Qurtuluş parkı
Artıq 25 ildir ki, 55 yaşlı Armen Tadevosyan hər səhər özünün zoobotanika parkının heyvanlarını yemləməyə tələsir. O, mehribanlıqla öz “yetirmələrini qucaqlayır və onlarla söhbət edir, eyni zamanda qablarını doldurur, onlara xoş gün arzulayır və ancaq bundan sonra başqa işlərə keçir.
Yerevandan 45 kilometr aralıda yerləşən Armavir şəhərindəki zoobotanika parkını Tadevosyan özü tikib. 25 il ərzində 8 hektarlıq ərazidə o meşə örtüyü yaradıb, 50-dən çox heyvan növü yığıb və onları burada yarı sərbəst şəraitdə saxlayır.
“Parkın əsasını hələ mənim atam qoyub, o ovçu idi. Mən əsgərlikdən qayıdandan sonra həyatımı bütövlükdə bu işə həsr etdim. Çalışıram ki, parkda qəfəslərin sayı mümkün qədər az olsun ki, uşaqlar ot üstündə, ağacların altında sərbəst gəzən heyvanları görsünlər, – Armen Tadevosyan danışır. O, uşaqların psixologiyasını bilir, çünki özü də dörd uşaq atasıdır. Zoopark sahibi danışır ki, buranın adını “Qurtuluş bağı qoyub, çünki burada ağır vəziyyətə düşən, həyatı təhlükə altında olan bütün heyvanlar özlərinə sığınacaq tapır.
Tadevosyan səmimi etiraf edir ki, heyvanları ayrı-ayrı adamlardan alıb. Onlar onun belə bir bağ sahibi olduğunu biləndə saxladıqları ayını, şiri və ya meymunu ona təklif edirdilər:
“Ermənistanda evində vəhşi heyvan saxlayan varlı adamlar çoxdur. Bacardıqları qədər saxlayırlar, sonra da yorulurlar, bezirlər, həmin heyvanlardan canlarını qurtarmağın yolunu axtarırlar. Heyvanlara qulluq etmək çətindir, misal üçün, ayının arxasınca dərhal nəcisi təmizləməsən, üfunəti böyük əraziyə yayılacaq.
Ya da misal üçün olur ki, onların uşaqlarının ad gününə şir balası bağışlayılar, onlar da onu bezənə qədər saxlayır, sonra da mənə zəng edib deyirlər ki, gəl apar.
İki ay əvvəl “Qurtuluş parkına Gümri zooparkından dəvə, canavar və iki meymun köç etdi. 2010-cu ildən fəaliyyətdə olan və Gümrinin keçmiş merinin qardaşına məxsus olan bu zoopark yemləmə, su ilə təchizat və heyvanların qışlaması üçün şəraitin olmaması səbəbindən bağlanmaq təhlükəsi ilə qarşılaşdı.
Bu il yanvar ayının axırlarında Gümri zooparkının ətrafında böyük qalmaqal yaşandı. Britaniyanın “The Daily Mail nəşri “Dünyanın ən pis zooparkı adlı məqalə dərc etdi. Məqalədə heyvanların saxlanıldığı şəraitdən bəhs edilir və aclıqdan ölümə məhkum olan ayı və şirlərin şəkilləri verilmişdir, həmin heyvanlar zoopark sahibi tərəfindən atıldıqdan sonra sallaqxananın tullantıları ilə qidalanmağa məcbur idilər.
“Qurtuluş bağında yenidən normal həyata qayıdan heyvanlar Armen Tadevosyana tamamilə taqətdən düşmüş vəziyyətdə gəlib çıxdılar:
“Meymunlar çox arığıydı, dəvə güclə addım atırdı, hörgücləri demək olar ki ərimişdir, indi onlar yavaş-yavaş özlərinə gəlirlər. Canavarı o qədər alma ilə qidalandırıblar ki, indi o ət yemir, görsəniz almaya necə cumduğunu.
“Daily Mailin məqaləsindən sonra iki ayı Yerevan zooparkına köçürüldü.
“Gümri zooparkının heyvanlarını xilas edək təşəbbüsünün üzvü, ekoloq Silva Adamyan deyir ki, Vəhşi təbiətin və Mədəni İrsin qorunması Fondu hələ 2015-ci ildə öz üzərinə Təbiətin Mühafizəsinin Erməni Şəbəkəsinin (AEN) təşəbbüsü ilə bu zooparkın ayılarını Rumıniyadakı “Libearti ayı saxlanma yerinə köçürməyi öz üzərinə götürdü, amma bir şərtlə ki, ayılar berpaedici terapiyadan keçəcək və orada qalacaqlar:
“Hazırda Maşa və Mişa adlı ayılar Yerevan zooparkında saxlanılır, burada onlar lazımi qulluq alır və baytarlıq müayinəsindən keçirlər, bütün bunlardan sonra isə onları Rumıniyaya köçürəcəklər. Onların köçürülməsi, müalicəsi və qidalanması ilə bağlı xərcləri “Brijit Bordo fondu öz üzərinə götürür.
Bu zooparkın üç şiri: ana Meri və onun iki balası Zita və Qita hələ də Gümridədirlər.
Silva Adamyan qeyd edir ki, onları Vəhşi Təbiətin və Mədəni İrsin Mühafizə Fondu tərəfindən Ararat vilayətinin Urtsadzor icmasında tikilən heyvanlar üçün qurtuluş mərkəzinə köçürəcəklər:
“Hazırda şirlər bütün lazımi müalicəni və peşəkar qulluq alırlar. Onlar o qədər başlarını qəfəsə vurublar ki, hamısının alnında yaralar var.
Gümri zooparkının ətrafındakı qalmaqal bu sahəyə nəzarət edən Təbiətin Mühafizəsi Nazirliyini çalxaladı. Ekoloqlar da öz növbəsinə həyəcan təbili vurur: problem həmin sahəni tənzimləyən qanunvericilikdəki qüsurlarla bağlıdır.
Heyvanların saxlanılması problemləri ilə məşğul olan “Propose xeyriyyə təşkilatının erməni nümayəndəsi Nare Aramyan qeyd edir ki, onlar hələ 2006-cı ildə heyvanlara məsuliyyətli yanaşmanı nəzərdə tutan qanun layihəsi təklif etmişdilər. On il keçməsinə baxmayaraq, hökumət parlamentə heç bir qanun layihəsi təqdim etməyib:
“Zooparklarda yaşayan heyvanların hüquqları qorunmalıdır, onlar yemək haqqına malik olmalı, qəddar rəftardan qorunmalı, onların yaşayış yeri və sərbəst davranmaq haqqı tanınmalıdır. Ermənistanda onlara xas olmayan şəraitdə yaşayan heyvanlar çoxdur, amma heç kim deyə bilməz ki, Ermənistanda bu şəraitdə yaşayan heyvanlar harada, kimdən və hansı əsaslarla alınıb, ümumiyyətlə kim onlara bu hərəkətləri həyata keçirmək və bu cür fəaliyyətlə məşğul olmaq icazəsi verib. Bu, ciddi bir problemdir, belə çıxır ki, kim nə istəyir, onu da edə bilər.
Təbiətin mühafizəsi nazirinin mətbuat katibi Temine Arzumanyan qeyd edir ki, vəhşi heyvanların saxlanılmasının xüsusi təsbit edilmiş lisenziyalaşdırma sistemi mövcud deyil:
“İndiyə qədər bu sahəni Ermənistan Respublikası hökumətinin 2009-ci il tarixli 725-Н saylı “Qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılan, heyvanların, o cümlədən də Ermənistan Respublikasının Qırmızı Kitabında qeydiyyatdan keçən heyvanların saxlanılması və istifadəsi qaydalarının müəyyən edilməsi haqqında qərar tənzimləyirdi. Bu qərara görə, heyvanları iks kvadrat metrlik ərazidə və bir sıra müəyyən şərtlərin nəzərə alınması ilə saxlamaq lazımdır.
Təbiətin Mühafizəsi Nazirliyinin bioehtiyatlar idarəsinin rəisi Sevak Baloyan deyir ki, nazirlik özəl zooparklara nəzarət edir və heyvanların qəfəsləri və ya digər saxlanma şəraiti vacib normalara cavab vermədiyi halda sahibkarları cərimələyirlər:
“Amma qanunda zoopark sahiblərinin məsuliyyətə cəlb edilməsi haqqında heç nə deyilmir: qanunvericilik sahəsində müəyyən boşluqlar var və bu problemlərin həlli üçün işçi qrupu yaradılıb.
Ermənistanda qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılan vəhşi heyvanlar heç bir yerdə qeydiyyatdan keçməyib. Təbiətin Mühafizəsi Nazirliyi nəinki heyvanların, hətta zooparkların da sayı barədə heç bir məlumata sahib deyil.
İctimai təşkilat nümayndələrinin dəvəti ilə işçi qrupunun fəaliyyətinə cəlb olunan hüquqşünas ekspert Meri Xaçatryan başa salır ki, hökumətin qərarı “Ov və ov təsərrüfatının saxlanması haqqında qanunun əsasında qəbul edilib, bu qanunun 7-ci maddəsinin dördüncü hissəsi hökumətə qaydanı müəyyən edən qərarı vermək imkanı verir.
“Mən “Ov və ov təsərrüfatının saxlanması haqqında qanunla tanış oldum və gördüm ki, bu qanunun 7-ci maddəsinin dördüncü hissəsi hələ 2 fevral 2010-cu ildə qüvvədən düşmüş sayılıb. Yəni həmin qanunun əsasında qəbul edilən bu qərarın hələ 2010-cu ildən qüvvədən düşmüş hesab olunmasına baxmayaraq, o hələ də fəal işləyir və ona heç dəyişikliklər etmək barədə düşünmürlər belə. Əvvəl-axır bu sahəni heyvanlar dünyası haqqında qanunla tənzimləmək və dəyişiklikləri qərarda deyil, qanunda etmək lazımdır.
Meri sərhəddə idxal və ixraca nəzarət edən Maliyyə Nazirliyini də işə cəlb etməyi təklif edir, çünki bütün yollar gömrüyə aparır:
“Təbii ki, şir Ermənistanda doğulmur, bu, maksimum zooparkda və ya onları saxlayan oliqarxların evində baş verə bilər. Ermənistan həm də heyvanlar üçün tranzit ölkə sayılır, hətta bir neçə il əvvəl iki Ebola virusuna yoluxmuş meymun məsələsi də qeydə alınmışdır, amma heç kim məsuliyyətə cəlb edilmədi, çünki meymunların kim tərəfindən və necə gətirlidiyi aydın deyil.
Kotayk vilayətinin Dzoraxpür kəndində yerləşən “Cambo ekzotik zooparkı burada çoxlu sayda meymunların saxlanılması ilə məşhurdur. Parkın müdiri Atryom Vardanyan qeyd edir ki, bir çoxları lovğalanmaq, başqalarından geri qalmamaq üçün vəhşi heyvanları gətirib, saxlayırlar:
“Gümri haqqında hamının xəbəri oldu, amma deyə bilərəm ki, Ermənistanda çoxlu sayda belə yer var. Mən öz meymunlarım üçün maksimal dərəcədə yaxşı şərait hazırlamışam. Şimpanzelərimin saxlandığı yer mənim evimdən istidir, onların rasionu ciddi nəzarət altındadır: meyvə, vitaminlər – hər şey və həmişə. Əgər insan heyvan saxlamaq istəyir və bunun üçün bütün lazım olan şəraiti yaradırsa, məncə dövlət ona kömək etməlidir. Əks halda, heyvanlara çip taxmağı təklif edərdim. Həmin çiplə heyvanın sahibini tapıb, onu məsuliyyətə cəlb etmək olar. Artıq burada olan vəhşi heyvanların qeydiyyatını aparmaq lazımdır.
Armen Tadevosyan qeyd edir ki, bütün həyatını heyvanlara həsr edib və onları elə atan öz sahiblərindən xilas edib.
O, ayıların – 22 yaşlı Mşuna və 14 yaşlı Maşanın qəfəsinə yaxınlaşır, onları salamlayır və alma təklif edir.
“Maşanı gətirəndə, çəkisi 5 kilo idi, ayağı da zədəliydi. O, onu gətirən adamlara artıq lazım deyildi. Onu gətirdim, qulluq etdim, sağaltdım. Məni qanundakı dəyişikliklər maraqlandırmır, əsası odur ki, heyvanlarıma yaxşı olsun. Mən onları çox sevirəm və bunun səbəbini izah edə bilmərəm, – Tadevosyan etiraf edir.