Qarabağ: yeni mərhələ?
Ermənistan və Azərbaycanda günün xəbəri – Dünən mayın 16-da iki ölkə prezidentləri Minsk Qrupunun vasitəçiliyilə Vyanada görüşüb. Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Birləşmiş Ştatların dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Xarlem Dezir görüşdə Minsk Qrupu ölkələrini təmsil ediblər.
Danışıqların nəticələri:
• Həmsədrlərin başlıca mesajı – münaqişənin silahlı yolla həllinə qəti surətdə “yox və 1994-1995-ci illər atəşkəs haqqında razılaşmaya əməl edilməsinin vacibliyi.
• Serj Sarqsyan və İlham Əliyev atəşkəsə əməl olunması və münaqişənin sülh yoluyla nizamlanması tərəfdarı olduqlarını təsdiqlədilər.
• Hər iki prezident atəşkəs rejiminin pozulması hallarının ATƏT tərəfindən araşdırılmasına razı oldu.
• Onlar həmçinin ATƏT-in şəxsi ofisinin genişləndirilməsilə razılaşdılar.
• Serj Sarsyan və İlham Əliyev Qırmızı Xaçın vasitəçiliyilə itkin düşənlər haqda məlumatların mübadiləsini davam etdirəcəkləri haqda razılıq əldə etdi.
• Hər iki prezident tamhəcmli nizamlanmanın əldə edilməsi üçün bu ilin iyun ayında danışıqların növbəti mərhələsini keçirməyə razı oldu.
“İtkin düşənlərlə məşğul olmaq haqda Fransanın təklifində inkişaf. Azərbaycanın ciddi tələbi üzrə – iyuna təyin olunan yeni danışıqların “tamhəcmli sözü ilə müşayiət olunması qərarı. Hələ çox iş görülməlidi, amma pis başlanğıc deyil. Bu, üç xarici işlər nazirinin real olaraq işə müdaxilə olduğu təqdirdə Ermənistan və Azərbaycanın real nəticələr əldə edə biləcəyi haqda ideyanın təsdiqidi – Carnegie Endowment for International Peace-ın Qafqaz üzrə eksperti Tom de Val öz Facebook səhifəsində yazıb.
Serj Sarqsyan Vyana danışıqları bitəndən sonra təyyarədəcə mətbuat konfransı keçirib və bəyan edib: “Azərbaycan prezidenti əmin etdi ki, onun ölkəsinin və şəxsən özünün problemi hərbi yolla həll etmək kimi məqsədi yoxdu. Amma siz mənim reaksiyamın necə olduğunu anlayır, hətta təxmin edirsiniz, reaksiyam belə oldu: bu, yaxşıdır, amma o qədər də əminlik vəd etmir, çünki bu cür danışıqlar dəfələrlə olub, reallıqda isə neçə illərdir ki, razılaşmaya [atəşkəs haqda] əməl olunmur.
Video: PanoramaamTV
Danışıqlar Yerevanda “Artsax Respublikasının müstəqilliyinin tanınması haqda qanun layihəsinin müzakirəsi fonunda baş tutdu. Mayın 16-da Parlamentin Xarici Münasibətlər üzrə Komissiyası qanun layihəsini təsdiqləmədi, bununla da layihə Milli Məclisin plenar iclasına belə gedib çıxmadı.
Bu, gözlənilməz deyildi. Yerevandan olan siyasilər və politoloqlar ən başdan bildirirdilər ki, tanınma özlüyündə baş verməyəcək. Bu, ancaq genişmiqyaslı müharibə baş tutarsa, artıq itirməyə bir şey qalmadığında mümkün ola bilər.
Bununla belə parlament komissiyasının iclasında da məsələyə aydınlıq gətirildi. Milli Məclisin xarici əlaqələr daimi komissiyasının sədri, hakim Respublika Partiyasının üzvü Artak Zakaryan bildirib:
“Faktiki olaraq DQR mövcudluğunu təsdiqləmiş dövlətdir. Amma məsələ hələ ki, təkamül prosesindədi və bizim hamımızı, dostlarımızı, tərəfdaşlarımızı pis vəziyyətə qoyacaq təktərəfli addımların atılmasından çəkinməliyik. Hansı ki, hər kəsin sülh nizamlamasının məntiqinə görə beynəlxalq tanınmanın iştirakçısına çevrilməsinə imkan verməyəcək. İndi biz bütün səylərimizi buna yönəltməliyik.
Bu gün səhər – danışıqların səhəri günü hər iki tərəf Qarabağda təmas xəttində yeni insidentlərin baş verdiyi haqda məlumat yaydı.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti öz növbəsində bu gün səhər APA-ya bildirib: “Münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələrinin qoşunların təmas xəttində atəşkəs rejiminin pozması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.
Dağlıq Qarabağın Müdafiə Nazirliyinə istinad edən bütün Ermənistan informasiya agentlikləri də insident baş verdiyi haqda məlumat yayıblar, amma bildiriblər ki, “Azərbaycan silahlı qüvvələri cəbhə xəttində təxribata yol verib və stabilliyi pozmaq yönündə addım atıb.
Bildirilir ki, gərginlik daha çox təmas xəttinin cənub-şərq (Hadrut) və şərq (Martuni) hissəsində müşahidə olunub. Nəticədə mayın 17-ə keçən gecə Müdafiə Ordusunun 20 yaşlı əsgəri Xaçatur Arutunyan həlak olub.
Yerevan
Sosial şəbəkədə:
Ermənistanda sosial şəbəkələrdə baş tutmuş danışıqların fəal müzakirəsi gedir.
Ən məşhur statuslardan biri belə adlanır: “İ.Əliyev Vyana görüşünün yüksəkçinli mediatorlarının üzünə necə tüpürdü.
“Biz orda danışıqlar aparacayıq, burda isə bizim əsgərlərimizi öldürəcəklər! Əliyev məhz belə elədi (axı məhz onun göstərişi ilə görüşlə paralel olaraq Qarabağda vəziyyətin eskalasiyasına cəhd edilirdi, Azərbaycanın daxili idarəetməsinin fəlsəfəsini anlayanlar üçün bu, şübhə doğurmur). Maraqlıdır bütün bunlardan sonra ümumi bəyanat olacaqmı? Mediatorların bildirdiyinə görə, onun mətni artıq razılaşdırılıb. Görəsən onlar birinci növbədə özlərinə qarşı Əliyevin nümayiş etdirdiyi həyasızlıq və abırsızlığa necə münasibət göstərəcəklər?! Aprelin 5-də əldə edilmiş atəşkəs haqda razılaşmanı hansı tərəfin pozduğuna dair şübhəsi olan varmı?
Erməni istifadəçilərdən biri öldürülən Azərbaycan əsgəri haqda Azərbaycan KİV-də gedən xəbəri paylaşdıqda gələn cavablardan biri belə oldu:
“Hamıya tövsiyə edirəm ki, bu gecə Azərbaycan tərəfdən həlak olan bu əsgərin Azərbaycan Ordusunda məhz nə zamandan bəri olmadığını aydınlaşdırın. Bu, böyükhəcmli və yüksəkçinli əsas azərbaycanlının qanlı gizlənpaç oyunudu.
Ermənistan sosial şəbəkələrində hər iki tendensiya var:
1) müharibədən qorxmaq lazım deyil, Qarabağı tanımaq lazımdı
2) müharibə qətiyyən olmaz, axı döyüş meydanında insanlar ölür
“Xalqımız müdrikdi, insanlar bilirlər Qarabağ məsələsini necə həll etmək lazımdı, amma hakimiyyət imkan vermir. İnsanlar bilirlər ki, Azərbaycanı kapitulyasiyaya sürükləmək lazımdı. Biz bu ölkəyə dərs verməliyik. Amma Ermənistan hakimiyyəti iqtidarını itirməkdən qorxduğu üçün xalqa imkan vermir ki, məsələni özü həll eləsin. Yəni dörd günlük müharibə zamanı xalqın birləşməsi o demək deyil ki, xalq hakimiyyətə etibar edir və hakimiyyətin vəd etdiyi sülh nizamlamasının perspektivinə inanır.
“Orduda oğlu olan insanların problemin hərb yolu ilə həllindən necə danışa bildiyinə təəccüb edirəm. Mənim övladım yoxdu, amma bu o demək deyil ki, mən başqasının övladını sülhlə həll etmək mümkün olan məsələdən ötrü döyüşə getməyə vadar edə bilərəm. əmin olun ki, hakimiyyət daha yaxşı bilir nəyin nə olduğunu. Əgər münaqişənin sülh yolu ilə nizamlanması mümkün olmasaydı onlar danışıqlara getməzdilər.
Ekspert rəyi
Ermənistan Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti, politoloq Ruben Mehrabyan:
“İndi vacib olan son altı ildə işləyən mexanizmin yenidən işə düşməsinə imkan verməməkdi. Bu mexanizm İlham Əliyevin Moskvanın dəstəyilə masanı yumruqlamasından ibarətdi. Hamıya aydındı ki, Moskvanın dəstəyi və hərbi texnika təminatı olmadan o, bu miqyasda hərbi əməliyyatlara təşəbbüs göstərə bilməzdi. Çünki Moskvadan başqa heç kim onu bu cür silahlandırmayıb.
Sərhəddə daimi monitorinq üzrə mexanizmləri tətbiq etmək lazımdır. Aşağıdakı halların mümkünlüyünü minimuma endirən hərbi-texniki xarakterli ölçülər kompleksinə ehtiyac var:
snayperlərin sərhəddən uzaqlaşdırılması; artilleriyanın çıxarılması; atəşkəs rejiminin mümkün pozuntularının beynəlxalq tədqiqat mexanizmləri; bu cür pozuntulara görə məsuliyyət mexanizmi.
Belə olan halda atəşkəsi pozub, günahı əks tərəfin üstünə atmaq mümkün olmayacaq. Pozuntuya görə cəza tətbiq olunmalıdır.
Siyasi şərhçi Ovsep Xurşudyan:
“Artsaxın tanınması Kremlin regiondakı ekspansionist ssenarilərinə əsaslı şəkildə mane olur. Təsadüfi deyil ki, prezident Obamanın vətəni olan Havay ştatı bu ilin mart ayında düz nüvə sammiti günlərində, prezident Sarqsyanla prezident Əliyev Vaşinqtonda olan vaxtlarda tanıdı.
Heç bir hüquqi əsası olmayan bu cür tanımalar regiona, həm münaqişənin bütün tərəflərinə, həm də Rusiyaya ünvanlanan mesajdır. Onu da əlavə edək ki, Artsaxın Demokratik partiyası Avropa Parlamentinin sayına görə altıncı partiyası olan Avropa Azad Alyansına assosiativ üzv kimi qəbul olunub.
Bakı
Sosial şəbəkələrdə
Azərbaycanda sosial şəbəkələr prezidentlərin görüşünə soyuq reaksiya verdilər. Cəmiyyətin gündəmində hələ də əvvəlki kimi iki başqa xəbər var: suyun qiymətinin qalxması və gənc fəal Bayram Məmmədovun polisdə məruz qaldığı işgəncələr haqqında yazısı.
disput.az forumunun istifadəçiləri daha böyük fəallıq göstərdilər. Onlar bu görüşün Azərbaycanın xeyrinə olmadığını və Qarabağın təntənə ilə qaytarılmasını artıq gözləməyə dəyməməsi fikrində həmrəy idilər.
Tipik şərhlər:
“Amma indi televizorda cib şərhçiləri bir-birinin arxasınca danışıqlardakı uğurlardan dəm vururlar… nəticədə isə biz real problemi həll etmək şansını əldən verdik.
“Hələ ki, eşitməmişəm, amma əminəm, teziklə eşidəcəyik ki… indi onlar növbəti yalanlarını hazırlayırlar. Bizsə artıq qulaqlarımızı buna hazırlamalıyıq, gedim maşından bayrağı çıxarım.
“Bu görüşdən heç nə gözləmirdim. ANCAQ MÜHARİBƏ YOLU İLƏ xeyrimizə nəyisə həll etmək mümkündür. Bu nə qədər qəddar səslənsə de, belədir. Qalanı boş şeydir.
“İndi erməni diplomatiyası Qərbi inandırmağa çalışır ki, Ermənistanın Şərq tərəfdaşlığı və digər qərb layihələrindən imtinası onunla bağlıdır ki, Rusiya Ermənistanı şantaj etmək üçün Azərbaycana silah satışından istifadə edir. Yəni ermənilər bizi rusların silahı kimi təqdim etdilər ki, bu da bizim diplomatiyanın qeyri-peşəkarlığından xəbər verir.
“Mən ümumiyyətlə bizim 4 günlük müharibədə qələbəmizdən şübhələnməyə başlayıram, yəqin ermənilər bu günkü nəticəni əldə etmək üçün təslim oldular.
“Bəli. Bir neçə rayonun qaytarılmasına ümid edirdik. Bizi həmişəki kimi aldatdılar.
Ekspert rəyi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov:
“Dünən keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır.
Jurnalist Şahin Rzayev:
“Vyana görüşündə tərəflərin ilk dəfə olaraq, Qarabağ probleminin hərbi həll yolunun olmadığı məsələsində razılığa gəlməsi çox vacibdir. Daha bir əlamətdar məqam – Sergey Lavrov öz nüfuzunu risk altına qoyaraq Rusiyanın problemin tam həllinə kömək edəcəyini dedi. Düşünürəm ki, bu ilin sonuna qədər danışıqlar prosesində müəyyən irəliləyiş əldə olunacaq.
Məqalədə bildirilən fikirlər müəllifin nöqtei-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər