2020-ci il oktyabrın 16-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər
-
Gəncəyə ikinci raket zərbəsi nəticəsində 10 nəfərdən çox mülki şəxs həlak olub – Azərbaycan prezidentinin köməkçisi
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin “Twitter” hesabında yazdığına görə, Gəncəyə ikinci raket zərbəsi nəticəsində 10 nəfərdən çox mülki şəxs öldürülüb, 40-dan çox yaralı var.
Hacıyev qeyd edir ki, şəhərə SCUD raketləri atılıb, “onlardan sıx yaşayış olan rayonlara, mülki şəxslərə qarşı istifadə olunması Ermənistanın siyasi liderlərinin tam mənəviyyatsızlığının və şizofrenik düşüncəsinin təzahürüdür”.
-
“Qarabağın şimalında bu gün düşmən heç bir yüksəkliyi tuta bilməyib”, - Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi
Cəbhədəki ənənəvi axşam brifinqi zamanı Artsrun Hovannisyan danışıb ki, səhər erkəndən Azərbaycan SQ genişmiqyaslı hücuma başlayıb.
“İki gərgin hücumdan sonra şimalda bizim qoşunlarımız düşməni geri oturdub. Şimalda düşmən nə yüksəklik, nə də mövqe ələ keçirə bilməyib”, – Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
Artsrun Hovannisyanın sözlərinə görə, Ermənistan qoşunları Qarabağın şimalında yerdəyişmə edib – ağır döyüşlər hələ də davam edir.
-
Avropa Məhkəməsi Azərbaycan üzərinə iki erməni hərbi əsirin həyat və sağlamlıq hüququnu təmin etmək öhdəliyi qoyub
Avropa İnsan Haqları Məhkəməsinin qərarı haqda Ermənistanın keçmiş ədliyyə naziri, iki erməni hərbi əsirin AİHM-dəki nümayəndəsi Artak Zeynalyan Facebook səhifəsində yazıb.
İki hərbi əsirin adından təcili tədbirlərin görülməsi ilə bağlı AİHM-ə iki gün əvvəl ərizə verilmişdi.
“Azərbaycan tərəfdən humanitar hüququn kobud pozulmasıepizodları müəyyən edildiyini nəzərə alaraq, AİHM-ə yenidən ərizə ünvanlanmışdı. Sənəddə Azərbaycan SQ hərbçilərinin iştirakı ilə əsirlərə qarşı hərbi cinayətlərə dair sübutlar təqsim olunub. Nəticədə məhkəmə Ermənistan tərəfinin tələbini təmin edib”, – Artak Zeynalyan bildirib.
Avropa Məhkəməsi erməni ərizəçilərin iddiasını təmin edib və Azərbaycan üzərinə oktyabrın 22-ə qədər Areq Sarqsyan və Narek Amircanyanın sağlıq durumu ilə bağlı məhkəməyə məlumat təqdim edilməsi öhdəliyi qoyulub.
-
Erməni əsrlərlə bağlı video saxtadır – Azərbaycanın Baş Prokurorluğu
Azərbaycanın Baş Prokurorluğu Azərbaycan hərbçilərinin erməni əsirlərlə guya qanunsuz davranışı və onlara qarşı həkimlərin laqeyd münasibəti ilə bağlı sosial şəbəkələrdə yayılan videonu “saxta” adlandırıb.
“Aparılmış araşdırma nəticəsində məlum olub ki, video saxtadır.
Kadrların nə Azərbaycan SQ-nin fəaliyyəti, nə də bizim cəmiyyətimizlə heç bir əlaqəsi yoxdur”, – Azərbaycan Baş Prokurorluğu mətbuat xidmətinin məlumatında deyilir.
-
Azərbaycan Müdafiə Nazirliyi Hadrut qəsəbəsindən video yayımlayıb
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun nəzarəti altında olan Hadrut qəsəbəsindən video yayımlayıb.
-
Azərbaycan ordusu daha üç kəndi nəzarəti altına alıb – İlham Əliyev
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” – Azərbaycan prezidenti İlham Əliyev özünün “Twitter” hesabında yazıb.
Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
— İlham Əliyev (@azpresident) October 16, 2020
-
Ermənistanın Müdafiə Nazirliyi beynəlxalq aləmi Qarabağdakı vəziyyətlə bağlı ünvanlı bəyanatlar səsləndirməyə çağırıb
Yerevan hesab edir ki, həmsədrlər öz bəyanatlarında humanitar atəşkəsin pozulmasının konkret günahkarlarını qeyd etməlidir.
Bəyanatda Qarabağ müdafiə ordusunun oktyabrın 10-da Moskvada əldə edilən humanitar atəşkəs razılaşmasına əməl etməyə hazır olduğu deyilir:
“Bununla əlaqədar olaraq, beynəlxalq ictimaiyyəti, o cümlədən də ATƏT-in Minsk Qrupunun həmsədrlərini öz bəyanatlarında və müraciətlərində müxtəlif vasitələr və yollarla atəşkəs rejiminə əməl etməkdən və nəzarət mexanizmlərinin təsdiqlənməsindən yayınan konkret münaqişə tərəfini ünvanlı şəkildə qeyd etməyə çağırırıq”.
-
Azərbaycan tərəfdən açılan atəş nəticəsində daha bir dinc sakin həlak olub – Qarabağ ombudsmeni
Azərbaycan SQ-in gecə Qarabağın yaşayış məntəqələrinə zərbələri nəticəsində daha bir nəfər həlak olub – Artak Beqlaryan Facebook səhifəsində yazıb.
“Azərbaycan bütün hüquqi və humanitar normaları pozaraq, Dağlıq Qarabağda dinc sakinləri öldürür”, – o yazıb.
Oktyabrın 16-a keçən gecə Azərbaycan SQ Martuni şəhəri və Karmir şuka yaşayış məntəqəsi istiqamətini, səhər saatlarından isə Berdaşen icmasını intensiv atəşə tutub. Tox, Tiqranavan, Ayqeovit və Axavno kəndləri də atəşə tutulub.
-
Ermənistanın Müdafiə Nazirliyi Naxçıvanın Ordubad rayonunu atəşə tutduğunu inkar edib
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb ki, bu istiqamətdə heç bir raket atılmayıb:
“Bu, münaqişə coğrafiyasını genişləndirməyə çalışan Azərbaycanın hərbi-siyasi rəhbərliyinin növbəti yalanıdır”.
-
Türkiyənin Qarabağ münaqişəsinə müdaxiləsinin qarşısı alınmalıdır – Yunanıstan XİN rəhbəri
Nikos Dendias Yerevanda ermənistanlı həmkarı Zohrab Mnatsakanyanla görüşdən sonra bəyan edib ki, Qarabağ münaqişəsinə kənar müdaxilə Yunanıstanda narahatlıq doğurur. O, jurnalistlərə bildirib ki, Yunanıstan hakimiyyəti Türkiyənin müdaxiləsinin dayandırılması tələbinin Avropa İttifaqı səviyyəsində səsləndirilməsinə çalışır.
Yunanıstan xarici işlər naziri bəyan edib ki, Afina Bakıdakı səfirini geri çağırıb və Qarabağdakı prosesləri ciddi izləyir. Yunanıstan hakimiyyəti hesab edir ki, Qarabağ münaqişəsinin həlli ancaq ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə sülh danışıqları yolu ilə mümkündür.
-
Ermənistan silahlı qüvvələri Naxçıvan ərazisinə raket zərbəsi endirib – Azərbaycan Müdafiə Nazirliyi
“Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
-
Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir – Azərbaycan Müdafiə Nazirliyi
“Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutmaqda davam edir”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
-
Azərbaycan Müdafiə Nazirliyi yeni video yayımlayıb
Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun Azərbaycan ordusunun nəzarəti altına keçmiş kəndlərindən ilk görüntüləri yayımlayıb.
-
Azərbaycan Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət gərgin olaraq qalır”
“Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti yenə də gərgin olaraq qalıb.
İşğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən dünən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.
Gecə ərzində cəbhənin bəzi istiqamətlərində düşmən fəallaşmağa cəhd göstərib. Qoşunlarımız tərəfindən bunun qarşısı alınıb, düşmən ciddi itki verib”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
-
Düşmən yaşayış məntəqələrini atəşə tutur – Azərbaycan Müdafiə Nazirliyi
“Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur”, – Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
-
Ermənistanın Müdafiə Nazirliyi – gecə gərgin keçib, səhər artilleriya döyüşləri başlayıb
Səhər erkən təxminən bir saat davam edən intensiv atışmadan sonra Azərbaycan cəbhənin şimal hissəsində genişmiqyaslı hücuma keçib. Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovannisyanın bildirdiyinə görə, Azərbaycan SQ “hücum dalğaları ilə” bir neçə dəfə Ermənistan mövqelərini tutmağa çalışıb, amma böyük itkilərlə geri oturdulub.
-
Oktyabrın 16-da səhər hadisələrin qısa icmalı
Qarabağda döyüşlərin 20-ci günü.
• Oktyabrın 15-i bütün günü və oktyabrın 16-a keçən gecə raket atəşləri və yerüstü əməliyyatlar davam edib.
• Ermənistan tərəfdən bildirilib ki, sentyabrın 27-də döyüşlər başlayandan 604 hərbçi və 33 dinc sakin həlak olub.
• Azərbaycan tərəfdən bildirilib ki, döyüşlər başlayandan dinc sakinlərdən 47 nəfər həlak olub, 222 nəfər yaralanıb. Prezident İlham Əliyev ötən gün bəyan edib ki, hərbçilər arasında itkilər haqda “münaqişənin qaynar fazası bitəndən sonra” məlumat veriləcək.
• Ermənistan tərəfinin məlumatına görə, “Smerç” kasset mərmiləri ilə Qarabağın Martuni rayonunun Karmir şuka (Qırmızı bazar) qəsəbəsi atəşə tutulub, bir yerli sakin həlak olub. Azərbaycanda bu informasiyanı yalan adlandırıblar.
• Azərbaycanın Tərtər şəhərində dəfn zamanı Ermənistan tərəfdən açılan atəş nəticəsində 3 nəfər həlak olub, üç nəfər yaralanıb – Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter-də məlumat yayıb.
• Qarabağda insanların və nəqliyyatın azad hərəkətinə məhdudiyyət qoyulub.
• Azərbaycan ordusu Qarabağ ətrafı rayonların [1990-cı illərin əvvəlində Qarabağ müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır] daha altı kəndini nəzarət altına alıb – Azərbaycan prezidenti Twitter-də yazıb. Bununla da, Azərbaycanın rəsmi məlumatına əsasən, ümumilikdə 50 yaşayış məntəqəsi azad edilib.
• Ermənistan və Azərbaycan liderləri İlham Əliyev və Nikol Paşinyan Rusiyanın “RİA Novosti” dövlət informasiya agentliyinin altı sualına cavab verib. Əsas tezislər – “qırmızı xətt”, güzəştlər, muzdlular və perspektivlər – o cümlədən də video burada.
• Ermənistan və Azərbaycan liderləri Qarabağ müharibəsinin ara nəticələri haqda
• Moskva Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tezliklə işə salınmasına ümid edir, amma hələlik bu mexanizmin müzakirəsi başlamayıb –Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
• Avstriya parlamenti yekdilliklə Türkiyənin Qarabağ müharibəsinə hərbi müdaxiləsini pisləyən qətnamə qəbul edib.
-
2020-ci il oktyabrın 15-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video