Rəy: Gürcüstan-NATO. On il yerində saymaq
Fevralın əvvəllərində “Heritage” fondunun araşdırmaçısı və beynəlxalq siyasət icmalçısı Lük Koffi Gürcüstanın NATO-ya daxil olmasının yeni modeli haqqında yazdığı məqaləni dərc edib. O hesab edir ki, Gürcüstanın Şimali Atlantika alyansına qəbulunun sürətləndirilməsi ancaq bir halda mümkündür – NATO-nun kollektiv müdafiəni nəzərdə tutan müqaviləsinin beşinci maddəsi müvəqqəti olaraq Abxaziya və Cənubi Osetiyaya şamil olunmazsa.
Təşəbbüsü tənqid edənlər hesab edirlər ki, bu şərtlərlə razılaşma Gürcüstanın Abxaziya və Cənubi Osetiyadan imtinası deməkdir. Lük Koffi ideyasının tərəfdarları isə başqa problemləri görür.
JAMnews-un xahişilə, Gürcüstanın İctimai İşlər İnstitutunun beynəlxalq münasibətlər proqramının rəhbəri Tornike Şaraşenidze bu sözlərin nə demək olduğunu və ciddi müzakirə mövzusu olub-olmayacağını izah edir.
L
ük Koffi bu səs-küylü məqaləsini yazandan sonra Gürcüstanın NATO-ya inteqrasiyasının müzakirələri yenidən qızışıb. Koffi inteqrasiya problemini bu cür həll etməyi təklif edir: Gürcüstan NATO-ya daxil olur, amma 5-ci maddəsi Gürcüstanın işğal olunmuş əraziləri, onlar ölkənin nəzarəti altına qayıtmayana qədər onlara şamil olunmasın. [Şimali Atlantika müqaviləsinin 5-ci maddəsində deyilir ki, alyans üzvləri bir-birini təcavüzdən qoruyur və üzvlərdən birinə hücum bütün üzvlərə hücum kimi nəzərdən keçirilir — JAMnews].
Demək lazımdır ki, bu ssenari yeni deyil və artıq çoxdandır ki, müzakirə olunur. Amma yaranan səs-küydən çıxış edib demək olar ki, Gürcüstan cəmiyyətinin böyük hissəsi belə mümkün ssenari barədə Koffinin məqaləsindən öyrənib.
NATO-ya inteqrasiyaya görə Gürcüstanın ərazilərini itirəcəyi ilə bağlı spekulyasiyalar da başlayıb. Amma bu da yenilik deyil, yəqin ki, Gürcüstan ilk dəfə NATO-ya üzv olmaq istəyini bildirdiyi gündən. Bu spekulyasiyalar öz işini gördü: ictimai şüurda refleks səviyyəsində belə bir qorxu yaranıb ki, NATO-ya daxil olandan sonra biz ərazilərimizi itirəcəyik.
Görünür, məhz buna görə Gürcüstandakı heç bir hakimiyyət Koffinin səsləndirdiyi ssenarini açıq şəkildə müzakirə etməyə cürət etmədi. Müzakirədən həm Mixail Saakaşvilinin başçılığı altında keçmiş hökumət də qaçırdı(bu cür ssenari ideyası 2008-ci il müharibəsindən bir qədər sonra yaranıb), indiki hakimiyyət də qaçır.
Ərazilərin itirilməsi ağır və emosional mövzudur, bir çox insanlar da onun ətrafında rasional arqumentlər tapa bilmir. Gürcüstanın NATO-ya üzv olmasına qarşı çıxış edənlər məhz bundan istifadə edir, bu cür qərarın neqativ fəsadlarını şişirtməyə çalışır.
“Koffi ssenarisi” dedikdə nə nəzərdə tutulur?
Gəlib baxaq, “Koffi ssenarisi”nin həyata keçirildiyi halda əslində nələr dəyişəcək.
Bu gün Abxaziya və Cənubi Osetiya işğal olunmuş ərazilərdir, Rusiyanın nəzarəti altındadırlar, yaxın zamanlarda da Rusiya onlardan imtina etmək fikrində deyil.
Deməli Gürcüstan NATO-ya o şərtlə daxil olsa ki, 5-ci maddə müvəqqəti olaraq bu ərazilərə şamil edilməsin, onlar indikindən daha çox itirilmiş olmayacaq. Bu faktı da işğal olunmuş ərazilərdə heç nə dəyişməyəcək, hər şey olduğu kimi qalacaq: beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti onları Gürcüstanın ayrılmaz hissəsi hesab edir.
Gürcüstanın yerdə qalan hissəsi isə NATO müdafiəsi altında olacaq, nəticədə də sabitlik və inkişaf var. Bu inkişaf isə bütün digər amillərlə birlikdə işğal olunmuş ərazilərin qaytarılması şanslarını artıracaq. Gürcüstanın onlar üzərində nəzarəti bərpa olunandan sonra isə bu ərazilər də 5-ci maddənin müdafiəsi altına keçəcək.
Aydındır ki, bu cür sadə və lakonik arqumentlərlə düşmən təbliğatını neytrallaşdırmaq mümkün olmayacaq, əslində bu gün mübahisəyə başlamağa da dəyməz və bunun sadə bir səbəbi var – “Koffi ssenarisi”nə NATO-nun özündə hazır deyillər. 2008-ci ildə Buxarestdə keçirilən sammit zamanı Gürcüstana üzvlüyün Fəaliyyət Planını təqdim etməyə qarşı olan skeptik ölkələr bu gün də mövqelərini dəyişməyiblər – onlar yenə də Gürcüstanın alyansa daxil olmasını müzakirə etməkdən imtina edir və Gürcüstanın tərəfdarlarının bu prosesi yüngülləşdirmək üçün hansı variantı tapmasının da heç bir əhəmiyyəti yoxdur. Bu ölkələrin öz arqumentləri var.
Skeptiklərin arqumentləri
Əsas səbəb dəyişməz olaraq qalır – Gürcüstanın NATO-ya qəbul olunması Rusiyanı hirsləndirəcək. Avropa isə Rusiya ilə münasibətlərin daha da pisləşməyindən qaçmaq istəyir. Avropanın böyük ölkələri üçün Rusiya qonşudur və ondan təhlükə Gürcüstanın NATO-dakı əsas lobbiçisi olan ABŞ-dan xeyli daha çox hiss olunur.
İkinci arqument ondan ibarətdir ki, Rusiyanın Avropanın ən böyük ölkəsi olan Ukrayna ilə müharibə apardığı, NATO-nun ən zəif cinahı olan Baltika ölkələrini hədələdiyi bir şəraitdə Alyans yeni baş ağrısına hazır deyil. NATO bu mərhələdə Gürcüstanın müdafiəsini öz üzərinə götürməyə hazır deyil.
ABŞ-a gəldikdə isə Gürcüstan şübhəsiz ki, NATO-ya inteqrasiya yolunda Vaşinqtondan dəstək görür. Lüuk Koffinin müzakirə olunan məqaləsini Amerika siyasətinə böyük təsir edən HERITAGE fondu dərc edib. Məqalə Gürcüstan üçün çox pozitivdir, amma o nəyi dəyişə bilər?
ABŞ 2008-ci ildə Gürcüstanın üzvlüklə bağlı fəaliyyət planı alması üçün əlindən gələni etdi, amma bu yetərli deyildi – o, Almaniya hakimiyyətini yola gətirə bilmədi. ABŞ hazırda Berlinin mövqeyini dəyişmək üçün nə etməlidir?
Buxarestdəki sammitdən artıq 10 il keçib, amma Almaniya öz fikrini dəyişməyib. Bəs bu fikir dəyişə bilərmi? Çətin. Axı Gürcüstanın özü də bunun üçün çox az iş görür.
Açar Berlindədir
12 il ərzində Gürcüstan Berlində güclü səfir, peşəkar diplomat təyin edə bilməyib. Nəzərə alsaq ki, Rusiyanı Almaniyada güclü diplomatlar təmsil edir.
Son 10 il göstərdi ki, Almaniyaya Brüsseldə, NATO-nun baş qərargahında çalışmaqla təsir etmək mümkün olmayacaq (Gürcüstanın bəzi nazirləri o qədər ağını çıxarmışdılar ki, sadəcə Alyans üzvlərinin razılaşdırılmış qərarını bəyan edən və üzvlərə böyük təsir gücü olmayan NATO baş katibindən üzvlük üçün Fəaliyyət Planının təqdim olunmasını tələb etmişdilər).
Almaniyanın açarı nə Vaşinqtonda, nə də Brüsseldədir. Açar məhz Berlindədir, başqa heç yerdə deyil. Gürcüstan Berlində yetərincə işləmir (bir neçə başqa Avropa paytaxtlarında olduğu kimi, amma əsas problem yenə də Berlindədir).
Gürcüstan Berlinlə münasibətdə öz siyasətini dəyişməlidir. İlk növbədə (bu, mütləq minimumdur), Almaniyadakı səfirliyi həm keyfiyyət, həm də kəmiyyət baxımından gücləndirilməlidir.
Bundan əlavə, Almaniyada Gürcüstanın vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər və politoloqlar fəal şəkildə işləməlidir. Onlar həmkarlarıyla Gürcüstan məsələsinin ölü nöqtədən tərpənməsi üçün alman mediası, qeyri-hökumət və ekspert dairələrində fəal çalışmalıdırlar. Bu gün Almaniyada Gürcüstan məsələsi gündəmdə deyil və əgər Gürcüstan inersiya ilə hərəkəti davam edib heç nə dəyişməsə belə də davam edəcək.
Bəs bunların hamısını kim etməlidir? Gürcüstan hökumətindən başqa heç kim.
Almaniyada gürcü media və qeyri-hökumət sektorunun aktivləşdirilməsi büdcəmiz üçün o qədər də baha başa gəlməyəcək. Amma problem ondadır ki, bu zərurət dərk edilmir, bu da acınacaqlı nəticələrə gətirib çıxarır.
Lük Koffi və Gürcüstanın halına yanan başqalarının məqalələrini oxumaq bəlkə də xoşdur, amma bu məqalələri oxumaqla irəli getmək olmaz. Bir daha xatırladıram ki, 2008-ci ildən 10 il ötür.
Tornike Şaraşenidze – Gürcüstan İctimai İşlər İnstitutunun professoru (GIPA)