Rəy: Azərbaycansayağı dil ayrı-seçkiliyi
Bu dəfə ağrılı mövzunu qaldırıb, təqib obyektinə çevrilən adamın adını çəkməyəcəm. Rus və Azərbaycan “bölmələri” arasında dava Bakıda sosial şəbəkələrin əbədi mövzusudur.
Özünüzün yeniyetməliyinizi xatırlayırsız? Yeddinci sinifdə oxuyanda sadəcə mövcudluğu ilə sizi təhqir edən sinif yoldaşınız olmayıb? Bizdə, məsələn, müəllimlərə xəbərçilik edən əlaçı qız oxuyurdu. Mən onda düşünürdüm ki, belə adamlar yer üzündə olmamalıdır.
Sektorlar arası mübahisələrdən bütün patetikanı bir kənara qoysaq, məhz bu, qalır: “Sən doğru adam deyilsən. Sən düzgün yaşamırsan. Sən dünyada olmamalısan”.
Və bu “yeniyenmə yanaşmasında” hamının bir-birinin qayğısını çəkdiyi və doğru yol göstərməyə hazır olduğu cəmiyyətimiz üçün qeyri-adi heç nə yoxdur. Sadəcə “kiminlə yatmaq lazımdır”, “nə geyinməli” və “nə vaxt evlənməli” kimi adıi mövzulardan başqa, biz bakılıların daha bir özəlliyi var – “hansı dildə danışmaq lazımdır”.
Gərginlik dövlərində də bir-birinə qarşı duran tərəflər bir-birlərini ümumi boz bir kütlə kimi nəzərdən keçirir.
Dava edən “azsektor”dan “rus sektoru”nda necə adamların olduğunu xəbər alın? Bu, öz kökləini unudan, Rusiyaya beş qəpiyə satılan xainlərdir. Onlar öz ölkələrinin mədəniyyətindən və ədəbiyyatından xəbərsizdirlər, Nizaminin, Füzulinin, Axundovun yazdığı dilə tüpürürlər (həmin siyahıda fars dilində yazan və müasir Azərbaycanın hüdudlarından kənarda yaşayan qədim şairlər də ola bilər, amma bu, kimin vecinədir ki?). Onlar özlərini ədəbsiz aparır, içki içir, əxlaqsızlıqla məşğul olur və pasportlarının hansı rəngdə olduğunu xatırlamırlar.
İndi də rus sektorundan azsektorda necə adamların olduğunu xəbər alın? Onlar dağlardan dünən düşən kəndçilərdir. Kitab üzü görməyiblər, ancaq qoyun otarmağı bacarırlar, teatr və muzeylərin yerini təxmini də olsa bilmirlər. Avara və nəşəxordurlar, arvadlarını döyürlər, uşaqlarının təhsili ilə məşğul olmurlar, iqtisadi böhran və başqa problemlərimizin yaranmasında da məhz onlar günahkardırlar.
Bu söhbətlərə o qədər alışmışıq ki, vəziyyətin nə qədər absurd olduğunun fərqinə belə varmırıq. Üç milyonluq şəhərdə iqtisadi böhran vəziyyətində insanlar “birinci dil prisipi” ilə iki düşərgəyə bölünüb. Bu zaman da böyük əksəriyyət ikinci dili də pis bilmir və ya hər ikisində rahat danışırlar. Axı əks halda Bakıda “yaxşı yerdə” iş tapmaq çox çətindir. Yaxşı səviyyədə rus, azərbaycan və ingilis dili – bu, demək olar ki, hər adama hər vakansiya ilə bağlı irəli sürülən tələbdir.
Bu da məsələnin ətraflı araşdırıldığı məqalənin linkidir: rus sektoru haradan meydana gəlib, niyə indiyə qədər mövcuddur, rusdilli cəmiyyətin xüsusiyyətləri barədə. Bu, Henrix Böll Fondunun sifarişi ilə həyata keçirilən ciddi tədqiqatın müxtəsər mətnidir. Və bu məqalə dərc olunduğu vaxt heç bir maraq oyatmadı. Niyə? Çünki orada hansı sektorun pis olması barədə heç nə yazılmayıb. Qalan məsələlər də kimə lazımdır axı?
İkinci dili öyrənmək, hər ikisində danışmaq və sektorları birləşdirmək? Öz informasiya məkanını genişləndirmək? Ünsiyyət üçün yeni imkanlar əldə etmək? İngilis dilini öyrənib heç olmasa bu dildə razılığa gəlmək?
Pis olmazdı, bəs onda “əls vətəndaş öz dilini bilməlidir” ya da “kəndçilər doluşub şəhərə” sözlərini kim desin? Axı bu sözləri demək ayrıca ləzzət verir. Bu zaman da bir hissə özünü əsl vətənpərvər, digəri isə təhqir olunmuş ziyalı zümrəsi kimi hiss edir. Bakının rusdilli cəmiyyəti azərbaycan dillilərdən düz 10 dəfə az olmasaydı, bir-birinə qarşı duranların gücü də bərabər olardı. Həm də vətənpərvərlik çağırışları və casus ovu Azərbaycanda təqib üçün ən populyar, ən cəzasız və ən geniş yayılmış bəhanələr olmasaydı.