Rəy: Ermənistanın baş naziri Paşinyanın yerinə kim gələcək?
Gürcü eksperti Tornike Şaraşenidze, beynəlxalq əlaqələr doktoru, GİPA-nın professoru 45 günlük “ikinci Qarabağ müharibəsi”ndən sonra Cənubi Qafqazın üç ölkəsi – Ermənistan, Azərbaycan və Gürcüstan üçün nəyin dəyişdiyi barədə.
- “Bütün bunlara görə şəxsən mən məsuliyyət daşıyıram” – Ermənistanın baş naziri Qarabağdakı vəziyyət haqqında
- “Bu gün biz maksimum mümkün olanı əldə etdik”: Bakıdan şərh
- Qarabağ: rayonlar Azərbaycana təhvil verilir, Rusiya sülhməramlıları, Ermənistanda etiraz. LIVE
Qarabağ münaqişə zonasında Azərbaycan və Ermənistan ordusu arasında hərbi əməliyyatlar 2020-ci il sentyabrın 27-si başladı və noyabrın 10-u Rusiyanın iştirakı ilə üçtərəfli razılaşmanın imzalanması ilə bitdi.
Bu razılaşmaya görə, Qarabağa birləşən rayonlar Azərbaycana qaytarılır, azərbaycanlı qaçqınlar ora qaytarılır, bölgəyə rusiyalı sülhməramlı qüvvələr yeridilir.
Razılaşma imzalanandan dərhal sonra – noyabrın 10-a keçən gecə Ermənistanda etiraz aksiyaları başladı. Həmin etiraz aksiyaları bu məqalənin dərc olunduğu an da davam edir.
Cəmiyyətin böyük bir hissəsinin dəstəklədiyi müxalifət Qarabağın parlament və siyasi qüvvələrlə razılaşdırılmadan faktiki olaraq Azərbaycana verildiyini bəyan edib.
Kütlə hökumət və parlament binasını dağıdıb və çoxminlik etiraz aksiyalarında baş nazir Nikol Paşinyanın istefasını, üstəlik razılaşmadan imtina etməsi tələbini irəli sürür.
Qarabağda nə baş verdi və bölgə necə dəyişdi?
Mən hər şeyin bu qədər uzağa gedəcəyini gözləmirdim.
Düşünürdüm ki, Rusiya Ermənistanı təchiz edəcək, lakin, görünür, dronlar hər şeyi dəyişdi. Azərbaycan Ermənistanın çoxlu miqdarda texnikasını məhv etdi.
Dronlar hərbi sahədə inqilab baş verdiyini göstərdi. Zənnimcə, bütün bunlar Rusiya üçün ən azından hansısa dərəcədə gözləmilməz olub.
İndi ən əsası – Ermənistanda nə olacaq və baş nazir kürsüsündə sayılı günləri qalan Paşinyanın yerinə kim gələcək.
Hakimiyyətə Moskvaya yönəlmiş köhnə klan gələcəkmiŞ yoxsa bu, daha çox Qərbə meyllənmiş hökumət olacaq?
Lakin bu qərbyönlü hökumət haradan peyda olsun ki? Lider meydana gəlməlidirmi? Biri gəldi və hər kəs bunun sonunu gördü. Deməli, Paşinyandan sonra heç kəsin bu cür liderliyə iddia etməyə cəsarəti çatmayacaq.
Bu ölkə indi şok vəziyyətindədir.
Eyni sözləri Azərbaycan haqqında söyləmək olmaz. Bu gün Azərbaycan həmişə olduğundan qat-qat güclüdür və bu, bölgədə çox şeyi dəyişir.
Hə, Azərbaycan bizim partnyorumuzdur, lakin biri var bizə bərabər yaxın partnyor, biri də var bütün münasibətlərdə qat-qat güclü olan yaxın partnyor. Gürcüstan bu reallığı nəzərə almalıdır.
O ki qaldı Türkiyə ilə Rusiyaya, görünür, onlar bu mərhələdə hansısa razılaşma əldə edib. Rusiya Türkiyənin nüfuz zonası sayılan Suriyadakı vəziyyətə müdaxilə etdi, əvəzində Rusiya Türkiyəyə hansısa səviyyədə Qafqazdakı vəziyyətə müdaxilə etməyə imkan yaratdı.
Gürcüstan üçün nə dəyişir?
Gürcüstan, şübhəsiz ki, ən pis ssenaridən qaça bildi – bu vəziyyəti izləyən hər kəs qorxurdu ki, münaqişənin eskalasiyası baş verdiyi təqdirdə Rusiya qoşunların keçməsi üçün Gürcüstandan dəhliz tələb edəcək.
Bu baş vermədi və bu bizim üçün yaxşıdır.
Gürcüstan bu razılaşmanın bölgədə sülhə gətirib çıxarmasında maraqlıdır. Bu bizim üçün iqtisadi nöqteyi-nəzərdən mühümdür – heç olmasa ona görə ki, biz tranzitdən asılıyıq.
Mən Gürcüstanın tranzit potensialına təhlükə yaranması fikri ilə razı deyiləm. Əksinə, zənnimcə, o, əlavə olaraq gücləndiriləcək.
İndi Azərbaycanın öz layihələrini reallaşdırmaq üçün daha çox şansı var. Məsələn, Transxəzər layihəsi, yəni Xəzər dənizi vasitəsi ilə Türkmənistandan qaz kəmərinin çəkilməsi. Bu qaz kəməri Şahdəniz qaz kəmərini daha çox yükləyəcək və çoxlu miqdarda qazın nəqli sayəsində funksiyamızı gücləndirəcək.
Beləliklə, biz Şahdənizin tamamilə yükləndiyi ana gəlib çata bilərik, o zaman bizdə qaz, ümumiyyətlə, pulsuz olacaq.
O ki qaldı Rusiyanın Qafqazda olmasına, bu artıq baş vermiş faktdır.
Kremlin bölgədə artıq nüfuzu olub – onun burada, o cümlədən bizdə, Tbilisidən 40 km aralıda hərbi bazaları var.
Odur ki, zənnimcə, Rusiya Qarabağda hərbi kontingent yerləşdirməklə daha çox güclü olmur.
Bir fakt daha diqqətəlayiqdir ki, Qarabağ bölgədə elə bir vəziyyət yaratdı ki, onun sayəsində müharibə nəticəsində itirilmiş ərazilər geriyə elə müharibə ilə də qaytarıla bilər. Bu vəziyyət Suxumi və Sxinvalini (Abxaziya və Cənubi Osetiya) xüsusilə narahat etməlidir.