Qarabağda etirazlar başladı. Küçələrə kimlər və niyə çıxıb? Suallara cavablar
Qarabağda nə və niyə baş verir?
Stepanakertdə etiraz aksiyalari iyunun 1-də başlayıb. Onlarla adam (40 min sakini olan Stepanakert üçün az deyil) mərkəzi Azatamartinkeri küçəsini gecə yarısınadək mühasirəyə alaraq bağlayıb.
Etirazçıların dediyinə görə, Qarabağın Milli Təhlüəsizlik Xidmətinin xüsusi təyinatlılarının iştirakıyla baş verən münaqişə buna səbəb olub. Bir nəfər xüsusi təyinatlının iştirakı ilə baş verən məişət davası hadisə yerinə 20 xüsusi təyinatlı əməkdaşın gələrək iki nəfər mülki vətəndaşı qəddarcasına döyməsi ilə bitib.
Şahidlərin dediyinə görə, polis nəinki baş verənlərə qarışmayıb, əksinə, döyülənləri xəstəxanaya göndərmək əvəzinə onları saxlayıb. Məlumata görə, onların həyatı üçün heç bir təhlükə yoxdur.
Dünənki etiraz aksiyalardan sonra artıq cinayət işi qaldırılıb. Mülki vətəndaşları döyən 15 nəfər milisə aparılıb.
Yerli politoloq Tiqran Qriqoryan deyir ki, əhali güc strukturlarının özbaşınalığına etiraz edir.
Ekspertlər qeyd edirlər ki, Qarabağda hakimiyyət uzun illər boyu iki amil üzərində qurulub:
1997-ci ildən Qarabağ əsilli Robert Koçaryan və Serj Sarqsyanın hakimiyyətdə olduğu Yerevanın dəstəyi;
“Xüsusi təyinatlıların” cəza qüvvəsi.
Daha əvvəl nə baş verib?
Ermənistanda 2018-ci ilin aprel-may aylarında baş verən məxməri inqilabdan sonra Yerevanda hakimiyyət dəyişib. Ermənistanın baş naziri qismində Nikol Paşinyan ilk səfərini mayın 9—da Stepanakertə edib. Orada o, aydın şəkildə bildirib ki, Ermənistan hakimiyyəti artıq Qarabağ hakimiyyətinə “patronajlıq” etməyəcək.
O, Qarabağ nizamlaması prosesi ilə bağlı bəyanat verib və bildirib ki, “indən belə Artsax [Qarabağ özünü belə adlandırır – JAMnews] özü öz maraqlarını danışıqlar masasında müdafiə etməlidir”.
Amma bu bəyanat Stepanakert və Yerevan münasibətlərinə də sirayət edir. Çoxları bu bəyanatı onun rəsmi Yerevanın Stepanakert hakimiyyətini təyin etməkdən və maliyyələşdirməkdən imtinası kimi yozub.
Bu bəyanatlardan sonra politoloqlar Qarabağın Ermənistanda baş verən proseslərdən kənar qalmamalı olduğunu bildirirlər. Stepanakertdə hakimiyyət dəyişikliyi getdikcə daha çox labüd görünür və indi aydın sezilir ki, proseslər Qarabağın hazırkı prezidenti Bako Saakyanın istefasına aparır.
İnsanlar nə tələb edir?
Etirazçılar hələlik yalnız güc strukturlarının rəhbərlərinin – baş prokuror Artur Mosiyanın, polis rəhbəri Kamo Ağacanyanın və MTX-nin rəisi Arşavir Qaramyanın istefasını tələb edirlər.
Bako Saakyanın istefasından hələlik söhbət getmir, amma bu tələbin ab-havası artıq hiss olunur.
Qarabağ parlamentinin deputatı Hayk Xanumyan (Nikol Paşinyan kimi o da əslən İcevandandır) Bako Saakyanla görüşüb, amma hələlik aralarındakı danışığın nəticəsini açıqlamayıb.
Şahidlər bildirirlər ki, hakimiyyətdə təşviş açıq-aydın görünür – etirazçıların qarşısına yalnız dövlət naziri Araik Harutunyan, Təhlükəsizlik Şurasının katibi Vitali Balasyan yox, həm də güc strukturlarının rəhbərləri də çıxıb və vəziyyəti sakitləşdirməyə çalışıblar.
Amma belə bir fikir də var ki, onlar özləri də vəziyyətdən yararlanıb hakimiyyəti devirmək istəyirlər.
Hakimiyyətə kim gələ bilər?
Qarabağın spesifikliyi ondadır ki, burada müxalifətin üzdə olan liderləri yoxdur. Buna görə də Bako Saakyanı kimin əvəz edə biləcəyi sualının birmənalı cavabı mövcud deyil.
Bir neçə variant nəzərdən keçirilir.
Bu keçmiş Qarabağ prezidenti Arkadi Qukasyandır ki, o da Serj Sarqsyan və Robert Koçaryanın “güzəştli” namizədi hesab olunur.
Ya da bu, Qarabağın hazırkı xarici işlər naziri Masis Mailyan ola bilər, hansı ki, 2007-ci ildə prezident seçkilərində Bako Saakyanın rəqibi olub və artıq 10 ildir ki, dərin müxalifətdədir.
Başqa bir versiya da var – Qarabağda etiraz əhvalını səfərbər etməyə çalışan deputat Hayk Xanumyan. 2016-cı ildə onu Qarabağın keçmiş müdafiə naziri Samvel Babayanın müdafiəsinə həsr olunmuş mitinqdə iştirak edəndən sonra döymüşdülər. Babayan özü isə 2017-ci ildə Yerevanda hakimiyyətə qarşı zorakı əməllər hazırlamaqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib və hazırda məhbəsdədir.
Daha bir potensial namizəd var – hazırkı dövlət naziri Araik Harutunyan, hansı ki, kifayət qədər böyük ictimai nüfuza malikdir və parlamentdə çoxluğa sahib olan “Azad Vətən” partiyasına rəhbərlik edir.
Artsax blogeri Aleksandr Kananyan yazır ki, Bako Saakyanın hakimiyyət müddəti qaçılmaz olaraq sona yaxınlaşır.
Bako Saakyan kimdir?
Bako Saakyan 2007-ci ildə Qarabağın prezidenti olub, 2012-ci ildə təkrar seçilib. Prezident olmazdan əvvəl o, Qarabağın Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. Buna qədər isə dörd il Ermənistan MTX-nın Moskvada, Rusiya FTX-dakı nümayəndəsi olub.
2017-ci ildə Qarabağda konstitusiya islahatı keçirilib və prezidentə fövqəl-səlahiyyətlər verilib. Bununla yanaşı parlament 2017-ci ilin yayında Bako Saakyanı 2020-ci ilə, ümummilli prezident seçkiləri baş tutana qədər “keçid dövrü prezidenti” seçib.
Bu siyasi fənd Yerevanın Stepanakertdə özünə qarşı loyal hakimiyyəti saxlamaq cəhdi kimi dəyərləndirilib.
Amma Ermənistanda hakimiyyət dəyişəndən sonra Bako Saakyanın üç illik “keçid” müddəti mənasını itirib və Stepanakertdə hakimiyyət dəyişikliyi görünür ki, sadəcə zaman məsələsinə çevrilib.
]