Qarabağ üzrə razılaşmanı kim pozur? – Azərbaycan və Ermənistanda rəylər fərqlidir
Martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının onlayn rejimdə sammiti baş tutub. Bu görüşdə Azərbaycan prezidenti İlham Əliyev bu təşkilata daxil olan ölkələrin liderlərini “Zəngəzur dəhlizindən” istifadə etməyə çağırıb.Bu bəyanat Ermənistanda qəzəb doğurub.
İqtisadi Əməkdaşlıq Təşkilatı nədir?
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə yaradılan regional dövlətlərarası iqtisadi təşkilatdır. Təsisçi dövlətlər İran, Pakistan və Türkiyədir.
1992-ci ildə İƏT-ə Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan qoşulub.
İƏT Birləşmiş Millətlər Təşkilatında və İslam Konfransı Təşkilatında müşahidəçi statusuna sahibdir.
Əliyev nə deyib?
Azərbaycan prezidenti sammitdə çıxış edərkən deyib:
“2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi Zəfər siyasi yollarla tam təmin edildi.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi”.
Daha sonra İlham Əliyev Azərbaycanın əsas hissəsini eksklavı Naxçıvanla birləşdirən yol haqda danışıb:
“Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.
Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik, – o qeyd edib.
“İlham Əliyev Qarabağ üzrə üçtərəfli razılaşmanı pozur” – Ermənistan XİN-in bəyanatı
Ermənistan XİN Zəngəzuru (Ermənistanın cənubunda Sünik vilayəti) “tarixi Azərbaycan ərazisi” adlandıran və yeni nəqliyyat dəhlizi “Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək” deyən İlham Əliyevin bəyanatına reaksiya verib.
“Bir daha təkrar edirəm, 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu maddəsində hər hansı dəhlizin yaradılmasından söhbət getmir.
Zəngəzuru “tarixi Azərbaycan ərazisi” adlandırmaqla və uydurma dəhlizə istinad etməklə Azərbaycan prezidenti bu cür təxribatçı bəyanatla məqsədyönlü şəkildə 9 noyabr və 11 yanvar üçtərəflli bəyanatların həyata keçirilməsinə mane olur”.
Söhbət Ermənistan, azərbaycan və Rusiya liderlərinin imzaladığı sənədlərdən gedir. Birinci sənəd üzrə Qarabağda hərbi əməliyyatlar dayandırılıb. İkinci atəşkəs haqda bəyanatın yerinə yetirilməsi ilə bağlıdır.
Mətbuat katibinin fikrincə, bu cür ritorika Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə ziddir, bu, beynəlxalq hüququn aşkar pozulmasıdır və regionda stabilliyə qətiyyən xidmət etmir.
Naqdalyan Əliyevin Qarabağ problemini hərbi yolla həll etdiyinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirdiyinə dair bəyanatını da şərh edib. Bu bəyanatlar bir daha müharibəni kimin başlatdığını və kimin güc tətbiq edərək regionu destabilliyə və maneələrə doğru apardığını göstərir – mətbuat katibi hesab edir:
“Həmişə olduğu kimi Azərbaycan BMT TŞ-nin qətnamələrinin mahiyyətini təhrif edir, elə həmin qətnamələrlə həmsədrlərin rəhbərlik etdiyi ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında sülh danışıqlarına dəstək də ifadə olunub”.
Azərbaycan prezidenti öz bəyanatları ilə bir daha özünü beynəlxalq ictimaiyyətə, birinci növbədə də mövqeləri münaqişənin hərtərəfli həlli olan ATƏT-in MQ-un həmsədrlərinə qarşı qoyur – Naqdalyan qeyd edib.
“Bizim üçün aydındır ki, Artsax xalqının öz müqəddaratını təyinetmə hüququnun zorla boğulması cəhdi münaqişənin nizamlanması üçün əsas yarada bilməz. Artsax xalqının öz müqəddaratını təyinetmə hüququnu reallaşdırması və müharibənin nəticələrinin aradan qaldırılması münaqişənin nizamlanmasının həlledici komponentləridir”, – Anna Naqdalyan bildirib.
Azərbaycanlı deputat “Laçın dəhlizini” bağlamağı təklif edib
Azərbaycan parlamentinin deputatı Fazil Mustafa turkustan.info nəşrinə müsahibəsində “Zəngəzur dəhlizi” məsələsinə toxunub:
“Müqavilənin şərtlərinə əsasən bu görüşlər davam edir. Azərbaycanın əməkdaşlıqla bağlı fəaliyyəti imzaladığı bəyanata əsaslanır. Bəyanatda nəzərdə tutulan bütün müddəalar icra olunmalıdır. Bunun davamında Zəngəzur yolu açılmalıdır. Zəngəzur yolu açılmasa, Azərbaycan bəyan etməlidir ki, Laçın dəhlizi bağlanacaq. Bununla da rus sülhməramlılarına da xəbərdarlıq olunacaq ki, bəyantın bir bəndi icra olunur. Digər bəndi isə icra olunmur. Ona görə də bu məsələdə Azərbaycan öz prinsipial mövqeyini ortaya qoymalıdır”