Rəqabətsiz meyvələr
Bu materialda haqqında söhbət gedəcək Sameqrelo rayonunda əmək qabiliyyətli əhalinin 30 faizdən az hissəsi rəsmi şəkildə işlə təmin olunub. Təəccüblü deyil ki, bu region Gürcüstanda yerli sakinlərin köçməsi üzrə rekordçulardan biridir. Bir çoxları, əsasən də qadınlar xaricə, daha çox Türkiyəyə, bəzən Avropa ölkələrinə iş dalınca gedirlər. Onlar xəstə baxıcısı, dayə, kənd təsərrüfatı plantasiyalarında muzdlu işçi kimi çalışırlar; illərlə görmədikləri ailələrini dolandırırlar.
Yerində qalıb, iş tapan və iqtisadi cəhətdən müstəqil olanlar azdır. Gürcüstanda xırda bizneslə məşğul olan sözün əsl mənasında uğurlu fərdi sahibkarlar o qədər azdır ki, əksər vaxtlarda onların rəqibləri ümumiyyətlə olmur.
Misal üçün, Maya Şenqeliyanın da rəqibləri yoxdur. Mayanın 45 yaşı var, o Zuqdidi rayonunun Darçeli kəndində yaşayır, quru meyvələr, şəkərlənmiş meyvələr və meyvə pastilası hazırlayır. Mayanın quru meyvələri dadlı və ekoloji təmiz olmaqdan əlavə, həm də çox qəşəngdirlər.
Gürcüstanda hələ də çox az adam məhsulunun xarici görünüşünə fikir verir. Bəziləri isə hətta onun gözəgəlimli olmamasını xüsusiylə vurğulayır – yəni gözəl ancaq yad, idxal olunmuş, pestisidlərlə yetişən və ya zərərli əlavələrin istifadəsi ilə hazırlanan məhsul ola bilər.
Maya başqa yolla getdi. O, qeyri-adi nazik və incə qurudulmuş armudlardan çəhrayı qönçələr, qeyri-adi xal-xal pastila və hətta gürcülərin yeni il yolkası olan çiçilakini qəribə bir şəkildə qurudulmuş almadan yonur.
Adi qurudulmuş xurma Sameqreloda hər bir eyvandan asılıb, amma toy süfrəsini, uşaq bayramını bəzəmək, kiməsə bağlama göndərmək və ya sadəcə hədiyyə etmək lazım olanda hamı Mayaya müraciət edir.
Maya xammalı – almanı, armudu, sitrus meyvələrini, feyxoanı, kivi və çoxlu sayda başqa meyvələri bütün rayondan alır və özünün meyvə bağını salmaq və qablaşdırma üçün əlavə xüsusi avadanlıq almaqla bağlı planlar qurur. Bu avadanlığının olmadığına görə Maya öz məhsulunu mağazalara sata bilmir və ancaq fərdi sifarişlər götürür.
Bir neçə il əvvəl Maya fərdi sahibkarlar üçün ABŞ-ın Beynəlxalq İnkişaf Üzrə Agentliyinin təşkil etdiyi müsabiqədə qalib gəldi və ona qiyməti 40 min lari olan meyvə qurudan bağışladılar. Bu avadanlıq həyətdə durur; indi çiy meyvəni hazır vəziyyətə gətirmək üçün Mayaya 3 gündən 2 həftəyə qədər vaxt lazımdır.
“Hər şey 90-cı illərdə başladı, uşaqlar balacaydı, mağazalar boş, müharibə gedirdi. Ailəmi Yeni il bayramı qabağı nəyləsə sevindirmək istədim və quru əncir hazırlamaq qərarına gəldim. Bunun necə edildiyini təxminən bilirdim, valideynlərim əncir, xurma, alma qurudurdular, – Maya yadına salır.
Yavaş-yavaş o başqa meyvələrlə də eksperiment aparmağa başladı və indi Gürcüstanda yetişən demək olar ki, bütün meyvələrdən şəkərlənmiş meyvə və pastila hazırlayır.
Maya daha çox və daha səmərəli işləyə bilərdi, xəstəlik olmasaydı – indi o döş xərçəngi ilə mübarizə aparır. Xəstəlik ona tək mənəvi yox, həm də maliyyə cəhətdən zərbə vurdu – müalicə üçün böyük məbləğdə pul lazım oldu, bankdan kredit götürməli oldular. Onu qaytarmaq elə də asan deyil – Mayanın gəliri xeyli azalıb. Orta hesabla, onun quru meyvələri ailəyə ayda 500 lariyə yaxın (205 dollar) gəlir gətirir. Amma mövsümi sıçrayışlar da olur – misal üçün, Yeni il qabağı gəlir adətən iki dəfə artır.
Maya işləməyi davam edir, müalicə alır və tezliklə sağalacağına ümid edir.
“Mən əvvəllər də heç bir kimyəvi əlavələrdən istifadə etməmişəm, indi isə ərzağın ekoloji təmiz olmasının vacibliyini daha yaxşı anlayıram, – sahibkar xanım deyir.