Qarabağ və Tbilisi: risklər və çağırışlar
Gürcüstanın Qarabağ ətrafında son hadisələrlə bağlı reaksiyası adekvat idi. Ölkənin qarşısında Qarabağ münaqişəsi ilə bağlı olaraq duran təhdidlər yoxa çıxmayıb və onlar həm Gürcüstan rəhbərliyindən, həm də cəmiyyətdən təcili və ciddi cavablar tələb edirlər.
JAMnews və Henrix Bell Fondunun Tbilisidə təşkil etdikləri “Gürcüstanda Qarabağ hadisələri mövzusunda iki saatlıq diskussiya zamanı da söhbət məhz bundan gedirdi.
Diskussiyada iştirak etdilər:
Elene Xoştariya, Gürcüstanın GRASS İslahatlar Assosiyasiyasının yaradıcılarından biri, Tbilisi;
Mamuka Areşidze, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Tbilisi;
Tatul Akopyan, Qarabağ üzrə ekspert, Yerevan;
Şahin Rzayev, jurnalist, Bakı.
Sessiyada moderatorluq etdi politoloq Qela Vasadze, Tbilisi.
Rusiyanın iştirakı və regionda mümkün güc balansı dəyişməsi
Nəticə:
Ekspertlər indiki mərhələdə Gürcüstanın hərbi əməliyyatlara qoşulma təhdidinin olmaması məsələsində həmfikirdilər. Amma başqa bir problem də var ki, bu da Rusiyanın Azərbaycana artan təsiridir, nəticədə də bu, güclərin balansının dəyişməsinə gətirib çıxara bilər və Gürcüstan üçün təhlükəlidir.
Elene Xoştariya, Tbilisi:
“Əvvəlcə Rusiyanın münaqişədə Ermənistan tərəfindən iştirakı ilə bağlı narahatlıq yarandı. Belə olan halda Gürcüstan Gümri [Gümridəki hərbi baza] ilə bağlı qərar qəbul etməli olacaqdı. Amma hələ ki, biz tamamilə fərqli bir dinamikanı müşahidə edirik. Rusiyadan gözlənilən isterik və Azərbaycana qarşı yönələn təbliğat olmadı. Rusiya Azərbaycanla tamamilə fərqli bir tonda ünsiyyət quraraq, Dağlıq Qarabağın ətraf ərazilərinin ona qaytarılması əvəzində Avrasiya İttifaqına daxil olmağı və KTTM-də [Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına] üzv olmağı təklif etdi.
Siyasi təhlükə yarandı – Rusiyanın Azərbaycanda dominantlıq tendensiyası. Bundan əlavə, qeyd etmək lazımdır ki, bu Türkiyə tərəfindən zəif reaksiya və ABŞ və Avropa İttifaqının passivliyi fonunda baş verir.
Mamuka Areşidze, Tbilisi:
“Mən Gürcüstan ərazisində hərbi əməliyyatlar da olmasa, təxribat gözləyirdim. Münaqişənin fəal mərhələsinin “yatmasına baxmayaraq, təxribat ehtimalı, mənim fikrimcə, hələ də mövcuddur.
Gürcüstan üçün əsas təhlükə TRASEKA, “İpək yolu kimi beynəlxalq layihələrdə yaranan ciddi fasilə ola bilərdi. … Bu, sərmayələrin azalmasına gətirib çıxara, ölkənin iqtisadiyyatına ciddi zərbə endirə və siyasi vəziyyəti destabilizə edə bilərdi.
Şahin Rzayev, Bakı:
“Son zamanlar Rusiya sözsüz ki, Azərbaycana münasibətdə daha fəal olub. Rusiya Azərbaycanın ərazisində Rusiya qoşunlarının yerləşdirilməsi əvəzində torpaqların bir hissəsini qaytarmağı təklif edir. Azərbaycanda əksər insanlar bu ssenariyə qarşı çıxır – Abxaziya və Cənubi Osetiya misalında Rusiya qoşunlarının yeridilməsinin nəyə gətirib çıxaracağı aydındır. Azərbaycan üçün bu, Qarabağın birdəfəlik itirilməsi demək olardı.
Bununla belə, Azərbaycan hakimiyyəti Rusiyaya qarşı qətiyyətli ola bilmir. Bundan əlavə, son zamanlar Azərbaycanın xarici siyasətində Rusiyanın xeyrinə olan müəyyən dəyişikliklər nəzərə çarpmağa başlayıb. Düzdür, Əliyevin Vaşinqtona bu yaxınlarda həyata keçirilən səfəri onun hələ Rusiya ssenarisi ilə razılaşmağa hazır olmadığını göstərir. Ola bilsin, alver olacaq ki, bu da təhlükəli ola bilər.
Gürcüstan vasitəçi kimi
Nəticə:
Gürcüstanın ona vasitəçi olmağa və münaqişə tərəflərinə təsir etməyə imkan verə biləcək nə resursları, nə də alətləri var. Amma o, vasitəçilərə müntəzəm müzakirələr yeri olmağı təklif edə bilər. Həm də regionda Avropa İttifaqı ilə ən yaxşı əlaqələri olan Gürcüstan Avropa İttifaqını nizamlama prosesinə qoşmaq üçün səylərini bir az artıra bilər. Burada bircə məsələ var – Ermənistan Gürcüstana bir vasitəçi kimi etibar edəcəkmi?
Mamuka Areşidze:
“Gürcüstan özünün regiondakı rolunu vurğulamalı, müşahidəçi kimi prosesləri izləməli və informasiya məkanında vacib yer tutmalıdır.
Elene Xoştariya:
“Fikrimcə, Gürcüstanın öz təhlükəsizliyi baxımından, əsas vəzifəsi Avropa İttifaqının nizamlama prosesində daha aktiv iştirakını təmin etməkdir. Misal üçün, yaxşı olardı ki, münaqişənin ilk kəskinləşdiyi günlərdə Gürcüstanın xarici işlər naziri Brüsselə gedib, orada görüşlər keçirəydi və Avropa İttifaqı nümayəndələrinə onların post-faktum deyil, məhz indi iştirakının vacibliyini izah edəydi.
Tatul Akopyan, Yerevan:
“Görüşlərin Tbilisidə təşkil olunmasına mane olan heç nə yoxdur, amma Tbilisi birtərəfli qaydada sovet Azərbaycanının ərazi bütövlüyünü tanımasaydı, Gürcüstanın Ermənistan-Azərbaycan münaqişəsində rolu daha pozitiv ola bilərdi.
Avropa İttifaqı və digər dövlətlər də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, amma onların Dağlıq Qarabağın hüquqi statusuna münasibəti elə də birmənalı deyil.
Digər tərəfdən, Gürcüstan ermənilərlə azərbaycanlıların böyür-böyürə yaşadığı ölkədir. Kvemo Kartlidə onların bir-biriylə qonşuluqda yaşadığı kəndlər var. Beləliklə Gürcüstanın müəyyən vasitəçilik təcrübəsi var. Düzdür, Azərbaycan Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir, amma Qafqazdakı sabitlik həm də gürcü-erməni münasibətlərindən asılıdır.
Ermənilərlə azərbaycanlıların kompakt yaşadığı ölkə olan Gürcüstan üçün risklər
Nəticə:
Ermənilər Gürcüstan əhalisinin 6 faizini təşkil edir, Azərbaycan icması da təxminən bu qədərdir. Tbilisi daxili iğtişaşların qarşısını almaq üçün nə etməlidir?
Elene Xoştariya:
Gürcüstanda yaşayan ermənilər və azərbaycanlılar bu günlərdə [gərginlik günlərində] çox da ləyaqətli mövqe tutdular ki, bu da əsasən asta, amma davamlı şəkildə gedən inteqrasiya prosesi sayəsində baş tutdu. Son illərdə bu istiqamətdə əhəmiyyətli sərmayələr (və tək maliyyə şəklində deyil) qoyulub.
Amma bu o demək deyil ki, problem yoxdur. Təhlükəsizlik xidməti ayıq olmalı, daima monitorinq rejimində işləməlidir ki, nə isə gözündən qaçmasın. Aydındır ki, təhlükə var.
Və ikinci ən vacib məsələ komunikasiyadır. Hakimiyyət vətəndaşlara onların başa düşdükləri dildə informasiyanı çatdırmalıdır. İctimai telekanalda 15 dəqiqəlik proqram kifayət etmir. Azərbaycanlıların və ermənilərin məskunlaşdığı regionlar kütləvi şəkildə Rusiya təbliğatı ilə “qidalanır və bu, böyük problemdir.
Dərc olunub 26.04.2016