Azərbaycanın qapalı həbsxanasında 19 məhbus və 5 əməkdaş koronavirusa yoluxub
Azərbaycanın əsasən ömürlük həbsə məhkum olunan və siyasi məhbusların saxlanıldığı Qobustan qapalı həbsxanasında COVID-19 yoluxma ocağı aşkarlanıb
Məhbusların qohumları bəyan edirlər ki, hakimiyyətin epidemioloji vəziyyətlə bağlı həyata keçirdiyi tədbirlərə etibar etmirlər.
Operativ Qərargahın verdiyi məlumata əsasən, Bakının kənarında, Qubustan qəsəbəsində yerləşən həbsxanada ümumilikdə 24 nəfər virusa yoluxub – beş nəfər həbsxana əməkdaşı, 19 nəfər məhbus.
“Yoluxanların vəziyyəti kafidir, əksəriyyətinin xəstəliyi simptomsuz davam edir. Virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görülüb”, – məlumatda bildirilir.
Amma məhbusların doğmaları bildirirlər ki, əslində həbsxanada koronavirusdan müdafiə üçün heç bir vasitə yoxdur. Maska və spirtdən söhbət belə gedə bilməz, hətta sabunu da məhbuslar öz pulları ilə alırlar.
Bu haqda “Gəncə işi” üzrə məhkum olunanlardan biri Əli Rzayevin anası danışıb.
Həmin hadisələrin digər iştirakçılarının da əksəriyyəti eyni həbsxanada saxlanılır.
2018-ci il iyulun 3-də Azərbaycanın əhəmiyyətinə görə ikinci şəhərində yerli icra hakimiyyətinin o zamankı başçısı Elmar Vəliyev başına açılan atəşlə ağır yaralanıb. Bir həftə sonra etiraz aksiyası zamanı iki yüksək vəzifəli polis zabiti qətlə yetirilib. Nəticədə bir neçə etirazçı xüsusi xidmət əməkdaşları tərəfindən “saxlanılma zamanı silahlı müqavimət göstərdikləri üçün” öldürülüb. 60 nəfərdən çox insan “radikal dini qrupların tərkibində iştiraka görə” beş ildən səkkiz ilə qədər məhkum edilib.
• “Gəncə işi”: məhkəmədə toqquşmalar, tolazlanan stullar, gözyaşardıcı qaz
Penitensiar Xidmətdən həbsxanalarda sanitar şəraitin olmadığı təkzib edilib və bildirilib ki, məhbuslara koronavirusdan müdafiə üçün fərdi vasitələr təqdim olunur.
Azərbaycanda yoluxma hallarının artımı davam edir. Avqustun 30-da 135 yeni yoluxma halı qeydə alınıb və yoluxanların ümumi sayı 36 309 nəfərə çatıb. Onlardan 531 nəfər ölüb, 33 703 nəfər sağalıb.
Ölkədə ciddi karantin rejimi iyunun 20-də təkrar tətbiq edilib, görülən əsas tədbirlər sentyabrın sonuna qədər qüvvədə qalacaq. İnsanların paytaxtdan regionlara və əksinə hərəkəti qadağa altında qalır, ticarət mərkəzləri bağlıdır, istirahət günləri ictimai nəqliyyat işləmir.
Azərbaycanda ömürlük həbs cəzası 2001-ci ildən tətbiq olunur və buna qədər haqqında ölüm hökmü çıxarılmış insanlara da avtomatik şamil edilib. Ölkədə ölüm hökmü 1998-ci ildən ləğv olunub.