Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatdan sonra Qarabağda hərbi əməliyyatlar dayandırıldı. Lakin son günlərdə regionda müəmmalı hadisələr baş verir: Rusiya sülhməramlılarının təqdim etdiyi xəritələrdə dəyişikliklər, qarşıdurmalar, kəndlərin mühasirəyə alınması, yeni əsirlər barədə xəbərlər gəlir. Bəs əslində nə baş verir?
Hərbi icmalçı Asəf Quliyevin fikrincə, problem bəzi ekspertlərin imzalanmış sənədi düzgün qiymətləndirməməsindədir: “10 noyabrda imzalanmış sənəd bəyanatdır. Amma bəzi ekspertlər bunu sanki böyük sülh sazişini şərh edirmiş kimi şərh edir. Və bu yanlış yanaşma cəmiyyətdə suallar yaradır”.
Rusiya sülhməramlılarının 15 dekabr 2020-ci il tarixində Qarabağda yerləşmə xəritəsi.
“Bəyanata görə, Azərbaycan ordusu həmin anda olduğu yerdə dayanır. Amma başqa bir bənddə hərbi əməliyyatlar zamanı evlərini tərk edənlərin öz evinə qayıtması nəzərdə tutulur. Belə çıxır ki, ermənilər Azərbaycan ordusunun nəzarəti altında olan yaşayış məntəqələrinə qayıtmalıdır. Bu isə praktik olaraq mümkün deyil”, – şərhçi JAMnews-a bildirib.
Onun sözlərinə görə, imzalanmış sənəddəki həmin boşluqlar hər iki tərəfin özünü haqlı saymasına gətirib çıxarır: “Belə halda qarşıdurma yaranır. Qarşıdurma isə Rusiya sülhməramlılarının vacibliyini artırır. Anlaşılmazlıqların həll olunması üçün rusların vasitəçiliyi ilə müəyyən razılaşmalar əldə olunur. Bu razılaşmalar heç bir hüquqi sənədlə yox, şifahi əldə olunur. Onun pozulmayacağına isə ümid yoxdur. Xəritələrin dəyişdirilməsi də bununla bağlıdır”.
Asəf Quliyev 160 erməni döyüşçüsünün əsir alınması xəbərinə də münasibət bildirib: “160 əsirlə bağlı dəqiq məlumat, hələ ki, yoxdur. Mümkündür ki, bundan sonra da belə hallar olacaq. Çünki ermənilər arasında müqavimət göstərməkdə israrlı olan hərbi və siyasi qüvvələr var. Azərbaycan isə antiterror əməliyyatları keçirdikcə həbslər olacaq”.
Şərhçi qeyd edir ki, bütün bu problemlərin kökündə yalnız bir məsələ durur: “Bütün bunların kökündə duran bir amil var. Sual oluna bilər ki, niyə qarşıdurma məhz bu istiqamətdədir? Söhbət Şuşanın və Şuşaya çəkilən yolun təhlükəsizliyi ilə bağlıdır. Erməni tərəfi Şuşanın və Şuşaya çəkilən yolun təhlükəsizliyinə daimi təhdidlər yaratmaq üçün bu mövqelərdə möhkəmlənmək istəyir, Azərbaycan tərəfi isə həmin təhdidlərə qarşı önləyici addımlar atır ki, gələcəkdə problemlə qarşılaşmasın”.