Qarabağı nə gözləyir
Donald Trampın prezident seçilməsi bütün dünyada, o cümlədən də Cənubi Qafqaz ölkələrində dəyişiklik gözləntisinə səbəb oldu. Düzdür, Vladimir Putinin söylədiyi kimi, dünyada yeganə super ölkə olan ABŞ-ın siyasətinin hansı istiqamət üzrə inkişaf edəcəyini heç kim bilmir.
Qarabağ münaqişəsi ilə bağlı da ğözləntilər var, düzdür əksər ekspertlər etiraf edir ki, münaqişə ancaq daha qlobal transformasiyalar kontekstində, o cümlədən Yaxın Şərqdəki qarşıdurmanın sona çatması ilə həll oluna bilər. Çox şey də ondan asılı olacaq ki, Yaxın Şərqdə sərhədlər toxunulmaz qalacaq, yoxsa Cənubi Qafqaz və Türkiyəni də yan ötməyən yeni sülh müqaviləsi imzalanacaq.
Hələliksə Qarabağ münaqişəsi ilə bağlı dəyişiklik ancaq bir əhəmiyyətsiz faktda özünü göstərdi – ATƏT-in Qarabağ münaqişəsinin tənzimlənməsi yollarının axtarışı ilə məşğul olan Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik vəzifəni tərk etdiyini bildirdi. О, Vaşinqtonda yerləşən iri Rusiya şirkətinin məsləhətçisi olmaq niyyətindədir.
Uorlikin gedişi tənzimləmənin məntiqinin dəyişməsinə gətirib çıxara bilər. Ceyms Uorlik 2013-cü ildə Minsk qrupunun həmsədri oldu, həmin vaxtdan da danışıqların əsas mövzusu Amerikanın Qarabağ münaqişəsi zonasında insidentlərin araşdırılması mexanizmlərinin yerləşdirilməsi ilə bağlı təşəbbüsü oldu. Bu zaman konkret olaraq nəyin nəzərdə tutulduğunu heç kim bilmir.
Monitorinq avadanlığı barədə danışırlar, amma bu avadanlığın hansı ölkənin istehsalı olacağı göstərilmir, onun hansısa paytaxtda yerləşən “mərkəzlə bağlı olub-olmayacağı bildirilmir. Yəni Qarabağla Azərbaycan arasındakı sərhədə kimin nəzarət edəcəyi və regionun kimin “çətiri altına keçəcəyi məlum deyil.
Ermənistan ABŞ-ın təklifini qəbul etdi, eyni zamanda da Yerevan Rusiya ilə hərbi-texniki əməkdaşlığını daha da möhkəmləndirir. O cümlədən, Ermənistanla Rusiyanın vahid Hava Hücumuna Qarşı Sisteminin yaradılması haqda müqavilənin ratifikasiyası artıq başa çatmaq üzrədir. İndi də söhbət Birləşmiş qruplaşmanın yaradılmasından gedir, bura Ermənistanda yerləşən 102-ci Rusiya bazası və Ermənistan ordusunun korpuslarından biri daxil olacaq. Hətta belə bir məlumat var ki, qruplaşmaya xüsusi xidmət qüvvələri də daxil ola bilər (xatırladaq ki, Ermənistanın Türkiyə və İranla sərhədləri Rusiya FTX-nin sərhəd qoşunları tərəfindən mühafizə olunur).
Bundan başqa, Ermənistan bu yaxınlarda Rusiyanın hava “çətirinin bir hissəsi olan “İsgəndər operativ-taktiki komplekslərini nümayiş etdirdi. Həm də erməni tərəfi sərhədin möhkəmləndirilməsi, infraqırmızı kameralar və başqa monitorinq avadanlığının quraşdırılması ilə bağlı müstəqil şəkildə iş gördüyünü bildirir. Müdafiə nazirinin müavininin sözlərinə görə, həmin avadanlıq düşmənin “arxa cəbhədə hərəkətlərini görmək imkanı verir.
Bütün bu addımlar ondan xəbər verir ki, Ermənistan tərəfi indiki, 1994-cü ilin may ayında elan edilən atəşkəsdən sonra müəyyən olunan və 1-4 aprel 2016-cı ildə baş verən Aprel Müharibəsi ilə korreksiya olunan sərhədlərdən geri çəkilmək niyyətində deyil. Erməni tərəfi apreldə cənub və şimal istiqamətlərdə 800 hektar ərazini itirdiyini etiraf etdi. Amma bütün qalan torpaqları Ermənistan tərəfi nəyin bahasına olursa olsun qorumaq niyyətindədir.
Ermənistan prezidenti Serj Sarkisyan “Sputnik agentliyinə müsahibəsində bildirdi ki, 2011-ci ildə Kazanda baş tutan danışıqlar zamanı keçmiş Dağlıq Qarabağ Muxtar Respublikası ətrafındakı, “Azərbaycanın işğal olunmuş adlandırdığı rayonları Azərbaycana qaytarmağa hazır idi. Söhbət müharibə zamanı Qarabağın nəzarəti altına keçən 5-7 rayondan gedir.
Serj Sarkisyan onları təhlükəsizlik zonası adlandırır və bildirir ki, erməni tərəfi oradan qoşunları çıxarmağa hazırıydı, əvəzində isə Azərbaycan Qarabağın müstəqilliyini tanımalı və əlaqələri açmalı idi. Amma 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyev bir sıra yeni şərtlər irəli sürdü və Kazan planından imtina etdi.
Tam aydın deyil ki, Rusiyanın irəli sürməyə çalışdığı bu plandan Əliyev indi imtina edir yoxsa yox. Bu yaxınlarda Əliyev bildirdi ki, Qarabağın muxtariyyətini nəzərdən keçirməyə hazırdır, amma yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Əliyev eyni zamanda geniş miqyaslı təlimlər keçirməklə və yeni silahın alınması barədə məlumat verməklə militarist ritorikasını bir az da gücləndirdi. Bundan başqa, Azərbaycan 2017-ci ildə hərbi xərcləri 63% artırmağa hazırlaşır.
Ekspertlər indi də Serj Sarkisyanın Kazan planından imtina etdiyini bildirirlər. Amma görünən budur ki, vasitəçilər, o cümlədən də ABŞ və Fransa, eyni zamanda da ATƏT-in fəaliyyətdə olan sədri Almaniya indiki sərhədlərin dəyişdirilməsini nəzərdə tutan və regionda sabitliyin pozulmasına səbəb ola biləcək Kazan planını deyil, indiki status-kvonun saxlanmasını dəstəkləyir.
Azərbaycan mümkün yollarla bu trendi dəyişməyə və danışıqları Kazan təklifləri məcrasına qaytarmağa çalışır. Bunun üçün də Azərbaycan Rusiyanın Ermənistana təsirindən istifadə etməyə çalışır. Rusiya yönlü Avrasiya İttifaqına üzv olacağı ehtimalına eyham vuraraq, Azərbaycan Moskvadan Qarabağın azı bir neçə rayonu şəklində “başlıq tələb edir.
Ermənistanla sərhədlərin açılmasına Qarabağ münaqişəsinin tənzimlənməsini şərt kimi irəli sürən Türkiyə də var. Bu sərhəd Avropa Şurası ölkələrində yeganə bağlı yerdir, bununla belə Türkiyə inadla sərhədləri açmır və bildirir ki, bunu ancaq Ermənistan qoşunlarını Qarabağ ətrafındakı rayonlardan çıxarandan sonra edəcək. Bu zaman da rayonların sayı 7,5 və 3 arası dəyişir, bu yaxınlarda isə türk məmurlarından biri bildirdi ki, Ermənistan bir rayondan belə qoşunları çıxarmaq istəmədi, halbuki Türkiyə məhz bunu təklif edirdi.
Bu fonda da Qarabağ münaqişəsinin tənzimləməsində inkişaf vektorunun necə olacağını təxmin etmək çətindir. Xüsusən də ona görə ki, Ermənistanda indi seçkiqabağı dövr başlayır və gələn ilin ortalarına qədər xüsusi bir inkişaf gözləməyə dəyməz.
Bununla belə, bəzi analitiklər istisna etmir ki, Barak Obama prezidentlik dövrünün son iki ayından Yaxın Şərqdə böyük müqavilənin imzalanması üçün istifadə edəcək. Bu, çoxpilləli bir müqavilə də ola bilər, iştirakçıları çox güman ki, Rusiya, Türkiyə və İran olacaq. Bu müqavilə də həmin ölkələrlə qonşu olan Cənubi Qafqazdan yan ötməyəcək.
Belə bir müqavilə imzalanmasa, Cənubi Qafqazda indiki vəziyyət dondurulacaq. Azərbaycan vaxtaşırı vəziyyəti dəyişməyə çalışacaq ki, status-kvo beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan bir reallığa çevrilməsin. Amma Ermənistan da belə görünür ki, “status əvəzində ərazi və ya “əlaqələrin açılması və hərbi əməliyyatlardan imtina əvəzində ərazi prinsipiylə münaqişənin tənzimlənməsinə marağını itirib.
“Sputnikə müsahibəsində Serj Sarkisyan bildirib ki, istənilən vaxt İlham Əliyevlə görüşə hazırdır, amma yalnız etimad və atəşkəs rejiminin möhkəmləndirilməsi ölçüləri haqda müqavilənin imzalanması üçün. Görünən budur ki, Kazan planını unutmaq lazımdır.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər
Dərc olunub: 24.11.2016