Rəşad Nəbiyev: “Taksilərin sayı məhdudlaşacaq, qiymətlər qalxacaq”
Azərbaycanda taksi xidməti
“Taksidə qiymətlər birmənalı olaraq qalxacaq”. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. “İctimai nəqliyyat haqqında” qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda beynəlxalq şəbəkə taksi xidmətlərinin fəaliyyəti də məhdudlaşdırıla bilər. Ekspertlər hesab edirlər ki, bu, əhaliyə çətinliklər yaratmaqla yanaşı, ölkənin imicinə də ziyan gətirə bilər. “Taksi bazarı sizin qura bilmədiyiniz ictimai nəqliyyat xidmətinə alternativ kimi böyüyüb. İctimai nəqliyyat problemlərini həll etmədən alternativini boğmaqla nə kimi irəliləyiş yaradacaqsınız?” – deyə, gənc fəal nazirə açıq məktubunda sual edir.
- Azərbaycanda bir sıra QHT-lərə qarşı 2014-cü ildə başlanmış cinayət işi bağlanır
- Azadlığa buraxılan siyasi məhbus işdən qovulub
- “Batumelebi” nəşri: Gürcüstanda əlil uşaqlar cinsi zorakılığa məruz qalıb
İyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi xidməti yoxdur:
“Təxminən ilin sonuna qədər ictimai nəqliyyat üçün 60-a yaxın qısa zolağın çəkilməsi və istifadəsinin təmin edilməsini hədəfləyirik. Polis əməkdaşları ictimai nəqliyyat üçün zolaqlarda adi maşınların hərəkət etməsinə pik saatlarda icazə verir. Amma buna yol verilməyəcək və vətəndaş özü də başa düşəcək ki, avtobuslardan istifadə etməklə A nöqtəsindən B nöqtəsinə daha tez gedə bilər”.
Nazir həmçinin qeyd edib ki, “məqsəd taksilərin sayını azaltmaq yox, taksi gedişlərinin sayını azaltmaqdır”.
Onun sözlərinə görə, taksi aqreqatorları artıq onlarla məlumatlarını bölüşürlər:
“O məlumatlara baxanda görürük ki, taksi gedişlərinin çoxu 1,5-3 km olan məsafəyədir. Hansı ki, bu məsafəni ya ayaqla getmək olar, ya da ictimai nəqliyyatla. Biz əhaliyə yaşadığı yerlərdən ictimai nəqliyyatın keçməsini təmin edə bilərik”.
Nazir qeyd edib ki, hazırda Bakı şəhərində təxminən 67 min taksi fəaliyyət göstərir. Onların ortalama iş saatı 14-15 saatdır.
“Həmin işçilərin iş saatlarının azaldılması, bazarda qiymətlərin müəyyən qədər tənzimlənməsi hesabına onlar nə gəlirlərindən, nə də işlərindən məhrum olacaqlar”, – R.Nəbiyev deyib.
Yeni qanunda beynəlxaq taksi xidmətlərinə məhdudiyyət
Həmin iclasda Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib ki, Bakı şəhərində tələb olunandan 4-5 dəfə çox taksi var. “Bu, ekologiyaya zərərdir, tıxac deməkdir”.
Deputatın sözlərinə görə, metrodan istifadə edənlərin sayı azalıb:
“Buna səbəb də taksilərdir. Bütün dünyada ən rahat nəqliyyat növü metrodur, amma statistikaya görə, metrodan istifadə azalıb. Taksilərlə bağlı şərtlər sərtləşdirilməlidir. Bizdə beynəlxalq taksi şirkətləri fəaliyyət göstərir. Türkiyədə bu xidmətlər çox ciddi araşdırılaraq, nəzarətdə saxlanılır. Bu yaxınlarda UBER onlarda qadağan olunub. Bu, bir reallıqdır”.
Yeni hazırlanan “İctimai nəqliyyat haqqında” qanundan danışan deputat Tahir Mirkişili bildirib ki, bütün ölkələrdə şəhərin ölçüsünə görə beynəlxalq taksi şirkətlərinə və avtomobillərin sayına məhdudiyyət tətbiq edilir: “Yeni qanunda bu məhdudiyyət nəzərdə tutulub”.
“Məhdudiyyətlər Azərbaycanın beynəlxalq imicinə zərbə vuracaq”
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, ölkə daxilində beynəlxalq taksi şirkətlərinin fəaliyyətinə məhdudiyyət qoyulması çox sərt strategiyadır.
“Əgər belə olarsa, dövlət orqanları “Bolt” və “Uber”in fəaliyyətinin dayandırılma səbəbi ilə bağlı məlumat verməlidir. Bu, Azərbaycanın beynəlxalq imicinə də böyük zərbə vuracaq. Hökumət dəfələrlə xarici inversorları ölkəyə cəlb etmək üçün fəaliyyət göstərdiyini açıqlayıb. Lakin beynəlxalq şəbəkə şirkətlərinin ölkədən çıxarılması və ya onların fəaliyyətlərinə məhdudiyyətlər qoyulması investorlar, xarici şirkətlər üçün çox pis siqnaldır”, – iqtisadçı Bakupost.az saytına bildirib.
Onun sözlərinə görə, taksi xidmətlərində yaranan fərdi problemlərə görə ümumi addım atmaq doğru deyil:
“Onların fəaliyyətində hansısa qanunsuzluqlara rast gəlinibsə, ona uyğun addım atılmalıdır. Müqavilələrin yenilənməsi, fəaliyyətin tənzimlənməsi üçün müəyyən vaxt verilməlidir. Bu zaman da düzəlməsə, hansısa cərimə tətbiq oluna bilər. Amma indiki şəraitdə birdən-birə dövlət orqanları onlara qarşı aqressiv fəaliyyət göstərir. Hansısa fərdi problemlərlə bağlı bütünlüklə şirkətlərin cəzalandırılması doğru deyil. Bəzən xəbərlər yayılır ki, sürücülər özlərini yaxşı aparmır, narkomaniya problemi var. Bu, fərdi problemdir, şirkətin problemi deyil. Ölkədə taksi sürməyən narkoman yoxdur? Bu, onun fərdi cinayətidir. Fərdi cinayətə görə də fərdi cəzalar olnmalıdır”.
Natiq Cəfərli taksi xidmətlərinin bahalaşması məsələsinə də toxunub:
“Taksi qiyməti son 10 ildə Azərbaycanda ucuzlaşan yeganə iqtisadi sahədir. Bəzi sahələrdə, ərzaq, dərman preparatlarında 2-3 dəfə artım olub. Taksi xidməti isə nəinki artmayıb, hətta ucuzlaşıb. Əhali də bundan razıdır. İndi isə onların sıxışdırılıb çıxarılması inhisarçılıqla nəticələnəcək. Rəqabət olmayacaqsa, ölkədə taksi xidmətində ciddi bahalaşma da qaçılmazdır”.
“Taksini əlçatmaz edərək hansı alternativi təklif edirsiz?”
Taksi xidmətinin bahalaşacağı xəbəri sosial şəbəkələrdə də qızğın müzakirə mövzusuna çevrilib. Gənc fəal Rüstəm İsmayılbəyli “Facebook” səhifəsində nazirin adına açıq məktub yazıb. Məktubda deyilir:
“Rəşad Nəbiyev, deyirsiniz ki, ictimai nəqliyyatda problemlər var. Bunu biz də deyə bilərik. Məsələ bundan ibarətdir ki, siz bu problemləri həll etmək üçün nə edirsiniz?
Taksiləri əlçatmaz etmək istəyirsiniz, yaxşı, bəs metronu düzəldə bilərsiniz? 13 ildir başlayan yeni qatar almaq məsələsini tamamlaya bilmisiniz? Hər il ökəyə neçə yeni qatar gətirmisiniz?
Saat 00-dan sonra evinə getmək istəyən insanlara nə təklif edirsiniz? Taksini əlçatmaz bir şeyə çevirəndə gecə sərnişinlərə hansı alternativ təklif edirsiniz?
Deyirsiniz ki, dünyanın heç bir yerində bu qədər ucuz taksi yoxdur. Bəs o müqayisə etdiyiniz ölkələrdə gəlirləri hesablamısınız? O müqayisə etdiyiniz ölkələrin paytaxtındakı ictimai nəqliyyat sistemi ilə Bakını müqayisə etmisiniz?
Harada metronun girişində qapılardan ancaq birini açıb süni basabas yaradırlar ki, polis hamının çantasını rahat yoxlaya bilsin?
Məsələn, İstanbulda taksi çox bahadır, amma 24 saat metrobus, gecə avtobusları və həftəsonları 24 saat metro işləyir.
Bakıda taksini İstanbul qiyməti ilə yaxınlaşdıranda ictimai nəqliyyatın xidmət səviyyəsini ona yaxınlaşdıra bilirsiniz?
“İctimai nəqliyyatda problem var” demək nazir üçün etirafdır, amma irəliləyiş demək deyil.
Taksi bazarı sizin qura bilmədiyiniz ictimai nəqliyyat xidmətinə alternativ kimi böyüyüb. Siz ictimai nəqliyyat problemlərini həll etmədən onun alternativini boğmaqla nə kimi irəliləyiş yaradacaqsınız? Sizcə, insanlar qəsdən 40 qəpiklik metronu qoyub, eyni yolu 4-5 manata gedir?
“Günah keçisi” də tapmısınız ki, sifariş verənlər 1,5-2 km yol üçün sifariş verirlər.
Məsələn, mənim sifarişlərimin mütləq əksəriyyəti 15 km civarındadır. Gecə 12-dən sonra Heydər Əliyev prospektini piyada keçməyimi gözləyirsiniz?”