Restart-ı gözləyərkən
Ermənistan müstəqilliyini elan edəndən sonra Ermənistan-İran münasibətləri həm siyasi, həm də iqtisadi planda sürətlə inkişaf etməyə başladı.
2000-ci illərin sonlarında iqtisadi əməkdaşlığın inkişaf templəri İrana qarşı sanksiyalar tətbiq olunduğu üçün zəiflədi. Amma bu ilin əvvəlindən başlayaraq, hər iki ölkə yenidən münasibətlərin dərinləşməsi, yeni proqram və imkanlar barədə danışdılar. Çoxları ümid edir ki, sanksiyaların ləğvi Ermənistan-İran ticarət və iqtisadi münasibətlərinin hər iki tərəf üçün faydalı şəkildə yenidən başlamasına gətirib çıxaracaq.
Amma perspektivlər haqqında danışmazdan əvvəl qısaca ticarət münasibətlərinin bu günkü mənzərəsini və tarixini təqdim edirik.
Beləliklə, son məlumatlara görə, (2016-cı il yanvar-avqust ayları) İran Ermənistanın ticarət tərəfdaşları arasında beşinci yerdədir. Onun payına ölkənin bütün xarici ticarətinin 5,1% düşür (Ermənistanın daha iri mal dövriyyəsi Rusiya, Çin, Almaniya və Gürcüstanladır).
Mənbə: Ermənistanın Milli Statistika xidməti
Ermənistanla İran arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-avqust aylarında 157,6 milyon dollar təşkil edib. Bu dövr ərzində Ermənistandan İrana ixrac 48,9 milyon dollar təşkil edib, İrandan isə 108,7 milyon dollar dəyərində mal gətirilib. Yəni İranla ticarətin saldosu mənfidir: idxal səviyyəsi ixrac səviyyəsindən artıqdır.
Bundan əlavə, ötən illə müqayisədə Ermənistanla İran arasında ticarət dövriyyəsi 13,3% azalıb, İrana ixrac 9%, idxal isə təxminən 15% azalıb.
Ticarət dövriyyəsinin azalması qismən deflyasiya, qismən də Ermənistanda ümumi iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı olub.
Avropa İttifaqı həm də 2012-ci ildə qüvvəyə minən İrandan neft və neft məhsullarının idxalına qadağanı aradan qaldırıb. Bundan başqa, İrana neft sənayesi üçün lazım olan avadanlıq və texnologiyaların satışına qadağa da ləğv olunub. İranın enerji sahəsinə sərmayə yatırmaq icazəsi verilib. Həm də hazırda İrana neftin nəqli üçün tankerlər satmaq olar.
ABŞ da bütün bu kimi maliyyə və ticarət məhdudiyyətlərini ləğv edib. İrana Amerikanın sərnişin təyyarələrinin satışına icazə verilib. Təyyarələrin satışı Aİ ölkələrinə də icazə verilib, Tehran artıq Airbus və Boeing təyyarələrini almaq istədiyini bildirib. Bundan əlavə, bir neçə il bundan əvvəl İranın dondurulmuş xarici hesabları açılıb.
Bu, həm də İran Mərkəzi Bankının vəsaiti (20 milyard dollardan çox) və neftin satışından alınan gəlirlərdir. Ümumilikdə, təxminən 100 milyard dollar həcmində vəsait yenidən İrana qayıdacaq.
Ölkəyə nə gətiririk və nə çıxarırıq
Xarici ticarətin mal strukturunun məlumatları kifayət qədər operativ şəkildə yenilənmir, buna görə də Ermənistan gömrük xidmətinin bazası üzrə 2016-cı ilin ilk altı ayının göstəricilərini təqdim edirik.
İdxaldan başlayaq.
Ümumilikdə İrandan Ermənistana təxminən 300 adda mal (birləşmiş qruplar) gətirilib.
Daha böyük pay təbii qazın üzərinə düşür. 2016-cı ilin birinci yarım illiyində İran Ermənistana 31,4 milyon dollar dəyərində (186,5 milyon kub metr) qaz idxal edib. Bu, İrandan gələn bütün idxalın 40%-dən çoxdur. Ermənistan qaza görə pul deyil, elektrik enerjisi verir. Qazdan başqa İran Ermənistana sulfidlər (idxalda pay 6,1%), polimerlər (5,9%), gübrə (5,1%), neft və neft məmulatları (4,8%) və s. idxal edir.
Ermənistan İrana nə ixrac edir?
Birinci yarım illikdə Ermənistandan İrana 40-a yaxın adda mal göndərilib. Bu zaman ixracın 90,4%-i elektrik enerjisinin payına düşür (təxminən 36 milyon dollar). Bundan başqa Ermənistandan müəyyən miqdarda qoyun və keçi əti göndərilir – təxminən 1,5 milyon dollar qiymətində 342 ton, bu da Ermənistandan İrana ixracın həcminin (xüsusi çəkisinin) 3,7%-ni təşkil edir. Qalan malların həcmi və qiyməti birlikdə 1%-dən azdır.
Bu o deməkdir ki, İrandan idxal olunan mallar İrana ixrac olunan mallardan xeyli daha şaxəlidir.
Aşağıdakı cədvəldə ixrac və idxal nöqteyi-nəzərindən bir adda maldan asılılıq əyani şəkildə göstərilir.
Mənbə: Ermənistan dövlət gəlirləri üzrə Dövlət Komitəsinin Gömrük Xidməti
İranla Ermənistan arasında ticarət 2005-ci ildən bəri necə inkişaf edib
Ermənistanla İran arasında xarici ticarət dövriyyəsi 2005-ci ildən, 2009-cu böhran ili istisna olunmaqla stabil olaraq artıq. 2005-2011-ci illərdə mal dövriyyəsinin ümumi həcmi demək olar ki, üç dəfə artaraq, 117,7 milyon dollardan 323 milyon dollara qədər qalxıb.
Təbii qaz əvəzində elektrik enerjisinin verilməsi sxemi isə 2009-cu ildən işləməyə başlayıb. Yəni 2005-2009-cu illərdə ticarətin ikitərəfli inkişafı bu amillə bağlı olmayıb.
Mənbə: Ermənistanın Milli Statistika Xidməti
2012-ci ildə İrana qarşı sanksiyalar tətbiq olundu, bu da ticarətin rəsmi göstəricilərinə öz təsirini göstərdi: sonrakı illərdə də davam edən geriləmə başladı.
2015-ci il üzrə olan məlumatlar yanvardan noyabr ayına qədər dövrə aiddir, çünki məqalənin yazıldığı vaxt dekabr ayı üzrə olan məlumat yoxuydu.
Perspektivlər
İrana qarşı sanksiyalar ləğv olunandan sonra Ermənistanda fəal şəkildə iqtisadi münasibətlərin dərinləşməsi imkanları, bundan başqa da bundan götürülə biləcək iqtisadi faydalar müzakirə olunmağa başladı.
Xarici ticarət məsələsi. Belə bir fikir var ki, sanksiyaların ləğvindən sonra xarici ticarətin həcmi yenə artmağa başlayacaq (2011-ci ildən əvvəl olduğu kimi). İrandan idxal məsələsində yəqin elə belə də olacaq. Amma İrana mal aparmaq məsələsinə gəlincə, Ermənistanda ixracın ümumi strukturunu nəzərə alsaq, xüsusi nikbinliyə yer yoxdur. İş orasındadır ki, Ermənistanda bu gün İran bazarına təklif oluna biləcək ciddi çeşid yoxdur.
Bununla belə Ermənistan İranla Avrasiya İqtisadi Birliyi, İranla Gürcüstan arasında əlaqələndirici halqa ola bilər. Misal üçün, sanksiyaların ləğvindən demək olar ki, dərhal sonra İran qazının Ermənistan ərazisi ilə Gürcüstana göndərilməsi imkanları müzakirə olunmağa başladı. Amma hələlik bu istiqamətdə ciddi addımlar atılmayıb.
İran mallarının Ermənistan vasitəsiylə Avropa bazarına və əks istiqamətdə nəqli üzrə proqram da perspektivdir. İdeal variant dəmir yoludur: Ermənistan hakimiyyəti artıq uzun müddətdir ki, İranla dəmir yolunun tikintisi istiqamətində əməkdaşlıq edir. Amma bu cür tikintinin həyata keçirilməsi baha başa gələn işdir, böyük sərmayə və çox vaxt tələb edir. Buna görə də hazırda daha real variant nəzərdən keçirilir.
Həmin varianta müvafiq olaraq, İran yükü Ermənistana avtomobillərlə Yesrax dəmir yolu stansiyasına qədər gətiriləcək, buradan da Ermənistanın qatarları ilə Gürcüstanın Poti limanına, buradan da Avropa bazarlarına göndəriləcək. “Cənubi Qafqaz dəmir yolları şirkətinin nümayəndəsi Vardan Aloyan bu yaxınlarda qeyd edib ki**, bu ideya iranlılara maraqlıdır və ətraflı müzakirə olunur.
Ermənistan-İran münasibətlərinin ən mühüm inkişaf istiqaməti həm də turizm sahəsi sayılır. Ekspertlərin fikrincə, bu sahə böyük potensiala malikdir. Hazırda İran artıq bu sahədə Ermənistan üçün vacib tərəfdaşdır. O cümlədən Novruz bayramı günlərində Ermənistana çoxlu sayda İran turistləri gəlir.
2016-cı ilin birinci yarım illiyində İrandan Ermənistana təxminən 90 min turist gəlib, bu da ölkə qonaqlarının ümumi sayının 17,8%-ni təşkil edir. Bu mənada İran ancaq Rusiyaya uduzur, onun payına 22,3% turist düşür.
Bu zaman ötən ilin birinci yarım illiyi ilə müqayisədə İrandan gələn turistlərin sayı kəskin şəkildə artdı (50,2%). Artım göstəricilərinə görə İran birinci yerdədir.
Əlbəttə, bu heç də inkişaf potensialı olan bütün əməkdaşlıq sahələri deyil. Mütəxəssislər həm də enerji və bank sahələrində də effektiv əməkdaşlıq perspektivləri görürlər. Amma bu potensialın inkişafa çevrilməsi üçün düzgün və effektiv siyasət yürütmək lazımdır.
Dərc olunub: 29.10.2016