“Qızıl mədəninin işlənməsi ətraf mühitə ziyan vurmayacaq” – Ermənistanın baş naziri. Yenilənib
Yenilənmə
22.00
Ermənistanın baş naziri Facebook səhifəsində canlı yayın zamanı bildirib ki, beynəlxalq ekspertizanın rəyi belə nəticəyə gəlməyə imkan verir: qızıl yatağının işlənməsi ekologiyaya ziyan vurmayacaq. O cümlədən də söhbət mədənin yaxınlığında yerləşən Cermuk kurort şəhərinin mineral sularından, Sevan gölünün və yaxın çayların suyundan gedir.
Paşinyan bəyan edib ki, əgər yaxın zamanda Amulsarda qızıl hasilatının ziyanlı olduğunu sübut edən amillər ortaya çıxmazsa, mədənin işlənməsinə icazə veriləcək.
Baş nazirin sözlərinə görə, Amulsar yatağı Ermənistan üçün misilsiz ekoloji standartlara uyğun istismar olunacaq. O həmçinin hesab edir ki, mədənin işlənməsinə qarşı çıxanlar indən belə Amulsarla yarışmalı olacaq və bunun üçün milyonlarla dollar xərcləməli olacaq digər mədənlərin və yataqların sahibləridir. Paşinyan ehtimal edib ki, məhz onlar səs-küy qaldırmaq və cəmiyyətdə çaxnaşma yaratmaq qərarına gəliblər.
Baş nazir həmçinin əmin edib ki, bu məsələ ilə bağlı hökumətə heç bir təzyiq göstərilməyib – o cümlədən də əcnəbi tərəfdaşlar tərəfindən.
19.00
Avqustun 19-da səhər saatlarından Ermənistan prezidentinin iqamətgahı qarşısında ölkənin cənubundakı Amulsar qızıl mədəninin işlənməsinə qarşı etiraz aksiyası davam edir. Bu, eyni zamanda ölkənin baş naziri ilə görüşə gələn mədənlə qonşu olan qəsəbələrin əhalisinə dəstək aksiyasıdır.
Bütün gün ərzində Nikol Paşinyan Amulsar mədəninin işlənməsi məsələsini maraqlı tərəflərlə, hökumət və çoxluqda olan “Mənim addımım” parlament blokunun nümayəndələri ilə müzakirə edib.
Müəyyən məqamda etirazçılar baş nazirinin görüşlərinin keçirildiyi Baqramyan prospektini qapatmağa çalışıblar. Amma polis güc tətbiq edərək yol hərəkətini bərpa edib.
Bütün görüşlərin yükununa dair qərarını Nikol Paşinyan şəxsən bu gün axşam açıqlayacağını bildirib.
Fəallarla görüşlərin nəticələri
Yatağın istismarının əleyhinə olanlar qızıl hasilatı planlarından əl çəkilməsini tələb etdikləri müddətdə prezident iqamətgahında maraqlı şəxslərin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirilib. Görüşdə hökumət təmsilçiləri, ekoloqlar, Amulsara yaxın yerləşən qəsəbələrin sakinləri və regionun yerli hakimiyyət nümayəndələri iştirak edib. Görüş media nümayəndələri üçün qapalı keçiirilib.
Prezident iqamətgahından ilk olaraq mədənin işlənməsinə etiraz edən iki fəal çıxıb, onıar görüşün sonunu gözləməyiblər. Ekoloq Anna Şahnazaryan bildirib ki, burada fikirləri dinləyib, ümumi məxrəcə gəlmək məqsədi heç qoyulmaylb da, çünki görüş başlayandan 30 dəqiqədən çox ancaq Paşinyan çıxış edib.
“Paşinyanın söylədikləri rasional deyildi”, – Anna Şahnazaryan deyib.
Onun fikrincə, Paşinyan “ekspertiza nəticələri kəllə-mayallak çevirib”.
Söhbət Livanın Elard şirkətinin apardığı tədqiqatın nəticələrindən gedir. Bu şirkətə mədənin işlənməsinin ətraf mühit üçün təhlükə yaradıb-yaratmadığına dair kompleks ekspertiza keçirmək sifariş olunub.
Avqustun 15-də ekspertlərin rəyi dərc olunub. Qısaca olaraq rəy bundan ibarətdir: Amulsar mədənində qızıl hasilatı “idarə olunmayan risklər” doğurmur.
Amma bəzi ekoloqlar və hərəkat fəalları tədqiqatın bu nəticəsi ilə razılaşmayıb. Buna görə də ölkənin baş nazirinin mədənin yerləşdiyi regionun sakinləri ilə görüşü təşkil edilib.
Ani Xaçatryan görüş bitməmişdən prezident iqamətgahını tərk edən ikinci fəal əlavə edib ki, yatağın istismarına qarşı mübarizə davam edəcək:
“Amulsar istismar olunmayacaq! Amulsar dağ olaraq qalacaq [mədənin adındakı ikinci “sar” “dağ” mənasını verir – JAMnews]”.
Eyni şüar hərəkat fəallarının prezident iqamətgahı qarşısına gətirdiyi plakatlara da yazılıb. Baş nazirlə görüş davam etdiyi müddətdə onlar vaxtaşıqı olaraq bu şüarı səsləndiriblər.
Bundan sonra nə olacaq?
Bu görüşdən sonra Paşinyan parlamentə yollanıb ki, məsələni “Mənim addımım” iqtidar bloku ilə müzakirə etsin.
Etirazçılar da parlament qarşısına yollanıblar, Milli Məclis və prezident iqamətgahının yerləşdiyi prospekti qapatmağa çalışıblar. Amma polis güc tətbiq edərək yol hərəkətini bərpa edə bilib. Altı nəfər fəal saxlanılıb.
Mədən haqda
Amulsar mədəni Ermənistanın böyüklüyünə görə ikinci qızıl mədənidir. Bu mədən Cermuk kurort şəhərinin 13 kilometrliyində, Arpa və Vototan çayları arasında yerləşir.yataq 31 ton filiz və 40 ton təmiz qızıldan ibarətdir.
“Lydian Armenia” qızıl mədənini 2005-ci ildə kəşf edib.
2012-ci ilə qədər şirkət investor axtarıb və mədənin işlənməsi proqramını hazırlayıb. O cümlədən də 2012-ci ildə “Lydian Armenia” və Ermənistan hökuməti yatağın işlənməsi haqda saziş imzalayıblar, şirkət mədənin istismarı hüququnu alıb.
Mədənin işllənməsinə qarşı etirazlar 2011-ci ildə başlayıb. Bu etirazlarda ətraf yaşayış məntəqələrinin sakinləri və ekoloqlar iştirak edib. Onlar hesab edirlər ki, qızıl hasilatı Cermuk şəhərinin, Sevan gölünün və bəzi çayların vəziyyətinə mənfi təsir göstərə bilər. O zaman həmçinin “Cermuk mədən olmayacaq” təşəbbüsü də olmuşdu. Təşəbbüsdə deyilirdi:
“Cermuk və Cermuk gənclərinin gələcəyini korlamağa imkan verməyəcəyik”.
2012-ci ildə mədənin işlənməsinə qarşı imza toplanmağa başlayıb. Fəallar dəfələrlə yatağa gedən yolları kəsib, ağır texnikanın işinə mane olublar. 2018-ci ildə isə onlar qızıl hasilatının dayandırılmasına nail olublar.
Elə həmin il Ermənistanın İstintaq Komitəsi ətraf mühitə ziyan vurulması şübhəsilə cinayət işi qaldırıb. Bütün sualların cavabını beynəlxalq ekspertiza verməli idi.
Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, müsbət rəy verilərsə, Amulsar yatağı istismaq olunacaq:
“Əgər istismarın Sevan gölü və Cermukun su sistemi üçün təhlükəsiz olduğu əsaslandırılsa, layihə həyata keçiriləcək. Amma təhlükə varsa, mən baş nazir kimi heç nədən asılı olmayaraq, onun istismarına icazə verə bilməyəcəm”.
Yekunda ekspertiza belə nəticəyə gəlib ki, mədənin işlənməsi “idarə olunmayan risk” daşımır. Yəni qızıl hasilatının bərpası üçün hökumətin qarşısında “yaşıl işıq” yandırılıb.
Təkrar ekspertiza keçiriləcəkmi?
Yeni ekspertizanın keçirilməsi üçün Ermənistan hökumətində heç bir əsas görmürlər. Bunu baş nazirib mətbuat katibi Vladimir Karapetyan bildirib.
O, həmçinin fəalların ölkə lideri ilə görüşü haqda fikrini də bildirib. Baş tutmuş müzakirələri Karapetyan “şəffaf” adlandırıb.
Amma Amulsarla bağlı hökumətinin qəti fikrinin nə zaman açıqlanacağı haqda Karapetyan heç nə deyə bilməyib.
Ekoloqlar ekspertiza nəticələri ilə razı deyillər. Onlar hesab edirlər ki, hökumət mədəni işləmək icazəsi olan şirkətlə məhkəmə çəkişməsindən canını qurtarmaq üçün ekoloji problemlərə göz yumur.
“Lydian” şirkəti təkrar bəyanatla çıxış edib
“Lydian Armenia” Lydian International şirkətinin prezident və baş direktor səlahiyyətlərini yerinə yetirən Edvard Sellersə istinadən Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yeni bəyanat yayıb və açıqlamada bildirilb ki, “Lydian Armenia” şirkətinin bütün beynəlxalq norma və standartlara əməl edir:
“Lydian Armenia şirkətinin əməlləri bütün beynəlxalq standartlara müvafiqdir, hətta çox vaxt onları üstələyir. Kompleks ekspertizanın rəyi də buna dəlalət edir”.
Şirkət rəhbəri Edvard Sellersin sözllərinə görə, Lydian tərəfindən ekspertiza aparılan mütəxəssislərə hər bir dəstək göstərilib:
“Mütəxəssislər əldə etdikləri məlumatlar əsasında öz dəyərləndirməsini edib və onların gəldikləri nəticələr digər beynəlxalq ekspertlərin fikri ilə də üst-üstə düşür”.
Amulsar yatağı niyə belə vacibdir?
Amulsar yatağının istismar hüququnu “Lydian” şirkəti alıb. O, müstəqil Ermənistan tarixində ən böyük investisiya paketinə malikdir. Atruktur 325 milyon dollarlıq rəqəm açıqlayıb. Ehtimal olunurdu ki, ilkin mərhələdə, yəni inşaat işlərinə 1300 nəfər cəlb olunacaq, istismar müddətində isə 770 nəfər işlə təmin ediləcək.
Mədənin işlənməsi şirkətin hesablamalarına görə, Ermənistan ÜDM-nin illik dövr üçün 1,4 faiz və ya 185 milyon dollar həcmində artımını təmin etməlidir. “Lydian” şirkəti dövlət büdcəsinə 50 milyon dollar ödəmə ilə Ermənistanın ən iri beş vergi ödəyicisi sırasına daxil olmağı nəzərdə tutub. İxrac göstəriciləri isə ilkin hesablamalara görə, ildə 286 milyon dollara çata bilər.
Sosial şəbəkələrdə nə yazırlar?
Facebook-un Ermənistan seqmentində istifadəçilər Amulsar mədəni ətrafında baş verənləri müzakirə edirlər. Bu məsələ ilə bağlı fikirlər iki düşərgəyə ayrılıb.
Bir qrup yazır ki, mədən ətraf mühiti və insanları məhv edəcək, Nikol Paşinyan isə onların ümidlərini doğrultmayıb, çünki mədənnin işlənməsinə qarşı çıxmır. Şərhlərdən bəziləri:
“Axmaqlar! Onlar Nikolla birlikdə qızılı hasil edir və satırlar! Heç kim sizi adam yerinə qoymur!”
“Mən Serjin davamçısının istefasını tələb edirəm ” [Serj Sarqsyan – Ermənistanın keçmiş prezidenti – JAMnews]
“Nikol get! Amulsar dağ olaraq qalacaq!”
“Beləcə heç nə dəyişməyib…”
“Mədənin işlənməsinin leyinə ancaq – birincisi, təhlükənin bütün miqyasını anlamayanlar çıxış edə bilər. İkincisi, hətta özünün sağlamlığı və gələcək nəsillərin sağlamlığı hesabına öz var dövlətini, vətənini iki qəpiyə satmağa hazır olanlar”.
Digər qrup isə əksinə, hesab edir ki, hərəkat fəalları nahaq yerə vəziyyəti gərginləşdirirlər, çünki ekspertlər mədənin işlənməsində böyük risklər görmürlər. Sosial şəbəkə istifadəçilərinin bu qismi hökumətə tam etimat ifadə edir:
“Nikol Paşinyanın qərarı bizim üçün mühümdür, çünki baş nazir xalqın tərəfindədir!”
“Etiraz edənlər, axı siz iki il əvvəl deyirdiz ki, Amulsar sizin xilasınızdır, çünki mədənsayəsində işlə təmin olunmusuz?!”
“Ölkəmizin lideri insanlar və ölkə haqda düşünür. Əgər lazım olarsa, Amulsar işlənəcək, lazım olmazsa – yox”.