“Qərb hər şeyi tərsinə edir” – Bakıdan şərh
Qərb hər şeyi tərsinə edir, çünki postsovet cəmiyyətlərini, xüsusən də Rusiya xalqını tanıya bilməyib – Azərbaycanın müxalif Respublikaçı Alternativ (ReAl) Partiyasının liderlərindən biri, iqtisadçı Natiq Cəfərli hesab edir. Onun fikrincə, Rusiya əhalisinin 80 faizi həmin “putinlər”dən ibarətdir, xalq ölkənin prezidenti nə deyirsə, onu təkrarlayır.
- Rusiya və Azərbaycan arasında pomidor-alma müharibəsi davam edir
- “Konkret təkliflər var”. Əliyev və Lavrov sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər
- “Azərbaycan Qərb-Rusiya qarşıdurmasından istifadə edir”: Ermənistandan şərh
Müxalif Respublikaçı Alternativ partiyasının liderlərindən biri, iqtisadçı Natiq Cəfərli hesab edir ki, Rusiyaya qarşı yeganə təsirli “sanksiya” neft və qaz qiymətlərinin ucuzlaşması ola bilərdi. Qərb şirkətlərinin çıxarılması yox, əksinə, bu şirkətlərinin həmin ölkədə satışlarının yüksəldilməsi rubla zərbə vura bilərdi:
“Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarının qısa zamanda heç bir təsiri yoxdur, bəli, orta və uzun zaman kəsimində təsirləri olacaq, amma buna 2 il və daha artıq zaman lazım olacaq. Bəs yaxşı, Ukraynanın 2 il və daha artıq dözmək imkanı varmı?!” – Cəfərli sual edir.
Onun fikrincə, Qərb hər şeyi tərsinə edir, çünki post-sovet toplumunu, əsas da Rusiya xalqını çözə bilməyib, hələ də anlamır ki, Rusiya əhalisinin 80%-i elə “putinlərdən” ibarətdir, camaat elə Putin deyəni deyir.
“Neftə qarşı sanksiya qoydular – qiymət bahalaşdı, bu gün Rusiya neftini Hindistana və Çinə satır, bəli, təqribən 20-30% daha ucuz satır, amma ən azı 80-90 dollara sata bilir, Rusiyada neftin maya dəyəri isə 10-14 dollar arasıdır.
Qaza qarşı sanksiya qoydular – qazın qiyməti Qərbdə kəllə-çarxa çıxdı, Rusiya necə qaz satırdısa elə də satır, amma əvvəl (2019-cu ildə) 240 dollara (ortalama) satdığı qazı bu gün (2021-ci ilin sonundan bu günə) 1000 dollara satmağa nail olub.
“The Economic Times” nəşri yazır ki, yanvar-iyun aylarında Hindistan Rusiyadan neft alışını 50 dəfə (!!!) artırıb, Ukrayna müharibəsinə qədər Hindistan ümumi istehlak etdiyi neftin cəmi 0,2%-i Rusiyadan alırdısa, indi 11%-ə yaxınını Rusiyadan alır, Çin isə Rusiyadan neft alışını 56% artırıb – nəticədə neftlə, benzin qiymətləri ilə bağlı problem Qərbdə, Avropada və ABŞ-da yaşanır.
Hələ onu demirəm ki, Qərb şirkətlərinin özləri də primitiv və başaldadıcı sxem qurub pul qazanırlar – neftlə 49% dolu tanker Rusiyadan çıxır, sonra ərəb ölkələrinin birinin limanına daxil olur, orada 51% həmin ölkənin neftini tankerə doldururlar, gəminin nömrəsi və indentifikasiya kodu dəyişdirilir, sonra tam leqal o neft Qərbdə satılır.
Yəni, dünyada heç vaxt pulun və ideyanın qarşısını süni yolla almaq olmur, indi də dar bir çevrə ciddi pul qazanır. Həm də, baha neft-qaz dünyada dəb mövzu olan “yaşıl enerjiyə” keçidi stimullaşdırır.
Dünən də G7 ölkələri Rusiyadan qızıl alışına qadağa qoyulması təklifini qəbul etdilər. Bu qərarın Rusiyaya 19 mlrd. dollar ziyan vuracağını söyləyirlər. Amma yenə səhv hesablayırlar. Rusiya indi qızılı Qərbə deyil də, Hindistana satacaq, zatən dünyada fiziki qızılı ən çox alan ölkə Hindistandır. Yəni, Rusiya heç nə itirməyəcək, Qərbə satdığı qızılı indi Hindistan və Çinə satacaq, vəssalam.
Diqqətli oxucular yəqin ki, xatırlayırlar, hətta müharibədən öncə də dəfələrlə yazmışam – Rusiyanı zəiflətmək üçün onu dışlamaq yox, qucaqlayıb “boğmaq” lazımdır.
İndi orta-uzun vədədə Rusiya zəifləyəcək, amma Dünya və Ukrayna uzun zaman davam gətirə biləcəkmi – bax əsas sual budur.
Çünki, Qərbin ən güclü yeri demokratiya, seçki olduğu kimi ən zəif yeri də məhz seçki və demokratiyadır – dünyada qiymət artımı, inflyasiya, qeyri-sabitlik demokratiyalara zərbə vurur, indiki hakimiyyətləri zəiflədir, növbəti seçkilərdə onların məğlubiyyətinin zəminini hazırlayır.
Putin kimi diktatorun isə seçki və demokratiya dərdi yoxdur, ondan bunu tələb edən toplum da yoxdur, ona görə də demokratiyanın “yan təsirlərindən” sığortalanıb vəhşi kimi müharibə aparır, hələ uzun aylar da aparmağa qadirdir. Toplum “putinləşib”, nə iqtisadi itkilər, nə də insan ölümlərinin sayı onlara təsir etmir…
İndi də Rusiyanın defoltu haqda təzə söhbət atıblar – yoxdur elə bir şey, texniki məsələdir, süni defoltdur. Rusiya pul ödəmək istəyir, sanksiyalara görə edə bilmir.
Ölkələrin texniki defoltu o zaman ağrılı olur ki, bundan sonra həmin ölkələrə heç kim borc-kredit vermir. Rusiyaya zatən kredit verən yox idi, indi də olmayacaq. Nə itirir ki, rus ayısı?! Nə isə, dünyanı şou-biznes kimi idarə edirlər…” – Natiq Cəfərli Facebook səhifəsində yazıb.