəmiz başa çatmayıb”, – deyə Şahinoğlu bildirib.
“Nəticələr zamanla aydın görünəcək”
Siyasi icmalçı Aqşin Kərimov qeyd edib ki, Vatdanyanın gedişindən sonra üç əsas məqamı diqqətə almaq lazımdır:
- “Azərbaycan separatçılar arasındakı konfliktdən, üstəgəl onların Ermənistanla münasibətlərindəki qırılmalardan istifadə edərək Qarabağ erməniləri ilə təmasları bərpa etməyə çalışır;
- Vardanyanın yerinə gələn Qurgen Nersisyanın proseslərdə maneə yaradıb-yaratmayacağı onun bağlı olduğu dairələrin təlimatlarından asılı olacaq;
- Moskva Nersisyanın addımlarına təsir göstərmək üçün çalışacaq”.
“Ancaq iki məsələ açıq qalır”, – deyə ekspert qeyd edir:
“Vardanyan bundan sonra nə edəcək və Kremlin təlimatı ilə hansı platformaya can atacaq? Nersisyan hansı tərəfə əyiləcək?
Hər halda, Azərbaycan Vardanyanın “Qarabağ məşqlərini” pozmaq üçün ciddi addımlar atır və nəticələr zamanla daha da aydın görünəcək”.
“Qarabağda qarşıdurma artıq”
Hərbi icmalçı Asəf Quliyev hesab edir ki, bu gün Arayik Harutyunyan “gözlənilən qərarı” elan edib:
“Nersesyanın namizədliyinin Nikol Paşinyan tərəfindən dəstəklənməsi barədə xəbərlər var. Bu yaranmış situasiyada Qarabağ ermənilərinin (daha doğrusu, idarəetməni əlində cəmləşdirənlərin) Nikol Paşinyanın siyasi xətti ilə razılaşmasına işarə ola bilər.
Bu vəziyyətlə Rusiyanın razılaşması real görünmür. Qarabağı nəzarətdə saxlamaq istəyində olan Rusiyanın Nikol Paşinyanın xeyir-duası ilə idarəetmə təyinatının ciddi nəticələri ola bilər. Yəqin ki, bu nəticə özünü çox gözlətməyəcək.
Bu məsələnin görünən tərəfidir. Situasiyanı aydınlaşdırmaq üçün bir qədər kölgədə qalan qüvvələrin davranışına diqqət eləmək lazımdır.
Bu gün Qarabağ ermənilərinin qanunverici orqanının iclasında hakimiyyətə müxalif olanlar iştirak etməyib. Bu qüvvələrin əsas siması isə Vitali Balasanyandır. Vitali Balasanyan Daşnaksütunun bölgədə fəaliyyət göstərən özəyi ilə birgə hərəkət edir. Eyni zamanda xaricdəki erməni diasporasında kifayət qədər tanınan Aşot Qulyan da bu birlikdə təmsil olunur.
Daşnakların Vitali Balasanyanı dəstəkləməsi yenilik deyil. Dmək ki, Balasanyanı erməni diasporası da dəstəkləyir. Aşot Qulyanın da bu birlikdə olması bu arqumenti bir qədər də gücləndirir.
Xatırladaq ki, Vitali Balasanyan Ruben Vardanyanla münaqişə əsnasında vəzifədən azad edilmişdi. Amma Balasanyanın Nikol Paşinyanla da münasibətləri isti deyildi.
Sadalananlardan belə nəticə çıxarmaq olar ki, bu günə qədər prosesləri kənardan izləyən erməni diasporası baş verənləri qəbul etmir və hərəkətə keçmək üçün münasib anı gözləyir.
Münasib an yetişəndə diaspora və onun dəstəklədiyi qüvvələrin hansı addımı atacağı bəlli deyil. Bu addımlar destruktiv və ya konstruktiv ola bilər. İndi diasporanın əsas qayğısı Qarabağda ermənilərin qalmasıdır. Buna hansı yolla nail olmaq isə taktiki məsələdir.
İndiki şəraitdə isə görünən odur ki, Qarabağda qarşıdurma artır”.