Qarabağda vəziyyət dəyişməyib, qaz təminatı bərpa ediləcək
Rusiya Müdafiə Nazirliyi Qarabağda Ermənistan silahlı qüvvələrinin mövqelərinə dörd PUA zərbəsi, həmçinin üçtərəfli bəyanatın şərtlərinin pozulması haqda məlumat verib. Azərbaycanın Müdafiə Nazirliyi rusiyalı həmkarlarına sərt cavab verib. Bu arada “Azəriqaz” tezliklə qaz təminatının bərpa olunacağını bildirib.
- Rusiya Bakıya reyslərin sayını artırır və Azərbaycanı təyyarələrinin həbsində günahlandırır
- Ermənistan Azərbaycan SQ-nin Dağlıq Qarabağda yüksəklik ələ keçirdiyini deyir, Bakı mövqelərin dəqiqləşməsi haqda bildirir
- Ukraynada müharibə. Azərbaycan kimin tərəfindədir?
Martın 26-da axşam Rusiya Müdafiə Nazirliyi informasiya bülletenində ikinci Qarabağ müharibəsinə son qoyan 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının şərtlərinin pozulması haqda bildirib.
Bu arada Xankəndidən verilən məlumata əsasən, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi hissəsində vəziyyət dəyişməyib. Azərbaycan SQ martın 24-də tutduqları mövqeləri – Fərrux kəndi və Daşbaşı yüksəkliyini saxlayır.
Rusiya Müdafiə Nazirliyinin məlumatı
“Rusiya sülhməramlı kontingenti tərəfindən Dağlıq Qarabağ ərazisində vəzifələrin yerinə yetirilməsi davam edir.
Martın 24-dən 25-ə qədər Azərbaycan Respublikası silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı 2020-ci il 9 noyabr üçtərəfli bəyanatının şərtlərini pozaraq Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağ ərazisindəki məsuliyyət zonasına daxil olub və müşahidə postları qoyublar. FURUX yaşayış məntəqəsi ətrafında Dağlıq Qarabağın silahlı dəstələrinin hissələrinə “Bayraktar-TB-2” tipli pilotsuz uçan aparatla dörd zərbə endirilib.
Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı tərəfindən vəziyyətin nizamlanması və qoşunların əvvəlki mövqelərinə qaytarılması istiqamətində tədbirlər görülür. Azərbaycan tərəfinə qoşunların geri çəkilməsi çağırışı edilib”, – RF Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingentinin Dağlıq Qarabağ münaqişəsi zonasındakı fəaliyyəti haqda informasiya bülletenində deyilir.
Bu bülleten dərc olunandan dərhal sonra Azərbaycanın Müdafiə Nazirliyindən sərt cavab gəlib.
Azərbaycanın Müdafiə Nazirliyinin cavabı
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli həqiqəti əks etdirməyən və birtərəfli açıqlaması ilə bağlı təəssüfünü bildirir, – AR MN-in məlumatında qeyd olunub.
“Martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilmişdir. Söhbət zamanı Azərbaycan tərəfi bəyan etmişdir ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır.
Lakin buna baxmayaraq, martın 26-sı səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını pozmayıb.
Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır.
Müdafiə Nazirliyi bildirir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir.
Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur.
Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycan ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir”, – bəyanatda vurğulanır.
Bazar günü, martın 27-də səhər Azərbaycan ərazisində təbii qazın paylanmasına cavabdeh olan “Azəriqaz” istehsalat birliyindən bildirilib ki, Xankəndi və ətraf ərazilərin qaz təminatı tezliklə bərpa olunacaq.
Qaz təminatı bərpa olunacaq
“Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub.
Normadan artıq qarın yağmasına baxmayaraq, “Azəriqaz” İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər.
Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir.
Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq” – “Azəriqaz”ın məlumatında qeyd olunub.
Şərhlər
Sosial şəbkələrin Azərbaycan seqmentində Qarabağın RF sülhməramlı kontingentinin yerləşdiyi hissəsində baş verən hadisələr qızğın müzakirə olunur.
“Hazırda Dağlıq Qarabağda 30 minə yaxın erməni əhali yaşayır. Dağlıq Qarabağın böyük hissəsi, əsas hərbi və strateji yüksəkliklər Azərbaycan Ordusunun nəzarətindədir. Laçın dəhlizi Ordumuzun nəzarətində olmasa da, Laçının erməni əhalisinin yaşadığı bölgəyə heç bir aidiyyatı yoxdur. Bir sözlə, Dağlıq Qarabağ anklav vəziyyətdədir.
Cənubi Qafqazda əsas açar ölkələrdən biri, NATO üzvü olan Türkiyə Azərbaycanın müttəfiqidir. Ermənistan həm Azərbaycanın, həm Türkiyənin arasındadır və post-Putin dövründə bizim maraqlarımızı nəzərə almaq məcburiyyətində qalacaq. Qərb də bu reallığı anlayır.
ABŞ prezidenti Co Baydenin Novruz bayramı ilə bağlı İlham Əliyevə ünvanladığı məktubda birinci olaraq demokratiyanı qeyd etməsi ilə yanaşı diqqəti çəkən əsas məqamlardan biri də o idi ki, o, məktubunda bu səfər ATƏT-in Minsk Qrupunu qeyd etməmişdi. Keçən ilki məktubunda isə Minsk Qrupu barədə ətraflı yazmışdı. Çünki yuxarıda yazdığım reallıqları nəzərə alan Qərb və ilk növbədə ABŞ Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını – sülhyaradıcı faktor kimi artıq qəbul edib.
Proqressiv dünyaya, ilk növbədə də Qərbə bu gün hansısa ikinci cəbhənin açılması, Ukrayna konfliktinin dünyanın başqa bölgələrinə keçməsi lazım deyil. Bu gərginlik yalnız Putinə sərf edir.
Dağlıq Qarabağda gərginlik həmçinin Koçaryan başda olmaqla Ermənistan müxalifətinə lazımdır. Onlar bilirlər ki, Putin Dağlıq Qarabağı onsuz da Azərbaycana vermək istəməyəcək və belə tezliklə öz qoşunlarını ərazidən çıxaran deyil.
Bizi isə sonra etnik təmizləmədə, etnik ədavət və nifrətdə ittiham edəcəklər. Həm indi, həm post-Putin dövründə. Post-Putin dövründə Dağlıq Qarabağ onsuz da Azərbaycan ərazisi olacaq.
İndi qaş düzəltmək yerinə vurub göz çıxartmaq olmaz. 2020-ci ildə əldə etdiyimiz hərbi uğurlardan sonra görəcəyimiz əsas iş Azərbaycanı sülh tərəfdarı, beynəlxalq hüququn, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə sadiq, qonşuları ilə mehriban dostluq münasibətinə önəm verən, etnik qrupların birgə yaşayışını təmin edə bilən bir dövlət kimi tanıtmaqdır.
Əliyevlərin və proseslərin sabahını görə bilməyənlərdən fərqli olaraq Azərbaycan xalqına demokratiya lazımdır. Azərbaycan demokratik olmalıdır və olacaq. Bizim bu gün və sabah əsas mövzumuz budur”, – Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı sosial şəbəkədə yazıb.
“Atlas” Analitik Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya Müdafiə Nazirliyinin məlumatının tonuna diqqət çəkib:
“ “Müttəfiqimiz” bizə xox gəlməyə çalışır. Açıqlamalarında qəsdən yenə “Dağlıq Qarabağ” və “Dağlıq Qarabağ Respublikası” ifadələrini işlədirlər. Halbuki, nə birinci, nə ikinci qanunidir.
İnformasiya savaşının yeni mərhələsinə qədəm qoyuruq. Deyəcək və yazacaq arqumentlərimiz kifayət qədərdir, yetər ki, bütün bu alətlərdən istifadə edək”
Ekspert Elçin Əfəndi Rusiyaya qüvvələr nisbətini doğru dəyərləndirmək haqda xəbərdarlıq edir və Azərbaycanla toqquşmadan çəkinməyə çağırıb:
“Rusiya ilə Azərbaycan arasında hazırda hansısa qarşıdurma Rusiyanı tamamilə məhv edər.
Əvvəla, Azərbaycan Qafqazda Rusiyanın ən yaxın mütəffiqi və iqtisadi dəstəkçisidir.
İkincisi, Qarabağ savaşında Azərbaycan ordusunun nələrə qadir olduğunu Rusiya yaxşı bilir.
Üçüncüsü, Şuşa bəyannaməsi. Türkiyə dərhal yanımızdadı. Türkiyənin qoşulması isə NATO-nun qoşulması deməkdir.
Dördüncüsü, Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılması.
Beşincisi, Rusiyada yaşayan Azərbaycanlı biznesmenlərin təzyiqi.
Və s.”