Seçki nəticələrinə etiraz edən Qırğızıstan müxalifəti hökumət binasını ələ keçirib
Qırğızıstan müxalifəti hökumət binasını ələ keçirib və hakimiyyət çevrilişi haqda elan edib. Bu, ölkədə parlament seçkiləri keçiriləndən və ardınca paytaxt küçələrində xaos və toqquşmalar başlayandan sonra baş verib. Aksiya iştirakçıları seçkilərin saxtalaşdırıldığına əmindirlər.Rəsmi nəticələrə əsasən, əsas müxalif qüvvələr parlamentə keçə bilməyib.
Oktyabrın 6-a keçən gecə minlərlə etirazçı parlamentin və ölkə prezidentinin qərargahının yerləşdiyi “Ağ Evə” soxulub. Etirazçılar prezident Sooronbay Jeenbekovun kabinetini də ələ keçiriblər.
Bundan başqa, qiyamçılar Dövlət Milli Təhlükəsizlik Komitəsinin binasını da ələ keçiriblər və orada cəza çəkən keçmiş prezident Almazbek Atambayevi azad ediblər. Onlar dövlət televiziyası üzərində nəzarəti də ələ keçiriblər.
Etiraz liderlərindən biri, deputat Janar Akayev müxallifətin gələcək planları haqda “Azadlıq Radiosu”na danışıb:
“Koordinasiya hakimiyyəti yaratmaq və şəhərdə komendant təyin etmək lazımdır. Amma mən heç kimi tapa bilmədim. Sabah yeni baş nazir və xalq hökuməti təyin etmək lazımdır. İkinci mərhələ xalq seçkilərinin keçirilməsidir”.
Buna qədər Bişkek mərkəzində polis və etirazçılar arasında toqquşmalar baş verib. Oktyabrın 5-də axşam artıq ən axı 100 nəfərin yaralandığı məlum idi. Parlament deputatı Janar Akayev də onların içindədir – Qırğızıstanın Kloop informasiya resursu xəbər verir.
İğtişaşlar Ala-TOO meydanında müxalifətin mitinqi baş tutandan sonra başlayıb. Aksiyanı yeddi faizlik baryeri keçə bilməyən səkkiz müxalif partiyanın tərəfdarları təşkil ediblər. Onlar seçkiləri çox sayda pozuntuya – seçicilərin satın alınması, inzibati resurslardan istifadə və sairə görə qeyri-legitim hesab edirlər.
Etirazçılar fasiləsiz meydanda qalacaqlarını elan edəndən sonra milis sı şırnaqlarından, gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edərək onları dağıtmağa başlayıb. Rəsmi məlumata əsasən, mitinq iştirakçıları parlament binasına hücum etdikləri üçün milis bu addımları atmağa məcbur olub.
Səs sayımının ilkin nəticələrinə əsasən, ötən seçkilərdə dörd partiya liderlik edib: 24,95 faiz səslə “Birimdik” (“Birlik”), 24,31 faiz səslə “Mekenim Kırqızstan” (Vətənim Qırğızıstan), 8,91 faiz səslə “Qırğızıstan” və 7,21 faiz səslə “Butun Kırqızstan” (“Bütün Qırğızıstan”) partiyaları.
Onların hər biri bu və ya digər dərəcədə hakimiyyəti dəstəkləyir. Əsas müxalifət partiyaları – “Ata Məkan” və Sosial Demokrat Partiyası rəsmi məlumata əsasən, parlamentə keçə bilməyib.
“Satın alınmış” seçkilər?
Qırğızıstan Mərkəzi Asiyada ən demokratik ölkə hesab edilir, 2010-cu ildən burada prezident-parlament idarə üsulu qüvvədədir.
Ölkədə hakimiyyət artıq iki dəfə inqilab yolu ilə dəyişib – 2005 və 2010-cu illərdə.
BBC qeyd edir ki, hazırkı seçkilər səsləsin satın alınması haqda çox sayda məlumatların yayılması ilə xarakterizə olunur: politoloqların sözlərinə görə, buna iqtisadi böhran və vətəndaşların siyasətə inamsızlığı zəmin yaradır. Sosial şəbəkələrdə səsə biçilən qiymət müzakirə olunur – seçicilərə bülletendə doğru işarəni qoymaq üçün 1500-5000 [təxminən 19-63 dollar] som arası pul təklif edilir.
“Sinizm və ikitərəfli səsi pula çevirmək istəyi – partiyaların almaq, seçicilərin isə satmaq istəyi – bu ölkədə siyasi proseslərin deqradasiyasının göstəricisidir və hakimiyyətin cəmiyyətdən və onun əsas tələbatllarından uzaqlaşmasının bilavasitə nümunəsidir”, – politoloq Asel Doolotkeldiyeva qeyd edir. – “Bu da bir çox vətəndaşların gözündə siyasətin mənasını itirdiyindən xəbər verir”.