Rəy: iki vətən. Rusiya ilə Ukrayna arasında fərq nədədir
Kirill Martınov, “Novaya qazeta”nın siyasət şöbəsinin redaktoru
Rusiya və Ukrayna 35 35-ə sxemi üzrə məhbus mübadiləsi ediblər. Kerç boğazında baş verən insidentdən sonra saxlanılan ukraynalı dənizçilər, həm də ən məşhur ukraynalı siyasi məhbus rejissor Oleq Sentsov başda olmaqla Rusiya ərazisində cinayət törətməkdə təqsirləndirilən bir qrup Ukrayna vətəndaşı vətənə qayıdıb.
• Ukrayna və Rusiya: müharibədə düşmənlər yoxsa ticarət tərəfdaşları?
• Ukraynanılar hakimiyyəti ələ saldılar. Komik necə dövlət başçısı oldu
Krımlı Sentsov beş ildən çox həbsdə olub, ittihamdan sonra aclıq aksiyası keçirib, indi də isti Kiyev günəşi altında azadlığına qovuşub. Təyyarənin trapı qarşısında rejissoru və digər ukraynalıları prezident Vladimir Zelenski qarşılayıb.
Məhbusların, əslində isə girovların mübadiləsini deyəsən siyasi baxışlarından asılı olmayaraq hamı alqışlayır. Doğrusu, bu mübadilə çoxdan baş tutmalıydı, amma müxtəlif şeylər mane olurdu, məsələn, hibrid müharibəsi, Putinlə Poroşenko arasında pis şəxsi münasibətlər, həm də ola bilsin, ukraynalıların əlində öz vətəndaşlarının müvafiq bədəlinin olmaması. İndi aydın olduğu kimi, Kiyevin qiyməti ödəmək imkanı cəmi bir neçə ay əvvəl, Donetsk altında Malayziya “Boeing”inin qəzası ilə bağlı iş üzrə şahid Vladimir Tsemax saxlanılandan sonra yaranıb. Zelenskinin etirafına görə, Tsemaxın mübadilə siyahılarına daxil edilməməsi bütövlükdə danışıqların pozulmasına gətirib çıxara bilərdi.
Hamının azad olunmasına sevinsək də fərqi hiss edək.
Rusiya prezidenti Vnukovo aeroportuna Kiyevdə azad olunan məhbusları qarşılamağa getmədi.
Bunlardan ən məşhurunu, jurnalist Kirill Vışinskini “Rusiya bu gün” agentliyinin rəhbəri Dmitri Kiselyov qarşılayırdı. Görünür, Kremlin diplomatiya haqqında təsəvvürlərinə görə, bu, evinə qayıdan qəhrəmanların ümid edə biləcəyi maksimumdur.
Əslində təşviqat Rusiyaya gətirilən və əksəriyyəti Ukrayna vətəndaşı olan şəxslərdən qəhrəman düzəltməyə cəhd etmir də. Qohumları soyadların siyahısı və çarter reysinin vaxtı barədə məlumatlandırmadılar, azad olunanları Vnukovoda xüsusi xudmət orqanları qarşıladı.
Bundan əlavə, Rusiya xəbər agentlikləri azad olunanların fotolarını üzlərini gizlədərək verdi.
Наши возвращаются. Уже летят. pic.twitter.com/NdcmblWdu5
— Маргарита Симоньян (@M_Simonyan) September 7, 2019
Yəni Ukraynada milli bayram olan zaman bizdə yenidən xüsusi əməliyyat və “geosiyasət aləti” oldu.
Biz öz siyasi məhbuslarımıza o dərəcədə qiymət veririk ki, adlarını heç kimə deməməyi tərcih edirik. Beləliklə də hibrid müharibəsindən sonra hibrid hüquq müdafiəsi gəlir.
İki dövlətin müxtəlif təbiətindən danışanlar haqlıdır. İndiki Rusiya imperiya və avtoritarizm, Ukrayna isə demokratik milli dövlətdir. Rusiyada hakimiyyət sadə vətəndaşlarla özü arasında məsafə saxlamaqla yerində qalır, insan həyatı isə adətən böyük dövlət işləri üçün yanacaq kimi qəbul edilir. Ukraynalılar isə bu yaxınlarda özlərinə prezident seçdilər, o da istər-istəməz onların gözləntilərini doğrultmağa çalışır – heç önəmli deyil, o bunu səmimi yoxsa “reytinq üçün” edir.
Həmyerlilərimiz indi mübahisə aparır ki, Rusiya nümayəndələrinin AŞPA-ya qayıtmasını, həm də Kiyevlə münasibətlərin istiləşməsini Kremlin “liberallaşması”nın siqnalı kimi qəbul etmək olar ya yox. Əslində hər şeyin daha tsinik izahı var. Eyni zamanda həm ölkə daxilində narazılıqla mübarizənin, həm də “geosiyasi qüdrəti”n öhdəsindən gələ bilməyən Kremldə yeni sərt dönüş etmək və Çin ssenarisini gerçəkləşdirmək qərarına gəldilər. Yəni formal olaraq qonşularla dostluq və ticarət münasibətlərini həyata keçirmək (ərazi mübahisələri olanlardan başqa), eyni zamanda da daxili siyasətdə bir az daha sərt olmaq.
Buna görə də polis dəyənəklərinin vətəndaşların başına endirildiyi an Avropada Moskvanın hesabına təşkil olunan demokratiya haqqında hər hansı beynəlxalq forumla üst-üstə düşəndə təəccüblənməyin.