Qarabağda yeni hərbi əməliyyatlar mümkündürmü? Bakıdan şərh
Sentyabrın 3-də Azərbaycanın Müdafiə Nazirliyi Qarabağda Şuşa şəhəri yaxınlığında atşıma baş verdiyi və Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdən yerləşmiş erməni silahlı dəstələrində itkilər haqda məlumat yayıb. Tanınmamış Dağlıq Qarabağ Respublikasının “Müdafiə ordusu” bu məlumatı təkzib edib.
Qarabağda yeni hərbi əməliyyatlar mümkündürmü? Azərbaycanlı politoloq Şahin Cəfərli şərh edib.
- Hərbi yardım və islahatlar. Ukrayna və ABŞ prezidentləri nə haqda razılaşıblar?
- Azərbaycan əsgəri Qarabağda ermənilər tərəfindən saxlanılıb və casusluqda günahlandırılır
“Qarabağda qanunsuz silahlı dəstələrə qarşı hərbi əməliyyat keçirmək mümkündürmü? Prinsipcə, bəli. Rusiya ilə anlaşıb, keçirmək olar. (Bu cür əməliyyatın keçirilməsi Rusiyanın razılığı olmadan mümkün deyil).
Amma Rusiya buna razı olacaqsa, hərbi əməliyyata nə ehtiyac? Rusiya istəsə, Ermənistandan gələn qüvvələri geri göndərər, yerli silahlıları da (əgər varsa) tərksilah edər və məsələ bir güllə atmadan 2-3 günə həll olunar. Əsas sual budur ki, Rusiya bunu istəyirmi? Rusiya münaqişə tərəflərindən birini ortadan qaldırıb, Qarabağ məsələsinə nöqtə qoymaqda maraqlıdırmı?
Mən düşünürəm ki, yox. Ən azından hələ yox. Və məsələnin komik tərəfi odur ki, bu cür situasiya (yəni tərəflərdən birinin yox olması) 10 noyabr Bəyanatına da ziddir. Bəyanata əsasən Qarabağda təmas xətti və qarşı duran tərəflər var. Bunlar aradan qalxacaqsa və Azərbaycanın suverenliyi Xankəndidə təmin olunacaqsa, onda sülhməramlılar orada nə edəcək və ümumiyyətlə, Rusiya niyə bizə 10 noyabr Bəyanatını imzalatdırırdı? Çünki özümüz onsuz da məsələni həll edirdik.
Bir ehtimal qalır ki, Rusiya yerli ermənilərin təhlükəsizliyini təmin etmək üçün orada daimi hərbi baza yaratmağa Azərbaycanın razılığı müqabilində Xankəndidə Bakının hakimiyyətinin təmin olunmasına razılıq versin – SSRİ dövründə olduğu kimi”, – Şahin Cəfərli Facebook səhifəsində yazıb.