Qaranlığı udan işıq - Foto-hekayə
Coşqun Eldaroğlu – müəllimlik edən jurnalist
Bu hekayə jurnalist Coşqun Eldaroğlunun Azərbaycanın ucqar kəndlərindən birində könüllü müəllimlik etməsindən bəhs edir
O, iki ilə yaxındır ki, vaxtaşırı Şabranın Qazbabalı kəndinə gedərək, nəinki məktəbə gedə bilməyən uşaqlara, hətta gec də olsa, təhsil almaq istəyən böyüklərə də Azərbaycan dili, riyaziyyat, ingilis dili və “dünya görüşü” fənlərindən dərs deyir
- Perronda “albalı kababı”
- Balik – “istəkli məkan”, yoxsa “bataqlıq”?
- Əngəlləri aşan tarix müəlliminin hekayəsi
İki həftədir bu gün üçün hazırlaşıram. Tam 3 saatlıq yolum var. Daha 2 həftə keçəcək və mən yenə də bu yollarda olacam. Orada, Şabran rayonunun Qazbabalı kəndində məni gözləyənlər var. Evdən tez çıxmalıyam. Uşaqlarımın mənimlə görüşə necə tələsdiyini bilirəm. Uşaqlarım deyəndə şagirdlərimi nəzərdə tuturam. Əslində, mən müəllim deyiləm, amma həm də müəlliməm. Bir az qəliz danışdım, deyəsən. Vəziyyəti izah edim.
Əslim Şabran rayonundandır. Əvvəllər yolum az-az düşərdi Şabrana. Bir dəfə qohumlardan birinin yas məclisinə yollanmışdım. Orada təsadüfən Nəzrin adlı balaca bir qızla həmsöhbət oldum. Söylədiklərinə heyrət etdim. Bu ildən məktəbə getməyəcəyini deyirdi. Səbəbini soruşanda aydın oldu ki, onun yaşadığı Qazbabalı kəndində məktəb cəmi dörd illikdir. Öyrəndim ki, həmin kənddə Nəzrin kimi təhsilini davam etdirə bilməyəcək başqa uşaqlar da var. Bu uşaqlar təhsil almaq istəsələr də, bu imkandan məhrumdurlar.
Bir an nə edəcəyimi düşündüm. Nəzrinə öyüd-nəsihət verə bilərdim. Ona və o biri uşaqlara oxumaq, təhsil almaq niyətləri varsa, bütün çətinliklərin öhdəsindən gələ biləcəkləri barədə ağıllı sözlər söyləyə bilərdim. Adətən çoxlarının dediyi həmin sözləri deyərdim; əzizlərim, sizdə o potensialı görürəm ki, uzun-uzun yolları qət edib, qarlı-şaxtalı havalarda, yağışlı günlərdə yaxın kəndlərdəki başqa bir məktəbə gedə bilərsiniz… Ancaq, bu cür davransaydım o zaman özüm olmayacaqdım. Hər zaman yaxşı insan olmaq haqqında düşünmüşəm. Bilirəm ki, yaxşı insan olmaq sözdə deyil, əməldə olmalıdır. O uşaqlara konkret faydam dəyməyəcəksə, havayı yerə danışmağın mənasız olduğuna inanırdım.
Düşündüm ki, görəsən, mən onlara dərs deyə bilərəmmi? Doğrusu, bu qərarı vermək asan olmadı. Məsafə uzaq, özümə görə işim-gücüm vardı. Əslində jurnalist kimi fəaliyyət göstərsəm də, müəllimliyi bacaracağımı düşündüm. Sonunda qərarımı verdim, onların müəllimi mən olacağam.
Hər dərsdə uşaqlar üçün dörd fəndən 96 suallıq test hazırlayıb, çap edirəm. Bu fənlərə daxildir: Azərbaycan dli, riyaziyyat, ingilis dili və “dünya görüşü” fənni. “Dünya görüşü” dediyim dərs coğrafiya, tarix və kimya fənlərinin ümumi adıdır.
Bir neçə şagirdimin evi Qazbabalı kəndindən uzaqdadır. Hər dəfə dərs deməyə gedəndə onları da öz maşınımla aparır, dərsdən sonra da evlərinə qaytarıram.
Kəndin yolları çox yararsızdır. Yağışlı günlərdə bu yollardan keçmək əsl məşəqqətdir. Adi ayaqqabılarla üzü yuxarı kəndə qalxmaq çətin olur. Buna görə də kəndin girişinə çatdıqda maşınımı saxlayıb ayaqqabılarımı uzun çəkmələrlə əvəzləyirəm.
Qazbabalı kəndinin ucqarına qədər 2 km yolu şagirdlərimlə bərabər piyada qalxırıq.
Dərs üçün kəndlilərdən birinin evindəki balaca otaqda yığışırıq. Otağın ölçüsü balaca, stolların sayı az olduğundan 8 saat ərzində ayaq üstə dərs deməli oluram.
Şagirdlərimdən Hüseyn və Şərif bəzən dərsə öz evlərindəki oturacaqları götürüb gəlirlər.
Ən böyük şagirdim 28 yaşındadır. Bu həmin Sürəyyadır ki, orta məktəb təhsili almayıb. İndi isə qızı Fidanla bərabər dərslərə gəlir. Qızı ilə sinif yoldaşıdır. Sürəyya mənim dərsdə öyrətdiklərimi digər təhsilsiz kənd qadınları ilə bölüşür.
Ən uzun çəkən dərsimiz riyaziyyatdır. Bununla belə, şagirdlərim bu fənnə böyük həvəslə hazırlaşırlar.
Qışın romantikası Qazbabalı kəndinə aid deyil. Hava soyuq, kənd yolları qar və palçıqlı, dərs dediyimiz evin işığı da kəsilib. Amma bu məni ruhdan salmır. Uşaqlar anlayır ki, işıq yoxdur, amma bir nəfər onlara işıq olmaq üçün gəlib.
Uşaqlar onlara verdiyim test suallarını cavablayana qədər, mən də onlar üçün nahar yeməyi bişirirəm. Naharımızı adətən günorta saat 3-də edirik.
Fasilə vaxtı uşaqlara təklif etdim ki, nə qədər ki çöldə qar hələ əriməyib, gəlin qartopu oynayaq, bu fürsəti dəyərləndirək.
Qazbabalı kəndində axşam düşüb. Sonuncu “Dünya Görüşü” dərsimizi də başa vurduq. Deməli, qayıtmaq vaxtıdır.
İndi Bakıya yola düşürəm. Xeyli yorulub, süstləşmişəm. Amma çox fərəhliyəm. Bilmirəm haqlıyam yoxsa yox, amma özümü ciddi bir iş görmüş kimi hiss edirəm. Düşünürəm ki, hər belə qaranlıq axşam, şagirdlərimin gələcəyinə açılan səhərə xidmət edir. Qaranlıq qorxulu deyil. Qorxulu olan bu qaranlıqdan çıxa bilmək üçün işıq olmağa can atmamaqdır.