Qızlara işləmək olmaz
foto: Hayk Barshegyan
Sual çox sadə idi: Qarabağda qadınlar özlərini necə hiss edir, onların hansı hüquq, imkan və perspektivləri var?
Bu suala cavab vermək isə o qədər də asan olmadı. Amma kontekstin bütün mürəkkəbliyinə baxmayaraq, müxtəlif qadınlar, kişilər, həmçinin gender siyasətinə görə cavabdeh olan ekspertlər və rəsmi şəxslərlə söhbətlərdən sonra belə bir nəticə ortaya çıxdı ki, Qarabağda qadının işi səliqəli ev, uşaqlar və ər olmalıdır. Vəssalam.
Zorakılıqsız zorakılıq
Qarabağın rəsmi qurumlarında qadınlar təmsil olunur, bəzilərində isə sayları kifayət qədər çoxdur. Son bir neçə il ərzində burada dörd xanım nazir olub (şəhərsalma, ədliyyə, sosial təminat və mədəniyyətə görə cavabdeh olublar).
Bu bir neçə qadın üzdə olanlardır. Bütün yerdə qalan qadınlar üçün isə başqa qaydalar və ənənələr mövcuddur.
Qızların, xanımların və gəlinlərin ali təhsil alması təqdir olunandır, diplomun olması cəmiyyətdə prestijli sayılır. Amma gedib işləmək, özü də tam iş günü, üstəlik də karyera qurmaq – bax bunun üçün ərdən icazə almaq lazımdır. Bu icazə alınandan sonra da qadın anlamalıdır ki, o əvvəlcə evin, övladlarının, həyat yoldaşının qayğısını çəkməlidir və yalnız bundan sonra iş və karyera ilə məşğul ola bilər.
“Bu cür yanaşma özü özlüyündə zorakılıqdır. Amma əksər qadınlar bunu anlamırlar, çünki zorakılıq əməlləri dedikdə onlar ancaq döyülməyi və ya qətl edilməyi nəzərdə tutur, – “Qadın Resurs Mərkəzinin direktoru Qayane Ambartsumyan deyir.
Qayane danışır ki, keçirdiyi diskussiya və treninqlər zamanı ondan təəccüblə xəbər alırlar: məgər zorakılıq zorlama deyil? Və söhbətin nədən getdiyini sonuna qədər anlamadan əksəriyyəti zorakılığa məruz qaldığını etiraf etmək istəmir və təcrübələri barədə üçüncü şəxsin adından danışırlar.
Fiziki zorakılıq
Qarabağda qadınları döyürlər. Tez-tez döyürlər. Bu zaman qadınlar ərlərinin onları döyməsinə bəraət qazandırırlar, məsələn, kefli olması ilə.
“Əksər vaxtlarda zorakılıq halları təkrar olunur. Və tez-tez də ailə zorakılığı müharibənin “irsi kimi nəzərdən keçirilir, –
Respublika Tibb Mərkəzinin psixoloqu Qeqanuş Safaryan deyir.
“Müharibə vaxtı bir çox kişilər kontuziya aldı. Bu, ikinci tez-tez rast gəlinən problemdir: onlarda əsəb pozuntuları baş verir və xanımlarını döyürlər.
Qadının ər deyil, qaynana tərəfindən döyüldüyü hallar da olur. Stepanakertin “Ana və uşağın sağlamlığı mərkəzinin psixoloqu İnna Petrosyan bir dəfə qaynananın gəlini psixoloqun otağına necə itələyib saldığını unuda bilmir.
“O, bizim söhbətimizdə iştirak etmək istəyirdi, təbii ki, icazə vermədim. Qaynana otaqdan çıxandan sonra qadın qayınanasının onu necə aborta məcbur etdiyini danışdı, – İnna Petrosyan deyir.
Ailədə artıq iki qız övladı vardı, qayınana da üçüncü uşağın oğlan olmasını istəyirdi. Gəlin də bir neçə dəfə abort elətdirməli olub.
Ancaq evdə işləmək olar
Qarabağda ərin arvadına işləməyə icazə vermədiyi xeyli sayda ailə var.
“Ərim işə gedir. Mənsə ev işlərini görürəm. O, mənə işə çıxmağa icazə vermir, – 43 yaşlı Culyetta danışır.
35 yaşlı Armine artıq 20 ilə yaxındır ki, ərdədir, deyir ki, əri ona cəmi bir neçə il bundan əvvəl işləməyə icazə verib. “Əvvəlcə razılaşmırdı, amma uşaqlar böyüyəndən və evin xərcləri artandan sonra o işə çıxmağıma razılıq verməyə məcbur oldu, başqa yolu yoxuydu, onun gəliri kifayət etmirdi.
Elə hallar da olur ki, təzə gəlini ər evində ya təhsilini dayandırmağa, ya da qiyabiyə keçməyə məcbur edirlər. Bu, gənclər tələbə ola-ola evlənən zaman daha tez-tez baş verir.
Bir neçə il əvvəl Qarabağda qəbul olunan qanun 17 və hətta 16 yaşlıların valideynlərinin və ya qəyyumların razılığının olması və ya cütlükdən birinin 18 yaşının tamam olması şərtlilə nikaha girməyə icazə verir. Belə çıxır ki, respublikada qızların məktəbi qurtaran kimi və hətta qurtarmadan atalarının və ərlərinin qərarı ilə təhsilini yarımçıq qoyaraq, ərə getməsi vəziyyəti qanuniləşdirilib.
Stepanakert Respublika Tibb Mərkəzinin psixoloqu Qeqanuş Safaryanın sözlərinə görə, ailə qurandan 4-5 il sonra qadınlar təhsil almaq imkanından məhrum olunmalarının təəssüfünü yaşayırlar.
“Tez-tez qadınların – ərim mənə oxumağa imkan vermədi – dediyini eşidirəm, – psixoloq deyir. Bu zaman da əlavə edir ki, bu ailə zorakılığının ən zərərsiz təcəssümlərindən biridir.
Rəhbər qadınlar
Bununla belə, Qarabağdakı bütün ailələrdə belə bir vəziyyətin olduğunu demək düzgün olmazdı. Qadınların ancaq iş yeri seçimində deyil, yüksək vəzifələr tutmasında da müstəqil olduğu hallar da az deyil.
Bu gün Qarabağda ancaq bir qadın nazir var. 33 parlament deputatından cəmi 5 nəfər qadındır. 7 inzibati rayondan heç birinə qadın başçılıq etmir. Düzdür, belə bir şey heç vaxt olmayıb da.