Respublikaçıların qambiti
Olan oldu. “Gürcü arzusunun mümkün parçalanması haqda çox danışılsa da bu, gözlənilməz bir addım oldu. “Parçalanma dedikdə, “respublikaçıların koalisiya sıralarını tərk etməsi nəzərdə tutulur: koalisiyaya daxil olan digər partiyaların statusu o qədər də önəmli deyil. Nöqtəni respublikaçıların özləri qoydu: onlar oktyabr ayında keçiriləcək ölkə parlamentinə seçkilərdə müstəqil şəkildə iştirak edəcəklərini bəyan etdilər, bununla belə onlar koalisiyanı tərk etmir və hökumətdəki vəzifələrini saxlayırlar.
Baş nazir Georgi Kvirikaşvili və “Gürcü arzusunun digər liderləri buna cavab olaraq bu vəziyyətin onları qane etdiyini bildirdilər. Hələlik.
“Gürcü arzusu həqiqətən də bizdə adətən deyildiyi kimi, “Avropa tipli koalisiya olsaydı, hadisələrin bu cür gedişatı tamamilə təbii olardı: siyasi partiya əvvəlcə seçkilərdə özünün real siyasi çəkisini müəyyən etməli və ancaq bundan sonra hər hansı koalisiyaya daxil olub-olmamaqla bağlı qərar qəbul etməlidir. “Gürcü arzusu isə əslində tamamilə başqa bir qurumdur: onun mahiyyəti Gürcüstanın qeyri-rəsmi hakimi olan Bidzina İvanişvilinin patronajı altında olmaqdan ibarətdir.
Respublikaçılar parlamentə və nazir kreslolarına məhz İvanişvilinin səxavəti nəticəsində düşdüklərini gizlətmir və ünvanına minnətdarlıq bildirməkdən çəkinmirlər. Seçkilərdə müstəqil iştirak etmək qərarı ilə onlar birdəfəlik patrondan üzülüşməsələr də ondan aralanırlar.
Bu qeyri-müəyyən və ikibaşlı qərar həmin partiya üçün səciyyəvidir. Respublikaçılar nə qədər koalisiyanı tərk etmədiklərini desələr də ictimaiyyət bunu çıxmaq və ya onların koalisiyadan çıxmasının başlanğıcı kimi qəbul edir.
Nə baş verdi? Respublikaçıların əsəbləri tab gətirmədi, yoxsa qüruru oyandı?
Bu yaxınlara qədər partiya liderləri dəfələrlə və qəti şəkildə qarşıdan gələn seçkilərdə koalisiya ilə birlikdə iştirak etmək niyyətində olduqlarını bildiriblər. Buna görə də qərarın məcburən qəbul edilməsi aydındır.
Son zamanlar onların koalisiyadakı tərəfdaşlarından getdikcə daha tez-tez ünvanlarına açıq və ya üstü örtülü tənqidlər səsləndirilirdi: onları sanki koalisiyadan çıxmağa məcbur edirdilər. Düzdür, buna cavab olaraq respublikaçıların məşhur liderlərindən biri olan Tina Xidaşeli bildirdi ki, “əsəbləri tab gətirməyən İrakli Alasaniya və onun “Azad demokratlar partiyasındakı məsləkdaşlarından fərqli olaraq respublikaçılar koalisiyanı tərk etməyəcəklər.
Bu dəfə “son damla nə oldu? Göründüyü kimi, bu həm də emosional bir qərar idi. Respublikaçıları son zamanlar tez-tez məhz İvanişvilinin sayəsində hökumətdə təmsil olunduqlarına və müstəqil olaraq parlamentdə olmaq şanslarının olmamasında qınayırdılar.
“Gürcü arsuzunun əsas simaları bir-birinin ardınca (çox güman ki, respublikaçıları nəzərdə tutaraq) bildirirdilər ki, ola bilsin koalisiya üzvlərinin təkbaşına, müstəqil olaraq seçkilərdə öz gücünü sınamaq vaxtı gəlib çatıb.
Amma respublikaçıların heç cür bu addımı atmağa cürəti çatmırdı.
“Respublikaçı partiyasının rəsmi bəyanatlarından görünür ki, onlar “Gürcü arzusunu iki yerə ayırırlar: baş nazir Kvirikaşvilinin təmsil etdiyi yaxşı “Arzu və “stalinçi, NATO düşməni və video şantajçıları olan parlamentarların təmsil etdiyi pis “Arzu var. Respublikaçılar birincilərlə əməkdaşlığa razı olsalar da, ikincilərdən uzaq dururlar.
Necə? Həmişəki kimi, mülahizələrin əsas ip ucu bizi əsas oyunçu olan Bidzina İvanişviliyə gətirir. Koalisiya respublikaçılara qarşı açıq-aydın kampaniyaya başlayanda o bilərəkdən öz mövqeyini bildirmədi. Bəs İvanişvilinin əsl simasını kimi təcəssüm etdirir: sivil və siyasi mədəniyyət nümayiş etdirən Kvirikaşvili, yoxsa ekzotik və mənfur Tamaz Meçiauri və özünün “stalinçi və “NATO-ya qarşı bəyanatları ilə Qoqi Topadze? Respublikaçılar körpüləri yandırmır və Kvirikaşvili xəttinin qələbəsinə ümid edirlər. Bəs əgər İvanişvili belə bir sirli ikiüzlü – həm Kvirikaşvili, həm də Meçiauri sifətli Yanus olaraq qalmaq istəyirsə, nə etmək olar?
Respublikaçılar nəyə ümid edir?
Respublikaçıların niyə indiyə qədər bu qərarın qəbul edilməsini uzatması hamıya məlumdur: heç kim bilmir, onlar ümumiyyətlə gələcək parlamentə düşə, beş faizlik baryeri aşa biləcəklərmi. Onların seçkilərdə müstəqil şəkildə iştirak etdikləri halda şansları bizə məlum olan ictimai fikir sorğularının heç birində araşdırılmayıb.
Özlərinin uzun tarixləri boyu respublikaçılar ancaq bir dəfə, 2008-ci ildə keçirilən seçkilərdə təkbaşına iştirak edərək, dörd faizdən az səs toplaya bildilər. Bu gün onlar yenə də “Gürcü arzusu sayəsində təşkilati cəhətdən daha güclü olublar – amma bu uğur qazanmaq üçün kifayətdirmi?
Respublikaçıların koalisiyanı tərk etməsi ilə bağlı şayiələr yayılandan dərhal sonra onların “Azad demokratlarla mümkün seçkiqabağı alyansı haqda danışmağa başladılar.
Bu da tam təbiidir. Bu iki partiya eyni tipli seçicilərin səsləri uğrunda mübarizə aparmalı olacaqlar. Düzdür, “respublikaçılar və “azad demokratların alyansı buna qədər artıq iki dəfə yaradılıb və dağılıb. Hər iki dəfə bu, “azad demokratların təşəbbüsü ilə baş verib: dostluq onlar üçün çətin məsələdir.
“Azad demokratlar bu gün də “respublikaçılarla alyans qurmaq imkanını rədd edirlər ki, bu da tamamilə gözləniləndir, çünki tədqiqatların nəticələrinə görə, onların müstəqil olaraq parlamentdə təmsil oluna biləcəklərini demək olar. Bundan əlavə, eyni zamanda həm hakimiyyət başında olan “Gürcü arsuzunun “yaxşı qanadı ilə dostluq, həm də müxalifətçi “azad demokratlarla bir alyansda olmaq hətta gürcü siyasəti üçün belə ağ olardı.
Respublikaçılar gözlərini yumaraq, qeyri-müəyyən gələcəyə üz tutdular. Onları orada nə gözləyir – bunu heç kim bilmir. İkili mövqe – bir ayağı ilə “Gürcü arzusunun yanında, bir ayağı ilə isə başqa yerdə olmaq – seçkiqabağı kampaniya zamanı onları pis vəziyyətdə qoyacaq. Belə hallarda müsəlmanların dediyi kimi: “inşallah.
Respublikaçılarsız “Arzu necə olacaq?
Artıq məlum olduğu kimi, seçkiqabağı “Gürcü arzusu koalisiyası artıq mövcud olmayacaq: ona daxil olan partiyalar seçkilərdə ayrı-ayrılıqda iştirak edəcəklər. Bununla bağlı da bir neçə sual yaranır. Birincisi: Tərəfdaşlar gedəndən sonra “Gürcü arzusunun şansları dəyişdimi? Bu mövzuda araşdırma aparılmadığı üçün bu haqda ancaq təxminlər səviyyəsində müzakirə aparmaq olar. Həm koalisiyanın, həm də “Gürcü arzusu partiyasının seçkiqabağı cazibəsi əsasən Bidzina İvanişvili fiqurundan və inzibati resurslardan asılıdır, buna görə də koalisiyanın parçalanmasından sonra partiyanın ciddi itki verəcəyi inandırıcı görünmür. Bəziləri deyir ki, respublikaçılar gedəndən sonra seçicilərin bir hissəsi “Gürcü arzusuna qayıdacaq, çünki seçicilərin bu hissəsi respublikaçılara qarşı “milliyətçilərlə eyni nifrət hissi bəsləyir.
“Gürcü arzusu partiyasının öz siyasi profilinə görə “Gürcü arzusu koalisiyasından nə dərəcədə fərqlənəcəyi məsələsi daha prinsipialdır. İki il əvvəl İrakli Alasaniyanın qərb yönlü “Azad demokratlar partiyasının koalisiya sıralarını tərk edib, müxalifətə keçməsi diplomatik dairələrdə narahatlıqla qarşılandı: bəlkə bu Gürcüstanın öz siyasi kursunu dəyişməsindən xəbər verir? Amma bundan sonra çox az şeyin dəyişdiyi məlum oldu. Bununla belə nəzərə almaz lazımdır ki, Alasaniyanın komandası gedəndən sonra onun funksiyaları (müdafiə nazirliyi və bəzi parlament komitələri daxil olmaqla) möhkəm qərbyönlü imici olan respublikaçılara keçdi. İndisə respublikaçılar da gedir.
Daha bir qərbyönlü qüvvənin koalisiyanı tərk etməsi “Gürcü arzusu üçün müəyyən mənada onun siyasi imici ilə bağlı problemlər yaradacaq. Rəsmi olaraq Avropa yönlü kurs qalacaq, amma bu kursla “Gürcü arzusunu parlamentdə təmsil edən şəxslər arasındakı kontrast həddən artıq gözəçarpandır: “Gürcü arzusunun əksər nümayəndələrinin diskursu Putinə daha yaxındır, nəinki Avropaya. Buna görə də “Arzunun Avropa yönlü istiqamətinin nə dərəcədə möhkəm olması ilə bağlı şübhələr daha da artacaq.
Artıq yuxarıda deyildiyi kimi, Bidzina İvanişvilinin siyasi təbiəti “ikiüzlü Yanus olmaqdan ibarətdir: onun həm Avropa, həm də “Asaval-Dasavali oxucularının ürəyincə olan qaragüruhçu sifəti olmalıdır.
Bu yaxınlara qədər respublikaçılar məhz həmin bu “Avropa sifətini göstərirdilər. Bu gün isə bunun üçün ancaq bir baş nazir Kvirikaşvili qalır ki, bu da kifayət eləmir. Güman etmək olar ki, o “Gürcü arzusunun seçki siyahısına alicənab, cəmiyyətdə tanınan insanların adlarını əlavə etməyə çalışacaq. Amma buna nail ola biləcəkmi? Bu insanlar eyni zamanda həm Avropa dəyərlərinə riayət etməli, həm də sonuna qədər Bidzina İvanişviliyə qarşı loyal olmalıdırlar. Bu iki halı birləşdirmək o qədər də asan deyil; bununla belə buna razı olanlar da yəqin ki tapılacaq.
- 2012-ci il Gürcüstanın parlament seçkiləri nəticəsində milyarder Bidzina İvanişvili tərəfindən yaradılan “Gürcü arzusu siyasi koalisiyası Mixail Saakaşvilinin 2003-cü ildən hakimiyyət başında olan “Milli hərəkat partiyasına qalib gəldi
- “Gürcü arzusu Gürcüstanda siyasi birlikdir. 2012-ci ildən ölkədə hakim siyasi qüvvə sayılır. “Gürcü arzusu koalisiyası dörd siyasi partiya tərəfindən təsis edilib: Bidzina İvanişvili tərəfindən təsis olunan “Gürcü arzusu – Demokratik Gürcüstan, İrakli Alasaniyanın “Bizim Gürcüstan – Azad demokratlar, David Usupaşvilinin “Gürcüstanın Respublika partiyası və Kaxa Şartavanın “Milli forumu. Sonradan koalisiyaya “Gürcüstanın Mühafizəkarlar Partiyası və “Sənaye Gürcüstanı xilas edəcək partiyası da qoşuldu. 5 noyabr 2014-cü ildə “Bizim Gürcüstan – Azad demokratlar partiyası koalisiyanın sıralarını tərk etdi.
- Gürcüstanda parlament seçkiləri 2016-cı ilin payızında baş tutacaq
Qiya Nodiya
* Məqalədə bildirilən fikirlər müəllifin nöqtei-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 4.04.2016