Dövlətə xəyanətdə ittiham olunan "Boz kardinal"a 14 il hökm oxunub, amma şərti
Ramiz Mehdiyev şərti cəza alıb
Ramiz Mehdiyev Azərbaycanda kimin deputat seçiləcəyinə, hansı qəzetin bağlanacağına, kimin əfv olunacağına təsir edə bilən adam idi. Heydər Əliyevin, sonra isə İlham Əliyevin Prezident Administrasiyasına 24 il rəhbərlik edən, Əfv Komissiyasına sədrlik edən, ölkənin qeyri-rəsmi “ikinci adamı” sayılan bu şəxs indi dövlətə xəyanətdə təqsirli bilinmiş məhkumdur.
Bakı Ağır Cinayətlər Məhkəməsi 88 yaşlı Mehdiyevi 14 il azadlıqdan məhrum edib. Lakin yaşı və xəstəlikləri nəzərə alınaraq cəza şərti tətbiq olunub: dövlət çevrilişinə cəhddə təqsirli bilinən şəxs həbsxanaya getməyəcək.
Mehdiyev dörd maddə ilə təqsirli bilinib:
- Hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər,
- Dövlətə xəyanət,
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması
- Külli miqdarda rüşvət alma.
Məhkəmə onun əmlakını dövlət öz xeyrinə müsadirə edib, dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsini qərara alıb.
Hökm oktyabrın 22-də çıxarılıb, ictimaiyyət isə bunu beş gün sonra, oktyabrın 27-də öyrənib. Proses qapalı keçib, hökmün mətni açıqlanmayıb. Müsadirə olunan əmlakın siyahısı və dəyəri də rəsmi şəkildə bəyan edilməyib.
Hökm cinayət işini bağlayır, amma bir il əvvəl başlayan əsas mübahisəni bağlamır: Mehdiyev niyə və niyə məhz indi hədəfə çevrildi? Son aylarda rəsmi qurumlar, hökumətyönlü media, müstəqil şərhçilər və müxalifət bu suala bir-birindən fərqli, bəzən bir-birini təkzib edən cavablar verib.
Rəsmi versiya: Kremldən müxalifətə
İşin ilk günlərində hökumətyönlü APA agentliyinin yaydığı versiya sadə idi. Agentliyə görə, Mehdiyev 2025-ci ilin əvvəlində, Bakı ilə Moskva arasında gərginlik dövründə, Rusiyaya hakimiyyəti devirmək və özünün rəhbərlik edəcəyi müvəqqəti Dövlət Şurası yaratmaq planı təqdim edib. Vladimir Putin bu barədə oktyabrın 9-da Düşənbədə İlham Əliyevə məlumat verib.
Dövlət Təhlükəsizliyi Xidmətinin 2026-cı il fevralın 12-də yaydığı geniş açıqlama və sonrakı ittiham isə başqa xronologiya təqdim edir. İstintaqa görə, Mehdiyev 2025-ci ilin avqust-sentyabrında xarici dildə “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı sənəd hazırlayıb, onu köməkçisi Eldar Əmirov vasitəsilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə çatdırıb. Yekun nüsxə oktyabrın 3-də göndərilib.
İttihamda həm də xaricdə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” adı ilə qeydiyyatdan keçən, “Milyarderlər İttifaqı” adlandırılan təşkilat yer alır. DTX onu xarici xüsusi xidmətlərin yaratdığını, rəhbərlərinin keçmiş Baş nazirin birinci müavini Abbas Abbasov və kinodramaturq Rüstəm İbrahimbəyov olduğunu iddia edir. Bu versiyada Mehdiyev, Abbasov və AXCP rəhbərliyi hakimiyyəti zorla ələ keçirmək barədə sövdələşən bir qrupun üzvləridir.
Beləliklə, bir il ərzində işin ağırlıq mərkəzi dəyişib. Əvvəl əsas kanal Kreml kimi təqdim olunurdusa, istintaqın sonunda ön plana müxalifət çıxarılıb. DTX-nin fevralda yaydığı səs yazısında Mehdiyev rus dilində danışan xarici xüsusi xidmət əməkdaşına idarəetmə sisteminin yenidən qurulması ilə bağlı təkliflərinin olduğunu deyir. Qarşı tərəfdəki qadın əməkdaş isə “bu, sizin öz işinizdir” cavabını verir. Sübut kimi təqdim olunan fraqment, ilk baxışda, xarici tərəfin marağından çox məsafə saxladığını göstərir.
Sentyabrda ittihama rüşvət maddəsi əlavə edilib, amma kimdən, nəyə görə və nə qədər rüşvət alındığı açıqlanmayıb. Hökm barədə yayılan rəsmi məlumatda isə “xarici dövlət” ifadəsi işlənir, ölkənin adı çəkilmir.
Rəsmi ritorika: xain, oliqarx, intriqan
Hökm açıqlanandan bir gün sonra Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Mehdiyevi akademiya üzvlüyündən çıxarmaq qərarı verib, bu qərar Ümumi Yığıncaqda təsdiqlənməlidir. Akademiyanın prezidenti İsa Həbibbəyli onun əməllərini “alim adına yaraşmayan xəyanət” adlandırıb. İclasda səslənən əsas fikir bu olub ki, dövlətin imkanlarından uzun illər geniş istifadə etmiş şəxsin həmin dövlətə xəyanət etməsi bağışlanmazdır.
Hökumətyönlü saytlar isə diqqəti onun sərvətin’ə yönəldib. Villaların, torpaq sahələrinin, ticarət mərkəzlərindəki payların, “Şərq-Qərb” nəşriyyatının və bank səhmlərinin siyahıları dərc edilib. Hüquqşünas Çingiz Qənizadə Modern.az-a bildirib ki, hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə edilən mülklər hərracla satıla, icarəyə verilə və ya bir hissəsi qazilərə və şəhid ailələrinə verilə bilər. Eyni zamanda o, hökmün hələ qüvvəyə minmədiyini, 20 günlük şikayət müddəti olduğunu xatırladıb.
İşin üçüncü xətti şəxsi hesablaşmadır. Teleaparıcı Xoşqədəm Hidayətqızı hökmdən sonra sosial şəbəkədə uzun yazı paylaşıb. O, 1999-2000-ci illərdə qəzetinin bağlanmasına, 2005-ci il seçkilərində isə namizədliyinə qarşı Mehdiyevin təzyiq göstərdiyini, hətta ona qarşı avtomobil qəzası planı qurulduğunu öyrəndiyini iddia edib. Bu iddiaları müstəqil yoxlamaq mümkün deyil. Hidayətqızı özü də maraqlı bir müşahidə edir: vaxtilə Mehdiyevə “ata”, “ağsaqqal” deyənlər indi onun əleyhinə ən sərt yazıları yazırlar.
Prezident Aparatı Katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov isə prosesdə şahid qismində ifadə verib. O, hələ 2020-ci ildə Mehdiyevin şəbəkəsini dövlətçilik üçün təhlükə adlandırdığını xatırladıb. Namazovun Oxu.az-a dediyinə görə, bütün məhkəmə proseslərinə onlayn qoşulan Mehdiyev iclasda tam anlaqlı vəziyyətdə olub, onun ifadəsinə etiraz etməyib.
Bu ritorikanın ortaq cəhəti Mehdiyevi sistemə yad bir cisim kimi təqdim etməsidir. 25 il ərzində həmin sistemin kadr siyasətini, ideoloji xəttini və media nəzarətini quran şəxsin bu illərdə nəyə görə toxunulmaz qaldığı sualı isə rəsmi diskursda demək olar ki, yer almır.
Tənqidçilər: “hökm qapalı qapılar arxasında verilib”
Müstəqil mənbələrin əsas iradı ittihamın məzmunundan çox, prosesin şəffaflığına aiddir. “Turan” agentliyi qeyd edir ki, iş qapalı rejimdə baxıldığı üçün ittihamın sübutlarını və müdafiənin mövqeyini müstəqil qiymətləndirmək mümkün deyil. Hökmün niyə beş gün gec açıqlandığı, Mehdiyevin ondan şikayət edib-etməyəcəyi də bilinmir. Agentliyin fikrincə, işin Rusiya ilə münasibətlərlə bağlı siyasi yozumları da bu səbəbdən sübut deyil, rəy olaraq qalır.
“Turan”ın şərhçisi Tapdıq Fərhadoğlu başqa bir ziddiyyətə diqqət çəkir: Prezident Administrasiyasına 24 il rəhbərlik etmiş şəxsin gəlirləri və aktivləri barədə ictimaiyyətin gördüyü ilk rəsmi sənəd bəyannamə deyil, cinayət hökmü olub. Həm də bu hökm barədə yayılan məlumat müsadirənin həcmini də açıqlamır.
Vəkil Əkrəm Həsənov hökmə sosial şəbəkədə qısa və kəskin şərh yazıb. Onun sözlərinə görə,
“Mehdiyev bir neçə il tez ölsəydi, Birinci Fəxri Xiyabanda dəfn olunacaqdı”.
Müxalifət üçün işin ən həssas tərəfi Əli Kərimli ilə bağlıdır. AXCP sədri və partiya rəhbərliyinin üzvü Məmməd İbrahim eyni cinayət işi çərçivəsində həbsdədirlər, onların işi ayrıca icraata verilib. Hər ikisi hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə ittiham olunur, maddənin sanksiyası 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmədir. Hazırlıq iclası noyabrın 3-nə təyin edilib.
AXCP ittihamları rədd edir və həbsləri siyasi motivli sayır. Partiyanın sentyabrda yaydığı açıqlamaya görə, Kərimli ilk gündən istintaqa ifadə verməkdən imtina edib və Mehdiyevlə əməkdaşlıq iddialarını təkzib edib.
Bildirilir ki, bu fonda Mehdiyev barədə hökmün Kərimlinin məhkəməsindən əvvəl çıxarılması diqqət çəkir. Hüquqi baxımdan bir hökm digər təqsirləndirilən şəxslərin taleyini əvvəlcədən müəyyən etmir. Amma siyasi baxımdan “əsas fiqurant” artıq təqsirli bilinib və bu, Kərimlinin işinə ciddi kölgə salır.
Niyə şərti həbs?
Məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsinə istinad edib: məhkum cəzanı çəkmədən islah oluna bilərsə, cəza şərti tətbiq edilə bilər. Vəkil Ramil Süleymanovun izahına görə, şərti cəza ev dustaqlığı demək deyil, amma məhkumun üzərinə qoyulan şərtlər pozularsa, məhkəmə onu ləğv edib cəzanın koloniyada çəkilməsinə qərar verə bilər. “Turan” isə xatırladır ki, sınaq müddəti qanunla altı aydan beş ilədəkdir və Mehdiyev üçün hansı müddətin təyin edildiyi açıqlanmayıb.
Amma hökmün siyasi məntiqi cəzanın formasından asılı görünmür. Mehdiyev artıq rəsmən “xain” damğası ilə məhkum edilib, sərvəti müsadirə olunur, təltifləri və akademik statusu əlindən alınır. Bütün bunlar 88 yaşlı məhkumun həbsxanada ölməsi riski olmadan əldə olunur.
Şərti cəza həm də açıq qalan bir rıçaqdır: sınaq müddətində istənilən “pozuntu” hökmün real cəzaya çevrilməsi üçün əsas ola bilər. Yəni hökm hakimiyyətə sonradan sərtləşdirmə imkanını saxlayır.
Bununla belə, ziddiyyət göz önündədir. Dövlət onu konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhd edən şəxs kimi təqdim edir, amma eyni zamanda evində qalmasını təhlükəsiz sayır. Bu ziddiyyət iki izaha yol açır: ya təhlükə ittihamda təsvir olunan qədər böyük deyildi, ya da hökmün əsas məqsədi təhlükəni zərərsizləşdirməkdən çox, siyasi mesaj vermək idi.
Ramiz Mehdiyev şərti cəza alıb