“Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığının həlledici səhvi”. Bakıdan şərh
Qarabağda sülhməramlıların komandanlığında dəyişiklik
Qarabağda Rusiya sülhməramlı kontingentinin komandirinin rotasiyası baş verib – Andrey Volkovu Aleksandr Lentsov əvəzləyib. Yeni komandir artıq bir neçə görüş keçirməyə nail olub. Azərbaycanlı ekspertin sözlərinə görə, bu görüşlər regiondakı sülhməramlıların taleyini əvvəlcədən müəyyənləşdirib.
- “Ən böyük arzum qızımın “ata” deməyini eşitməkdir”
- “30 il keçsə də, Laçındakı evimi gözüyumulu taparam”
- Azərbaycan parlamenti tənqidçi bloqerə müsahibəsinə görə deputatın cəzalandırılmasını tələb edir
Rusiya sülhməramlılarının Qarabağdakı yeni komandanı general-polkovnik Aleksandr Lentsov Qarabağa gəldikdən dərhal sonra tanınmamış “DQR”in prezidenti Araik Harutyunyanla görüşüb. Bir gün sonra isə sülhməramlıların yeni rəhbəri Ermənistanın müdafiə naziri ilə görüşmək üçün Yerevana gedib.
Azərbaycanlı siyasi şərhçi Hacı Namazov JAMnews-a Lentsovun yeni postunda ilk addımlarını şərh edib.
Ekspertin sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin Qarabağa yeni təyin olunmuş komandiri Aleksandr Lentsov da bu vəzifədə olan sələflərinin ondan əvvəl buraxdıqları səhvi edib.
“Sülhməramlıların qərargahının yerləşdiyi Xocalıya gələndən dərhal sonra o, Xankəndindəki qanunsuz rejimin qondarma prezidenti ilə görüşdü və bundan sonra Ermənistanın müdafiə naziri ilə görüşmək üçün Ermənistana getdi.
İlk baxışda demək olar burda nə var? Yəqin ki, daha sonra Azərbaycanın müdafiə naziri ilə görüşəcək. Amma bu sonra olacaq. Niyə bu səhvdir? Hətta Rusiya sülhməramlıları komandirlərinin bağışlanmaz yanlışıdır?” – Namazov sual edir və özü də cavab verir:
“Qafqaz Şərqdir və bildiyiniz kimi, bu incə məsələdir. Burada Qərbdə gözə dəyməyən incəliklərə diqqət yetirirlər.
Qarabağ Azərbaycanın bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisidir. Əvvəllər de-yure idi, indi isə tamamilə de-faktodur. Əminliklə demək olar ki, aprelin 23-də Azərbaycan öz dövlət sərhədlərinin bütün perimetrini nəzarətə götürəndən sonra Qarabağı rəsmi Bakının nəzarəti altında olmayan hansısa xüsusi ərazi adlandırmaq olmaz.
Moskvadan təyin olunan general isə ilk növbədə bu ərazilərin sahibləri ilə, yəni Azərbaycan hökuməti ilə görüşüb özünü tanıtmağa borcludur. O isə bunu ən son edəcək, o da əgər icazə verilsə. Görünür, belə davranmaqla bağlı göstəriş Lentsov və onun sələflərinə Moskvadan verilir. Hamı bilir ki, Kremlin razılığı olmadan sülhməramlı kontingentin komandirləri Qarabağda bir addım belə atmırlar ”.
Siyasi icmalçı Qarabağda sülhməramlı missiətrafında hadisələrin gələcək inkişafına dair fikirlərini də bildirib:
“Azərbaycanda hamı bunu görür, baş verənləri müşahidə edir və yadda saxlayırlar. Bütün baş verənlərdən sonra rəsmi Bakının Lentsovu dinləməyə və onunla dil tapmağa çalışacağına ümid etməyə əsas yoxdur.
Azərbaycan 2020-ci ildə və ondan sonrakı illərdə sübut etdi ki, o, regiondakı vəziyyətin ağasıdır və onun iradəsinə zidd heç bir qərar qəbul edilə bilməz.
İndi Qarabağdakı Rusiya sülhməramlılarının Bakıdan hər hansı güzəştə nail olmaq üçün nəticəsiz cəhdlərini izləmək qalır. Onların regionda mövcudluqları ilə bağlı bütün təcrübəni nəzərə alaraq əminliklə demək olar ki, Lentsovdan əvvəlki dövrdən heç bir fərq olmayacaq. Artıq səhvə yol verilib”.