2020-ci il oktyabrın 25 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Bazar ertəsi səhər Qarabağda humanitar atəşkəs elan olunur
ABŞ, Azərbaycan və Ermənistan müştərək bəyanatına əsasən, bazar ertəsi, oktyabrın 26-da saat 8:00-da (5:00 CET) Qarabağda hərbi əməliyyatlar zonasında humanitar atəşkəs elan olunur.
-
Qubadlı şəhəri Azərbaycan ordusunun nəzarəti altına keçib – İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev özünün “Twitter” hesabında bu gün Azərbaycan ordusunun nəzarəti altına keçmiş yaşayış məntəqələrini açıqlayıb.
“Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir”, – o yazıb.
Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 25, 2020
-
İlham Əliyev: “Kəlbəcər rayonunun bir hissəsi azad edilib”
“Bu gün hələ bir ay keçməyib, artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib”.
Bunu Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.
-
Biz atəşin dayandırılmasını, torpaqların qaytarılmasını istəyirik – İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev Amerikanın “Fox News” telekanalına müsahibə verib.
Müsahibənin əsas tezisləri:
- Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, – bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, – Azərbaycana qaytarılması deyilir.
- Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir.
- Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik.
- Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar.
- Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir.
- Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır. Bu, mənim nə istədiyimə, ya da Ermənistanın baş nazirinin nə istədiyinə əsaslanmamalıdır. O, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb.
- Türkiyə Azərbaycana siyasi dəstək verir. O, bizim ən yaxın müttəfiqimiz və dostumuzdur. Biz qürurlu və xoşbəxtik ki, belə böyük ölkə bizim tərəfdaşımızdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var.
- Diplomatik həll masadadır. Ermənistan Dağlıq Qarabağ ətrafındakı ərziləri azad etməlidir. Azərbaycanlılar bu ərazilərə qayıtmalıdırlar, sonra isə ermənilərlə birlikdə sülh şəraitində ləyaqətlə yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdır.
-
Fransa parlamentinin deputatı Qarabağa getməzdən öncə Ermənistanın baş naziri ilə görüşüb
Fransa parlamentinin nümayəndə heyəti vəziyyətlə tanış olmaq üçün Dağlıq Qarabağa yola düşüb.
Ermənistanın baş naziri dəstəklərinə görə deputatlara minnətdarlığını bildirib və onlara Ermənistan tərəfinin nöqteyi-nəzərindən problemlə bağlı baxışı təqdim edib.
Nikol Paşinyanın sözlərinə görə, bütün dünya Qarabağ münaqişəsinin güzəşt yolu ilə həllini gözləyir və Ermənistan əvvəl də olduğu kimi buna hazırdır, amma vəziyyət hələlik dalana dirənib:
“Burada irəliləyiş üçün əsas maneə ondan ibarətdir ki, Ermənistan üçün güzəşt məntiqində məqbul olan istənilən vəziyyət dərhal Azərbaycan üçün qeyri-məqbul olur. Hər dəfə Türkiyənin dəstəyindən yararlanaraq onlar daha artığını tələb edirlər. Bu halda da onların tələblərinin və iştahlarının həddi bəlli deyil. Müvafiq olaraq bu məntiqlə ilk vəzifə Dağlıq Qarabağın və xalqının özünümüdafiəsi olur ki, diplomatik, həqiqətən güzəştli həll yolu mümkün olsun”, – Nikol Paşinyan deyib.
Baş nazir vurğulayıb ki, Ermənistan tərəfi üçün münaqişənin nizamlanması prosesində iki mühüm məsələ qalır: Qarabağın statusunun müəyyən edilməsi və xalqın öz müqəddaratını müəyyən etməsi prinsipinin tətbiqi. Münaqişənin nizamlanması.
-
“Münaqişə dayandırılmasa, Türkiyə və Rusiya arasında birbaşa toqquşma mümkündür” – ABŞ-ın NATO-dakı keçmiş səfiri
ABŞ-ın NATO-dakı keçmiş səfiri İvo Daalder CNN-in aparıcısı Kristian Amanpurun “Qarabağdakı hadisələr niyə belə önəmlidir ki, ABŞ dövlət katibi şəxsən vəziyyətə qarışıb?” sualına cavab verib
Daalder: “Türkiyənin bilavasitə müdaxiləsi, [Azərbaycana] silah çatdırılması, Türkiyə qüvvələrinin bilavasitə iştirakının mümkünlüyü bu vəziyyətdə həqiqətən yeni bir şeydir.
Türkiyə ABŞ-ın və digər oyunçuların regiondan gedişindən istifadə edir. O, Rusiyada və Liviyada Rusiya ilə münaqişəyə cəlb olunub, indi də bu ərazidə mümkündür.
Eskalasiyanın davam etməsi Türkiyə və Rusiya arasında birbaşa toqquşmaya gətirib çıxara bilər. Əlbəttə ki, bu, narahatlıq doğurmalıdır.
Burada məsələ NATO-nun potensial iştirakındadır. NATO konkret bu problemlə bağlı Rusiya ilə münaqişəyə risk edəcəkmi? Odur ki, indi eskalasiyanın dayandırılmasına nail olmaq lazımdır”.
-
Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonundan video paylaşıb
Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun Azərbaycan ordusunun nəzarəti altına keçmiş hissələrindən ilk video paylaşıb.
Erməni tərəfi bu ərazilərin öz nəzarəti altında olduğunu bildirir.
-
İqor Korotçenko Qarabağdakı döyüşləri “dron müharibəsi” adlandırdı
“Dron müharibəsi – hazırda Qarabağda davam edən münaqişə hərb tarixinə məhz belə keçəcək”, – bunu özünün “Twitter” hesabında “Национальная оборон” (Milli müdafiə) jurnalının baş redaktoru, Dünya silah ticarəti analitik mərkəzinin direktoru İqor Korotçenko yazıb.
Война беспилотников – именно так, полагаю, войдет в военную историю нынешний вооруженный конфликт в Карабахе.
— Игорь Коротченко (@i_korotchenko) October 25, 2020
-
Azərbaycan Müdafiə Nazirliyi: “Düşmən yaşayış məntəqələrimizi atəşə tutur”
“Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin təcili məlumatında deyilir.
-
Cəbhə boyu döyüşlər davam edir – Azərbaycan Müdafiə Nazirliyi
“Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.
Hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
-
Gecə və səhər cəbhədə vəziyyət – Qarabağdan informasiya
Qarabağın müdafiə ordusunun mətbuat xidmətində bildirilib ki, gecə gərgin keçib, ayrı-ayrı sahələrdə artilleriya döyüşləri gedib.
Hələ dünəndən yaşayış məntəqələri, o cümlədən Martuni rayonlarının Karmir şuka, Taqavard, Gişi, Spitakaşen kəndləri və Əsgəran rayonunun Avetaranos qəsəbəsi atəşə tutulmağa başlayıb.
Fövqəadə Hallar Üzrə Dövlət Xidməti xəbər verir ki, bu ərazidə hərbi obyekt yoxdur. Lakin Azərbaycanın hərbi qüvvələri təkcə yaşayış məntəqələrini deyil, həm də onlara birləşən meşələri və kənd təsərrüfatı sahələrini atəşə tutub. Mülki əhali arasında qurban yoxdur.
Qarabağın Müdafiə Nazirliyi xəbər verir ki, səhərdən cəbhənin bütün istiuqamətlərində lokal döyüşlər gedir, “Ermənistan müdafiəsinin hərbi hissələri düşmənin diversiya-kəşfiyyat qrupunu aşkarlamağa və məhv etməyə davam edir”.
-
Oktyabrın 25-da səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin 29-cu günü.
• Qarabağ ombudsmeni xəbər verib ki, sentyabrın 27-i hərbi əməliyyatlar başlayandan Qarabağın 37 dinc sakini həlak olub, minimum 118-i yaralanıb.
• Azərbaycanın Maliyyə Nazirliyi xəbər verib ki, döyüşlər başlayandan 63 dinc sakin həlak olub, daha 298-i yaralanıb.
• Ermənistan və Azərbaycanın Müdafiə Nazirliyi hərbi əməliyyatların xəritələrini dərc edib (Azərbaycan-interaktiv). Xəritələr güclü şəkildə fərqlənir, onlara burada baxmaq olar.
• Azərbaycanda ABŞ səfirliyi ölkədə olan vətəndaşlarını potensial terror aktları ilə bağlı xəbərdar edib. Azərbaycanda sosial mediada yazırlar ki, Ermənistan tərəfindən terror ehtimalı var.
• Ermənistan XİN rəhbəri deyib ki, ABŞ-da danışıqlar zamanı oktyabrın 23-ü Qarabağa sülhməramlıların göndərilməsi ehtimalına baxılıb və münaqişənin nizamlanmasında AB,-dan başqa Rusiya və Fransanın da daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrliyi şəklində beynəlxalq mandatın əhəmiyyəti qeyd olunub.
• Ermənistan XİN rəhbəri bildirib ki, Qarabağın 90 minə yaxın sakini sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar nəticəsində qaçqın düşüb.
-
2020-ci il oktyabrın 24 Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video