Rekordlar, şikayətlər, memlər – Azərbaycanda seçkiqabağı kampaniya necə sona çatdı?
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Fevralın 7-də seçkiqabağı kampaniya müddəti sona çatıb, fevralın 8-i sükut günüdür.
Ümumilikdə seçkiqabağı marafon dinc, fəal və ciddi pozuntular olmadan keçib.
“Rekord” seçkilər
Azərbaycanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin sonunda, “Yeni Azərbaycan” iqtidar partiyasının təşəbbüsü ilə qüvvədə olan parlament özünü buraxandan sonra təyin edilib.
Bu seçkilər əvvəlkilərdən aşaçıdakılarla fərqlənir:
[yes_list]
- Namizədlərin rekord sayı ilə – parlamentdəki 125 yerə 1300 nəfərdən çox namizəd iddialıdır;
- Müstəqil və müxalif namizədlərin çoxluğu ilə;
- Seçicilərin yüksək marağı ilə – əvvəllər heç vaxt seçkidə iştirak etməyənlər də bu dəfə səs vermək qərarına gəlib.
[/yes_list]
Bütün bunlardan başqa, müstəqil və müxalif namizədlərin seçkiqabağı kampaniyasında gənclər də iştirak edib, onlar imza toplamağa, təbliğat aparmağa kömək edib, müşahidəçi kimi qeydiyyatdan keçiblər.
“Mən hazırkı seçkidə olduğu kimi heç vaxt müşahidəçi olmaq istəyən bu qədər gənc görməmişdim. Bizim 29 dairədə namizədimiz, artıq rəsmi qeydiyyatdan keçmiş 60 nəfər müşahidəçimiz var”, – qeydiyyatdan keçməmiş Respublika Alternativi Partiyasının idarə heyətinin üzvü, “Real respublikaçılar” blokundan namizədliyini irəli sürmüş Erkin Qədirli deyir.
• Azərbaycanda seçkilər haqda daha ətraflı – bu seçkilər nə ilə fərqlənir və niyə vacibdir?
Dinc marafon
Seçkiqabağı marafon çox canlı keçirdi, baxmayaraq ki, televiziya seçki mövzusunu zəif işıqlandırırdı, əksər media orqanları isə yalnız iqtidar partiyasını təmsil edən və ya bitərəf kimi namizədliyini irəli sürən hökumətyönlü namizədlər haqda yazırdı.
Telekanallar efir vaxtı üçün çox yüksək məbləğ təyin etdiyi üçün namizədlər təbliğatlarını internet vasitəsilə aparmaq, bukllet paylamaq və seçicilərlə “canlı” görüşmək qərarına gəliblər.
Ciddi pozuntular müşahidə olunmayıb, amma müstəqil və müxalif namizədlərdən yenə də bir neçə şikayət daxil olub.
Məsələn, bloger və keçmiş siyasi məhbus Mehman Hüseynov bildirib ki, onun rəqibi, hazırkı deputat Fərəc Quliyev onu satın almağa çalışıb.
• Rəqibini satın almaq ittihamı azərbaycanlı deputatın seçkilərdə iştirak etməsinə mane olmayacaq
Namizədlərdən bir neçəsi, məsələn, müxalif Müsavat Partiyasının üzvləri Dadaş Əhmədli və Yadigar Sadıqlı polis idarəsinə çağırıldıqlarını bildiriblər. Onların sözlərinə görə, polislər onlarla nəzakətlə davranıb, açıq təzyiq göstərməyiblər, “təxribatlara uymamağı” və əgər hər hansı aksiya baş verərsə, bu aksiyaya qoşulmamağı tövsiyə ediblər. Bu haqda “Kavkazskiy uzel” saytı yazıb.
Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının fikrincə, polis idarəsinə bu cür çağırışlar özlüyündə qanuni deyil və ümumiyyətlə polisin seçki prosesinə müdaxilə etmək səlahiyyəti yoxdur.
Həmçinin bəzi namizədlər müxtəlif məmurların onların komanda üzvlərinin ailələrinə təzyiq göstərməyə çalışdığından və ya onların seçkiqabağı plakatlarını çırdıqlarından şikayətləniblər.
Cəsur veteran və sosial şəbəkələrin digər qəhrəmanları
Sosial şəbəkələrdə də seçkilər çox fəal müzakirə olunub.
Bu müzakirələr zaman-zaman virtual qalmaqal forması alır, çox vaxt isə istifadəçilər sadəcə ən “ekstravaqant” plakat, şüar və namizəd mövzusunda zarafat edir.
Sosial şəbəkənin bu cür qəhrəmanlarından biri də Kamil Musavi olub – Azərbaycan rayonlarından birini təmsil edən və Qarabağ müharibəsi veteranı kimi təqdim olunan bu namizəd plakatında gözü bağlı təqdim olunub. O, tərəfdarlarından ibarət kütlə ilə hazırda onun rayonunu təmsil edən deputat Fəzail Ağamalı ilə toqquşma yaradıb. Bu hadisəni əks etdirən video şəbəkəyə düşüb və baxılma rekordları qırır. Elə Musavinin senzuradan kənar şüarı da – “Qorxmayın, …”. Hərçənd bu şüarın nə dərəcədə “rəsmi” olduğunu bilən yoxdur.
Sosial şəbəkə istifadəçilərinin nöqteyi nəzərindən başqa məzəli plakatlar və şüarlar da olub (onların məzəliliyi əsasən söz oyunundan ibarətdir ki, bu səbəbdən də onlardan sitat gətirməyin mənası yoxdur). Şayiələrə görə, namizədlərdən biri hətta sosial şəbəkələrdə saç düzümünə lağ edildiyi üçün namizədliyini geri çəkib.
Amma sosial şəbəkədə yayılan bu dalğada çox sayda feyk plakatlar da ortaya çıxıb, odur ki, hazırda həqiqi plakatları saxtalarından ayırmaq çətindir.