“Qarabağda separatçı əhval Moskvadan idarə olunur” – Bakıdan şərh
Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti yerlədiyi hissəsində yerli qüvvələrin Azərbaycan hərbçiləri ilə qarşıdurması halları artıb. Azərbaycanlı politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynlinin fikrincə, bu proseslər Moskvadan idarə olunur.
- Ermənistan-Azərbaycan dəmiryolu xətti: mənfəət və zərər haqda danışmaq tezdir
- Azərbaycan Ermənistana UNESCO missiyası göndərməyə çağırır
- Pasifizm və ya “biz heç vaxt bir yerdə yaşaya bilməyəcəyik”: transformasiya hekayəsi
Nə baş verib?
Son günlərdə müvəqqəti olaraq Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən keçərək Kəlbəcərə gedən Azərbaycan silahlı qüvvələrindən ibarət iki avtokolon erməni əsilli yerli sakinlərin müqavimətilə qarşılaşıb. Sülhməramlı kontingentin rəhbərliyinin müdaxiləsi nəticə verməyib.
Kəlbəcəri Xanlar rayonu ilə birləşdirən yol güclü qar üzündən bağlı olduğuna görə Azərbaycana aid avtomobil kolonları keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən keçən Ağdərə-Kəlbəcər yolu ilə gedirmiş.
Politoloqun şərhi
“Separatçılar artıq bütün “qırmızı cizgilər”i keçirlər. 10 noyabr 2020-ci ildə bağlanan üçtərəfli sazişin bütün müddəalarını pozmaqda və onu heçə saymaqdadırlar. Guya yeni “konstitusiya layihəsi” üzərində işləyirlər, yeni “prezident” və “parlament” seçkiləri keçirmək istəyirlər, nə qədər qəribə olsa da, Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər. Hadrutu, Goranboy rayonunun Gülüstan qəsəbəsini, Şuşanı tələb edirlər”, – azərbaycanlı politoloq, keçmiş dövlət müşaviri, professor Qabil Hüseynli qeyd edib.
Onun sözlərinə görə, bütün bunlar Azərbaycanı təbdən çıxarmaq üçün edilən hərəkətlərdir: “Bu, Azərbaycanla yeni qarşıdurma istəyən qüvvələrin təhrikidir. Belə şəraitdə ortam gərginləşmiş kimi görünür, Azərbaycan tərəfi də bu istiqamətdə müəyyən hazırlıqlarını aparır”.
“Diqqət çəkən məqam odur ki, bu hallar Araik Harutyunyanın Moskvaya səfərindən sonra xüsusi vüsət alıb. Azərbaycan onu qırmızı bülletenlə axtarışa verdiyini, onunla bağlı istintaqın bitdiyini açıqladıqdan sonra bu məsələlər kulminasiya nöqtəsinə çatıb.
Ənənəvi olaraq, Kəlbəcərə inşaat materialları aparan kolonumuz öyrədilmiş ermənilər tərəfindən dayandırılıb. Sülhməramlılar da ora gələrək bir neçə söz deməklə işlərini bitmiş hesab ediblər. Belə görünür ki, Moskvanın yerlərdəki sülhməramlı adlandırılan silahlı qüvvələri öz missiyasını yerinə yetirə bilmir.
Mənə görə bu, başdan-ayağa avantüradır və regionda prosesləri pozmağa hesablanıb. Görünür, kimlərsə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmasının qarşısını almaq istəyir. Havadan barıt iyi gəlir desək, məncə, yanılmarıq.
Gəlin açıq danışaq, bunların hamısı bir mərkəzdən – Moskvanın müəyyən dairələri tərəfindən idarə edilir. Bu hərəkətlərin bir qismi Paşinyan və komandasına qarşı, digər qismi də Azərbaycana və dövlətimizn həmin ərazilər üzərindəki suverenliyinə qarşı yönəldilib.
Məsələn, Robert Koçaryan Rusiya Müdafiə Nazirliyinin əks-kəşfiyyatı ilə daim əməkdaşlıq edən şəxsidr. Yerevanda Koçaryanla bağlı məhkəmə prosesi gedir. Onun təxminən 12 il müddətinə həbs cəzasına məhkum ediləcəyinin gözlənildiyi bir vaxtda revanşist çağırışlarla çıxış etməsi göstərir ki, Moskvadan yeni təlimatlar alıb.
Paşinyan komandasından bir deputat deyib ki, daha heç kim Koçaryanın arxasınca getməyəcək. Ermənistanın gələcəyi Azərbaycanla sülh bağlamaqdan və Türkiyə ilə əlaqələrin bərpasından asılıdır. Bu, ayıq-sayıq açıqlama və sağlam düşüncədir”.
Hazırda Rusiya “gözü ayağının altını görməyən” bir vəziyyətdədir, Ukrayna ilə bağlı hadisələr də bunu göstərir – Qabil Hüseynli belə hesab edir.
“Qətiyyən bu mərhələdə Rusiya ilə qarşıdurmaya getməyin tərəfdarı deyiləm. Bunun üçün məqamın yetişdiyini də deyə bilmərəm. Amma baş verənlər həddindən artıq təxribatçı xarakter daşıyır.
Azərbaycan sözsüz ki, əllərini yanına salıb durmur, tədbirlər görür. Məsələn, xüsusi qüvvələr bu bölgəyə yerləşdirilib, ən yeni texnika ilə təmin olunan Milli Ordunun birləşmələri oraya yerəşib. Eləcə də Sərhəd Qoşunlarının xüsusi qüvvələri əraziyə yerləşdirilib. Amma bu, hələ o demək deyil ki, atəş əmri veriləcək.
İndi riskə getməyin vaxtı deyil. Mənə belə gəlir ki, dişimizi sıxıb müəyyən proseslərin, məsələn, Ukrayna-Rusiya prosesinin başa çatmasını gözləməli, xüsusilə, bu proseslərdə Türkiyənin hansı mövqedən çıxış edəcəyinə baxmalıyıq.
Bundan sonra zənnimcə, elə etmək lazımdır ki, sülhyaratma prosesinə də ziyan gəlməsin. Əgər Ermənistanda revanşist biri hakimiyyətdə olsaydı, deyərdim ki, günü bu gün addım atmaq lazımdır. Bu işin bir tərəfi də Ermənistanda Paşinyan hakimiyyətinə qarşı çevirilirsə, deməli, bir çox amil və nüansları nəzərə almaq lazımdır.
Bu saat başı qarışan və başqa duyğularla yaşayan Kreml elitası ilə hələ danışıqlar aparmğın zamanı olmadığını söyləyə bilərəm”.