Qarabağda daha da təhlükəli vəziyyət yaranır
Münaqişə zonasında 3 aprel 20:00-dan 5 aprel 13:00, 2016-cı ilə qədər baş verən hadisələrin icmalı
Yerevandan məlumat
Təsdiqlənmiş mənbələrdən məlumat
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ohanesyan bu gün səhər öz səhifəsində faktiki olaraq, gecə Azərbaycanın Ermənistanla sərhədi, sərhədin şimal-şərq hissəsində, Tavuş rayonunun Berdavan və Koti kəndləri istiqamətində atəşə tutduğunu təsdiq edib. “Azərbaycan tərəfi bizim mövqelərimiz və yaşayış məntəqələrimiz istiqamətində müxtəlif çaplı atıcı silahdan, 60 və 82 mm-lik minatanlardan istifadə edib, – Ohanesyan yazır.
Müdafiə Nazirliyinin mətbuat katibi həm də bildirir ki, intensiv atəş bütün gecə və səhər ərzində davam edib, Azərbaycan tərəfindən “Smerç qurğularından istifadə edilib.
Erməni mediası DQR müdafiə ordusunun xəbərlərinə istinadən bildirir ki, Qarabağ qüvvələri hərbi əməliyyatların şimal-şərq və cənub-şərq sahələrində təşəbbüsü ələ keçirib.
Bundan başqa bildirilir ki, Azərbaycan əvvəl istifadə olunan silah növlərindən başqa, həm də ağır odsaçan ТОС 1 sistemləri, həmləçi pilotsuz uçuş aparatları və digər müasir texnikadan istifadə etməyə başlayıb.
Erməni mediası Dağlıq Qarabağın müdafiə nazirliyinin Azərbaycanın Stepanakert və qonşu yaşayış məntəqələrinə zərbələr endirməklə bağlı təhdidinə cavab verib. “Qarabağ dinc əhalinin bombardman edildiyi təqdirdə əndazəsiz və ağrılı cavab verəcək, – nazirlik bildirir.
Aprelin 4-ü axşam DQR müdafiə ordusu mətbuat katibi Senor Asratyan xəbər verib ki, hazırda 20 hərbiçi həlak olub, 72 nəfər yaralanıb.
Ermənistan prezidenti Serj Sarqsyan dünən, aprelin 4-də ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüş zamanı bildirib:
“Sizi əmin edirəm ki, azərbaycanlılar heç bir ərazini azad etməyib, hazırda bütün təmas xətti boyu bu, cənubda və şimalda balaca sahələrdi, o da ümid edirəm ki, bizim ünsiyyətimiz bitənə qədər artıq olmayacaq [onların nəzarəti altında]».
Ermənistan prezidenti həm də bildirib ki, erməni tərəfi heç vaxt münaqişənin nizamlanmasına yönələn ağlabatan kompromislərdən imtina etməyib, amma onlar haqqında ancaq Dağlıq Qarabağın yenidən müstəmləkəyə çevrilmək təhdidindən azad edilməsi kontekstində danışmaq olar, “geniş miqyaslı hərbi əməliyyatların davam etdiyi halda Ermənistan Dağlıq Qarabağı tanıyacaq.
Ermənistan Müdafiə Nazirliyi hərbiçilərə və DQR-ın dinc əhalisinə münasibətdə Azərbaycan silahlı qüvvələrinin beynəlxalq terror təşkilatlarının hərəkətlərinə bənzəyən addımlarını pisləyən bəyanatla çıxış edib.
“Beynəlxalq hüququn pozulması və hərbi cinayətlərə görə həm Azərbaycan hökuməti, həm də onları törədən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Söhbət eks-kombatant və hərbi əsirlərə kameraya çəkilib internet şəbəkəsində yayılan baş kəsilməyə qədər işgəncə verilməsindən gedir – nazirlik bildirir.
Hetk.am özünün fotomüxbiri Akop Poqosyanın Dağlıq Qarabağın şimalında sərhədyanı yaşayış məntəqəsi olan Talış kəndi erməni qüvvələri tərəfindən geri alınandan sonra orada çəkdiyi şəkilləri dərc edib. Şəkillərdə güllələnmiş və qulaqları kəsilmiş dinc əhalinin cəsədləri əks olunub.
Sosial şəbəkələrdəki müzakirələrin icmalı
Birinci trend: düşmən qəddar və xaindir, amma DQR müdafiə ordusu vəziyyətə nəzarət edir.
“Talış kəndini bizimkilər qaytara bildi. Və ora jurnalist buraxıldığı üçün belə çıxır ki, düşmən kənddən kifayət qədər təhlükəsiz məsafəyə atılıb.
“Kənddə olarkən azərbaycanlılar təxliyə olunmağa imkan tapmayan qocaları öldürməklə, hərbi cinayətlər törədiblər. Kəndə girən bölmə müdafiə qurmaq əvəzinə (axı ermənilərin əks-zərbə endirəcəkləri aydın idi), sakinləri güllələyir və hətta onların cəsədlərini təhqir etməyə də vaxt tapırdılar.
İkinci trend: Rusiyanın Azərbaycana silah satmağa haqqı yoxuydu.
“Azərbaycan ilk dəfə olaraq münaqişə zonasında ТОС sistemini tətbiq edib. Ölənlər yoxdur. Amma yenə də Rusiyanın orada nəyəsə nəzarət etdiyini və silahın bizi güllələməyəcəyini deyən tozağacılara atəşin salamlar.
Üçüncü trend: “Biz dağlarımız qədər sakitik.
“Cəmiyyət təəccüb doğuran soyuqqanlıq və sakitlik göstərir – nə panika, nə də eyforiya var və bu da daha vacibdir. Görünür, uzun illər boyu artan gərginlik vətəndaşlarımızı psixoloji olaraq müharibəyə hazırlayıb.
Ekspert dəyərləndirməsi
Aleksandr İskəndəryan, Qafqaz İnstitutunun direktoru:
‘Bu, hədsiz dərəcədə təhlükəlidir və müəyyən mənada dünya birliyinə qarşı şantaşdır, üstəlik də ATƏT-in Minsk Qrupunun görüşü zamanı. Ermənistanın şimal hissəsi istiqamətində ciddi hərbi anlamlı atəş açılmır. Amma rəmzi olaraq bu çox vacibdir, çünki bura başqa ölkənin ərazisidir, Dağlıq Qarabağ deyil, Ermənistandır.
Dünya birliyinin reaksiyası olacaq, bəyanatlar səslənəcək, amma eskalasiyanın taleyi və deeskalasiya cəbhə xəttində həll olunacaq. Dünya birliyinin münaqişəyə birbaşa müdaxiləsi olmayacaq’.
Bakıdan məlumat
Təsdiqlənmiş mənbələrdən məlumat
JAMnews-un Ağdamda olan müxbiri xəbər verir ki, aprelin 4-dü münaqişə zonasında atəş intensivliyi artıb.
Bu gün səhər ANS PRESS informasiya xidməti [hakimiyyət strukturları ilə əlaqəsi olan] xəbər verib ki, atışma zamanı Ağdam rayonunun yarımstansiyası partladılıb və 11 rayon elektrik enerjisiz qalıb. ANS informasiya mənbəyi kimi, Azərbaycan Fövqəladə Hallar Üzrə Dövlət Komissiyasının sədri Fərhad Heydərova istinad edir.
Aprelin 4-ü axşam Azərbaycan müdafiə naziri “raket-artilleriya qoşunları da daxil olmaqla, Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə əmr verib.
Məlumatda bildirilir ki, “Ermənistan tərəfi Azərbaycanı adekvat tədbirlər görməyə təhrik edir.
Bir neçə saat öncə ANS PRESS müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib ki, Azərbaycanın birtərəfli qaydada atəşi dayandırmasına baxmayaraq, Ermənistan tərəfi Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində cəbhə xətti boyu yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
ANS PRESS-in məlumatına görə, daha üç Azərbaycan hərbiçisi öldürülüb. Rəsmi olaraq həlak olan hərbiçi sayı 16 nəfərdir.
APA informasiya agentliyi [hökumət qurumları ilə əlaqəsi olan] dinc əhali arasında daha bir qurban barədə məlumat verib. Ağdam rayonunun Şərəfli kəndində 1954-cü il təvəllüdlü Qaraş Dadaşov həlak olub.
Bundan başqa, bildirilir ki, Ağdam rayonunun Üçoğlan kəndinin atəşə tutulması nəticəsində üç ev dağıdılıb. 16 yaşlı Pakizə Məhərrəmli başından yaralanıb, Qaradağlı kəndində isə FHN əməkdaşı Akif Mustafayev yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı erməni mediası tərəfindən yayılan və onların sözlərinə görə, Azərbaycan hərbiçiləri tərəfindən Talış kəndinin dinc əhalisinə qarşı törədilən vəhşiliyi əks etdirən foto və video ilə bağlı xüsusi bəyanatla çıxış edib. Dərgahlı bu xəbərləri provokasiya və erməni ordusunun itən imicini düzəltmək cəhdi adlandırıb. O bildirib ki, Azərbaycan ordusu mülki əhali ilə mübarizə aparmır və bu foto və videoların Azərbaycan hərbçilərilə heç bir bağlılığı yoxdur.
Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda geniş yayılmış fikrə görə, Qarabağdakı hadisələri erməni yönlü mövqedən işıqlandırmağa davam edən Rusiya mediasının mövqeyini pisləyib.
“Rusiyada xüsusilə hakimiyyətə yaxın mətbuat orqanlarının mövqeyini yumşaq dildə desək, anlamırıq. Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, münaqişə tərəflərinə qarşı neytral mövqe tutmalıdır, – deyə Əli Əhmədov bildirib.
Misallardan biri – “LifeNews telekanalı taksi dayanacağını qaçqın düşərgəsi kimi, kəndə yas mərasiminə yola düşən qohumları isə onu tərk edən qaçqınlar kimi göstərməklə, yalan məlumat yayıb. Bu zaman tərcümə vaxtı birinci respondentin replikası başqa mətnlə əvəz olunub.
Sosial şəbəkələrdə müzakirələrin icmalı
Birinci trend: nəyin bahasına olursa olsun qələbə.
Vətənpərvərliyin dərəcəsi artmaqda davam edir. “Facebookda profil şəkilləri kütləvi formada Azərbaycan bayrağının rənglərinə boyanıb. Əksər istifadəçilər məhz Azərbaycan ordusunun qalib gəldiyinə əmindirlər.
“Sarkisyanın atəşkəs və qoşunların aprelin 1-dək olan mövqelərinə çəkilməsi ilə bağlı təklifini dəstəkləyirəm, amma 1988-ci il xəttinə qədər.
“İşçimin qohumları hərbi əməliyyatlar zonasına yaxın, Hüseyni kəndindədirlər. Döyüş ruhu yüksəkdir!
“Daha “Bu il bu vaxt Şuşa və Xankəndində olacağıq kimi sözlər yoxdur! İndi və burada! Hamı cəbhəyə!.
İkinci trend: torpaq əsgərlərimizin həyatına dəyərmi?
“Bu gərgin günlərdə bir də onu anladım ki, mövzu başqasının balası, başqasının əzizi olunca çox rahatlıqla “müharibədir, əlbəttə ki itkilər olacaq deyə bilirik.
Bu şərhə cavab: “Bəs necə olsun? Qələbə itkisiz olmur axı. Hamının şəhidlərə ürəyi yanır. Mən ən çox onların analarını düşünürəm. Necə yanıb qovrulduqlarını anlamaq çətin deyil. Amma başqa yol varmı? Torpaqlarımızdan əl götürək?
Üçüncü trend: insanlar real informasiya almaq istəyirlər.
“Hər iki ölkənin dezo-mətbuatını oxuyursan və belə bir təəssürat yaranır ki, Azərbaycan ordusu elə indicə Yerevana yaxınlaşacaq, ermənilər isə Bakıdakı Qız qalasının pilləkəni ilə qalxırlar.
“Ölkədən kənarda yaşayan insan necə nəsə edə bilər. Ən azı, informasiyanı bölüşür. Amma nə hakimiyyətə, nə də fərasətsiz mətbuata etibar etmədiyin bir halda bunu necə edəsən?
“Tanış bir qız qohumunu itirib. Cənazəsini ailəyə təhvil vermirlər, gah deyirlər, vertolyot erməni tərəfə düşüb, gah da bizim tərəfə. Başa düşürsüz, nə demək istədiyimi? Deyirlər ki, mülki əhali arasında da ölənlər var və ölənlərin sayı rəsmi məlumatdan xeyli daha çoxdur.
Dördüncü trend: təbliğat və əks-təbliğat.
“Səfehlik seriyasından: Rusiya və Ermənistan mətbuatı: Azərbaycan əsgərləri qocaları öldürüb, qulaqlarını kəsiblər, başlarını da kəsib, futbol oynayırlar, İŞİD Qarabağdakı azərbaycanlıların simasında… Ukraynalı əsgərlərin səhər yeməyinə rus uşaqlarını yedikləri haqda hekayələri xatırladım.
Azərbaycanlı istifadəçilər erməni jurnalisti Ruzanna Qevondyanın könüllüləri yola salaraq əllərində silah ola-ola oynayan uşaqları barədə video-süjetini paylaşırlar.
Azərbaycan “Facebooku qəzəbli şərhlərlə doludur:
“Bu, Azərbaycanda baş versəydi, beynəlxalq və Rusiya mətbuatı bu xəbəri “Müsəlmanlar əsgər-uşaqlar hazırlayır başlığı altında verərdi. Uşaqların müdafiəsi üzrə beynəlxalq təşkilatlar uşaq əllərində silah görən kimi isterikaya düşərdi. Bəs indi bu təşkilatlar hardadır? Niyə onlar da, KİV də qəflətən kor oldu?
“İş orasındadır ki, beynəlxalq KİV “xristian Ermənistanı və “müsəlman Azərbaycanı vurğulamağı xoşlayır, bununla belə Dağlıq Qarabağ münaqişəsinin dinlə heç bir əlaqəsi yoxdur. Bu halda biz əhli-səlibin əsgər uşaqlardan istifadə etməsi ilə bağlı səfeh hekayələr danışmalıyıqmı?
Ümumilikdə sosial şəbəkələrdə Ermənistan və ermənilərə qarşı aqressiv ritorika artır.
Ekspert dəyərləndirməsi
Əvəz Həsənov, Humanitar Tədqiqatlar Mərkəzinin direktoru:
“Deməzdim ki, Azərbaycan tam miqyaslı müharibəyə hazırlaşır. Amma Azərbaycan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv ölkələrin reaksiyasını öyrənməlidir ki, Dağlıq Qarabağın, Ermənistanla Rusiyadan başqa, daha kimlərin və nə dərəcədə məsuliyyət zonasına daxil olduğunu öyrənsin.
İndi son 20 il ərzində ilk dəfə açıq qarşıdurmanın baş verdiyi bir halda Azərbaycan mütləq ordusunun döyüş qabiliyyətini və onun mürəkkəb məsələləri həll etmək bacarığını sübut etməlidir. Tele və radio yayımlar azərbaycanlılarda vətənpərvərlik ruhunun yüksəldilməsinə istiqamətlənib.
“JAMnewsun dosyesi:
• “JAMnewsun münaqişə zonasında 3 aprel üçün hadisələrin icmalı.
• Münaqişə tərəflərinin verdiyi informasiya ziddiyyətlidir və kimin hərbi əməliyyatlara başlaması, kimin reaksiya verməsi sualına cavab verməyə imkan yaratmır. Beynəlxalq mənbələr də hələlik bu suala cavab verə bilmirlər.
• Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası de-fakto müstəqil, amma dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan respublika kimi mövcuddur. Azərbaycan Qarabağ və onun müharibə zamanı alınan ətraf ərazilərini işğal olunmuş sayır və geri qaytarılmasını tələb edir.
• Münaqişə tərəfləri mütəmadi olaraq təmas xəttində baş verən toqquşmalar haqqında məlumat verir və bir-birini təxribatda ittiham edirlər.