Rəhmsizə qarşı humanistlik
Gürcüstanı heyvana qarşı amansız qəddarlıq faktı silkələyib. Rustavidə iki yeniyetmə oğlan küçüyə işgəncə verərək ölümcül hala salıb.
Bu cür faktlar əvvəllər də baş verib, amma Gürcüstanda son illərdə vətəndaş hərəkatlarının (o cümlədən də heyvanların hüquqlarını qoruyan hərəkatların) yaranması və möhkəmlənməsi sayəsində bu dəfəki hadisə böyük səs-küyə səbəb oldu.
“Gürcüstanda heyvanlara qarşı sadizmə addım başı rast gəlinir, – Rustavi “Heyvanların dostları fondu təşkilatının sədri İrina Likridze deyir.
İrina bu haqda ancaq axşam xəbər tutub, bu vaxt Rustavidə fəaliyyət göstərən yeganə baytarlıq klinikası artıq bağlıymış. İti Tbilisiyə aparmalı olublar.
“Mən küçüyü götürüb, orada toplaşanlara dedim ki, patrul çağırmaq lazımdır. Amma orada olanlar deyəsən, məsələyə polisi qatmaq istəmədilər.
Tbilisidə küçüyü baytar Artur Laqovskinin qəbuluna çatdırıblar, o da itin üzərində bir neçə əməliyyat aparmalı olub. Səhəri gün məlum olub ki, küçük gecə keçinib.
“Mən döyülən, odlu və soyuq silahla yaralanan itlər qəbul etmişəm. Təəssüf ki, çox şey görmüşəm. Amma praktikamda belə bir vəhşiliyə rast gəlməmişəm. Küçüyün düz bağırsağı yoxuydu, uşaqlığı parçalanmışdı. Hələ də özümə gələ bilmirəm.
İlkin təxminlərə görə, ölümcül xəsarətlər itə taxta parçası yeritməklə yetirilib.
Rustavidən olan ictimai fəallardan biri Q.B. heyvana işgəncə verməkdə şübhəli bilinən yeniyetmələrdən biri ilə söhbət edib.
“Həyətləri gəzib, informasiya topladım və yeniyetmələrdən birini tapdım. Ancaq onunla söhbət edə bildim, ikinci oğlan Ermənistana gedib – o, Rusitaviyə yay tətilinə gəlibmiş.
Fakt üzrə Cinayət Məcəlləsinin heyvanlarla qəddar rəftarı nəzərdə tutan 259-cu maddəsi ilə cinayət işi açılıb.
“Dindirmədə oldum, ifadə verdim, – Q.B. deyir, – amma bu uşaqların cəzalandırılmasını istəmirəm, sadəcə onların necə dəhşətli əməl törətdiklərini anlamalarını istəyirəm. Yəqin bunun üçün də onlarla psixoloqlar işləməlidir.
Psixoloq Maya Tsiramua deyir ki, psixoterapiyadan başqa, mütləq sosial xidmətləri işə cəlb etmək lazımdır. Həm də qanunla nəzərdə tutulan cəzasız keçinmək daha yaxşı olar.
“Gürcüstanda bu gün çox aydın ictimai sifariş var: bu uşaqlar çox ağır cəza almalıdır, – psixoloq Maya Tsiramua deyir, – amma onların gələcəklərini də düşünmək lazımdır. Prokuror, sosial işçi və mediator çıxardıqları qərar üzərində yaxşıca fikirləşməlidir.
Gürcüstanda 22 mindən çox adam bu faktın araşdırılmasını və günahkarların qanuna müvafiq olaraq cəzalandırılmasını tələb edən petisiyanın altına imza atıb.
Petisiyada bu hal tamamilə əsaslandırılmış şəkildə “itin zorlanması kimi göstərilir və bu zaman İnterpol, Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Şurası tərəfindən qəbul edilən “zorlanma anlayışının tərifinə istinad edilir.
Hazırda istintaq gedir. Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsinə görə, heyvanın ölümünə və ya şikəst olmasına gətirib çıxaran qəddar davranış cərimə və ya bir ilə qədər islahedici işlərlə cəzalandırılır. Eyni şey bir nəfər yox, qrup tərəfindən; təkrar; və ya yetkinlik yaşına çatmayan şəxslərin gözü qarşısında törədilərsə cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Heyvanlara qarşı qəddar davranış Gürcüstanda ciddi problemdir. Sahiblərin heyvanlarını çölə atdığı, münasib olmayan yerlərdə (misal üçün, işığın düşmədiyi qapalı qarajlarda, ya da eyvanda düz günəşin altında) saxladığı hallar az deyil. Kəndlərdə sahiblər ev heyvanlarını yedizdirməyi özlərinə borc bilmirlər, onlar da orda-burda gəzərək, özlərinə yem axtarmağa məcbur olurlar. Heyvanların döyülməsi, işgəncə görməsi və öldürülməsi halları da nadir hal deyil.
Müvafiq statistikanı ancaq fəallar və profil təşkilatların nümayəndələri aparmağa çalışır. Heyvanların hüquqlarını müdafiə edən qanun ya işləmir, ya da qanun pozucularına qarşı böyük yumşaqlıq göstərilir.
Gürcüstanın Heyvanların Müdafiəsi və Xilası Cəmiyyətinin (GSPSA) məlumatına görə, 2014-cü ildə elə həmin Rustavidə küçüyü döyən üç nəfərə qarşı cinayət işi açılıb. Prokuror onların həbsinə lüzum görməyərək, ancaq 100 saatlıq məcburi ictimai faydalı işə cəlb olunmalarını istəyib.
Amma bu dəfə Gürcüstan cəmiyyəti qanunun insana qarşı bu qədər humanist olmasına bəlkə də imkan verməyəcək.
Dərc edilib: 25.07.2016