Qarabağ: status-kvo hardadı?
Münaqişə zonasında 2 maydan 3 may 2016-cı ilə qədərə baş verən hadisələrin icmalı
Yerevandan gələn məlumat
Təsdiqlənmiş mənbələrdən məlumat
Bu gün erməni mediası DQ müdafiə ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, təmas xətti boyu müxtəlif istiqamətlərdə Azərbaycan tərəfindən hərbi texnikanın toplanması və fəal hərəkət müşahidə olunur.
Ermənistanda bu vəziyyəti Azərbaycan tərəfindən fəal hərbi əməliyyatların yeni mərhələsinə hazırlıq kimi qiymətləndirirlər.
Media fəal şəkildə Ermənistan xarici işlər naziri Edvard Nalbandyandan sitat gətirir, Helsinkidə özünün fin həmkarı ilə görüşü zamanı o deyib: “Azərbaycan təmas xəttinin bütün perimetri boyu ağır hərbi texnikanı toplamaqla və hərbi ritorikanı gərginləşdirməklə… yeni hərbi hücum üçün zəmin yaratmağa çalışır… Beynəlxalq ictimaiyyətin konkret addımlar atmaq və Azərbaycanı qayda-qanuna riayət etməyə çağırmağın vaxtı çoxdan çatıb.
Edvard Nalbandyan vurğulayıb ki, erməni tərəfi Qarabağ probleminin sülh yolu ilə həllini istəyir və bildirib ki, danışıqların bərpası üçün ATƏT-in Minsk qrupu vasitəçilərinin təklifini yerinə yetirmək lazımdır:
- təmas xəttində insidentlərin araşdırılmasına başlamaq;
- 1994 və 1995-ci il tarixli atəşkəs haqqında üçtərəfli müddətsiz razılaşmaların qeyd-şərtsiz həyata keçirilməsinə zəmanət vermək.
Bir qədər öncə Ermənistan prezidenti Serj Sarqsyan danışıqların üç şərtini xatırladıb ki, bunlardan biri də atəşkəsin pozulması hallarının araşdırılması mexanizmlərinin tətbiqinin vacibliyidir. İki qalan şərt – beynəlxalq ictimaiyyətin ünvanlı bəyanatları və Azərbaycan tərəfindən təcavüzün yenidən başlanmaması ilə bağlı zəmanətlərdir. “Ermənistan üçün… əlavə təhlükəsizlik zəmanətləri olmadan… danışıqlar prosesinə qayıtmaq ağılsızlıqdır, çünki indiki vəziyyət tamamilə fərqlidir… Biz danışıqlar apardığımız müddətdə hərbiçilər münaqişəni həll etmək üçün hərbi əməliyyatlara başlayacaqlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, mayın 2-dən 3-nə keçən gecə Dağlıq Qarabağla təmas xəttində Azərbaycan silahlı qüvvələri atəşkəs haqqında razılaşmanı pozdular. Bildirilir ki, müxtəlif çaplı atıcılıq silahı və 88 millimetrlik minaatanlardan istifadə olunub.
Mayın 2-də elə həmin mənbəyə əsasən, atəşkəslə bağlı razılaşmaya əsasən riayət olunub.
Erməni mediasında Azərbaycan tərəfindən erməni əhalisinə qarşı hərbi gücün tətbiq edilməsi və Azərbaycan hərbi obyektlərinin öz ölkəsinin yaşayış məntəqələri ərazisində yerləşdirilməsi və onların hədəf kimi istifadə edilməsi hallarına hüquqi qiymət verən Dağlıq Qarabağ ombudsmeninin bəyanatı müzakirə olunur. “Beləliklə də Azərbaycan öz əhalisinin yaşamaq haqqının qorunması üzə öhdəliyini yerinə yetirmir, – ombudsmen bildirib.
Ermənistan mediası Azərbaycanın yaşayış məntəqələrinin şəkillərini dərc edib, bildirilir ki, burada artilleriya və zirehli texnika yerləşdirilib və həmin yerdən “əsasən gecə saatlarında erməni mövqeləri və yaşayış məntəqələri artilleriya atəşinə tutulur.
Həm də Dağlıq Qarabağın müdafiə nazirinin bəyanatından sitat gətirilir, həmin bəyanatda deyilir ki, Azərbaycan komandanlığı “dinc sakinlərin arxasında gizlənir və… onları canlı sipərə döndərir.
Erməni Milli Konqresinin lideri (Ermənistanın birinci prezidenti) Levon Ter-Petrosyan Qarabağa səfər edərək, orada DQ prezidenti Bako Saakyanla görüşüb.
Levon Ter-Petrosyan təxminən on il DQ-da olmayıb, axırıncı dəfə bura prezident vəzifəsindən istefası zamanı və fəal siyasətə qayıdışından əvvəl 2007-ci ildə səfər edib.
Sosial şəbəkələrin icmalı
Birinci trend: müharibə bitməyib/Qarabağı rəsmi şəkildə tanımaq vaxtıdır.
“Bizim başqa çıxış yolumuz yoxdur: ya hamımız birlikdə məhv oluruq ya da qalib gəlirik. Artıq strategiya və taktikanın yeri yoxdur. Bu müharibə həmişə davam edəcək – Azərbaycanın strategiyası budur. Onların ehtiyatları çoxdur, onlar hələ uzun müddət atəş aça bilərlər. Onları Ermənistanın nə qədər davam gətirəcəyi maraqlandırır.
“Azərbaycan Silahlı Qüvvələri yenidən fəal hərbi əməliyyatlara başlasa, Ermənistan dərhal Artsaxı tanımalı və onu Ermənistana birləşdirməlidir. Artıq atəşkəslə bağlı çağırışlara qulaq asmaq lazım deyil, ta Azərbaycanın bu günkü mövqeyindən daha dərin olan yeni bufer zonasını yaradana qədər.
İkinci trend: Azərbaycan cinayətkarları qəhrəmanlaşdırmağa davam edir, “Səfərov sindromu
Erməni “Facebook istifadəçiləri bir ay əvvəl, aprelin əvvəlində hərbi əməliyyatlar zamanı DQ müdafiə ordusunda xidmət edən Kərəm Sloyanın başını kəsən azərbaycanlı zabitin qəhrəmanlaşdırılması barədə məlumat və onun şəkillərini paylaşırdılar.
Üçüncü trend: qəhrəman əsgərlərdir, qoy heç kim onların igidliyini öz ayağına yazmasın
“Kimi istəyirsiniz aldadın, əsgərləri aldatmayın. Kimə istəyirsiniz vətənpərvər mətnləri oxuyun. amma səngərdə olan əsgərlərə vətənpərvərlik haqqında nağıllar danışmayın. Bu sözün orduda işlənməsini qadağan etmək lazımdır. Bakıda çay içənləri də unudun, onlar haqqında yazmayın, burada əsl müharibə gedir və həmin müharibədə özü haqqında heç nə deməyən əsl əsgərlər döyüşür.
“İrəli gedək, fəth edək, alaq deyənlər öz evində 18-20 yaşlı öldürülən gəncləri qəbul etməyə, cəbhəyə gedib ölməyə hazırdır?
“Ancaq ön cəbhədəkilər irəliyə getməyin lazım olub-olmadığı ilə bağlı mühakimə yürüdə bilərlər. Onlar bu haqqı qazanıb.
Dördüncü trend: Azərbaycanda antierməni isteriyası davam edir
“Antierməni meyllər o yerə çatıb ki, azərbaycanlılar öz aralarında da erməni axtarışına çıxıb. Axtarırlar, tapırlar və ya tapmırlar və acıqları gələn hər kəsi erməni kimi təqdim edirlər.
Beşinci trend: müharibə vaxtı senzura lazımdır?
“Senzura qəsdən yalan məlumatlar yayan kütləvi informasiya vasitələrinə heç cür təsir etməyəcək. Əvəzində senzuranın tətbiqi gələcəkdə artıq stabillik dövründə, o cümlədən də seçkilər zamanı obyektiv informasiyanın alınmasına mənfi təsir göstərəcək.
Altıncı trend: Qarabağ hərbiçilərini dayanmağa məcbur etdilər
“Artıq ikinci dəfədir ki, Rusiya Azərbaycanı xilas edir və bizi Tərtərin girəcəyində saxlayır. Burada təkcə 90-cı illərin əvvəllərində deyil, aprelin də əvvəlində intensiv döyüşlər gedirdi, bu istiqamətdə Azərbaycan qüvvələri özlərini həm əsgərləri, həm də dinc əhalini öldürən terrorçu kimi aparırdılar. Və bizim əsgərlərimiz danışır ki, Azərbaycan Silahlı Qüvvələri panika içində geri çəkiləndə bizimkiləri məlum olmayan səbəblərdən dayandırdılar.
Ekspert rəyi
Aykazn Qaqriyan, Lragir.am saytının baş redaktoru:
“Aprel müharibəsi yeni düzən gətirdi… Dörd günlük müharibə təkcə atəşkəslə bağlı iki razılaşmanı deyil, həm də vasitəçilərin bütün əvvəlki təkliflərini alt-üst etdi.
İndi adekvat addımlara ehtiyac var ki, bir tərəfdən yeni vəziyyətin mümkün neqativ fəsadları aradan qaldırılsın, digər tərəfdən də erməni tərəfinin yeni diplomatiya üçün mövqeləri möhkəmlənsin.
Təbii ki, başqa bir addım da var – DQ-nin tanınması, amma görünür hakimiyyət hələ ki, bu addımı “ehtiyatda saxlayır. Bunun güclü arqument olduğu dörd günlük müharibə vaxtı da göründü.
Ermənistan yeni siyasət hazırlayır.
Kayts Minasyan, Fransa Strateji Araşdırmalar Mərkəzinin eksperti:
“Belə bir fikir var ki, Qarabağ probleminin həlli yoxdur. Mən bununla razıyam. Erməni maraqları baxımından Qarabağ müstəqil olmalı və Ermənistana birləşməlidir.
Beynəlxalq ictimaiyyət Qarabağ məsələsini prioritet məsələ kimi nəzərdən keçirmək istəmir, çünki həll yoxdur, bu Tayvan, Qüds kimidir… Beynəlxalq ictimaiyyətə status-kvo lazımdır. Daha vacib məsələlər var – Suriya, Ukrayna, İraq, iqtisadi böhran.
Amma… həmsədrlərin 24 illik işinin nəticəsi Madrid prinsipləri oldu və biz bunun nə ilə bitdiyini gördük, dörd günlük müharibə ilə. Yəni bu variant tədricən müharibəyə aparır.
Ermənistan Qarabağı tanısa, ola bilsin, hansısa ölkələr də bu addımı atsın və Azərbaycan müharibəyə başlasın.
Hər iki halda müharibə ehtimalı böyükdür və hansı daha yaxşıdır – müharibəyə Qarabağı tanımadan yoxsa tanımaqla, dizləri üstə yoxsa açıq alınla getmək?
Bakıdan məlumat
Təsdiqlənmiş mənbələrdən məlumat
Mayın 3-ü səhər Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, erməni tərəfi ötən sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
Mayın 1-də prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva Tərtər, Ağdam və Bərdə rayonlarındakı hərbi hissələrdə olublar. Prezident hərbi hissələrdəki vəziyyətlə tanış olub, müdafiə naziri Zakir Həsənov ona raport verib, İlham Əliyev hərbiçilər qarşısında nitqlə çıxış edib.
Media cəbhəyanı kəndlərin, xüsusən də Ağdam, Tərtər, Ağdərə və Füzuli istiqamətlərində erməni tərəfindən intensiv atəşə tutulduğu 26-28 aprel hadisələrini müzakirə etməkdə davam edir.
Media iki həlak olan dinc sakin haqqında yazır, Famil Mustafayev və Ağdam rayonunun Çəmənli kəndindən olan Əli Hüseynovun adları çəkilir. Yeddi nəfər yaralanıb.
Cəbhəyanı kəndlərdə yaşayış evləri, məktəblər, fermalar zərər çəkib – Azərbaycan mediası yazır və video və fotoreportajlar təqdim edir. Əgər indiyə qədər jurnalistlərin cəbhəyanı kəndlərə səfəri təqdir edilmirdisə, son neçə gün ərzində yerli və xarici jurnalistlər hakimiyyətin tam razılığı ilə mərmilərin dağıtdığı evləri nəzərdən keçirirlər.
“Serj Sarkisyan danışıqları bərpa etmək üçün üç şərt irəli sürüb. Şərtlə məsələni həll etmək mümkün deyil, – Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov aprelin 29-da bildirib. – Ermənistanda ciddi müzakirələr gedir. Hamı üçün bəllidir ki, status-kvo qəbuledilməzdir. Status-kvonun saxlanması nə danışıqlara, nə də sülhə kömək edir… Yerevanda düşünürlərsə ki, şərtlərlə prosesi uzada bilərlər, bu, çox sadəlövh düşüncədir.
Elmar Məmmədyarov həm də bildirib ki, “Rusiya yenilənmiş Madrid prinsipləri əsasında mərhələli şəkildə həll təklif edib. Bu zaman o, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyini aşağı tərəfi görünməyən aysberqlə müqayisə edib. “Məsələni açıqlamaq tezdir, – deyə nazir bildirib.
Sosial şəbəkələrin icmalı
Birinci trend: Cavid İmamverdiyev xalq düşmənidir?
“Yaddaş kinostudiyasının direktoru, məşhur KVN-çi Cavid İmamverdiyev “Facebookda yazdığı şərhdə erməniləri və azərbaycanlıları sülhə çağırır.
“Təsadüfən müzakirəni gördüm və ermənilərin necə qəzəblə azərbaycanlılara, onların da öz növbəsində ermənilərə çamur atmasından dəhşətə gəldim, – İmamverdiyev yazır. – Uşaqlar, bəlkə bəsdir? Bəli, Türkiyədə soyqırımın olmasını, Xocalı və Sumqayıtı və tariximizin digər dəhşətli anlarının baş verdiyini etiraf etmək lazımdır. Bunu etiraf edib, baş sağlığı vermək lazımdır. Biz qədimdən yanaşı yaşayırıq, bəzi dostlarımızın damarlarında həm erməni, həm də azərbaycanlı qanı axır. Hələ də Ermənistan və Azərbaycanın hüdudlarından kənarda birlikdə biznes qururlar. Uşaqlara nifrəti aşılamaq lazım deyil. Yenidən əsrlər boyu yaşadığımız kimi yaşamağa çalışmaq lazımdır. Sülh və əmin-amanlıqda.
Bundan sonra bir neçə gün ərzində bu mövzu şəbəkə istifadəçiləri tərəfindən müzakirə olunub. Kampaniyanın başında haqqin.az informasiya resursu durur.
“Azərbaycanlılar nəyi etiraf etməlidir ki? Xocalı ilə müqayisədə Sumqayıt uşaq oyunudur.
“Bu cür adamlar sabah desə ki, Qarabağ əsil erməni torpağıdır, təəccüblənməyəcəm.
Daha az sayda müəllif bununla belə İmamverdiyevlə razılaşıb.
“Nifrət dağıdır… Mən övladları uşaqlıqdan kiməsə nifrət etməyə öyrətməyə qarşıyam.
İkinci trend: Biz cavab verməliyik
Şəbəkə istifadəçiləri cəbhəyanı kəndlərin atəşə tutulması ilə bağlı çoxsaylı xəbərlərdən qəzəblənir və niyə Azərbaycan ordusunun düşməni susdura bilmədiyi ilə bağlı təəccüblənirlər.
“Dayanmaq lazım deyildi. Axıra qədər getmək lazımıydı!
“Onlar bütün kanal və saytlarda guya ki, dinc sakinlərin atəşə tutulması barədə yazırlar. Eyni zamada yorulmadan deyirlər ki, guya biz hamımız Dağlıq Qarabağ sakinləriyik, qalan zəbt edilmiş ərazi bufer zonasıdır və hərbi mövqelərdən başqa orada heç nə yoxdur. Əslində isə bizim şəhər və kəndlərimiz düz atəş xəttində yerləşirlər.
Ekspert rəyi
“İndi artıq rusiyalı nazirin Yerevana səfərinin təfərrüatları aydınlaşmağa başlayır. Görünür, Lavrov azı 5 rayonu boşaltmağa çağırıb, o Yerevanı dilə tuta bilsəydi, əvəzində təhlükəsizlik və gücün istifadə edilməməsi ilə bağlı zəmanətlər almaq üçün Bakıya gələcəkdi. Hadisələrin gedişatı ona işarə edir ki, Yerevan Moskvadan asılı olmadığını nümayiş etdirməklə, yeni yol seçir ki, bunu da Qərbə mesaj kimi dəyərləndirmək olar – yəni indi Ermənistan regionda müstəqil oyunçudur. Sarqsyan bu davranış xəttini möhkəmləndirməyə çalışacaq ki, bu da nəinki Kremlik xoşuna gəlməyəcək, hətta Moskva tərəfindən sərt addımların atılmasına gətirib çıxaracaq.
Bakının Kremlin “sülh planını qəbul etməsi Azərbaycanın Rusiyanın forpostu olacağı təqdirdə reallaşa bilər. Moskvanın niyyəti də bəllidir – Ermənistan – Azərbaycan sərhədlərinin açılması, sülhməramlılar adı altında Rusiya qoşunlarının Azərbaycan ərazilərində yerləşdirilməsi.
Belə şərtlərlə razılaşmaq faktiki olaraq dövlət müstəqiliyinin itirilməsi anlamına gələ bilər. Lakin unutmaq olmaz ki, Rusiyanın Azərbaycana da kifayət qədər iqtisadi, siyasi və kəşfiyyat təsiri imkanları var. Əsas problem ondan ibarətdir ki, hələlik böyük dövlətlərin regionda maraq dairələrinin bölünməsi ilə bağlı heç bir razılığı yoxdur.
Məhz bu, sülhün yaradılmasına kifayət qədər ciddi maneçilik göstərir. Onu da nəzərə almaq lazım gəlir ki, bölgədə Rusiyanın güclü hərbi-siyasi təmsilçiliyi var. Həm Gürcüstanın işğal olunmuş ərazilərində, həm də Ermənistanda Rusiyanın güclü hərbi-siyasi təmsilçiliyi mövcuddur.
Regionda Qərbin, yaxud da ABŞ-ın ona balans yarada biləcək təmsilçiliyi yoxdur. Elə problem də ondan ibarətdir ki, Qərbin Azərbaycanda situasiyanı idarə edə biləcək hərbi qüvvəsi mövcud deyil. Odur ki, prosesləri Rusiya idarə edə bilər.
Əgər hansısa anda münaqişənin yenidən qızışdırılması Rusiyanın marağında olacaqsa, Qarabağda bir daha qan axıdılacaq.
“JAMnews dosyesi:
- 2016-cı il aprelin 2-nə keçən gecə 1994-cü ildə bağlanan atəşkəs müqaviləsindən sonra ilk dəfə Qarabağ münaqişəsi zonasında təmas xəttində hərbi toqquşma baş verdi. Aprelin 6-da Bakı və Stepanakertin müdafiə nazirlikləri atəşkəs rejimimin bərpası ilə bağlı razılıöın əldə edilməsi barədə məlumat verdilər.
- Rəsmi məlumatlara görə, gərginlik müddətində Azərbaycan tərəfindən 31 hərbiçi həlak olub. Bu zaman “Xəzər Hərbi Araşdırmalar Mərkəzi başqa bir rəqəm verir – 93 nəfər. Meydan TV özünün 87 nəfərdən ibarət həlak olanlar siyahısını dərc edib.
- Rəsmi məlumatlara görə, Ermənistanda ölən hərbiçilərin sayı 92 nəfərdir.
- Münaqişə tərəflərinin rəsmi mənbələrinin verdiyi məlumat ziddiyyətlidir və kimin hərbi əməliyyatlara başlaması, kimin reaksiya verməsi ilə bağlı suala cavab vermək imkanı vermir. Beynəlxalq mənbələr də hələkil bu suala cavab verə bilmirlər.
- Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası de-fakto müstəqil, amma dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan respublika kimi mövcuddur. Azərbaycan Qarabağ və onun müharibə zamanı alınan ətraf ərazilərini işğal olunmuş sayır və geri qaytarılmasını tələb edir.
- ATƏT-in Minsk qrupu – Qarabağ ətrafındakı münaqişənin sülh yolu ilə nizamlanması yollarının axtarışı ilə məşğul olan ATƏT-ə üzv ölkələr qrupu 1992-ci ildə yaradılıb. 2016-cı ilin əvvəlinə Minsk qrupunun həmsədrləri bunlardı: İqor Popov (Rusiya Federasiyası), Pyer Andriye (Fransa) – 2014-cü ilin iyun ayından, Ceyms Uorlik (ABŞ) – 2013-cü il avqustun 6-dan. Minsk qrupunun tərkibinə Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan və Azərbaycan daxildir.Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 03.05.2016