Roma Statutunun ratifikasiyası: Ermənistan hakimiyyəti Rusiyaya qarşı çıxacaqmı?
Roma Statutunun Ermənistan tərəfindən ratifikasiyası
Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək niyyəti Rusiyanın sərt reaksiyasına səbəb olub. Onlar Moskvadan olan müxtəlif analitiklərin ağzı ilə Yerevanı “bu addımın arzuolunmazlığı barədə” xəbərdar etməyə başlayıblar. Rusiyanın TASS xəbər agentliyi özünün “XİN-dəki mənbəsinə” istinadən yazıb: “Moskva son vaxtlar BCM-nin Rusiya rəhbərliyinə qarşı qeyri-qanuni və hüquqi cəhətdən etibarsız “orderlər” fonunda rəsmi Yerevanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”.
Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsini təsis edən beynəlxalq müqavilədir. Onun yaradılması soyqırım, hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı işlərin həlli üçün müstəqil məhkəmənin olması zərurəti ilə izah edilib.
Martın 17-də BCM Rusiya prezidenti Vladimir Putin və Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib. Onların hər ikisi ukraynalı uşaqların qanunsuz deportasiyası və köçürülməsində şübhəli statusuna malikdir. Müqaviləni ratifikasiya etmiş bütün ölkələr öz ərazilərində olduqları halda onları məhkəməyə təhvil verməyə borcludurlar.
Məhkəmə qərarından dərhal sonra Putinin Ermənistana səfər edəcəyi təqdirdə həbs oluna biləcəyi sualı aktiv şəkildə müzakirə olunmağa başladı. Ermənistan Konstitusiya Məhkəməsi nizamnamənin konstitusiyaya uyğunluğunu tanıdıqdan sonra vəziyyət gərginləşib. Konstitusiya Məhkəməsinin qərarı dərc edildiyi andan qüvvəyə minir. Və bir çox KİV bu məlumatı Ermənistanın Roma Əsasnaməsinin ratifikasiyası kimi şərh edib və Putinin gəlişi təqdirdə həbs oluna biləcəyini yazıb. Əslində, Ermənistan bunu 1999-cu ildə imzalasa da, hələ də ratifikasiya etməyib.
JAMnews Konstitusiya Məhkəməsinə “Roma Statutunun ratifikasiyasından sonra Ermənistan Haaqa Məhkəməsinin əvvəllər, xüsusən də Rusiya Federasiyası prezidentinin həbsi ilə bağlı qəbul etdiyi qərarlara əməl etməyə məcbur olacaqmı?” sualı ilə müraciət edib. Redaktorlar Konstitusiya Məhkəməsindən beş iş günü ərzində yazılı cavab alacaqlar. Hələlik yalnız Konstitusiya Məhkəməsinin “BCM yurisdiksiyasının geriyə tanınması”na istinad edən press-relizinə etibar etmək olar.
Rusiyanın mənfi reaksiyasına baxmayaraq, ölkə hakimiyyətinin nizamnamənin ratifikasiyasına gedib-getməməsi, Roma Əsasnaməsinin ratifikasiyasından sonra Putinin Ermənistanda həbsinin mümkün olub-olmaması ilə bağlı erməni ekspertlərin fikirləri. Amma əvvəlcə Ermənistanın sənədin ratifikasiyası prosesinə niyə indidən başladığı ilə bağlı bəzi təfərrüatlar.
- “Bakıya başqa seçim qoymurlar” – Bakıdan şərh
- Qaz və su şırnaqlarına rəğmən Gürcüstanda söz azadlığının müdafiəsinə qalxan bu insanlar kimlərdir? Video
- “Valideynlər övladları ilə danışmağa utanırlar”. Gürcüstanda yeniyetmələrin cinsi tərbiyəsi üçün cizgi filmlər
“Ratifikasiyanın aktuallığı Ermənistan ərazilərinin işğalı ilə bağlıdır”
Hökumət keçən ilin sonunda “BCM nizamnaməsinin ratifikasiyası prosesinə başlamaq” qərarına gəlib. Bu addım 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında “Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisinə genişmiqyaslı hərbi təcavüzü” ilə izah edilib:
“Azərbaycan Silahlı Qüvvələri hələ də Ermənistan Respublikasının suveren ərazisinin müxtəlif yerlərində, mülki yaşayış məntəqələrinə bitişik ərazilərdə yerləşdiyindən təcavüzün nəticələri hələ də davam edir. 2021-ci il mayın 12-dən Ermənistan Respublikasının suveren ərazisinə təcavüz zamanı törədilmiş hərbi cinayətlərə BCM-nin statutunun tətbiq edilməsi üçün Ermənistan tərəfindən ratifikasiya ilə yanaşı, 12 may 2021-ci il saat 00:00-dan etibarən Beynəlxalq Konvensiyanın yurisdiksiyasını retroaktiv olaraq tanıyan bəyanat qəbul edilməlidir.
Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi bəyan edib ki, nizamnamə ratifikasiya edildikdən sonra ölkə beynəlxalq cinayət işi başlamaq imkanı əldə edəcək:
“Söhbət müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, soyqırım və ya onların qarşısının alınmasından gedir”.
Ölkə daxilində ratifikasiyaya münasibət birmənalı deyil
Ermənistanda Rusiya prezidentinin həbsinə dair orderlə bağlı Yerevanın BCM qarşısında götürdüyü öhdəliklər birmənalı olmayan şərhlərə və reaksiyalara səbəb olub.
Bəziləri hesab edir ki, Ermənistanın öhdəliyi Putinin həbsinə dair orderə təsir etməyəcək, çünki o, nizamnamənin ratifikasiyasına qədər verilib. Digərləri Ermənistanın hələ də öhdəliklərini yerinə yetirmək məcburiyyətində qalacağına və özünü çox riskli vəziyyətə salacağına inanmağa meyllidir.
Keçmiş hakim partiya Roma Statutuna qoşulma ilə bağlı mənfi rəy bildirib. Ermənistan Respublika Partiyası bu qərarı “siyasi miopiya” adlandırıb və “ölkə üçün gözlənilməz nəticələr” barədə xəbərdarlıq edib. Respublikaçılar nizamnamənin ratifikasiyasının Ermənistanın maraqlarının irəliləməsi üçün faydalı olacağına şübhə edirlər, “çünki BCM son dərəcə siyasiləşmiş qurumdur, hətta Rusiya Federasiyası, ABŞ və Çin də ona qoşulmur”.
Hüquq müdafiəçisi Artur Sakunts bildirib ki, Ermənistan hakimiyyəti başlamış ratifikasiya prosesini başa çatdırmaqdan imtina edərsə, “Azərbaycan prezidenti İlham Əliyevə qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırmaq imkanını itirəcək”. Onun fikrincə, Ermənistanı Putinin taleyi yox, Ermənistanın maraqları narahat etməlidir.
Ara Xzmalyan, beynəlxalq hüquqşünas
Putin Ermənistanda toxunulmaz olaraq qalır
“Konstitusiya Məhkəməsinin Ermənistanın Roma Statutunda təsbit olunmuş öhdəliklərinin ölkənin əsas qanunlarına uyğun olması barədə qərarı parlamentə onu ratifikasiya etməyə imkan verir. Hakimiyyətin siyasi iradəsi istisna olmaqla, hazırda buna heç nə mane ola bilməz.
Hesab edirəm ki, 2021-ci il mayın 10-dan etibarən BCM-nin yurisdiksiyasının geriyə tanınması yalnız Ermənistan tərəfindəki işlərə şamil edilir. Qalan heç nə ilə bağlı, o cümlədən də Ukrayna ilə bağlı Ermənistan geri tarixlə öhdəlik götürə bilməz.
Rusiya prezidenti Vladimir Putinin həbsinə order Ermənistanın hələ Roma Statutunu ratifikasiya etmədiyi və BCM-nin üzvü olmadığı bir vaxtda verildiyi üçün Putinin Ermənistan ərazisində toxunulmazlığı qüvvəsində qalacaq. Rusiyanın narahat olacağı bir şey yoxdur.
Moskva ya Azərbaycan rəsmilərinin BCM tərəfindən cinayət təqibinə məruz qalacağı ehtimalından çox narahatdır, ya da bu yolla həm BCM-ni, həm də Ermənistanın özünü gözdən salmağa çalışır”.
Andrias Qukasyan, politoloq
Əsasnamə Ermənistanın Aİ qarşısında öhdəliklərinin bir hissəsi idi
“2019-cu il martın 1-də Ermənistan və Aİ arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi qüvvəyə minib, ona görə Ermənistanın öhdəliklərindən biri Roma Statutunun ratifikasiyasıdır.
1999-cu ildə Ermənistan Roma Statutunu imzaladı, lakin ratifikasiya etmədi, çünki 1995-ci il Konstitusiyası Ermənistan vətəndaşlarının milli ədliyyə sistemindən kənarda mühakimə oluna biləcəyini nəzərdə tutmamışdı. Amma 2005 və 2015-ci illərdə ölkə konstitusiyasına edilən dəyişikliklər bu məhdudiyyəti aradan qaldırdı”.
Siyasi reallıq və mübahisə
“Əgər Ermənistan özünü Rusiyanın müttəfiqi hesab edirsə, o zaman Rusiya Federasiyasının hərəkətlərini beynəlxalq hüququn pozulması kimi qiymətləndirə bilməz. Müvafiq olaraq, Rusiyanın Ukraynaya qarşı təcavüzünü, Rusiya tərəfindən həyata keçirilən bütün soyqırım təzahürlərini, o cümlədən uşaqların qaçırılmasını, ukraynalı uşaqların Rusiya ərazisində zorla saxlanmasını qanuni hesab etməlidir.
Bütün bunlar mövcud ziddiyyəti əks etdirir. Ermənistanla Aİ arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında Sazişin olması və onu təşviq etmək, eyni zamanda Rusiya Federasiyasının hərbi-siyasi müttəfiqi olaraq qalmaq mümkün deyil.
Bunlar bir-birinə zidd olan öhdəliklərdir və Ermənistan onlardan birindən imtina etməli olacaq. Moskvanın reaksiyası bundan ibarətdir”.
Ratifikasiyanın Ermənistan üzərinə qoyduğu öhdəliklər
“Roma Statutunun ratifikasiyası o deməkdir ki, Ermənistan müqavilədən irəli gələn tələblərə, o cümlədən Vladimir Putin və digərlərinin həbsi haqda orderlərlə bağlı tələblərə əməl etmək öhdəliyini öz üzərinə götürür.
Rusiya prezidentinin və uşaq ombudsmanı Lvova-Belovanın həbsinə dair orderlər açıqlanıb. Lakin BCM-in hələ açıqlanmamış orderləri ola bilər ki, məsələnin əhəmiyyətinə və ya digər mülahizələrə əsaslanaraq, o cümlədən ədalətdən yayınmaq ehtimalının qarşısını almaq məqsədilə məxfi saxlasın. Onların arasında başqa Rusiya rəsmiləri də ola bilər.
Burada isə Rusiya və Ermənistanda böyük diskomfort var. Əgər Roma Statusu ratifikasiya olunarsa, bu məsələdə qeyri-müəyyənlik yaranacaq.
Putinə qarşı iş BCM-nin qaydalarına uyğun olaraq açılıb, müvafiq olaraq orderin icrası sazişin bütün üzvlərinə, o cümlədən Ermənistana aiddir”.
Taleyüklü seçim qarşısında
“Bu, siyasi məsələdir. Parlament nizamnaməni ratifikasiya etməyə bilər, Ermənistan ciddi seçim qarşısındadır.
Ya ölkə Qərb yolunu seçir, Ermənistanla Aİ arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinə arxalanır, ya da Rusiya ilə birlikdə Avropa İttifaqı və ABŞ-ın əleyhinə gedir. Artıq Ermənistanın bu iki vəziyyəti birləşdirməsi mümkün deyil.
Daha bir variant var. Ermənistan, məsələn, Türkmənistan, Avstriya və ya İsveçrə kimi beynəlxalq neytrallığı seçə və belə münaqişə vəziyyətlərində bütün münaqişə tərəflərindən bərabər məsafədə qala bilər.
Amma Rusiya özü Ermənistanı sərt seçim qarşısında qoyur. Roma Statutuna əsasən öz öhdəliklərinin lehinə seçim Rusiya ilə ikitərəfli münasibətlərin pozulmasına səbəb ola bilər.
Rusiya Federasiyası birgə hava hücumundan müdafiə, qoşunların birgə qruplaşdırılması, Rusiya silahlı qüvvələrinin Ermənistanda yerləşdirilməsi və iqtisadi məsələlər üzrə sazişləri poza bilər.
Bütün bunlar isə müxtəlif siyasi və iqtisadi nəticələrə gətirib çıxara bilər. Bu, bütün xarici siyasət, iqtisadiyyat və təhlükəsizlik sistemlərinin yenidən qurulması zərurətinə gətirib çıxaracaq”.
Rusiyanın əsəbi reaksiyası
“TASS “Yerevanın Roma Statutuna qoşulmaq niyyətinin qəbuledilməzliyini” bildirərək və “son dərəcə mənfi nəticələr” barədə xəbərdarlıq edərək, Rusiyanın Xarici İşlər Nazirliyinə deyil, departamentdəki müəyyən “mənbəyə” istinad edir.
Yəni, Rusiya Xarici İşlər Nazirliyi belə bir “sızmaya” gedib, amma hələlik bunu rəsmi mövqe kimi qəbul etmək olmaz. Ona görə də Roma Statutunun taleyi, onun ratifikasiyası Moskva və Yerevanın necə razılaşacağından asılıdır.
Ermənistanın BCM-ə qoşulmasının səbəbləri var. Bunlar həm Avropa İttifaqı qarşısında öhdəliklər, həm ölkə ərazilərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən zəbt edilməsi, həm də Laçın dəhlizi ilə bağlı vəziyyətdir. Dağlıq Qarabağı ətrafla birləşdirən yeganə yol üç aydır azərbaycanlılar tərəfindən bağlanıb, 120 min insan humanitar böhran vəziyyətində və qovulmaq təhlükəsi altındadır.
Düşünmürəm ki, Moskva Azərbaycan üçün narahat olmalıdır. Amma Azərbaycan özü və prezidenti üçün narahat olmalıdır, çünki məsuliyyətə cəlb oluna bilər. Kreml isə öz maraqlarından çıxış edərək, Azərbaycanın gündəmini Ermənistanda təbliğ edə bilər, biz buna dəfələrlə şahid olmuşuq”.