Rəssamlar xəstələnəndə
“Dəlixanalar” haqda həmişə müxtəlif şayiələr gəzir. Məsələn, deyirlər ki, burada elektroşokla müalicə edirlər, bircə dəfə elektroşoka məruz qalan hətta sağlam adam da ağlını itirir, bir dəfə bura düşən daha heç vaxt normal həyata qayıtmır və s. Daha çox Maştağa xəstəxanası kimi tanınan 1 saylı Bakı psixiatriya xəstəxanası da bu sarıdan istisna deyil, bura ilə bağlı da ən müxtəlif şayiələr dolaşır.
Maştağa qəsəbəsi Bakının mərkəzindən qırx dəqiqəlik məsafədə yerləşir. İctimai nəqliyyat vasitələrindən bura ancaq 172 nömrəli avtobus gəlir. Yol boyu Bakının bağ qəsəbələrinin tipik mənzərəsi görünür – daş hasarlar, adda-budda məndəcərlər, əncir ağacları.
Maştağa psixiatriya xəstəxanasını görməyib, yanından ötüb keçmək mümkün deyil – avtobus dayanacağı hündür daş divarlarla əhatələnmiş ərazinin girişindəki balaca dar qapının düz qarşısındadır. Bu dayanacaqda düşən çox olur, amma məhz xəstəxanaya gələnləri ayırd etmək çox asandır. Sürücüdən ”xəstəxananın yanında saxla”, – xahişini edənlər xəstə yanına gələnlərdəir, yerdə qalanlar “dəlixananın yanında saxla” – deyirlər.
Giriş qapısında polislər gələn adamdan niyə və kimin yanına gəldiyini xəbər alır, sonra da məlumatı yoxlamaq üçün yuxarıya zəng vururlar. Bəzən ziyarətçilərin çantalarının içini axtarırlar. Xəstəxana ərazisində cinayət işində ittiham olunan şəxslər üçün istintaq təcridxanası da var, burada onların məhkəmədən əvvəl psixi durumunu yoxlayırlar. Yüksək təhlükəsizlik tədbirləri bu cür müəssisələrdə normadır. Mühafizəyə kömək üçün ərazinin hər yerində müşahidə kameraları quraşdırılıb.
Bura ölkənin ən böyük xəstəxanasıdır, bir neçə hektarlıq ərazini əhatələyir. Korpusları arasında maşınla hərəkət etmək piyada gəzməkdən daha rahatdır. Xəstəxana ərazisi sovet sanatorisini xatırladır: asfalt cığırlar, sıra ilə düzülmüş ağaclar, hətta süni göllər də var.
Maştağa psixiatriya xəstəxanası 1936-cı ildə açılıb. Əvvəlcə burada cəmi yüz yerlik üç şöbə fəaliyyət göstərirdi. Hazırda isə 30 şöbə var: 6 qadın, 12 kişi, 4 vərəm, uşaq, yeniyetmə, infeksion şöbə və s. Üç yüzdən çox pasiyent bütün sosial əlaqələrini itirdikləri üçün xəstəxananın himayəsi altında yaşayır.
Klinikada 4 saxlanma rejimi var: açıq (pasiyent xəstəxana ərazisində rahat gəzə bilər), yarıaçıq (işçi heyətinin nəzarəti altında gəziə bilər), qapalı (korpusdan çıxmaq olmaz) və təcridxana (otaqda qapalı şəraitdə saxlanılanlar).
Elektroşok
Elektroşok bəzi filmlərdə göstərildiyi kimi heç də o qədər uzun və təhlukəli prosedur deyil. Ondan tutmalar zamanı, misal üçün, epileptikərin və altsheymer xəstəliyi olan insanların vəziyyətini yüngülləşdirmək üçün istifadə edilir.
Prosedur cəmi iki saniyə çəkir və ancaq xəstənin razılığı ilə həyata keçirilə bilər. Klinikanın psixoloqu Səidə Hüseynova danışır:
“Maştağada yenicə işə başlayanda xahiş etmişdim ki, elektroşok prosedurunda iştirak etməyimə icazə verilsin – mənə bir psixoloq kimi, proseduru və müalicənin effektini görmək maraqlıydı. Amma xəstəxanada bu poseduru uzun müddət ümumiyyətlə həyata keçirmədilər, buna görə də xahişim də yaddan çıxıb getdi”.
Xəstəxanada müalicə metodlarına gəlincə, burada həm də medikamentoz müalicə və psixoterapiya var. Medikamentoz müalicənin məqsədi əsəb sistemini “sakitləşdirmək”dir ki, pasiyent psixoterapiyanı qəbul edə bilsin, xəstəliyin “kəskinləşdiyi” dövrlərdə isə bu, mümkün deyil.
Xəstəxanaya necə düşürlər?
İnsana diaqnoz qoyulandan sonra onun məcburən xəstəxanada saxlanması heç də şərt deyil. 1 saylı psixiatriya xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov danışır: “Məcburi müəlicə üçün iki şərt olmalıdır – ya insan özü üçün, ya da başqaları üçün təhlükəlidir. Heç də bütün pasiyentlər ilk baxışdan təhlükəli görünmür. Amma elə hallar da olub ki, xəstə ağlaya-ağlaya anasından onu evə aparmağı xahiş edib, sonra da mənzilə od vurub, yandırıb”.
Məcburi müalicə haqqında qərarı komissiya çıxarır.
Buradan necə çıxmaq olar?
Daha bir mif – bir dəfə psixiatriya xəstəxanasına düşən bir daha oradan çıxmır. Amma Ağahəsən Rəsulovun dediyinə görə, bu, belə deyil: “Statistika məndən daha yaxşı danışacaq. 2014-cü il ərzində 10680, 2015-ci ildə isə 12896 nəfər xəstəxanadan çıxıb. Düzdür, həç də bütün xəstəliklər tam müalicə olunmur. Bütün xəstələrin təxminən 30%-i.
Amma hətta xroniki xəstəliklərdə belə xəstəliyi yüngülləşdirmək imkanı var. Bir vaxtlar klinikanın pasiyenti olan insan ola bilsin ki, hazırda sizin müdirinizdir. Həyatının böyük hissəsini o, adi vətəndaşdır, xəstəliyin kəskinləşmə ərəfəsində isə bura gəlir və remissiya dövrünü gözləyir”.
Klinik psixoloq Səidə Hüseynova deyir ki, sağalma şansı diqnozla müəyyən olunur: “Obsessiv-kompulsiv pozuntulardan əziyyət çəkən insanlar yüz faiz müalicə olunur və rahatca sosiuma qayıda bilir (əgər xəstəlik güclü sarsıntıdan yenidən baş qaldırmasa).
Bir pasiyentimiz vardı, səhv etmirəmsə, otuz yaşında. Sərgilərdə iştirak edirdi, bəzən qarmonda ifa edirdi. Diaqnozu şizofreniyanın paranoidal forması idi. Amma vaxtında müalicə aldı və hazırda remissiya dövrü xeyli daha uzun çəkir. Şizofreniyadan əziyyət çəkən insanlara sosial izolyasiya xasdır, reabilitasiya isə onun qarısını aldı və cəmiyyətə uyğunlaşmağına kömək etdi.
Daha bir şizofreniya xəstəsi toylarda meyxana ifa edir. Onu artıq çoxları tanıyır və rahatca pul və hörmətini qazana bilir. Vəziyyəti ağırlaşmağa başlayanda isə müalicəyə gəlir.
Rəssamlar haqqında
Medikamentoz və terapevtik müalicə ilə yanaşı Maştağada həm də reabilitasiya şöbəsi var. Rabilitasiya terapiyası pasientə cəmiyyətə inteqrasiya olunmaq üçün lazımdır. Bunun üçün onları nəsə yaratmağa, misal üçün, plastilindən fiqurlar düzəltməyə və ya rəsm çəkməyə sövq edirlər.
İmran
İmran buranın pasiyentidir, eyni zamanda xəstəxana ərazisində tanınmış rəssam sayılır. O, kiçik xəstəxana kinostudiyası yaxınğında yerləşən yarızirzəmidə işləyir. Burada həmin yer “sex” adlanır. Bu yeri baş həkim xüsusi olaraq İmran üçün ayırıb, çünki İmran dayanmadan rəsm çəkir (zamanında rəssamlıq kollecini bitirib).
İmran artıq 10 ildən çoxdur ki, müalicə alır, onu xəstəxanaya xanımı gətirib. Diaqnozu şizofreniyanın paranoidal formasıdır.
İmranın nə dediyini anlamaq çətindir. Söhbət sözlərin düzgün tələffüz edilməməsindən getmir. Onun nitqində şizofaziya hiss olunur, cümlələrində məntiq tapmaq çətindir. Aydın olan ancaq odur ki, oğlu adlandırdığı Renata görə narahatdır. Kəskinləşmə dövrlərində övladlarının sayı yüzdən çox ola bilər. İmran deyir ki, onları kimsə oğurlayıb.
Amil
Amil də rəssamdır. Diaqnozu ağır formada epilepsiyadır. Yəni bu xəstəlik, psixoloq Səidə Hüseynovanın izah etdiyi kimi, sadəcə tutmalarla müşayiət olunmur, ümumilikdə şəxsiyyətdə dəyişikliklərə gətirib çıxarır.
Amili xəstəxanaya nəzarətdə saxlaya bilmədiyi aqressiya tutmaları və intihara meyilli düşüncələr gətirib. Ünsiyyət zamanı Amil çox təmkinli və ədəbli insan təsiri bağışlayır, amma daxilindəki əsəbiliyi əsən əlləri biruzə verir. Amil deyir ki, məhz xəstəxanada o, özünü sakit və rahat hiss edir.
Amil artıq 15 ildən çoxdur ki, klinikada müalicə alır, amma İmrandan fərqli olaraq, tez-tez evinə qayıdır. Epilepsiyanın ağır formasından əziyyət çəkdiyi üçün imperativ qarabasmaları olur, bu zaman “öldür”, “özünə pislik elə” əmrlərini eşidir.
“Divanə dahilər”
Yaradıcılıqla psixi xəstəliklər arasında əlaqə varmı?
“Həm hə, həm də yox”, – Ağahəsən Rəsulov cavab verir. – Heç bir istedadı olmayan insan deyək ki, şizofreniyaya tutulsa, çətin ki, nəsə bir şedevr yaratsın. Amma istedad dahi insana özünün bu vəziyyətindən yaradıcılığı üçün yeni sərhədlər açmasına kömək edir. Amil epilepsiyaya tutulmasaydı da yəqin ki, rəssam olardı. Amma indi necə çəkməsi müəyyən mənada diaqnozu ilə də bağlıdır, axı epileptiklər öz xırdaçılıqları və işlərini sona qədər çatdırmaq istəyi ilə seçilir”.
İmran evinə nə vaxt qayıdacaq?
Səidə Hüseynova: “İnsan adi xəstəxanaya düşəndə ətrafdakılarda mərhəmət hissi oyadır. Psixiatriya xəstəxanasına düşənlər isə hətta yaxın qohumlarında belə qorxu hissi oyadırlar. Cəmiyyət onun üstündən xətt çəkir. Bir çox hallarda qohumlar öz xəstələrini evə aparmaqdan imtina edir, onların qayğısını çəkməyi dövlətin üzərinə atır.
Həkimlər bu prosesi stiqmatizasiya adlanır – yəni insanlara damğa vurur, onlara pis münasibət bəsləyirlər. Keçmiş pasiyent həmişə “şizofreniya müalicə olunmur”, “birdən halı pisləşib, kimisə öldürsə” sözlərini eşitməli olur. Belə bir vəziyyətdə cəmiyyət xəstə üçün daha təhlükəlidir, nəinki xəstə cəmiyyət üçün.