Rikoşet effektli sanksiyalar: Ukraynadakı müharibənin Ermənistana ziyanı
Rusiyaya qarşı rikoşet effektli sanksiyalar
2022-ci ildə Ermənistan koronavirus pandemiyasının mənfi nəticələrini tamamilə aradan qaldıracağına və ötən illə müqayisədə ən azı 5% artıq iqtisadi artıma nail olacağına ümid edirdi. Bunu həm hökumətin, həm də beynəlxalq maliyyə təşkilatlarının ilkin proqnozları göstərirdi. Ancaq Ukraynadakı müharibə və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar hər şeyi dəyişdi.
İndi nüfuzlu beynəlxalq maliyyə institutları və reytinq agentlikləri dünya ölkələrinin iqtisadiyyatlarında yüksəlişlə bağlı ilkin proqnozlara yenidən baxırlar. Ermənistanda bu göstəricilər artıq kəskin şəkildə azalıb. Ətraflı təhlil – bu, nə ilə bağlıdır?
- Ziddiyyət nöqtəsi. Ermənistan və Azərbaycan üçtərəfli bəyanatın 4-cü bəndini fərqli şərh edir
- Rusiya sülhməramlıları Qarabağdan Ukraynaya gediblərmi? Moskva inkar, Bakı sübut edir
- Anklavlar – Ermənistan-Azərbaycan qarşıdurmasının adaları
İndi İrəvan nəyə ümid edə bilər
“Fitch” reytinq agentliyi Ermənistan iqtisadiyyatının artımı ilə bağlı proqnozu ilkin olaraq göstərilən 5,3%-i 1,3%-lə əvəzləyərək kəskin azaldıb. Agentlik açıqladığı nəticəni belə izah edib:
“Ukraynadakı münaqişə ilə bağlı məhdudiyyətlər və Rusiyaya tətbiq edilən sanksiyalar bizi 2022-ci il üçün artım proqnozumuzu kəskin şəkildə aşağıya doğru nəzərdən keçirməyə məcbur etdi, çünki ixracın artımı (xüsusilə Rusiyaya) dayanıb və pul köçürmələri (müvafiq olaraq ev təsərrüfatlarının istehlakı) azalıb.
Eyni zamanda, “Fitch” analitikləri 2023-cü ildə Ermənistan iqtisadiyyatının artımının 4,2% olacağını proqnozlaşdırırlar. Agentlik Ermənistanın Rusiyadakı iqtisadi vəziyyətdən müəyyən dərəcədə asılı olduğunu birbaşa göstərən bəzi statistik məlumatlara da istinad edir. Belə ki, 2021-ci ilə olan məlumata görə, Ermənistanın mal ixracının 28%-i, idxalın 37%-i, turist səfərlərinin, birbaşa xarici investisiyaların və pul köçürmələrinin 40%-i Rusiyanın payına düşüb.
“Fitch”in ardınca Ermənistanla bağlı proqnoza Beynəlxalq Valyuta Fondu da yenidən baxıb.
“Proseslərin Ermənistana təsirinin miqyası ilə bağlı kifayət qədər qeyri-müəyyənlik olsa da, vəziyyət hələ də inkişaf etdiyindən, bizim ilkin qiymətləndirməmizə görə, 2022-ci ildə respublika iqtisadiyyatı hələ də artım nümayiş etdirəcək. Amma bu artım təxminən 1,5% təşkil edəcək ki, bu da əvvəllər gözləniləndən xeyli aşağıdır”.
Bundan əvvəl BVF bu il üçün 5,25% artım proqnozlaşdırmışdı.
Bununla belə, Ermənistan iqtisadiyyatının Rusiyaya qarşı sanksiyalara görə zəiflədiyinə əmin olanlar təkcə beynəlxalq maliyyə və analitik strukturlar deyil. Ermənistanın Mərkəzi Bankı da ilkin olaraq açıqlanan rəqəmlərə yenidən baxıb. Ukrayna hadisələri fonunda Mərkəzi Bank proqnozunu 5,3%-dən 1,6%-ə endirib, əlavə olaraq, inflyasiyanın qarşısını almaq üçün əsas faiz dərəcəsini növbəti dəfə artırıb. Bu göstərici artıq 9,25%-ə çatıb.
Rublun aşağı məzənnəsi ilə ixrac
Kifayət qədər yaxşı daxili diversifikasiyaya baxmayaraq, Ermənistan iqtisadiyyatı xarici bazarlar baxımından əsasən Rusiya ilə bağlıdır. Ermənistanın ixracının az qala üçdə biri şimal qonşunun payına düşür və bu rəqəm illər ərzində azalmayıb. Maraqlıdır ki, erməni biznesi Rusiyaya Çindəki kimi dağ-mədən sənayesinin məhsullarını deyil, emal sənayesinin bütün spektrini ixrac edir. Bunlar konservlər, yüngül sənaye məhsulları, spirtli və spirtsiz içkilərdir.
Fərqin daha aydın olması üçün nəzərə almaq lazımdır ki, Ermənistanın ixrac malları siyahısında birinci sırada olan mis birja qiymətləri əsasında satılır. Bu qiymətlər isə son zamanlar tarixi maksimumunda qalmaqdadır.
İstehlak mallarına gəlincə, rublun məzənnəsindəki hər hansı dəyişiklik Rusiya mağazalarında erməni mallarının rəqabət qabiliyyətinə təsir göstərir, çünki bu malların ödənişləri dollarla aparılır. Müharibədən əvvəl erməni istehsalçılarının 2 dollara (müharibədən əvvəlki məzənnə ilə 150 rubl) satdığı şirə Rusiyada hərbi əməliyyatlara başlayandan sonra artıq xeyli bahalaşıb (bir dolların 120 rubla bərabər olduğu vaxtar da olur).
“Rusiya rublunun 10 faiz dəyər itirməsi o deməkdir ki, bir gün ərzində Rusiya mağazalarının piştaxtalarında olan erməni malları 10 faiz bahalaşacaq. Bu da öz növbəsində müəyyən bazarların itirilməsinə və ya satış həcminin azalmasına gətirib çıxarır. Əgər ötən illərdə biz Ermənistandan Rusiyaya ixracda 20 faizdən çox artım əldə etmişiksə, bu il eyni dinamikanı təmin etmək çətin olacaq”, – Yerevan İqtisadiyyat Universitetinin Statistika şöbəsinin müdiri Armen Ktoyan bildirib.
Beləliklə, Ermənistan malları Rusiyada daha az rəqabətədavamlı olur ki, bu da çatdırılmaların həcminə təsir etməyə bilməz. Bu isə artıq yerli istehsalçılar üçün həcmlərin azalması deməkdir, onlar üçün artıq qalan həcmi başqa bazarlara yönləndirmək olduqca çətin olacaq. Təkcə onu qeyd etmək kifayətdir ki, 2021-ci ildə Ermənistandan Rusiyaya pul ekvivalentində ixrac rekord həddə çatıb – 842 milyon dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 24,5% çoxdur.
Rublun aşağı məzənnəsi başqa nələrə təsir edəcək?
Bu, Ermənistan üçün kədərlidir, lakin ölkə Rusiyadan gələn pul köçürmələrindən asılı qalmaqda davam edir. Transfer axını son illərdə, o cümlədən Krım hadisələrindən sonra azalıb. Eləcə də hər il mövsümi qazanc əldə etmək üçün gedən əməkçi miqrantların sayı da azalıb. Bununla belə, təxminən 1 milyard dollarlıq ümumi məbləğ – ötən il Rusiyadan Ermənistana məhz bu qədər pul köçürülüb – hələ də Ermənistan iqtisadiyyatı üçün vacib maddə olaraq qalır.
“2014-cü ilə qədər biz Rusiyadan hər il ən azı 1,5 milyard dollar alırdıq. 2015-ci ildən bu rəqəm kəskin şəkildə aşağı düşüb. 2015-2021-ci illər üçün fiziki şəxslər Ermənistana ümumilikdə bir milyard dollara yaxın pul köçürüblər”, – Armen Ktoyan deyir.
Rublun ucuzlaşması bu göstəriciyə təkcə məzənnə fərqləri baxımından təsir göstərməyəcək. Bu fakt əslində minlərlə miqrantın Rusiyaya getməsini faydasız edir. Əgər əvvəllər ayda şərti 60 min rubl qazanırdılarsa, bunun ən azı 50 minini evə göndərirdilər, indi daha çox qazana biləcəklərini təsəvvür etmək çətindir. Rublun aşağı məzənnəsi isə bu məbləği hətta erməni maaşları standartları ilə də əhəmiyyətsiz edir.
Rublun məzənnəsi hazırda perturbasiya mərhələsindədir, yəni istənilən müsbət və ya mənfi xəbər ona təsir edir. Amma ortamüddətli perspektivdə Rusiya valyutasının hətta 2022-ci ilin fevral ayının ortaları səviyyəsinə qayıdacağını təsəvvür etmək çətindir. Ona görə də erməni əməkçi miqrantların bir qismi Rusiyaya getmək fikrindən əl çəkəcək, digərləri isə evlərinə daha az pul göndərəcək və bu, minlərlə ailənin alıcılıq qabiliyyətinə birbaşa təsir edəcək.
- Rusiyaya qarşı sanksiyalar: Ermənistanda nə danışırlar?
- Rusiya Bakıya reyslərin sayını artırır və Azərbaycanı təyyarələrinin həbsində günahlandırır
Ermənistan iqtisadiyyatına təsir edən amillər
Ermənistan iqtisadiyyatının göstəricilərinə dolayısı ilə bir çox amillər təsir edəcək. Bunlardan başlıcası Rusiyada sosial-iqtisadi vəziyyətin pisləşməsidir. Sadə dillə desək, sanksiyalara görə rusların pulu daha az olacaq və ona görə də daha az xərcləyəcəklər. Bu, Rusiya mağazalarındakı erməni mallarını da vuracaq.
Digər mühüm amil investisiyadır. Burada birbaşa investisiyaların həcminə görə də Rusiya liderdir. Ermənistan hökuməti növbəti illərdə Rusiya kapitalının iştirakı ilə bir sıra iri layihələrin, o cümlədən yeni atom elektrik stansiyası və mis emalı zavodunun həyata keçiriləcəyini bəyan edib. Çətin ki, Rusiya biznesi indiki və gözlənilən güclü təzyiqlər qarşısında çoxmilyardlıq investisiyalar etmək istəsin və ya bunu edə bilsin.
İndi faktiki olaraq Ermənistan iqtisadiyyatı üçün itkilərin həcmindən asılı olan əsas sual Ukrayna böhranının nə qədər davam edəcəyidir. Birləşmiş Ştatlar, Avropa İttifaqı və tərəfdaşları Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edirlər ki, bunlar digər şeylərlə yanaşı, müəyyən sənaye sahələrinə də yönəlib. Bütün bunlar bu və ya digər şəkildə Ermənistana təsir edir.
“Bu, 2014-cü ildəki [Krım hadisələri və Donbassdakı müharibə – JAMnews] ilə müqayisədə daha kəskin vəziyyətdir. Təbii ki, bütün bunlar iqtisadi perspektiv və rublun məzənnəsi baxımından mənfi nəticələrə gətirib çıxaracaq. Lakin uzunmüddətli perspektivdə münaqişə həll edildikdən sonra bu sarsıntı müəyyən qədər aradan qaldırılacaq”, iqtisadçı Vilen Xaçatryan qeyd edir.
Ermənistan iqtisadiyyatı üçün müsbət xəbər
Ukrayna böhranı və ümumilikdə onun nəticələri Ermənistan iqtisadiyyatı üçün açıq-aşkar mənfi nəticələr yaradır. Lakin Rusiyaya qarşı sanksiyalar minlərlə rusiyalı gənc mütəxəssisin ölkəni tərk etməsinə səbəb olub. Onların böyük hissəsi Ermənistana gəlib. Hələlik rəsmi rəqəmlər yoxdur, amma Yerevandakı bütün otellər bir neçə həftədir doludur, kirayə mənzil tapmaq çətindir.
Bütün şirkətlər Ermənistana köçür. İqtisadiyyat Nazirliyi məlumat yayıb ki, Ukraynada üç həftə davam edən hərbi əməliyyatlar ərzində Ermənistanda 250-yə yaxın yeni firma açılıb, 900-ə yaxın şəxs fərdi sahibkar olub. Yeni müəssisələrin əsas payı informasiya texnologiyaları sahəsinin payına düşür.
Bu, hələ də müsbət amil kimi qiymətləndirilir, çünki Ermənistanda İT ənənəvi olaraq inkişaf etmiş sahə olduğundan, orada illik artım 20-30 faiz təşkil edir. Eyni zamanda, ekspertlər daima ölkə daxilində keyfiyyətli kadr çatışmazlığı və hazırda mövcud olanların beş-altı qatı qədər işçi qüvvəsinə ehtiyac olduğu haqda danışırlar.
İstənilən halda Ermənistan iqtisadiyyatı və biznesi yeni şəraitdə işləməli olacaq. Qısa və ortamüddətli perspektivdə əhəmiyyətli zərər gözlənilir ki, bu da iqtisadi artımın faizinə açıq şəkildə təsir edəcək. Uzunmüddətli perspektivdə Yerevan öz ixrac bazarlarını şaxələndirməli və rus kapitalını düşünülmüş şəkildə qəbul etməlidir.