2020-ci il oktyabrın 1-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, foto/video
-
Ermənistan İsrail səfirini geri çağırıb, səbəb Azərbaycana silah çatdırılmasıdır
Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi mətbuat konfransında bildirib:
“Bizim üçün İsrailin Azərbaycana ən yeni silahlar çatdırması qəbuledilməzdir. Diplomatik kanallarla biz dəfələrlə israilli həmkarlarımıza bu haqda bildirmişdik… Azərbaycan Türkiyənin dəstəyi ilə Artsax və Ermənistana qarşı genişmiqyaslı təcavüz həyata keçirdiyi zaman bu, xüsusən məyus edir… Yuxarıda deyilənlərin əsasında XİN ER-nın İsraildəki fövqəladə və səlahiyyətli səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”.
-
Pentaqon təsdiqləyir: “Türkiyə suriyalı muzdluları Azərbaycana gətirib”
“Armenpress” Pentaqon nümayəndəsinin sözlərini “Sky News Arabia” agentliyinə istinadən yayıb:
“Yüzlərlə suriyalı muzdlunun Türkiyə və Azərbaycan arasında onlarla reyslə daşındığı haqda məlumat təsdiqlənib”.
-
Qarabağda dörd nəfər dinc sakin Azərbaycan SQ-in atəşi nəticəsində həlak olub
Qarabağ ombudsmeni Artak Beqlaryan bildirir ki, onlar Dağlıq Qarabağda Martuni şəhərinin atəşə tutulması nəticəsində həlak olublar:
“11 nəfər, o cümlədən də ermənistanlı və fransalı jurnalistlər yaralanıb. Bu, hərbi cinayətdir və ciddi cəzalandırılmalıdır”, – Beqlaryan deyib.
-
Rusiya və Türkiyə XİN rəhbərləri hərbi əməliyyatları dərhal dayandırmaq lazım olduğunu bildiriblər
Rusiya XİN rəhbəri Sergey Lavrov və onun türkiyəli həmkarı Mevlut Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinə digər regionlardan muzdlu döyüşçülərin cəlb olunmasının yolverilməz olduğunu bildiriblər. Bu haqda RF XİN-in cümə axşamı onlar arasında baş tutan telefon danışığının yekunu ilə bağlı məlumatında deyilir.
“Münaqişəyə digər regionlardan qanunsuz silahlı qruplaşmaların döyüşçülərinin cəlb olunmasının yolverilməzliyi vurğulanıb. Bakı və Yerevana siyasi-diplomatik dəstək verilməsi planında kifayət qədər düşünülmüş addımlara tələbat olduğu qeyd edilib”, – sənəddə bildirilib.
Nazirlər həmçinin Qarabağda hərbi əməliyyatların dərhal dayandırılmasının lazım olduğunu ifadə ediblər.
Lavrov Türkiyə XİN rəhbəri ilə söhbətində ATƏT Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağla bağlı səylərinə də diqqət çəkib.
Nazirlər Qarabağda vəziyyətin stabilləşdirilməsi üçün addımların sıx koordinasiyasına hazır olduqlarını təsdiqləyiblər.
-
Rusiya XİN-də Qarabağ münaqişəsi zonasına muzdlu döyüşçülərin gətirilməsi ilə bağlı “faktlar var”, amma hələlik detallar açıqlanmır
XİN rəsmisi Mariya Zaxarova Rusiyada Qarabağdakı hərbi əməliyyatlarda iştirak edən muzdlular və terrorçularla bağlı məlumat hardandır sualına cavab verib. O bildirib ki, bu informasiya mətbuatda və sosial şəbəkələrdə yayılıb:
“Amma belə bir açıqlama verərkən, bizim əlimizdə, təbii ki, özümüzün əldə etdiyimiz faktlar, informasiya vardı… Hazırkı mərhələdə mən detalları açıqlamaq istəməzdim”.
Daha əvvəl Rusiya XİN maraqlı ölkələrin rəhbərliklərini Qarabağ münaqişəsində terrorçulardan və muzdlulardan istifadə olunmasına imkan verməmək üçün tədbirlər görməyə çağırmışdı.
-
Qarabağda jurnalistlər qrupuna bələdçilik edən yerli sakin həlak olub
Həlak olan kişinin adı Qrişadır. Jurnalistləri daşıyan digər maşının sürücüsü qarın nahiyyəsindən yaralanıb.
Həmçinin bildirilir ki, “24News․am” portalının jurnalisti Sevak Vardumyan yaralanıb. Ermənistan ombudsmeni Arman Tatoyan Dağlıq Qarabağda vəzifəsini yerinə yetirən jurnalistlərin atəşə tutulmasını pisləyib.
-
“Ön şərtlər irəli sürmədən danışıqları bərpa etmək” – Putin, Tramp və Makronun bəyanatı
Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların aparılmasına vasitəçilik edən ATƏT-in Minsk Qrupupunun həmsədr ölkələrinin – Rusiya, ABŞ və Fransa prezidentləri birgə bəyanatla çıxış ediblər. Onlar “Dağlıq Qarabağ münaqişə zonasında təmas xəttində zorakılığın eskalasiyasını” qınayıblar.
“Biz həlak olanlara görə kədərlənir, ölənlərin və yaralananların ailələrinin dərdinə şərik oluruq. Biz iştirakçı tərəflərin silahlı qüvvələri arasında hərbi əməliyyatların dərhal dayandırılmasına çağırırıq. Həmçinin biz Ermənistan və Azərbaycan rəhbərliyini dərhal ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə vicdanla və ön şərt irəli sürmədən danışıqların mahiyyəti üzrə danışıqları bərpa etmək öhdəliyini üzərinə götürməyə çağırırıq”.
-
Ermənistanın baş naziri: “Niyə Türkiyə 100 il sonra Cənubi Qafqaza qayıdıb? Erməni soyqırımını davam etdirmək üçün?”
Bir neçə dəqiqə əvvəl Nikol Paşinyan Facebook-da bu sualın və cavabın yer aldığı status paylaşıb. O yazır:
“Amma soyqırım siyasətinin davamı Türkiyə üçün nəinki ermənilərə qarşı nifrəti həyata keçirmək imkanıdır, həm də praqmatik məsələdir. Ermənistan və Cənubi Qafqaz erməniləri Türkiyənin şimala, cənub-şərqə və şərqə ekspansiyası və imperiya arzusunun həyata keçirilməsi qarşısında son maneədir.
Bu artıq təkcə Qarabağ məsələsi deyil, təkcə erməni xalqının təhlükəsizliyi məsələsi deyil. Bu artıq beynəlxalq təhlükəsizlik məsələsidir və erməni xalqı beynəlxalq təhlükəsizliyi də qoruyur…”
-
Ərdoğan: “Dağlıq Qarabağın işğalını gözardı edən ölkələr ikiüzlüdür”
Türkiyə parlamentinin payız sessiyasının açılışında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara Azərbaycanı işğal olunmuş ərazilərinin azad edilməsi üçün ədalətli mübarizəsində dəstəkləyir – Anadolu agentliyi xəbər verib.
“Qafqazda uzun müddətli sülhün şərti Azərbaycanın işğal olunmuş torpalarının hər qarışının azad edilməsidir. Türkiyə Azərbaycana “bir millət iki dövlət” prinsipi prizmasından yanaşır. Biz azərbaycanlı qardaşlarımıza əlimizdən gələn dəstəyi verməyə davam edəcəyik”, – o deyib.
Ərdoğan öz çıxışında Ermənistan hakimiyyətini “Türkiyəyə qarşı yalan və dezinformasiya yaymaqdan imtina etməyə” çağırıb.
“Dağlıq Qarabağın işğalını gözardı edən ölkələr ikiüzlüdür”, – Türkiyənin dövlət başçısı qeyd edib.
-
Dinc sakinlər – ata və oğul Azərbaycanın Ağdam rayonunda həlak olub
Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində daha iki nəfər dinc sakin həlak olub – АРА xəbər verib.
Həlak olanlar Ağdamın Hacıməmmədli kənd sakinləri 54 yaşlı Mürşüd Məmmədov və oğlu 24 yaşlı Samir Məmmədovdur – mənbə qeyd edib.
Xəbərdə o da deyilir ki, metitləri götürmək üçün gələn təcili tibbi yardım maşını da atəşə tutulub.
-
Azərbaycan XİN: “Çirkin iddiaları rədd edirik”
“Son günlərdə bəzi xarici KİV-də guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı tamamilə yalan və iftira dolu qarayaxma kampaniyasının aparıldığını müşahidə edirik. Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur”. Bu haqdaXarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O qeyd edib ki, bu qarayaxma kampaniyasının məqsədi Ermənistan tərəfindən son zamanlar nümayişkaranə şəkildə həyata keçirilən və beynəlxalq humanitar hüququn kobud pozulması halı olan Yaxın Şərq ölkələrindən terror təşkilatlarının nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin yaratdığı mənfi beynəlxalq ictimai rəyi kompensasiya etmək cəhdidir.
“Bir daha, Azərbaycana qarşı aparılan bu çirkin iddiaları qətiyyətlə rədd edir və Azərbaycan Ordusunun öz beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı olmadığını vurğulayırıq”, – XİN nümayəndəsi bildirib.
-
“Qarabağın dinc əhalisi yenə atəş altındadır” – hərbi ekspert
Artsrun Hovannisyanın bildirdiyinə görə, Azərbaycan SQ yenidən Dağlıq Qarabağın dinc əhalisini atəşə tutub.
“Hadrut artilleriya atəşinə tutulub”.
-
Fransa jurnalistləri Azərbaycan SQ-in bombardmanı zamanı yaralanıblar
Qarabağın Martuni şəhərində Fransanın “Le Monde” nəşrinin jurnalistləri Azərbaycan SQ-in atəşi altına düşüblər.
“Atəş nəticəsində iki nəfər yaralanıb, ilkin məlumata əsasən, hər ikisi Fransa vətəndaşıdır. Onları xəstəxanaya aparırlar”, – Vahid Ermənistan İnformasiya Mərkəzinin koordinatoru Hovannes Movsisyan Facebook-da yazıb.
Jurnalistlərin atəş altında qalmasına baxmayaraq, aparıcı beynəlxalq KİV-in 50-dən çox jurnalist qrupu – 200-ə yaxın əcnəbi jurnalist Ermənistan XİN-də akkreditasiyadan keçib və onların çoxu artıq Ermənistan və Qarabağdadır – Ermənistan XİN mətbuat katibi Naqdalyan məlumat verib. Onun sözlərinə görə, akkreditasiya müraciətləri eyni intensivliklə davam edir.
-
“Həlak olan Azərbaycan əsgərlərinin ciblərində şpris tapılıb” – tanınmamış Qarabağ prezidentinin mətbuat katibi
Vahram Poqostanın sözlərinə görə, hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin nəzarəqi altında olan ərazidə çox sayda Azərbaycan əsgərlərinin meyitləri qalıb.
“Demək olar ki, onların hamısının cibində şpris tapılıb. Bu o deməkdir ki, Azərbaycan müharibəyə narkotik vasitələrin təsiri altında olan əsgərləri göndərir. Bu, beynəlxalq hüquq normaları nöqteyi-nəzərindən birmənalı şəkildə hərbi cinayətdir”, – o deyib.
-
Stabil gərginlik davam edir – Ermənistanın Müdafiə Nazirliyi cəbhədəki vəziyyət barədə
Gecə Qarabağ-Azərbaycan cəbhə xəttində nisbi stabil gərgin vəziyyət davam edib – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib.
Ayrı-ayrı istiqamətlərdə artilleriya və atıcı silahlardan atəş davam edib.
“Taktiki vəziyyətin yaxşılaşdırılması üçün düşmən bəzi dəyişikliklərə və qoşunları hərəkətləndirməyə cəhd edib, bu da Müdafiə Ordusu tərəfindən vaxtında qeyd olunub və qarşısı alınıb”, – məlumatda deyilir.
-
Los-Ancelesdə Azərbaycan və Türkiyənin əməllərinə qarşı izdihamlı etiraz aksiyası
“Bu gün minlərlə insan Los-Ancelesdə toplaşıblar ki, Qarabağ və Ermənistana qarşı başladılmış Azərbaycan-Türkiyə təcavüzünə öz etirazlarını bildirsinlər”, – Ermənistan Milli Komitəsinin (ANCA) Nyu-York özəyinin rəsmi Facebook səhifəsində yazılıb․
-
Azərbaycanın Tərtər şəhərində mərmi düşməsi nəticəsində dinc sakin həlak olub
Azərbaycanın Baş Prokurorluğundan verilən məlumata görə, bu gün təxminən səhər saat 9-da Ermənistan silahlı qüvvələrinin atdığı artilleriya mərmisi Tərtər şəhərində ictimai nəqliyyat dayanacağının qarşısına düşüb.
Nəticədə 38 yaşlı yerli sakin Zabil Həsənov həlak olub.
Foto: Qafqazinfo
-
Ermənistanın baş naziri Ermənistan diplomatiyasının böyük qələbəsini bəyan edib
Onun sözlərinə görə, Yerevan Türkiyənin suriyalı döyüşçüləri Azərbaycana gətirdiyini dünya ictimaiyyətinə sübut edib.
“Beynəlxaq ictimaiyyət aydın şəkildə bildirib ki, Azərbaycan-Türkiyə tandemi Artsax və Ermənistana qarşı terrorçuların köməyi ilə döyüşür.
Beləliklə, Artsaxın cəbhə xətti sivilizasiya cəbhəsinə çevrilir. Artsax beynəlxalq məqsədləri geosiyasi sərhədlərlə bölünməyən terrorçuluqlar mübarizə aparır.
Bu terrorçuluq eyni dərəcədə Birləşmiş Ştatları və İranı, Rusiya və Fransanı, Artsax və Ermənistanı təhdid edir, erməni xalqı qlobal təhlükəsizlik uğrunda mübarizə aparır”, – baş nazir Facebook səhifəsində yazıb.
Daha əvvəl Rusiya XİN tərəfləri “əcnəbi terrorçuları və muzdluları” münaqişə zonasından çıxarmağa çağırmışdı.
-
Azərbaycan ordusu bütün gecə düşmən mövqelərini artilleriya atəşinə tutub – Azərbaycan Müdafiə Nazirliyi
Bu məlumatla yanaşı Azərbaycan Müdafiə Nazirliyi video yayıb:
-
2020-ci il sentyabrın 30-də Qarabağda baş verən hərbi əməliyyatlarla bağlı xəbərlər, reportajlar, foto/video
Sentyabrın 27-də səhər saat 7-da Dağlıq Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Həm hərbçilər, həm də dinc əhali arasında onlarla həlak olanlar və yüzlərlə yaralananlar haqda məlumat verilir.